Əldə olunan məlumatlara əsasən ilk dənizçilər hazırda Yunanıstana məxsus Krit adasında yaşamış minoylar olmuşlar. Eramızdan 2000 il əvvəl Misirlə ticarət əlaqəsinə girən minoylar daha sonra Kipr, Türkiyə, Fələstin, Suriya, Siciliya və Italiya ilə dəniz yolu ilə əlaqə yarada bilmişlər. E.ə. 1000-ci ildə minoyların tənəzzülə uğraması coğrafi tədqiqatlar təşəbbüsünün finikiyalılara keçməsilə nəticələndi. Aralıq dənizinin şərqində Vavilionla Misir arasında aralıq mövqe tutmaqla əlverişli coğrafi mövqe tutan finikiyalılar bəzi yazılarda şərab və zeytun yağı istehsalçıları kimi qələmə verilsələr də, tarixən onlar cəsarətli dənizçi kimi tanınmışlar. Ona görə də Vaviliolunlar və misirlilər müəyyən sərvətlər əldə etmək məqsədilə daim finikiyalı dənizçilərin məharətinə ehtiyac duymuşlar. Fransız finikiyaşünas M.Bararinin yazdığına görə Aralıq dənizinin əsas tədqiqatı və tədqiqatın tamamlanması finikiyalılarla bağlıdır. Onlar Aralıq dənizinin dənizlərində müvəffəqiyyətlə üzməklə Fransa, Ispaniya sahillərində olmuşlar. Daha sonra Cəbəlüttariq boğazından keçməklə Atlantik okeanına daxil olmuşlar. Bəzi tarixçilər finikiyalıların hətta Britaniya adalarına qədər üzmələri haqqında fikir yürüdürlər.
Finikiyalılar Qırmızı dənizlə Babülməndəb boğazını keçməklə Hind okeanına daxil olmuş və Afrikanın cənubundan Atlantik okeanına girməklə Afrikanın ətrafında ilk dəfə tam dövrə vuran xalq olmuşlar. Bu hadisənin e.ə. 609-595-ci illərdə baş verməsinə baxmayaraq, təəssüf ki, Afrikanın cənubundan dəniz yolunun kəşfi bu gün də Vasko da Qamanın adı ilə bağlanılır.
Digər xalqların elmi biliklərini çox dəqiqliklə sistemləşdirən yunanlar tədricən finikiyalıları əvəz etdi. Onlar e.ə. 600-cü ildə Massiliya hazırki Marsel adlanan şəhərin əsasını qoydular. Sonralar Qara dənizə daxil olmaqla sahil xətlərini və Kiçik Asiyanın şimal hissələrini öyrənməyə başlamışlar.
Qərbi Avropada bəzək əşyalarna olan tələbatın artması yunanları daha uzaq məsafələrə üzməyə sövq edirdi. Bu isə onların Hindistana çatmaları ilə nəticələnmişdir. Misirdən Hindistana ilk avropalının səyahəti yunan mənşəli Evdoksun adı ilə bağlıdır (e.ə.120-ci il). E.ə. 30-cu ildən sonra Misir üzərində Roma hakimiyyətinin bərqərar olması Hindistanla ticarət əlaqələrinin daha da genişlənməsinə şərait yaratdı. Lakin sahil xəttinə yaxın sıxılaraq gəmilərin üzməsi uzun vaxt aparmaqla çox baha başa gəlirdi. Ona görə də gəmilərin üzməsində küləklərin istiqamətindən istifadə məsələsi qarşıya çıxır. Eramızın əvvəllərində Hippal musson küləklərindən istifadə etməklə Cənubi Ərəbistanın Fartak burnundan çıxaraq Hind çayının deltasına çatır («Eritey dənizində səyahət» əsərinin müəllifi). Alman mənşəli Şoff onun bu səyahətini X.Kolumbun səyahəti səviyyəsində qiymətləndirir. Nəzərə alsaq ki, qədim ərəblər hələ Hippaldan çox-çox əvvəllər Çinlə ticarət əlaqələri saxlamışlar, onda Şoffun bu müqayisəsinin şişirtmə olduğu aşkar olur. Belə ki, qədim ərəblər avropalılardan xeyli qabaq, eramızdan əvvəl ticarət əlaqələri yaratmışlar.
B.e. 166-cı ilində yunanlar və romalılar Çinlə birbaşa su yolunun olmasını Hudiçinin Hanoy limanına çatmaqla müəyyən etdilər. Beləliklə, Eritey dənizi (Hind okeanı belə adlanırdı) ilə Hindistana yolun açılması Çinə su yolunun açılmasının əsasını qoymuşdur.
