İkinci Dünya müharibəsindən sonra ölkə coğrafiyaçıları qarşısında dağıdılmış rayonların xalq təsərrüfatının bərpası və inkişafını təmin edən təbii ehtiyatların və təbii şəraitin dərindən öyrənilməsi, onların mənimsənilməsi yolları, ərazi istehsal komplekslərinin (ƏİK) tədqiqi problemləri dururdu. Bu dövrdə ərazi planlaşdırılması, əhali məskunlaşdırılması, şəhər və kəndlərin yenidən qurulması kimi coğrafi tədqiqat sahələrinə daha çox fikir verilirdi. Ölkənin təbii rayonlaşdırılmasının dəqiqləşdirilməsinə və zonalarının tədqiqinə, təbii komplekslərin kəmiyyət və keyfiyyət göstəricilərinin geokimyəvi, geofiziki və riyazi üsullarla öyrənilməsinə başlandı. Bunlarla bağlı təbii şərait və təbii ehtiyatlar haqqında geniş və dəqiq məlumatlar verən mühəndis coğrafiyası kimi yeni sahə yarandı. Qar örtüyü, buzlaqlar, yağmurlar, sel, eroziya kimi təbii fəlakətləri törədən hadisələrin mənşəyi tədqiq edilərək bu bəlalara qarşı mübarizə yolları axtarılmağa başlandı.
Sovet elmi okeanların və dəniz dibinin morfologiyasını, okeanların təbii prosesləri və iqtisadi potensialının öyrənilməsi işində xeyli müvəffəqiyyətlər əldə edildi. Ölkədə təbii coğrafi problemləri insan ekologiyası ilə əlaqəli surətdə həll edilirdi. Bütün bunları əks etdirən tematik xəritələr tərtib olunurdu.
Dünya və SSRİ-nin fiziki və iqtisadi coğrafiyasının spesifik xüsusiyyətlərini əks etdirən böyük atlaslar nəşr edilirdi. Riyazi metodlar, modelləşdirmə, elektron hesablama maşınlarından geniş istifadə, aerofotoşəkillərdən, Yerin kosmik gəmilərdən aparılan müşahidələrindən və kosmik şəkillərdən istifadə olunması coğrafi tədqiqatlarda geniş vüsət aldı.
Ölkənin coğrafiya elmi qabaqcıl elmlər sırasında sürətlə inkişaf edir, beynəlxalq coğrafi konqreslərdə yüksək nüfuz qazanırdı. Bu elm sahəsində aparılan işlərin nəticələri keçmiş SSRİ-nin coğrafiya cəmiyyətinin qurultaylarında, müttəfiq respublikaların coğrafiya cəmiyyətlərinin iclaslarında, elmi müşavirələrdə və seminarlarda müzakirə olunurdu. Məsələn, «Antropogen dəyişikliklərin elmi proqnozları və ətraf mühitin qorunması», «Regional inkişafın elmi əsasları», «Urbanizasiyanın coğrafi əsasları və şəhərlərin coğrafiyası», «Müasir elmi-texniki tərəqqi dövründə coğrafiya elminin vəzifələri», «Ərazi istehsal kompleksinin modelləşdirilməsi» və s. kimi mövzuların müzakirələri keçirilmişdir.
Son zamanlar coğrafiya praktiki əhəmiyyətli məsələlərin həllinə daha çox diqqət yetirir. Bu elm ərazi baxımından təsərrüfatın təşkili, əhalinin məskunlaşması, təbii ehtiyatlar potensialının təyini, müxtəlif ekoloji problemlərin həlli kimi məsələləri yeni metodlarla daha dərindən tədqiq edir. Getdikcə daha çox qlobal coğrafi problemlərin həllinə, okeanların, atmosferin, biosferin, ekologiyanın öyrənilməsinə diqqət artırılır.
Keçmiş SSRİ məkanında püxtələşmiş, dünya miqyasında tanınmış böyük nəzəri və praktiki əhəmiyyəti olan coğrafiya məktəbləri yaranmışdır. Sankt-Peterburq və Moskva Fiziki coğrafiya məktəblərin əsas elmi istiqaməti landşaftların tədqiqinə yönəltmiş və coğrafi mühitin, təbii ünsürlərin qarşılıqlı əlaqələrindən yaranmış kompleksləri (təbii kompleksləri) və onların istehsala, insan həyatına necə təsir etməsini qiymətləndirmək üçün elmi əsaslar hazırlamışdır.
