XVI əsrin əvvəllərindən Cənubi Amerikanın sahil xətlərinin öyrənilməsi xüsusi əhəmiyyət kəsb etməyə başladı. Magellana qədər materik haqqında kifayət qədər məlumat toplanmışdır. 1515-ci ildə Şenerin düzəltdiyi qlobusda cənubda boğazın olması öz əksini tapır. Görünür kəşf olunmuş ərazilərin dövlətlər tərəfindən gizli saxlanma prinsipi burada da saxlanmışdır. «Fernand Magellanın həyatı» əsərinin (1890) müəllifi doktor Hillemarda görə Magellana qədər okeanlar arasında keçidin olması məlum idi. Lakin xüsusilə tacirlər tərəfindən gizli saxlınırdı.
Mənbə: «COĞRAFİ KƏŞFLƏRİN TARİXİ VƏ SƏYYAHLAR»
Kəşf olunmuş ərazilərin mümkün qədər gizli saxlanmasına baxmayaraq artıq şərq dövlətlərinə «dəniz hücumları» başlanmışdır. Vasko Balboanın Panama bərzəxindən qərbdə «dənizin» olması, Ameriqo Vespuççinin isə Cənubi Amerika materikinin cənub istiqamətdə cənub-qərbə sıxılması kimi əsaslı tədqiqat işləri materikin cənubundan keçməklə Hindistana çatmağın mümkünlüyünə əsas verirdi. 1515-ci ildə ispan mənşəli Solis La-Plata çayının mənsəbinə qədər üzə bilmişdir. Lakin hindular tərəfindən öldürülməsi ekspedisiyanın yarımçıq qalmasına səbəb oldu.
Növbəti cəhd Fernando Magellanın olmuşdur. Bu baxımdan Hellemardın «Magellanın həyatı» əsəri (1890) xüsusi əhəmiyyət kəsb edir. O, 1480-ci ildə anadan olmuşdur. Portuqaliya donanmasında xidməti dövründə rütbəsindən razı qalmayan Magellan Ispaniya donanmasına xidmətə keçir və qərb istiqamətdə Asiyaya dəniz yolunu tapmaq layihəsini təklif edir. Lahiyəyə əsasən Magellan Ispaniya ilə Portuqaliyanın mənafeləri toqquşan demarkasiya xətti pozulmadan tədqiqat işləri aparılmalı idi.
Qəbul olunmuş layihəyə əsasən Magellan «Trinidad» (Üçlük), «San-Antonio», «Santyaqo», «Konsepsion» və «Viktoriya» (Qələbə) gəmilərində 265 nəfər heyətlə 20.09.1519-cu il tarixində Qvadalkvivir çayının mənsəbindən qərb istiqamətdə yola düşür (şəkil 5). Noyabr ayında San-Xulian buxtasına çatır və burada qışlamalı olurlar. «Viktoriya», «Konsepsion», «SanAntonio» gəmilərinin kapitanları naməlum sahildə qışlamağın əksinə çıxmaqla qiyam qaldırırlar. «Viktoriya» və «Konsepsion» gəmilərinin kapitanları ilə qiyamda təşkilatçılıq etmiş keşiş isə sahildə talehin hökmünə buraxılır.
Kəşfiyyat məqsədilə irəli göndərilmiş «Santyaqo» gəmisinin qayaya toxunaraq dağılması ekspedisiya üzvləri üçün ən böyük zərbə oldu.
Yazda gəmilər sonralar öz adını daşıyan Magellan boğazına (ən ensiz yeri 3,3 km) girdilər. Gecə cənubda od tonqalları göründüyündən Magellan oranı odlu torpaq adlandırır. Vəziyyət heyət arasında gərginliyi artırmışdı. Bundan istifadə edən «San-Antonionun» yeni kapitanı gəmini gizlin Ispaniyaya qaytarır və Magellanı dövlətə xəyanətdə günahlandırır. Qalan üç gəmi Vasko Balboanın «Cənub dənizi» adlandırdığı Sakit okeana (4 aydan sonra) 28.11.1520-ci il tarixində çatır. Qasırğalardan çıxan Magellan onu Sakit okean adlandırır.
