Ərəblərin coğrafiyanın inkişafında orta əsrlərdə rolu

Ərəblərin coğrafiyanın inkişafında orta əsrlərdə rolu

Orta əsrlərin əvvəllərində digər sahələrdə olduğu kimi Avropada coğrafiya sahəsində də dinin təsiri altında durğunluq baş verdiyi halda, ərəb ölkələri elmin çiçəklənmə dövrünü keçirirdi. Başqa xalqların yazdıqları elmi əsərləri sistemə salınaraq qısa müddətdə tərcümə edilməsi ərəb ölkələrində elmin sürətlə inkişafının əyani sübutudur.
VII əsrdən başlayaraq Islam dinini yaymağa başlayan ərəblər Atlantik okeanından Sakit okeanına qədər böyük bir məsafədə yeni ölkələr və bu ölkələrə müxətlif yolları açmaqda şöhrət qazandılar. Kiçik Asiyanı, Orta Asiyanı, Iranı və bir sıra ölkələri tutmaqla Islam dinini yayan ərəblər, Hindistan və Çinə gedən əlverişli dəniz, körfəz və boğazları müəyyən etməklə Avropa ilə bu ölkələr arasında əlaqə maneəsinə çevrildilər. Məşhur ərəb səyyahlarından biri Ibn Hordatbəy (820-913) təqribən 850-ci ildə yazdığı «Yollar və hakimiyyətlər haqqında» əsərində göstərir ki, ərəblərin kəşf etdiyi ticarət yolları və ölkələr haqqında verdikləri məlumatlar coğrafiya elmini müntəzəm olaraq zənginləşdirirdi. Nəticədə onlar Ipək Yolunun sahibinə çevrildilər.
Ərəb coğrafiyasının atası sayılan Yaqubi şəxsi müşahidə və tədqiqatlarını, həmçinin Avropa səyyahlarının məlumatlarını ümumiləşdirərək 900-cü ildə «Ölkələrin kitabı» əsərini yazmaqla Asiya ölkələrinin təbiəti, xalqları, məşğuliyyəti, adət və ənənələri haqqında hərtərəfli məlumatlar vermişdir.
Əl - Məsudi (956) özündən əvvəlki ərəb səyyahlarından daha irəli gedərək böyük zəhmət bahasına Ispaniyadan Çinə qədər bütün müsəlman ölkələrinə səyahət etmişdir. Madaqaskar adasında olması tam coğrafı xarakter daşımasa da «Qızıl çəmənlər», «Gördüklərim və müşahidələrim» əsərlərinin yaranması ilə nəticələnmişdir. O, Xəzər və Aralıq dənizlərinin əslində göl olmaları haqqında fikir söyləyən ilk ərəb coğrafiyaşünasıdır.
Əl-Idrisi (1100-1165) coğrafiya sahəsində gördüyü işlərin nəticələrindən ərəblərlə yanaşı avropalılar da bəhrələnmişlər. Siciliya kralının dəvəti ona tədqiqat sahəsində daha geniş imkanlar açır. Tərtib etdiyi naviqasiya xəritələri həm Avropa, həm də ərəb dənizçiləri tərəfindən mənimsənilmişdir. Onun avropalılarla birlikdə Kiçik Asiyaya, Fransa və Ingiltərəyə səyahətləri haqqında təkzibolunmaz dəlilləri vardır. O, 70 vərəqə həcmində dünyanın dairəvi və dördbucaqlı xəritəsini tərtib etmişdir. Xəritə dərəcə toruna əsaslanmadığından ölçü işləri aparılmır. Idrisi Ptolomeydən daha irəli gedərək xəritəsində Skandinaviya, Baltik dənizi, Ladoqa, Oneqa göllərini, Dvina, Dnepr, Don, Volqa, Yenisey çaylarını, Baykal gölünü, Tibet, Altay dağlarını, Çin və Hindistanı əks etdirir. Lakin Hind okeanını Ptolomeyin təsiri altda qapalı hövzə kimi göstərir.
Ibn-Bətutə (1304-1377) digər ərəb səyyahlarından fərqli olaraq, olduğu ölkələrin əhalisi haqqında daha çox maraqlanmışdır. 22 yaşında Mərakeşdən Iskəndəriyyə şəhərinə gəlməklə Misirin əsas hissələrində olmuş, daha sonra Fələstin Məkkəyə getmişdir. Məkkədə geri Fələstinə qayıdan IbnBətutə Kiçik Asiyanı keçərək Rusiyaya daxil olmuş və Sibirə yollanmışdır. Rusiyadan Istanbula qayıdaraq Orta Asiyaya, buradan isə Əfqanıstandan keçməklə Hindistana yola düşmüşdür. Hindistanda dövlət xidmətinə götürülən səyyah 1342-ci ildə Çində olur. Daha sonra Maldiv adalarında, Mərakeşdə, təkrar Ispaniya, Saxarada olmaqla 1377-ci ildə vəfat edir. Ibn-Bətutə orta əsrlərin bütün müsəlman ölkələrində, həmçinin müsəlmanların hakimiyyəti altında olan ərazilərdə olan yeganə səyyah olmuşdur. Onun qarşıya qoyduğu əsas məqsəd XIV əsrin II yarısında mövcud müsəlman cəmiyyətini əsərlərində işıqlandırmaqdan ibarət idi.
İbn-Bətutə 1342-ci ildə dəniz yolu ilə Ərəbistana qayıtmış özü ilə olduğu ölkələr haqqında zəngin məlumatlar gətirmişdir. Əsasən şəxsi məlumatlarına əsaslanaraq bu gün də öz əhəmiyyətini itirməyən, bir çox avropa dillərinə tərcümə olunmuş «Ibn-Bətutənin səyahətləri» əsərini yazmışdır.Ömrünün 30 ilini (1325-1354) səyahətə həsr etməklə o, coğrafiya tarixində özündən sonrakı nəsillər üçün müsəlman ölkələri haqqında möhtəşəm bir abidə qoyub getmişdir. IbnBətutə Magellana qədər bütün dövrlərin ən böyük səyyahı sayılır. Coğrafiya tarixində orta əsrlərin ən qiymətli əsərləri ona mənsubdur.
Yaqut (1179-1229) əslən yunan olsa da Suriya tacirlərindən birinin qulu olduğu dövrdə müsəlman dinini qəbul etmişdir. Tacirin vəfatından Bağdada köçərək kitab üzü köçürmək və kitab alveri etməklə məşğul olmuşdur. XIII əsrin I yarısında ərəblərin əldə etdikləri məlumatları toplamaqla «Coğrafi lüğət» kitabını yazmışdır. Yaqut Aralıq dənizinin şərqində yerləşən ölkələrin, Iran, Orta Asiyanı gəzmiş və Mərv şəhərində yaşamışdır. Yunan və müsəlman ölkələrinin məlumatlarına əsaslanmaqla coğrafi lüğətlər tərtib etməklə məşğul olmuşdur.