Fiziki coğrafiya landşaft metodu vasitəsilə təbiətin müxtəlif tərəflərini, elementlərini, hadisə və proseslərini tədqiq edərək, təbii komponentlərin qarşılıqlı əlaqələrini, müasir coğrafi prosesləri tarixi inkişafda öyrənir. L.S.Berq və A.A.Borzov landşaftları öyrənərkən adda-buddalığı (diskretliyi), fasiləsizliyi və komponentliyi bir-birilə əlaqələndirərək tədqiqat kompleksi yaratmış, landşaftları, onların komponentlərini tarixi və coğrafi qanunların zəminində öyrənməyi təklif etmişlər.L.S.Berq özünün qiymətli əsərlərində landşaftşünaslığın və fiziki coğrafiyanın mühüm problemlərini həll etmişdir.
A.A.Borzov öz əsərlərində təbiətdə, xüsusilə insaniləşən təbiətdə baş verən dəyişmə proseslərinə çox böyük fikir vermişdir. O, yaradıcılığında fiziki coğrafiyanın nəzəri məsələlərinin dialektik həllinə böyük səy göstərmiş, təbiətdən səmərəli istifadə olunmasını, onun gələcək nəsillər üçün mühafizəsini tövsiyə etmişdir. Fiziki coğrafiya ilə iqtisadi coğrafiyanı sıx əlaqələndirməyi, elmdə geniş sintez aparmağı, coğrafi hadisələrin və obyektlərin proqnozlarını verməyi lazım bilən alim, coğrafiya nəzəriyyəsinə əməli coğrafiyanı və xəritəşünaslığı da bağlamağı zəruri hesab edirdi.
Bu iki alimin təsiri ilə fiziki coğrafiya elmi xeyli inkişaf etmiş, şaxələnmiş, onlarla yeni sahələri əmələ gəlmişdir (geomorfologiya, iqlimşünaslıq, hidrologiya, qlasiologiya, biocoğrafiya və s.). Bu sahələrin mühüm xüsusiyyətləri insanların təsərrüfat fəaliyyətinə müsbət təsir edən tədqiqatlara üstünlük verilməsidir. Hazırda fiziki coğrafiya sahəsində fəaliyyət göstərən alimlər çalışırlar ki, yeni metodlarla, kəmiyyət və keyfiyyət göstəriciləri ilə təbii mühitə antropogen təsirləri qiymətləndirməklə fiziki coğrafiya elmində ekolojiləşdirmə prosesini qüvvətləndirsinlər. L.S.Berq, A.A.Brozov həm də yaxşı geomorfoloq idi.
Sovet geomorfologiyasının inkişafında Y.S.Edlşteyn, İ.S.Şukin, İ.P.Gerasimov, K.K.Markov və başqaları böyük rol oynamışdır.
Son zamanlar fiziki coğrafiyada B.B.Polınovun rəhbərlik etdiyi geokimya istiqaməti bu elmin tərəqqisində böyük əhəmiyyət kəsb etmişdir. Bu istiqamət landşaftşünaslığın nəzəri əsaslarını xeyli möhkəmləndirmişdir.
Geomorfoloqlar litosferdə maddələrin hərəkət qanunauyğunluğu, litosferin səth quruluşu, relyefin ərazi formaları və onların dinamikası və s. kimi problemlər üzrə böyük elmi-tədqiqat işləri aparmışlar.
Geokimyəvi, bioloji resursşünaslıq (L.N.İlin), ekzogen proseslərin öyrənilməsi kimi yeni istiqamətlər genişlənməkdədir. Yeri gəlmişkən qeyd etmək lazımdır ki, hazırda coğrafiyanın bu və digər sahələrində də tədqiqatlar yeni dəqiq metodlara (o cümlədən kosmik, müxtəlif riyazi metodlar) yiyələnməklə, zəngin informasiya bazasına malik olmaqla aparılır. Bu, müasir iqlimşünaslıq tədqiqatlarında daha yaxşı hiss edilir. İqlimşünaslıq xalq təsərrüfatı üçün əhəmiyyətli olan qar və buzların mənşəyi və ehtiyatı məsələlərini, daimi donuşluğun atmosfer və okeanlarla əlaqəsini diqqətlə öyrənir. İqlimindən və meteoroloji şəraitdən asılı olaraq buzlaqların dəyişməsi, dəniz buzlarının, qar örtüyünün təkamülü və s. kimi məsələlər həll edilir. Müasir iqlimşünaslıqda korrelyasiya metodundan istifadə edərək, qədim iqlim şəraitinin bərpa edilməsinin mümkünlüyü problemləri öyrənilir.