Aclıq və sinka xəstələyindən heyətin xeyli hissəsi məhv olur. Ekspedisiya üzvlərindən Antonio Piqafetta heyətin ağır vəziyyətini belə təsvir edir. «1520-ci il noyabrın 28-də biz boğazdan çıxaraq «Sakit» adlandırdığımız böyük bir dənizə daxil olduq. Təzə ərzaq məhsulumuz olmadığı halda üç ay iyirmi gün üzdük. Qidalandığımız suxari tamamilə toza çevrilmişdi, həşaratlarla qarışmışdı, iylənirdi. Kəndirləri sürtünmədən qorumaq üçün üzlük kimi çəkilmiş dərini bir neçə gün ərzində suda islatmaqla bişirib yeyirdik. Siçovullar nadir ərzaq məhsulu sayılırdı. Ağac kəpəyilə qidalanmağa məcbur idik, iylənmiş və qoxmuş sarı sudan istifadə edirdik.»
Italyan mənşəli gənc Antonio Piqafettanin «Ilk dünya səyahəti» adlı məşhur əsərində ekspedisiya müddətində baş verən bütün hadisələr təfsilatı ilə öz əksini tapmışdır. Piqafettanın yazdığına görə Sakit okeana daxil olan Magellan əvvəl sahilə yaxın şimal istiqamətdə üzür. Daha sonra şimalqərbə istiqamət götürür. Passat küləkləri qısa müddətdə böyük bir məsafəni qətt etməyə yardımçı olsa da, gəmilərin okeanda olan çoxsaylı adalardan yan keçməsinə səbəb olmuşdur.
1521-ci il yanvarın 24-də ilk dəfə okeanda quruya rast gəlirlər. Puka-Puka adlanan bu adadan sonra mart ayının əvvəllərində eskadra Ladron, hazırki Marian adalarına çatır. Bu adalarda yerli əhali tərəfindən bir çox əşyaları, hətta bir qayığı oğurlandığından Magellan bu yerləri Oğru adalar adlandırır. Filippin adalarına istiqamət götürən səyyah (1521-ci ilin martında ora çatır və Sebu adasında bir müddət dayanmalı olur. Tarixçilərin yazdığına görə «onlar özləri ilə xaç və qılınc gətirmişdilər». Yerli əhali ilə toqquşmalarda 27.04.1521-ci il tarixində Magellan Moktan adasında həlak olur. Toqquşma ada əhalisinin xristianlığı qəbul etməməsi nəticəsində baş vermişdir. Magellanın ölümündən sonra Komandir Barboza seçilir. Sebu adasının hökmdarı vidalaşmaq bəhanəsilə ekspedisiya üzvlərini görüşə dəvət etməklə 27 nəfərin öldürülməsinə nail olur. Onların içində Barboza və astronom San-Martin də var idi. Sağ qalmış 120 nəfər heyət üç gəmini idarə etməkdə çətinlik çəkdiyindən «Konsepsion» gəmisini yandırmaq qərara alınır. Ekspedisiyanın başçısı əvvəl Karvalano, sonra dəyişdirilərək Espinosa seçilir. Ekspedisiya üzvləri geri qayıdarkən «Trinidad» gəmisi portuqallar tərəfindən tutularaq Hindistan ərazisinə sürgün edilir və əsirlikdə hamısı məhv olur.
Nəhayət 1522-ci il oktyabrın 6-da «Viktoriya» gəmisi 18 nəfər heyətlə Qvadalkvivira çayının mənsəbinə daxil olmaqla vətənə qayıdırlar. Bu birinci dünya səyahətinə görə «Viktoriya» gəmisinin kapitanı Xuan Sebastian El-Kano bir sıra fəxri mükafatlara layiq görülür.
