Xristofor Kolumbun «Hindistan»ı kəşf etməsi portuqalları ciddi narahat etməyə başladı. Verdikləri «hədiyyəni» geri qaytarmaq bir nömrəli problemə çevrilmişdi. Lakin ispanlar Amerika qitəsini şimallı-cənublu öyrənməkdə davam edirdilər. Yeni Dünyanın tədqiq edilməsində artıq Ameriqo Vespuççi görkəmli şəxsiyyət sayılırdı. Yazılarına əsaslansaq o, 4 dəfə — 1497, 1499, 1501, 1503-cü illərdə Amerikada olmuşdur. Ancaq bu gün də Ameriqo Vespuççinin Yeni Dünyaya səyahətini şübhə altına alanlar vardır. Bir sıra tədqiqatçılar 1497-ci ildə Oxedlə birlikdə etdiyi səyahəti dəqiq sayırlar. Buna baxmayaraq coğrafiya tarixində ən görkəmli yer tutan səyyahlardan biri Ameriqo Vespuççi sayılmaqdadır.
1499-cu ildə ispan ekspedisiyası tərkibində «Hindistan»a səfərə çıxan Vespuççi Amazon çayının şimal hissəsinə yaxınlaşır. Daha sonra Karib dənizində sahil boyu üzməklə böyük bir ölkə ətrafında hərəkət etdiklərini anlayırlar. Yeni Dünyaya səyahətdən qayıtdıqdan sonra Vespuççi daha əlverişli saydığı Portuqaliya donanmasına keçir.
1501-ci ildə yenidən qərbə portuqal gəmisində üzür. Astronom kimi ekspedisiyada iştirak edən Vespuççi Rio-deJaneyro (Yanvar çayı) çayının mənsəbinə çatır. 220 cənub enliyinə çatmaqla açıq okeana dönərək Afrika istiqamətdə üzürlər. Daha sonra isə paytaxt Lissabona yola düşürlər. Ekspedisiya üzvləri kəşf olunmuş qurunun Asiya olmadığına əmin olurlar. Çünki, Asiyanın bütövlükdə şimal yarımkürəsində yerləşməsi məlum idi.
1503-cü ildə Vespuççi bir daha «Yeni Dünya»ya səyahət etməklə kəşf olunmuş torpaqların Hindistan olmadığını dəqiqləşdirdi və Italiyada yaşayan dostuna yazdığı məktubla bu qurunun «Yeni Dünya» adlandırılmasını məsləhət görürdü.
1507-ci ildə Vespuççinin «Yeni Dünya»ya üzməsi haqda iki məktubu fransız və latın dillərinə tərcümə olunur. 1507ci ildə həcmcə çox da böyük olmayan «Kosmoqrafiyaya giriş» («Dünyanın təsviri») kitabı çap olunur. Kitabın içərisinə Vespuççinin yazdığı iki məktub da əlavə olunur. Ilk dəfə olaraq «Amerika» adına bu kitabda rast gəlinir.
1507-ci ildə Latarengiyalı coğrafiyaşünas Martin Valdzemyüller kəşf olunmuş materikin Amerika adlandırılması təklifini irəli sürür və bu münasibətlə yazırdı: «Yer kürəsinin bu hissəsinin dərin zəka sahibi olan Ameriqonun adına verilməsinin əksinə çıxan və onu qadağan edən bir adam görmürəm.»
1538-ci ildə dünyanın xəritəsi, 1541-ci ildə isə Holland kartoqrafı Herart Merkatorun qlobusunda artıq şimal materiki də cənubla birlikdə Amerika adlandırıldı. Bir çox alimlərin təzyiq və etirazlarına baxmayaraq XVI əsrin ikinci yarısında bu ad tərtib olunan bütün xəritələrdə öz əksini tapdı. Beləliklə, kəşfi başqalarının adı ilə bağlı olan materiklər dəlalətsizliklə Vespuççinin şərəfinə adlandırıldı. Sonralar Kolumbun adını əbədiləşdirmək üçün Cənubi Amerikada bir dövlətə onun adı verildi.