İqlim dəyişmələrinin təbii və iqtisadi sistemlərə təsiri, xüsusilə bu dəyişmələrin kənd təsərrüfatı bitkilərinin yerləşdirilməsinə və onların məhsuldarlığına təsiri iqlim enerjisindən səmərəli istifadə edilməsinin ərazi fərqləri, atmosferdə sənaye tullantıları (CO2) və tozların artması ilə əlaqədar baş verən proseslər və bu proseslərin nəticəsində meydana gələn iqlim dəyişmələrinin öyrənilməsinin çox böyük praktik əhəmiyyəti vardır. İqlimi əmələ gətirən amillərin səciyyələndirilməsi, iqlimin rayonlaşdırılması, iqlimin təbii potensialının təsərrüfat nöqteyi-nəzərdən qiymətləndirilməsi, iqlim dəyişmələrinin informasiyası və iqlimin proqnozlaşdırılması vəzifələri müvəffəqiyyətlə həyata keçirilir.
İqlimşünaslığın mühüm tədqiqat obyektlərindən biri də Şimal və Cənub qütblərində hava dəyişmələrini öyrənməkdir. Bununla əlaqədar daimi donuşluğun, buz örtüyünün iqlimin formalaşmasına və dəyişmələrinə təsiri də diqqət mərkəzində olmuşdur. İqlimşünaslığın ilk böyük tədqiqatçılarından biri A.A.Kaminski olmuşdur. O, Monqolustan, Qafqaz, Krım, Baltiksahili rayonlarda iqlim şəraitini öyrənmiş, ölkədə hidrometrologiya işinin yaranmasında, meteoroloji stansiyaların təşkilində xüsusi rol oynamışdır. B.P.Alisov iqlimin təsnifatı və iqlim rayonlarının sirkulyasiyası prosesi və s. haqqında çox qiymətli tədqiqatlar aparmışdır. Dünya coğrafiyasında istilik balansının hazırlanmasında və istilik rayonlarının müəyyənləşdirilməsində M.İ.Budıkovun da xidmətləri böyükdür.
Biosferdə və ərazi sistemlərində maddələr dövranı haqqında yeni təsəvvürlər yaranmışdır. Akademik V.İ.Vernadski (1863-1945) ömrünün çox hissəsini təbiətdə kimyəvi elementlərin həyatını, yer səthində, kosmosda paylanması qanunauyğunluqlarını, onların sahə kombinasiyalarını və planetimizin təbəqələrində bir yerdən başqa yerə hərəkətini (miqrasiyasını), bu hərəkətin tarixini öyrənməyə sərf etmişdir. O, coğrafiyaçı olmasa da, kimyəvi elementlərin miqrasiyası ilə bağlı yer qabığında böyük kimyəvi müvazinət sistemlərinin yaranmasını və bu sistemlərdən ən mühümü olan canlı aləm, yerin sferalarının həcmi, ağırlığı, kimyəvi tərkibi, enerjisi və onlara müvafiq sahələri öyrənməklə yerşünaslığın bir çox vacib məsələlərinə toxunmuşdur.
V.İ.Vernadski eyni zamanda coğrafiyada tarixilik, ərazilik, ardıcıllıq, çoxtərəflilik və s. amilləri nəzərə almaqla, obyekt və hadisələrin tədqiq yollarını göstərmişdir. Biosferin əsas qüvvəsini o, canlıların təkamülündə görürdü. V.İ.Vernadski məkan və zaman problemi, biosferin inkişafında canlıların təkamülü, təbiəti dəyişdirməklə insanın rolu, noosferin təşkili və inkişafı, bəşəriyyətin gələcəyi, elmi fikirlərin perspektivləri, planetar hadisələri, coğrafiyanın inkişaf yolları və digər məsələləri tədqiq etməklə coğrafiya elminin inkişafında mühüm rol oynadı, O, coğrafiyada biosfer, noosfer məfhumlarını elmi surətdə əsaslandırmışdır. Onun «Naturalistin düşüncələri», «Canlı və cansız təbiətin məkanı», «Biosfer» və s. əsərlərində çoxlu qiymətli coğrafi fikirlər vardır.