Magellanın ilk dünya səyahəti hansı nailiyyətlərin qazanılmasına səbəb oldu? - Məlum oldu ki, Afrikanın cənubundan başqa qərb istiqamətdə də üzməklə şərq ölkələrinə çatmaq mümkündür, Cənubi Amerika boğazla (Magellan boğazı) Odlu Torpaqdan ayrılır. Magellan Vasko Balboanın gördüyü Sakit okeanın mövcud olmasını təsdiq etdi. Sakit okeanda Filippin, Malay və bir sıra digər adaları kəşf etməklə yerin kürə formasında olmasını əməli surətdə sübut etdi, dünya okeanının bütövlüyünü müəyyən etməklə gələcəkdə yer kürəsinin qərbdən şərqə fırlanmasının sübutu üçün əsas verdi.
Ekspedisiya kəşf etdikləri ölkələrin təbii şəraitini, iqtisadiyyatını və iqtisadi inkişaf səviyyəsini, təbii sərvətlərini öyrənməklə Portuqaliya üçün yeni sərvət mənbələri aşkar etdi. Magellanın dünya səyahəti O.E.Koçebunun (1948) əsərində daha geniş öz əksini tapmışdır.
Magellanın ekspedisiyasının nəticələri portuqalların daha geniş sahədə kəşfiyyat işləri aparmasına şərait yaratdı. 1526-cı ildə dünyanın ikinci böyük adası olan Yeni Qvineyanı kəşf etdi. Daha sonra Havay adalarına doğru irəliləyirlər.
Portuqallarla yanaşı ispanlar da Sakit okeana sürətlə irəliləməyə başladılar. 1565-ci ildə Filippində onlar ilk dəfə koloniyalarını təşkil etdilər. Elə həmin ildə Andres de-Urdaneta qərb istiqamətdə Sakit okeana daxil olmuş və 420 şm. en dairəsinə qədər üzməklə passatların təsir dairəsindən ilk dəfə olaraq çıxa bilmişdir. Bu yol sonradan dənizçilər tərəfindən «Urdanetta yolu» adlandırılır. Urdanettanın səyahəti Antonio de-Morqun «XVII əsrin sonunda Filippin adaları» əsərində hərtərəfli öz əksini tapmışdır.
1578-ci ildə Ispaniya və Portuqaliya ekspedisiyalarının nailiyyətlərindən bəhrələnən Ingiltərə Sakit okeanda üstünlüyü ələ keçirdi. Həmin ilin payızında dəniz qulduru sayılan Frensis Dreyk okeanda qeyd olunan ölkələrin monopoliyasına son qoymaqda mühüm rol oynamışdır. Dreyk Cənubi Amerikanın ən ucqar nöqtəsi olan Horn burnuna çatmış, hazırda adına olan Dreyk boğazını kəşf etməklə adalarda kəşfiyyat işləri aparmışdır. Nəticə etibarilə Dreyk dünya səyahətinə nail olmuşdur.
Magellandan sonra Sakit okeandakı Yeni Qvineya, Mərcan, Marşal, Solomon, Markiz adaları avropalılar tərəfindən aşkar olunmağa başlandı. Lakin qeyd etmək lazımdır ki, avropalılara qədər bu adaların əksəriyyəti məskunlaşmış ərazilər idi. Avropalılar bu dövrdə materiklərə sıxılaraq dəniz və okeanlarda üzdükləri halda polineziyalılar və mikroneziyalılar Sakit okeanda sərbəst üzə bilirdilər. Elə buna görə də e.ə. 100-cü ildə Tonqa, Taiti, XI-XII əsrlərdə Yeni Zelandiyada məskunlaşmışdır. Avropalıların bu əraziləri aşkar etməsi yerli əhaliyə çox baha başa gəldi.
Ceyms Kukun birinci ekspedisiyasından (1768-1771) Sakit okeandakı adalarda tədricən avropalılar məskunlaşmağa başladı. Lakin onların qəddarlığı nəticəsində Taiti adasının əhalisi 50 ildə 10 dəfə azaldı, Yeni Zelandiya əhalisi məhv edildi, Tasmaniya adasının aborigen əhalisi yer üzündən silindi.
Müəlliflər: Fəlsəfə elmləri namizədi, dosent Əliyev Mustafa Cahan oğlu və coğrafiya elmləri namizədi Həsənli Fərrux Ağayar oğlu