Yeni Dünyanın kəşfi ispan və portuqallarla yanaşı, getdikcə fransız və ingilisləri də özünə cəlb etməkdə idi. Ona görə də, materikdə apalına tədqiqat və kəşiyyat işlərində həm dövlət, həm də şəxsi mənafelər toqquşmaqda idi. Artıq XVII-XVIII əsrlərdə fransızlar Müqəddəs Lavrentiya çayı vadisindən qayalı dağlara, şimal istiqamətdə Hudzon körfəzinə kimi geniş bir sahəni, cənub istiqamətdə isə Meksika körfəzinə kimi ərazini Fransanın mülkünə çevirməkdə idilər. Ümumiyyətlə kontinentin daxili hissələrinin öyrənilməsində fransızların daha böyük rolu olmuşdur. Samyuel Şamplen Vest-Hind adalarında, Meksikada, Müqəddəs Lavrentiya vadisində, Yeni Şotlandiya yarımadasında, Fandi körfəzində geniş tədqiqat işləri aparmaqla fransızları coğrafi biliklərlə hərtərəfli məlumatlandıran görkəmli şəxslərdən biri olmuşdur.
La-Sal və Anneppen 1678-ci il dekabrın 6-da ilk dəfə olaraq Niaqara şəlaləsini müəyyən etmişlər. La-Sal 1681-ci ildə Missisipi çayı ilə Meksika körfəzinə kimi üzməklə bu əraziləri Fransa krallığına aid ərazilər elan etdi və ona Luiziana adını verdi.
XVII əsrin əvvəllərində ingilislərlə fransızların Şimali Amerikada mənafeləri toqquşmağa başlamışdır. Fransızlar daxili hissələrdə, ingilislər isə əsasən sahil zonalarında məskunlaşmağa üstünlük verirdilər.
Ingilislər Şimali Amerikanın daha ucqar şimalını tədqiq etmək üçün ilk dəfə olaraq 1789-cu ildə Aleksandr Makkenzinin rəhbərliyi altda ekspedisiya təşkil etdilər (Makkenzi çayı onun adınadır). 1792-ci ildə təşkil olunmuş ikinci ekspedisiyada Makkenzi Atlantik və Sakit okean arasında sahillərdə, həmçinin adalarda dayanacaqlar təşkil etməklə okeanlar arasında əlaqə yaratmağın mümkünlüyü haqqında fikirlərini söyləmişdir.
Şimali Amerika kimi, Cənubi Amerika da müstəmləkəyə çevrilmək üçün tədqiqat obyektinə çevrilmişdir. Hər iki materikin müstəmləkəyə çevrilməsində din xadimləri mühüm rol oynamaqla xristian dinini yayaraq teokratik hakimiyyətin yaradılmasına çalışırdılar. Xristian dininin katolik qolunu yayan qruplar La-Plato ovalığı ilə artıq 1524-1535-ci illər ərəfəsində Cənubi Amerikanın şimalını, Almaqro isə 150 min hindi qanı bahasına Çiliyə qədər irəlilədilər.
1637-ci ildə portuqallar Amazon çayı boyu tədqiqatlarını sürətləndirməklə onun Cənubi Amerikada ən böyük çay olduğunu və hindilərlə sıx məskunlaşdığını müəyyən etmişdilər.
1744-cü ildə Romonun başçılığı altında ispanlar Venesueladan cənub istiqamətdə Rio-Neqro çayına qədər geniş bir ərazinin tədqiqatına başlamışdılar.
XVIII əsrin sonunda Portuqaliya, Ispaniya, Fransa, qismən Hollandiya tərəfindən Cənubi Amerikada əsasən aşkar olunmamış ərazilər qalmamışdır. Lakin tədqiqatların dəqiqləşdirilməsi sonrakı mərhələlərdə tamamlanmış oldu.
Mənbə: «COĞRAFİ KƏŞFLƏRİN TARİXİ VƏ SƏYYAHLAR»
Müəlliflər: Fəlsəfə elmləri namizədi, dosent Əliyev Mustafa Cahan oğlu və coğrafiya elmləri namizədi Həsənli Fərrux Ağayar oğlu