Vernadskinin ardıcılı, coğrafiyada geokimya məktəbinin təşkilatçısı B.B.Polınov (1877-1952) olmuşdur. B.B.Polınov elmdə ilk dəfə bərk süxurların aşınması nəticəsi kimi cansız aləmin ayrıca keçid dairəsinin olmasını müəyyən etmişdir. Bu dairənin xüsusi qanunlarını, enerjisini, kimyəvi tərkibini öyrənmişdir. O, göstərmişdir ki, litosferin yuxarı qatında baş verən aşınmalarda torpaq, su, hava və həyat amilləri bir-biriləri ilə sıx tamasda olurlar və daim hərəkətdə olan materiya özünün müxtəlif formalarını yaradır. Polınov müxtəlif ölkələrdə və ya rayonlarda aşınmanın torpaq əmələgətirmə prosesi ilə əlaqəsini müşahidə edib aydınlaşdırmış və litosfer nəzəriyyəsini kəşf etmişdir. O da Vernadski kimi kəmiyyət metodundan istifadə etmiş, litosferin həcmini, ağırlığını, enerjisini, oradakı elementlərin tərkibini, miqrasiyasını öyrənmişdir. Bunun nəticəsində o, coğrafiyada ilk dəfə landşaftların geokimyası kimi çox əhəmiyyətli bir istiqaməti irəli sürmüşdür.
B.B.Polınova görə, landşaftlar müxtəlif dərəcəli fiziki-coğrafi hadisələrin və amillərin mürəkkəb genetik əlaqələrindən yaranmış dəqiq geokimyəvi obyektdir. Landşaft bütöv coğrafi obyektin genetik əlaqələrini əks etdirərək müvafiq süxurların aşınması sayəsində miqrasiya olunmuş kimyəvi elementlərin, yer qabığındakı mineralların və yeraltı suların qarşılıqlı təsirindən yaranan birlikdir.
Geokimyəvi landşaftlarda üfüqi əlaqələrlə bərabər şaquli əlaqələrdə olur. Polınov bununla da coğrafiyada kimyəvi elementlərin sahələr üzrə paylanmasından, onların miqrasiyası və coğrafi landşaftların kombinasiyalarından bəhs edən elm yaratmışdır. Landşaftşünaslığın nəzəri və praktiki məsələlərinin öyrənilməsi, landşaft elementlərinin tədqiqi, təbii sistemlər və onların təsnifatı sahəsindəki elmi yaradıcılıq fəaliyyəti coğrafiyanın inkişafına güclü təkan vermişdir.
Coğrafiyanın inkişafında biocoğrafiya məktəbinin xidmətlərini qeyd etmək lazımdır. Öz başlanğıcını Dokuçayev məktəbindən götürmüş biocoğrafiyanın baniləri N.İ.Vavilov, V.N.Sukaçev və V.B.Soçava olmuşdur. V.N.Sukaçev (1880-1957) öz-özünə dəyişən, yaxud insan tərəfindən dəyişdirilən dünyanın bitki sistemlərinin inkişafını öyrənmişdir. O, fitosenozun təbii mühitlə dialektik əlaqəsini və onun ətraf mühitə təsirini göstərmiş, fitosenozları öyrənməklə biosenoz son isə biogeosenoz ideyasını irəli sürmüşdür. Sukaçeva görə biogeosenoz biosenozun, onu əhatə edən və topoqrafik cəhətdən ona uyğun olan başqa təbii komponentlərin birliyindən ibarətdir. Alim biogeosenozu landşafta oxşatmağa baxmayaraq onların fərqini göstərmiş və qeyd etmişdir ki, landşaft fiziki-coğrafi rayonlaşma kateqoriyasıdır. Bundan fərqli olaraq biogeosenoz tipləri müəyyənləşdirilərək konkret biogeosenozların uzaqlığı və yaxınlığı nəzərə alınmır.
Biogeosenoza hərəkət verən qüvvə, yəni onun öz-özünə inkişafına səbəb olan amil, onun komponentlərinin daxili ziddiyyətləri və qarşılıqlı fəaliyyətidir. «Bioloji birliklərin inkişafında durğunluq olmalıdır» – deyən bəzi alimlərin fikrini tənqid edərək o, biologiyada daimi hərəkət və inkişaf olmasını əsas götürür. V.N.Sukaçev biogeosenozun insanların xeyri üçün idarə edilməsi problemlərini irəli sürmüşdür. O, «Bitki birlikləri», «Meşə tiplərini öyrənməyə dair tövsiyələr», «Meşə biogeosenologiyasının əsasları» və s. kimi qiymətli kitabların müəllifidir.
