Ateistlər üçün riyazi sübut

Ateistlər üçün riyazi sübut

İmanlı insanlar Onun varlığını hər zaman hər yerdə görürlər. Misal üçün, evdə elektrik lampası yanırsa, bu, Allahın varlığına işarədir. Çünki Allah metallarda nizamlı quruluş yaratmasaydı və bu quruluşun nəticəsi kimi metal elektronları nizamla hərəkət edib cərəyan yaratmasaydı, heç lampa da yanmazdı. Bununla bərabər, ateistlərin varlığı da inkaredilməzdir. Onları Allah yoluna dəvət etmək üçün elmi isbata ehtiyac duyulur.

Biliyin qiymətləndirilməsinin beş ballı xətti modelinə görə, qiymətləndirmə şkalası (xətti) beş bərabər hissəyə bölünür və müvafiq rəqəmlərlə işarə olunur. Hər öyrənci üçün bu xətti "bilir" və ya "bilmir" adlandırılan iki hissəyə bölmək mümkündür. Məsələn, 4 qiyməti ilə təhsil alan tələbə üçün "4" rəqəmindən aşağıdakı (və ya soldakı) hissə "bilir", yuxarıdakı (və ya sağdakı) hissə "bilmir" adlanacaq. Bu hissələri uzunluğuna uyğun olaraq L(bil) və L(bim) işarə edək. "Bilir" hissəsinin "bilmir" hissəsinə nisbətini (yəni L(bil)/L(bim)) "K" hərfi ilə işarə edək və bunu keyfiyyətin faktoru adlandıraq. Bu faktordan qiymətləndirmə kriteriyası kimi istifadə edək.

Sxemdən göründüyü kimi L(bil)-in qiyməti "0" ilə "5" arasında dəyişir. Burada "5" qiyməti biliyin ən yüksək (mütləq) səviyyəsidir.
Əyrinin A nöqtəsinə uyğun gələn mənimsəmə klassik "3" qiymətinə uyğun gələn mənimsəmədir. Bu nöqtə üçün "bilir" hissəsinin uzunluğu 3, "bilmir" hissəsinin uzunluğu isə 2-dir (5-3=2). Onda biliyin bu mənimsəməsinə uyğun gələn K faktorunun qiyməti 1,5 olar (K=L(bil)/L(bim)=3/2=1,5).
B nöqtəsi üçün mənimsəmə 80 faizdir. Yəni mütəxəssis zəruri biliyin 80 faizini bilir, 20 faizini bilmir. Klassik qiymətləndirmə sistemində bu səviyyə "4" qiymətinə uyğundur. Bu nöqtə üçün "bilir" parçasının uzunluğu 4, "bilmir" parçasının uzunluğu isə 1-dir (L(bil)-L(bim)=5-4=1). Bu halda B nöqtəsinə uyğun gələn keyfiyyət faktoru 4-dür (K=4:1=4).

Bu minvalla asanlıqla hesablamaq olar ki, "K=19"a uyğun gələn "bilir" parçasının L(bil)-in uzunluğu 4,75, "bilmir" parçasının uzunluğu isə 0,25 olar. Ali təhsil ocaqlarında belə bilik nümayiş etdirən tələbələrə fərqlənmə diplomu verilir.
"Bilir" parçasının uzunluğu 4,9 olduğu halda, "bilmir" parçasının uzunluğu 0,1 olar. Bu halda K-nin qiyməti 49-a bərabər olar. hesab etmək olar ki, bu bilik səviyyəsi alimlik (elmlər namizədi) səviyyəsinə uyğun gələn bilik səviyyəsidir.
Eynilə göstərmək olar ki, "K=4,95/0,05=99"a uyğun gələn "bilir" parçasının uzunluğu 4,95, "bilmir" parçasının uzunluğu isə 0,05-dir. Yəqin ki, bu səviyyə də elmlər doktoru və ya professor səviyyəsinə uyğun gələr.

Misallardan göründüyü kimi, keyfiyyət faktoru (K) artdıqca, "bilir" parçasının uzunluğu artır, "bilmir" parçasının uzunluğu isə azalır. Aydındır ki, dahi alimlər və fövqəlbəşər insanlar üçün K-nın qiyməti qat-qat çox olur. Şübhəsiz ki, peyğəmbərlərin malik olduğu səviyyə, fövqəlbəşər və ya dahi alimlərin səviyyələrindən də qat-qat, hətta müqayisə olunmayacaq qədər yüksək olar.
Bu deyilənlərdən bəşəri və ictimai əhəmiyyəti çox böyük olan tarixi bir suala da cavab tapmaq mümkündür. Yuxarıda qeyd edildiyi kimi, K faktoru L(bil)/L(bim) nisbəti ilə müəyyən olunur. L(bil)-in qiyməti 5-ə yaxınlaşdıqca, kəsrin məxrəci, yəni L(bim) 0-a doğru enir. Riyaziyyatdan məlumdur ki, kəsrin məxrəci 0-a yaxınlaşdıqca, onun qiyməti (K) sonsuzluğa uzanır. Bəs onda K-nin sonsuz qiymətinə kim malikdir? Hansı zatın biliyində qüsur yoxdur? Mütləq biliyə kim malikdir? Hər şeyi bilən, görən və eşidən kimdir?
Şübhə etmədən söyləmək olar ki, bu mütləq bilik səviyyəsi Yaradanın, Cənabi Haqqın, Allahın malik olduğu bilik səviyyəsidir.

K faktorunun başqa bir cəhətini də qeyd etmək əhəmiyyətlidir. İnsan övladı hər gün çoxsaylı qərarlar qəbul edir. Asanlıqla görmək olar ki, K artdıqca qəbul olunan qərarların xətası da azalır. Bu nəticənin həm fərd, həm də ictimaiyyət üçün əhəmiyyəti böyükdür. Bu haqda "Düşüncə tərzi" kitabımın 228-ci səhifəsində yazılmış bir fikirdən istifadə edərək, mövzuya nöqtə qoymaq olar:
"İstanilən hadisə ilə bağlı qəbul ediləcək qərarın xətası, həmin hadisə ilə bağlı toplanan informasiyaların həcmindən asılıdır. Məlumat çox olarsa, xəta da az olar. Bu fikri riyazi olaraq belə ifadə etmək mümkündür: qərarın xətası məlumatın xətası ilə mütənasibdir. Mütləq düzgün qərar qəbul etmək Cənabi haqqa məxsusdur. Peyğəmbərlər də min illərin sınağından çıxmış düzgün qərarlar qəbul etmişlər. Fövqəlinsanlar da uzun zaman üçün doğru olan qərarlar qəbul edə biliblər. Müdrik insanların qərarlarının xətası az, cahil insanların qəbul etdikləri qərarların xətası çox olar".
Allah bizi cahil insanların xətasından qorusun!
Top