Etnos və etnogenez

Etnos və etnogenez

Tarixi dövrlər ərzində cəmiyyətin inkişaf səviyyəsi regionlar üzrə müxtəlif olmuşdur. Bu da regionlarda fərqli sivilizasiyaların yaranmasına, onların zaman keçdikcə bir-birini əvəz etməsinə, bəzi sivilizasiyaların isə assimilyasiyaya uğrayaraq tarixin səhifəsindən silinib getməsinə səbəb olmuşdur. Buna baxmayaraq onların müəyyən izləri, maddi mədəniyyət nümunələrinin bəzi qalıqları hələ də qalmışdır.
Etnos — mədəni irsin daşıyıcısı və yayılma arealından asılı olmayaraq eyni etnik mənsubiyyətli (dil, mədəniyyət, əxlaq və s.) insanların birliyidir. Etnoslar hər hansı coğrafi mühitdə və müəyyən tarixi dövr ərzində formalaşır. Onlar yaranır, müəyyən dövr ərzində mövcud olurlar, sonra bəşər tarixindən silinirlər. Yeni yaranan etnoslarla birlikdə yeni ideologiyalarvəfərqli dünyagörüşü də formalaşır.
Hər bir etnos yaranmasından yox olmasına qədər tarixi bir inkişaf dövrü keçir. Bu proses etnogenez adlanır. Etnogenez nəsildən-millətə qədər olan təkamül yolunu əhatə edir.etnogenezin tekamülü Etnosların formalaşmasına bir çox amillər təsir edir. Bu amillərdən ən mühümü təbii mühitdir. Tarixçi alim, etnoqraf L.N.Qumilyov etnosun yaranmasının onu əhatə edən landşafda əlaqədar olduğunu əsaslandırmışdır. Tədqiqatçının fikrincə, yeni etnoslar eyni zamanda müxtəlif landşaftların sərhədlərində bir-birindən asılı olmayaraq yaranır. Məsələn, VI əsrdə yaranmış ərəb-hind-çin-koreya-yapon etnosları buna misal ola bilər. Avrasiya materikində etnogenez prosesi qərbdə meşə və meşə- çöl, cənub-qərbdə səhra və vahə, mərkəzi hissədə çöl, şimalda isə tundra və meşə-tundra landşaftları ilə əlaqədardır. Eynicinsli landşaftlarda məskunlaşan xalqlar etnik və sosial baxımdan daha dayanıqlı olurlar.Dağlıq ərazilərdə formalaşan etnoslar isə dəyişkən və azsaylıdırlar. Etnosun formalaşmasında coğrafi mühit faktorları mühüm rol oynayır. Ərazinin relyefi, iqlim şəraiti və landşaftı orada məskunlaşan xalqların adət-ənənəsinə, geyim tərzinə, əmək məşğuliyyətinə, hətta xarakterinə belə təsir göstərir.
Müasir dövrdə vəziyyət dəyişmişdir. Hazırda etnosların formalaşmasına yalnız təbii mühit deyil, siyasi, iqtisadi, sosial və digər amillər də təsir edir.
Etnos istənilən vaxt yarana bilər. Onların məhvolma səbəbləri isə çoxdur: geniş arealda yayılması nəticəsində bir-birindən uzaqdüşmə, hərbi müdaxilə, ekoloji gərginlik, iqtisadi gerilik və s.
Proses iki yolla baş verir: dəyişilib parçalanma nəticəsində yeni etnosun əmələ gəlməsi ilə; assimilyasiyaya uğraması və ya yox olması ilə. Lakin məhvolma zamanı etnoslar yenidən inkişaf mərhələsinə başlaya və özlərini bərpa edə bilərlər. L.N.Qumilyov etnosun özünübərpasını passionarlıqla əlaqələndirir. Passionarlıq — etnosun ətraf mühitdən daha çox enerji qəbul edərək onu fəaliyyət şəklində istifadə etməsinə deyilir. Passionarlıq, adətən, güclü şəxsiyyətlərin — passionarların mövcudluğu ilə əlaqəli olur. Passionarlar isə özünəməxsus güclü enerjiyə malik olan və fəaliyyət göstərən insanlardır.
Passionarların sayının az və yaxud çox olması etnos üçün eyni dərəcədə təhlükəlidir. Etnosun məhvolma ərəfəsində passionar insanların olmaması onun məhvini sürətləndirir. Passionarlar siyasət, incəsənət, elm və təhsil sahəsində də ola bilərlər. Tarixi şəxsiyyətlər Atilla, Makedoniyalı İsgəndər, Çingizxan, Napoleon, Hitler, elm sahəsində Eynşteyn, Nyuton və b. passionarlardır. Etnogenezin inkişaf prosesi bir neçə mərhələdən ibarətdir. Onun ilk mərhələsi etnosun ətraf aləmə uyğunlaşması və sakit həyat tərzinə malik olması (1) ilə seçilir. Bu mərhələdə əhalinin sayı çoxalır, artan tələbatı ödəmək üçün landşaftlardan intensiv istifadə olunur, təbii sərvətlərin çatışmazlığı hiss olunmağa başlayır.
İkinci mərhələ “Passionarların sıçrayışı” nəticəsində yaranır. Passionar insanların sayı artır. Onların təsiri altında növbəti mərhələdə uğur əldə etmək üçün etnos mübarizəyə hazır olur. Etnos yüksək səviyyəli həyat uğrunda çalışır və yalnız qələbə haqqında düşünür (2).
Növbəti mərhələdə passionarlıq ən yüksək həddə çatır. Etnos özü ideya uğrunda yox olmağa belə hazır olur (3). Bu mərhələ uzun çəkmir və zaman keçdikcə passionarlığın tənəzzül mərhələsi (4) baş verir, o, gücünü itirir, milli dəyərlər aşınır, landşaftlar məhv edilir. Sonuncu mərhələdən sonra bəzi etnoslar tarix səhnəsindən silinir, bəziləri isə yenidən ilkin mərhələsinə qayıdır; məsələn, monqol etnogenezi hazırda ilkin mərhələsini yaşayır.

Müəllif: Nərminə Seyfullayeva,Zaur İmrani,Yelena Şabanova
Mənbə:Coğrafiya 11 Ümumtəhsil məktəblərinin 11-ci sinfi üçün Coğrafiya fənni üzrə Dərslik
Top