V.N.Sukaçevin davamçısı, müasir coğrafi problemlərin və nəzəri məsələlərin həllini praktiki surətdə həyata keçirən V.B.Soçava (1905-1978) ömrünün çox hissəsini Sibir coğrafiyasının tədqiqinə həsr etmiş, bu məqsədlə burada bir neçə elmi mərkəz yaratmış, geniş ekspedisiya tədqiqatları aparmışdır. V.B.Soçavanın fikrincə, coğrafiyanın ümumi vəzifəsi coğrafi mühitin strukturunu və dinamikasını öyrənməkdir. O, coğrafiyanın vəzifəsinə kompleks tədqiqatlar aparmağı da daxil etmiş, təbii mühitin insanlar tərəfindən istifadə olunması yollarının axtarılıb tapılmasını, müxtəlif təbii komplekslərin elmi əsaslar üzrə öyrənilməsi problemlərini irəli sürmüşdür.
Biocoğrafiya məktəbinin ən görkəmli nümayəndələrindən biri də akademik N.İ.Vavilov (1887-1943) idi. Mədəni bitkilər və bitki resursları coğrafiyası elmi məktəbinin banisi N.İ.Vavilov hələ 1926-cı ildə İrana, Pamirə, ABŞ-a, Qərbi Avropaya, Əfqanıstana və Xorəzmə elmi səyahətə çıxmış, topladığı zəngin materiallar əsasında mədəni bitki mərkəzlərinə aid nəzəriyyələr irəli sürmüşdür. O, səyahətlər zamanı topladığı bitki nümunələri əsasında qiymətli və zəngin herbari fondu yaratmışdır.
Sonrakı illər N.İ.Vavilov Aralıq dənizi sahili ölkələrinə, Daxili Afrika ölkələrinə, Çinə, Yaponiyaya, Tayvana, Koreyaya, Mərkəzi, Şimali və Cənubi Amerika ölkələrinə ekspedisiyalara çıxmış, həmçinin MDB-nin müxtəlif rayonlarını öyrənmişdir. O, 52 ölkədə apardığı ekspedisiyalardan 160 min bitki növü nümunələrini, o cümlədən 28 min taxıl bitkisi növlərinin nümunələrini gətirmişdir.
Alim ekspedisiyada olduğu ölkələrin və rayonların coğrafiyasını dərindən öyrənmiş və orada mədəni bitkilərin yerləşməsini və yayılmasını coğrafi cəhətdən dərin tədqiq etmiş, eyni zamanda bütün bu ölkələrdən gətirilmiş toxumların fondunu yaratmışdır. O, dünyanın 5 qitəsindən 200 min toxum növü yığmışdır.
Sankt-Peterburqun ən çətin dövrlərində belə bir toxumlar mühafizə edilmiş və xeyli artırılmışdır. İndi toxum fondunda 270 minə qədər müxtəlif bitki toxumları saxlanır. Bunlardan bəziləri artıq yer üzərində yoxdur. Yalnız son illərdə bu toxumlardan istifadə edilərək 900 yeni mədəni bitki növü yaradılmışdır. Vavilov həm də vətəninin ən bacarıqlı elmi təşkilatçılarından idi. O, 1920-ci ildə Sank-Peterburq kənd təsərrüfatı elmi laboratoriyasını və az sonra Dövlət Təcrübə Aqronomiya İnstitutu və Tətbiqi Botanika İnstitutunu təşkil etmişdir. Uzun müddət Kənd Təsərrüfatı Elmlər Akademiyasının prezidenti, ömrünün son illərində keçmiş SSRİ Coğrafiya Cəmiyyətinin sədri olmuşdur.
Vavilovun biologiya və biocoğrafiya sahəsindəki dünya əhəmiyyətli fikirləri 350-dən artıq elmi əsərində toplanmışdır. Bu əsərlərin arasında «Əfqanıstanda əkinçilik», «Kolumbdan qabaq Amerikada əkinçilik mədəniyyəti», «Növlərin əmələ gəlməsinin mərkəzləri», «Ətraf mühitin bitki aləminə təsiri», «Bitkilərin yayılmasının qanunauyğunluqları» və s. daha çox nəzərə çarpır.
