Qadın ilahiliyinə, anaya, himayədara və köməkçi qüvvəyə sitayişə ehtiyac istənilən mədəniyyət və dinlərdə güclü idi. Qədim Yunanıstanda Demetraya, Kiçik Asiyada – Kibelaya, Qədim Misirdə – İridaya sitayiş edirdilər. Amma ilk dəfə xristian dinində Məryəm Anada real insan başlanğıcı – qadınlıq və analıq, yəni ilahi varlıq kimi başa düşülən xüsusiyyətlər cəmləşmişdi. Qadının vəzifəsinə cəmiyyət tərəfindən ilk dəfə ən ali məqsədlərə qulluq, İllahiyyata birləşdirilmə kimi qəbul olunmuşdu. Yeni insanın dünyaya gəlişi əsasında Ananın durduğu sirr kimi qəbul olunurdu. Qüsursuz mayalanma dərin məna daşıyırdı – qadının analıq missiyası İlahinin iştirakı vasitəsilə, kobud maddi qüvvələrin köməyi olmadan həyata keçirilir.
Hamıya məlumdur ki, adi insan – kişi onun nəslini davam etdirəcək Ana axtardığı kimi, Allah da İsanın anasını axtarırdı. Kanonik Yevangelilərdə Məryəmin siması müəlliflərin təfəkkürünü çox da narahat etmirdi, amma «Məryəmin doğulması haqqında İakovun hekayəti»ndə baş qəhrəman – qadın lap əvvəldən Allahın sevimlisi qismində çıxış edir. Ata üçün nəinki Məryəmin müqəddəsliyi, həmçinin onun nəslinin, ailəsinin üstünlükləri və hətta onun milli mənsubiyyəti də vacib idi. Əvvəl Allah «israil xalqını» öz möhürü ilə qeyd etmiş, sonra isə onda David budağını ayıraraq, bu ağacın cənnət nübarını – Onun İlahi Oğlu üçün layiqli qadını yetirməsinə qədər çox gözləmişdi.
Müqəddəs Qadına uyğun olaraq, Məryəm Adı qida ilə deyil, mələklərin ona gətirdiyi «səmavi» yeməklərlə, bir sözlə, ilahi körpəni dünyaya gətirmək üçün qadına lazım olan «vitaminlərlə» qidalanırdı.
Məryəmin öz taleyini mülayim və itaətkarcasına qəbul etməsi onun dini inanclardakı təsvirinin əsas leytmotivi olmuş, xanımlıq və analıq isə Qərb Mədəniyyətində Məryəmin səbrliliyi və itaətkarlığı ilə assosiyasiya edilir.
Məryəmin bütün sonrakı həyatı İsaya xidmət etməkdən ibarət idi, çünki, bu müqəddəs yolda Məryəm özündə bütün təmiz qadın cəhətlərini – analıq, bacılıq, yoldaşlıq xüsusiyyətlərini birləşdirmişdi. Hətta Filipin apokrifik Yevangelisində xüsusi qeyd olunur ki, İsanın anasının, bacısının və Mariya Maqdalenanın eyni ad daşıması əbəs yerə deyil.
Əlbəttə, Məryəm Allah tərəfindən seçilmiş varlıq idi, amma onun seçilmiş bəndə olması heç də yer həyatının asan keçəcəyi və ya Allahın ona bəxşişinin müdriklik qismətində olacağı demək deyildi. Çox şeyi başa düşmək üçün Məryəm əzab çəkməli idi, Allahın ona vurduğu möhür isə bu əzabların itiliyində hiss olunurdu.
Məryəmin ilahiləşdirilməsi heç də həmin vaxt xristian kilsəsi tərəfindən qəbul olunmamışdı. Yevangelilərin üçündə İsanın Anasının adı çarmıxa çəkilən vaxt orada olanların adları arasında yox idi. Yalnız İohannın Yevangelisində Məryəm xaçın yanında təsvir olunur və Oğul onu öz sevimli tələbəsinə həvalə edir. Apostolların Yazılarında Məryəm İsanın edamından sonra onun qardaşları və tələbələri ilə birlikdə dua edən yerdə göstərilir. Hələ IV əsrdə ruhanilərin ayrı-ayrı qrupları arasında Məryəmə sitayişə necə yanaşmaq haqqında ciddi mübarizə gedirdi.
Yalnız IV əsrin axırlarında anonim müəllifin «Məryəmin öldüyü gün» əsəri yaranır. Bu əsərdə İsanın anasının həyatının son illəri, onun vəfatı və göylərə qalxması haqqında söhbət açılır.
IV-V əsrlərdə Məryəmə sitayiş təsdiq olunur. Onu «Allahın anası» və «İsanın anası» adlandırır, onun şərəfinə bayramlar keçirilir, iztirab çəkən insanlar üçünsə onun siması bu dünyanın qəddarlıqları və anlaşılmazlıqları arasında yeganə ümid yerinə çevrilir.
Mənbə: İqtisadiyyat qəzeti