Coğrafiya sahəsində əldə edilən nailiyyətlər Asiyanın şimalı istisna olmaqla köhnə dünyanın hər yeri ilə ticarət əlaqələri yaratmağa ərəblər üçün geniş imkanlar açmışdır. Belə ki, 639-709-cu illərdə Şimali Afrikanın bütövlükdə ərəblərin təsir dairəsinə düşməsi, onların Saxara səhrasından materikin qərb və ekvatorial hissələrinə altı karvan yolunun müəyyənləşdirilməsinə səbəb olmuşdur. VIII əsrdə ərəb tacirləri Niger çayının orta axınına, qızıl ölkəsi sayılan Aukara (Qana) çatmışlar. Ibn-Fatimənin yazılarında Çad gölü haqqında ilk yazılara rast gəlinir. Onun yazdığına görə əvvəllər bu göl daha böyük olmuşdur. Ticarət əlaqələri ərəblərin cənuba doğru təsir dairələrinin və coğrafi biliklərinin daha da genişlənməsi ilə nəticələnmişdir. Ibn-Səidə görə XIII əsrdə ərəblər Əjdaha dağlarına çatırlar. Venesiyalı kartoqrafın 1420-ci ilin xəritəsinə görə XI əsrin başlanğıcında naməlum ərəb səyyahı Vasko da Qamadan təqribən 500 il əvvəl Afrikanın cənubundan Hind okeanına keçmişdir. IX əsrdə Madaqaskar adasını kəşf edən ərəblər ƏlKumır (Mozambik) boğazından şimal və cənuba doğru üzmüşlər. Ərəb mənbələrinə görə eramızın I əsrində Filippin adalarına qədər üzən, 1380-ci ildən isə Sulu adasından başlayaraq yerli varlı (radji) qızı ilə evlənən Əbu Bəkr Əl Haşiminin köməyi ilə Islam dinini yayan ərəblər coğrafi kəşflər sahəsində orta əsrlərdə çiçəklənmə dövrü keçirirdilər. X əsrdə ərəb mənbələrində artıq Şərqi Avropa haqqında da məlumatlara rast gəlinir. Ərəblər 711-ci ildən sonra 7 il ərzində bütün Priney yarımadası ərəb torpaqlarına çevrilmişdir.

X əsrdə isə Qərbi Avropa tədricən ərəblər tərəfindən tədqiqat obyektinə çevrilirdi.
Əbu Əli Ibn Rusta - X əsrdə yaşamış ərəb dilində yazan fars mənşəli Ibn-Rusta «Qiymətli incilər» əsərinin müəllifidir. Bu əsərdə o, hətta Şərqi Avropa haqqında və burada yaşayan xalqların adət-ənənələri barədə məlumatlar verir. Əsərdə Volqa-Kama türkdilli xalqlara Islam dininin IX əsrdə ərəblərin gətirdiyi qeyd olunur. Ibn-Rusta bulqarları səciyyələndirərək yazır: «Bulqarlar Xəzər dənizinə tökülən çayın sahilində məskunlaşmışlar. Onların ölkələri bataqlıq və meşəliklərdən ibarətdir.» Daha sonra Kuyab (Kiyev) haqqında məlumat verərək yazır: «Bu slavyan ölkəsi düzənlik və meşəliklərdən ibarətdir.»
Əhməb Ibn Fadlan - Əhməb Ibn Fadlan Volqa-Kama Bulqarıstanında Bağdad səfirinin katibi olmuşdur. 922-ci ildə o, Volqanın sol sahilinə yerləşmiş Bulqariyaya gəlir, Ladoqa gölü ətrafında olur və 923-cü ildə vətənə qiymətli coğrafi məlumatlarla qayıdır. Fadlan bu əraziləri kəşf etməsə də Volqasahili, Orta Asiya xalqları və Xəzər dənizinə tökülən çaylar haqqında ətraflı məlumatları ilə seçilir.

Mənbə: «COĞRAFİ KƏŞFLƏRİN TARİXİ VƏ SƏYYAHLAR»
Müəlliflər: Fəlsəfə elmləri namizədi, dosent Əliyev Mustafa Cahan oğlu və coğrafiya elmləri namizədi Həsənli Fərrux Ağayar oğlu

Həmçinin bax: Orta əsrlərdə coğrafiya (V-XV əsrlər)

Top