Ölkə coğrafiya elminin inkişafında V.P.Qluşkov-S.D.Muraveyski hidrologiya məktəbinin də mühüm rolu olmuşdur.
Dövlət Hidrologiya İnstitutunu yaradan V.P.Qluşkov daha çox ölkənin çay-su rejimlərinə insanların böyük dəyişdirici təsirinə xüsusi diqqət yetirmiş, «insan fəaliyyətinin hidrologiyasını» yaratmaq lazımdır təşəbbüsünü irəli sürərək yazmışdır ki, hidrologiya dəyişilmiş landşaftlarda gedən prosesləri öyrənməlidir. Çünki onlar getdikcə təbii landşaftları sıxışdıracaqlar. V.P.Qluşkovun L.K.Davıdov, B.A.Apollov kimi ardıcılları olmuşdur.
Coğrafiyada hidrologiya məktəbinin yaradıcılarından biri də S.D.Muraveyski (1894-1950) idi. Böyük ictimaiyyətçi, çoxtərəfli biliklərə malik hidroloq-alim Muraveyski həm də filosof, bioloq, limnoloq, riyaziyyatçı və xəritəşünas kimi məşhur idi. Muraveyski axım prosesini coğrafi amil kimi tədqiq etmiş, coğrafi komplekslərin təşəkkülündə coğrafi amillərin, o cümlədən axımın rolunu nəzəri cəhətdən öyrənmiş, axımı mürəkkəb tarixi proses kimi səciyyələndirərək göstərmişdir ki, qurudakı suların qarşılıqlı əlaqələrini müəyyənləşdirən və özünəməxsus xüsusi maddələr dövranının bir prosesidir.
Muraveyskiyə görə, axım təbiətin, o cümlədən üzvü aləmin inkişafına güclü təsir edir; üzvü aləm də öz növbəsində axım prosesini xeyli dəyişdirir. O, coğrafiyanın ən mürəkkəb problemlərindən biri olan coğrafi tamlıq problemini irəli sürmüş, bütöv coğrafi sistemin məntiqi struktur modelini təklif etmişdir. O, üç mühüm coğrafi amili – iqlim, axım, relyef və üç təbii prosesi – aşınma, torpaqəmələgəlmə və üzvü aləmi bu modeldə birləşdirmişdir. Muraveyski üç coğrafi amil arasında axımı birinci yerə qoymuş, bu axım nəinki su kütləsini bir yerdən başqa yerə daşıyır, həm də suda həll olunan duzları nəql edir, kimyəvi elementləri miqrasiya etdirir.
«Qlobal coğrafiyanın problemləri» əsəri ilə tanınan olan Q.P.Kalinin; «Çayların mənsəbi» kitabının müəllifi İ.V.Samoylov və s. kimi görkəmli alimlər hidrologiya məktəbinin işini davam etdirmişlər.
Y.M.Şokalski-N.N.Zubov okeanologiya məktəbi dünya elmində fövqəladə hadisə hesab olunur. Bu məktəb qurunun təbii-ərazi sistemlərinin kompleks tədqiqat metodunu okeanlara da aid etdi. Y.M.Şokalskinin (1856-1940) rəhbərliyi ilə okean və dənizlərin fiziki-coğrafi xüsusiyyətlərini, burada baş verən prosesləri öyrənmək kimi böyük işlər görülmüşdür. O, dünya şöhrəti qazanmış «Okeanlar atlası»nın tərtibçisidir. Əsərlərində bütün Dünya okeanını əhatə etmiş alim Şimal Buzlu okean dənizlərini, Baltik və Qara dənizlərini daha dərindən öyrənmişdir. Onun «Okeanoqrafiya», «Fiziki okeanologiya» və s. əsərləri coğrafiya ədəbiyyatının qızıl fonduna daxildir.
N.N.Zubov (1885-1960) okeanların və dənizlərin tədqiqinin coğrafi istiqamətini daha çox inkişaf etdirmişdir. «Dəniz suları və buzları», «Arktika buzları», «Dinamiki okeanologiya», «Dünya okeanı boğazları haqqında təlimin əsasları» kimi əhəmiyyətli kitablar yazmışdır.
Okeanların bioloji həyatı hidrobioloq L.A.Zenkeviç (1889-1970) və V.Q.Boqorov (1904-1971) tərəfindən daha ətraflı öyrənilmişdir.