Eramızdan əvvəlki dövrlərdə sahilləri Atlantik okeanı ilə yuyulan Avropa və Afrika istiqamətində də axtarışlar aparılırdı. Belə ki, e.ə.500-cü illərin əvvəllərində Karfogenlərin Atlantik okeanında iki böyük ekspedisiyası haqqında məlumat vardır. Himilkonun Irlandiya sahillərinə qədər üzə bilməsi də bu dövrə təsadüf edir.
Marseldən olan tacir Pifeyin təşkil etdiyi ekspedisiya daha əhəmiyyətli olmuşdur. Pifey Britaniyanı aşkar etməklə, şərq istiqamətdə üzərək Baltik dənizinə çatmışdır.
Heredotun yazdığına görə Misir faraonunun əmri ilə təşkil olunmuş ekspedisiya finikiyalılardan təşkil olunmuş heyətlə e.ə. 600cü ilə yaxın Afrika ətrafında tam dövrə vurmuşdur. Bu münasibətlə «Tarix» əsərində Heredot yazır: «Liviya daha demə bütövlükdə su ilə əhatə olunub, Asiya ilə sərhədlənən sahə istisna olmaqla, ilk dəfə olaraq Misir çarı Nexo tərəfindən isbat olunmuşdur.»
Dəniz və okeanlarda olduğu kimi quru sahələrin tədqiqində də yunanlar antik dövrün aparıcı xalqlarından olmuşlar. E.ə. 443-cü ildə Heredotun yazdığı «Tarix» əsərində (9 kitabdan ibarətdir) yunanların Asiya qitəsinə ardıcıl səyahətlər təşkil etdikləri qeyd edilir. Ona görə də əsər Asiya haqqında yeni məlumatlarla zəngindir. Qara dənizin şimal və şərqi haqda məlumatlar, Don çayı, Böyük Qafqazda yerləşən düzənliklərin Ural dağlarına qədər təsviri deyilənləri bir daha təsdiq edir. Artıq e.ə. 398-ci ildə yunan tarixçisi Ktesiy Knidski Kiçik Asiyadan Hindistana yolun olması haqda məlumatlar verir.
Aleksandr Makedonskinin Hindistana yürüşü yeni ərazilərin kəşfi və coğrafi biliklərin daha da zənginləşməsi ilə nəticələndi. O, e.ə. 329-cu ildə Hindquş dağlarını keçməklə Oksus (Amudərya) və Yaksarta (Sır-Dərya) çaylarına, daha sonra isə Qərbi Pakistanın Heydərabad şəhərinə çatmışdır. Aleksandr Makedonskinin bu yürüşü yunanların coğrafi biliklərinin zənginləşməsində tarixən mühüm rol oynamışdır. Lakin Patrakolun Xəzər dənizini tədqiq edərkən onun Şimal Buzlu okeanla əlaqəli olması, həmçinin Xəzərdən Hindistana su yolunun mövcudluğu kimi səhv qərara gəlməsi uzun müddət coğrafiya tarixində mənfi iz buraxmışdır. Tədqiqatlar göstərir ki, Asiya haqqında toplanmış yeni materiallardan istifadə etməklə, Ptolomey sonradan Xəzər haqqında olan təsəvvürlərini dəyişmiş və bu sahədə işlərində düzəlişlər aparmışdır.
Klassik antik dövrün bütün tədqiqat materiallarını toplayaraq gələcək nəsillər üçün sistemə salınmış Strabonun «Coğrafiya» kitabı coğrafiyanın tarixi baxımdan əvəzolunmaz bir əsərdir. Lakin Avropa haqqında kifayət qədər təsəvvürü olmayan Strabon əsərin yazılışında xeyli səhvlərə yol vermişdir. Pireney yarımadasını düzgün təsvir etsə də, dağların quruluşu və relyefini düzgün göstərə bilməmiş, Britaniyanın cənub qurtaracağını isə yarımadanın qarşısında olduğunu güman etmişdir. Daha sonra Britaniyanı Irlandiya ilə qarışıq salır. Britaniyanın şimal hissələri haqqında isə məlumatı olmadığından heç nə yazmır. Qara dənizdən Xəzər dənizinə qədər böyük bir məsafədə isə məskunlaşmanı sual altda qoyur. Bütün bunlara baxmayaraq, antik coğrafiyanın əsas yüksəlişi Strabona qədər olmuşdur.