Son zamanlar Dünya okeanını dənizdibi landşaftlarının və dəniz şelflərinin öyrənilməsi, dənizlərin sualtı təbii ehtiyatlarının mənimsənilməsi kimi yeni coğrafi problemlər həll edilməkdədir. Bu sahədə K.M.Petrov xeyli elmi-praktiki əhəmiyyəti olan tədqiqatlar aparmışdır.
Ümumi yerşünaslıq Yer kürəsinə aid fiziki-coğrafi və riyazi problemləri, Yer qabığının təbəqələri arasındakı qarşılıqlı münasibətləri, yerin bioloji məhsuldarlığını, xammal-yanacaq ehtiyatlarını, ümumiyyətlə, yerə məxsus coğrafi prosesləri öyrənir. Sovet ümumi yerşünaslığının görkəmli nümayəndəsi S.V.Kalesnik (1901-1977) Yerin coğrafi qabığının inkişaf qanunauyğunluqlarını landşaft nəzəriyyəsi ilə bağlamışdır. Onun «Ümumi yerşünaslığın əsasları» adlı əsəri sovet ali məktəbləri üçün qiymətli tədris vəsaiti olmuşdur.
Sovet coğrafiyasının mühüm nəzəri və metodiki problemlərinin həllində A.A.Qriqoryevin (1883-1968) də böyük rolu olmuşdur. O, SSRİ-nin Şimalını, Cənubi Uralı, Yakutiyanı və Kola yarımadasını, Yer kürəsinin coğrafi Təbəqələrinin fiziki coğrafi səciyyəsini, bu təbəqələr arasındakı qarşılıqlı əlaqələri, ətraf mühitin tiplərini öyrənmiş və bir sıra coğrafi qanunlar kəşf etmişdir.
Sovet landşaftşünaslığının banilərindən olan L.S.Berq (1876-1950) «SSRİ-nin coğrafi zonaları» kitabında göstərmişdir ki, coğrafi landşaft dedikdə, sözün geniş mənasında, biz coğrafiya elminin əsas vahidini, bilavasitə tədqiqat obyektini, coğrafi fərdi başa düşürük. Hər landşaft onu təşkil edən elementlərdən, bu elementlərin bir-biri ilə qarşılıqlı əlaqələrindən ibarətdir. Obrazlı desək, hər landşaft elə bir orqanizmdir ki, onu təşkil edən hissələr üzvü surətdə bütövlük yaradır, bütöv isə hər bir hissəyə təsir göstərir. Biz landşaftın hər hansı bir hissəsini dəyişsək, onda bütün landşaft da dəyişilər. Berq landşaftın iqlim şəraitinə təsirinin öyrənilməsinə daha çox yer vermişdir. Onun «İqlim və həyat», «İqlimşünaslığın əsasları» kitabları buna sübutdur.
L.S.Berq landşaftların insan fəaliyyətinin bəzi növlərinə, xüsusilə kənd təsərrüfatı fəaliyyətinə təsirinin öyrənilməsinə daha çox diqqət yetirmişdir. Lakin bu, o demək deyildir ki, Berq insanların təsərrüfat fəaliyyətini, yaxud onların tarixini və sosial inkişafını landşaftın nəticəsi hesab edirdi. Berq və Borzov landşaft dəyişmələrini və onların tarixiliyini xüsusilə qeyd etmişdir. Landşaft müəyyən vaxt ərzində dəyişir və insan fəaliyyəti ilə bu dəyişmələrə təsir edir. İnsanın təsiri ilə landşaftda baş verən dəyişikliklər nəticəsində qrunt sularının vəziyyəti, bitki örtüyünün tərkibi və sıxlığı, qar örtüyünün paylanması, relyef formaları dəyişir, eroziya və s. proseslər meydana gəlir. Bu da öz növbəsində kənd təsərrüfatının ərazidən istifadə etməsinə böyük təsir göstərir. Berq və Borzov landşaftların tarixin hansı mərhələsində əmələ gəlməsi, hansı dəyişmələri və s. məsələləri irəli sürərək paleocoğrafiyanın əsasını qoymuşlar.
Landşaft geofizikası və ümumi lanşaftşünaslıq sahəsində D.L.Armand (1905-1977) böyük tədqiqat işləri aparmışdır. Bu işlər öz əksini «Landşaftlar haqqında elm» kitabında tapmışdır.