Eramızdan təqdribən 150 il əvvəl Böyük Çin Səddi arxasında sululuğunun gurluluğu ilə fərqlənən Xuanxe (Sarı) və Yanszı (Mavi) çayları hövzəsində çiçəklənən şəhərləri, suvarma əkinçiliyinin inkişafı ilə əlaqədar sıx kanallar şəbəkəsinə malik çoxmilyonlu əhalisi olan Çin adlı bir ölkə yerləşirdi. Həmin dövrdə Asiya qitəsinin cənub-qərbində Makedoniyalı Iskəndərin yaratdığı imperiyadan qalan kifayət qədər böyük və kiçik dövlətlər yerləşirdi. Bu ölkələrin yerləşdiyi qurşağın şərq qurtaracağında böyük ticarət yollarının kəsişdiyi yerdə qədim mədəniyyət ocaqları ilə zəngin Baktriya (Pakistan), Marakanda (Səmərqənd) yerləşirdi. Buradan Hindistana, Kiçik Asiyaya və Zaqafqaziya ölkələrinə karvan yolları gedirdi. Sır-Dərya və Amu-Dərya çayları arasındakı düzənlikdə Xərəzm hakimiyyəti yerləşirdi. Pamir, Hindquş dağları arasında isə qədim mədəniyyətə malik olan Hindistan və bir sıra başqa ölkələr vardır. E.ə. II əsrdə qədim sivilizasiyaya malik olan bu ölkələrin dövlət sərhədləri kifayət qədər aydın görünürdü. Lakin hündür dağlar bu dövlətlər arasındakı fasiləsiz əlaqələrə maneəçilik törədirdi.
Çinlilər Mərkəzi Asiya dövlətlərində yaşayan xalqları hunlu adlandırırdılar. Hunlar Çinin qərb sərhədlərində sıx məskunlaşdıqlarından çox güclü idilər. Çinlilərin təsvir etdiklərinə görə onlar Çin ərazisinə qasırqa kimi daxil olaraq bir an içərisində ölkəni talan edir, minlərlə əsir aparırdılar.
Hunlarla qarşılaşmaqdan daim çəkinən Çin imperatoru 138-ci ildə qərb ölkələrinə Çjan-Çyanın başçılığı altda hunlara qarşı müqavilə bağlamaq məqsədilə elçi göndərir. Sərhəd şəhəri Sunsidən yola düşən 100 nəfər müşahidəçi ilə birlikdə Çjan-Çyan qərb istiqamətdə Tyan-Şan, Pamir dağlarını, TəkləMəkan səhrasını keçərək çinlilərə məlum olmayan Qırğızıstan Davan-Fərqanə torpağına çıxır. Bu ölkədən qərbdə Çinə hələ də qaranlıq olan onlarca yolların uzandığının şahidi olur. Orta Asiyada yerləşən Soqdiana, Baktriya, Xərəzmi buna misal gətirmək olar.
Çjan-Çyan Davan (Qırğızıstan) hakiminin köməyi ilə Xərəzmə (kançzyuy) yola düşür. Xərəzmdən Soqdianaya (Özbəkistan ərazisi) daha sonra Baktriyaya (Pakistan) getməklə bu ölkələrin təbiəti, inkişaf səviyyəsi, əhalisinin məşğuliyyəti haqqında məlumatlar toplayır. Bir il burada yaşadıqdan sonra topladığı məlumatlarla Çinə qayıdarkən yenidən hunlara əsr düşən 6 səyyah 13 ildən sonra 2 nəfərlə vətən qayıda bilir.
Çjan-Çyan gətirdiyi ölkələr haqqında məlumatlar Çin hökmdarı qarşısında yeni bir dünya açmaq idi. Orta Asiya haqqında demək olar ki, heç bir məlumatı olmayan çinlilər bu ərazilərdə yerləşən dövlətlər, onların orduları, dili, adət-ənənələri, təbiəti, əhalinin məşğuliyyəti haqqında ilk məlumatlar əldə etdilər. Baktriya (Pakistan) ölkəsində olarkən Şendu (Hindistan) tacirləri ilə rastlaşan Çjan-Çyan bu ölkələrə Çindən dəniz yolunun olması fikrinə gəlir. Bu fikir sonrakı səyyahlar tərəfindən də təsdiq olundu. Əldə edilmiş məlumatlardan sonra hunlara hücum edərək qələbə çalmaqla qərbə doğru irəliləyən çinlilər Mərkəzi Asiyanın müxtəlif ölkələrinə yollar açdılar.
Çjan-Çyan Aralıq dənizinə ən qısa yolu müəyyən etməklə «Böyük Ipək Yolu»nun əsasını qoydu. Çin imperatorluğu 10 il müddətində 14 yeni Çin əyalətləri yaratmaqla sərhəddini Davan (Qırğızıstan) ölkəsinə qədər genişləndirdi.
Dövrümüzün tədqiqatçılarına görə Çin mənbələrinin məlumatları öz dəqiqliyi ilə fərqlənir. Lakin məlumatlar toplanmış şəkildə bizə çatmaması onların coğrafiyanın inkişafında rolunu işıqlandırmaqda çətinlik törədir.
Mənbə: «COĞRAFİ KƏŞFLƏRİN TARİXİ VƏ SƏYYAHLAR»
Müəlliflər: Fəlsəfə elmləri namizədi, dosent Əliyev Mustafa Cahan oğlu və coğrafiya elmləri namizədi Həsənli Fərrux Ağayar oğlu