Hazırda landşaftşünaslıq N.A.Solntsev, A.Q. İsaçenko, F.İ.Milkov, A.N.Qvozdetski və b. coqrafiyaçı alimlər tərəfindən inkişaf etdirilməkdədir. F.N.Milkov, V.N.Ryabçikov və b. landşaftların potensial təbii ehtiyatlarının öyrənilməsinə xüsusi fikir verirlər. Müasir landşaftşünaslığın həm antropogen, həm də təbii komplekslərin müqayisəli öyrənilməsi praktiki cəhətdən çox əhəmiyyətlidir. Landşaftların ekoloji vəziyyətinin bərpası, onlardakı təbii ehtiyatlardan və təbii şəraitdən səmərəli istifadə məsələlərinin öyrənilməsi ərazinin səmərəli planlaşdırılmasına praktiki kömək edən məlumatlar verir.
Fiziki-coğrafi rayonlaşdırma və onun taksonomik vahidlərinin öyrənilməsi çox maraqlı və əhəmiyyətli məsələlərdəndir. Bu məsələlərlə V.P.Semyenov-Tyanşanskiy, A.A.Qriqoryev, S.V.Kalesnik, Q.D.Rixter, A.Q.İsaçenko, N.N.Mixaylov və b. məşğul olmuşdur.
Yuxarıda adları çəkilən alimlər öz tədqiqatlarında bu və ya digər dərəcədə fiziki coğrafi rayonlaşdırmaya və onun taksonomik vahidlərinə dair təkliflər irəli sürmüşlər. Həmin alimlərin bir çoxu bu təkliflər içərisində komplekslərin ən böyüyü olan quru və Dünya okeanını əhatə edən ilkin başlanğıcını coğrafi təbəqədən götürən fiziki coğrafi komplekslərin taksonomik sistemini daha əsaslı hesab edirlər.
Göstərilən problemlər N.İ.Mixaylovun «Fiziki-coğrafi rayonlaşdırma», M., 1985 (rus dilində) dərsliyində geniş izah edilmiş və fiziki-coğrafi rayonlaşdırmanın taksonomik vahidləri verilmişdir .Hər bir halda dağ rayonları üçün adətən özünün taksonomik sistemi təklif edilir.
Sovet coğrafiyasında Baranski – Kolosovski – Vitverin iqtisadi və sosial coğrafiya məktəbi dünyada öz tədqiqatları ilə xeyli tanınmış və xalq təsərrüfatı sahələrinin inkişafına müsbət təsir göstərmişdir. Bu məktəbin davamçıları ölkədə məhsuldar qüvvələrin yerləşməsinə, xalq təsərrüfatının ərazi təşkilinə və sahələr üzrə planlaşmasına kömək edən çox qiymətli tədqiqatlar aparmış və aparmaqdadır.
Məhsuldar qüvvələrin ərazi sistemləri, iqtisadi rayonların təşkili və inkişafı, sənaye rayonları və sənaye qovşaqları, kənd təsərrüfatı arealları və rayonları məskunlaşma sistemləri, nəqliyyat qovşaqları və iqtisadi əlaqələrin və s. öyrənilməsi müvəffəqiyyətlə davam edir. İqtisadi və sosial coğrafiya ölkənin təbii ehtiyatlarından və təbii şəraitindən məhsuldar qüvvələrin inkişafı üçün səmərəli istifadə, ekoloji tarazlığın saxlanması, ətraf mühitin qorunması və s. problemlərin həllində fəal iştirak edir.
Baranski-Kolosovski-Vitver məktəbi üçün səciyyəvi cəhət tədqiqatların aparılmasında tarixilik və ərazilik prinsipinə əməl edilməsidir. Bu məktəbin nümayəndələri iqtisadi rayonlara ictimai əmək bölgüsünün nəticəsi kimi baxır, onların inkişafına ictimai istehsal üsulunun, müəyyən sosial-iqtisadi formasiyanın həlledici təsiri baxımından yanaşırlar. Onlar öz tədqiqatlarında ərazi sistemlərinin mənşəyi və dinamikasını, bu sistemlərin daxili və xarici əlaqələrini öyrənməyə üstünlük verirdilər.
N.N.Baranski (1881-1963) və onun şagirdləri iqtisadi və sosial coğrafi obyektlərin (şəhərlər, rayonlar, ölkələr) öyrənilməsini, bu obyektlərin coğrafi mövqeyini, başqa obyektlərə münasibətini, iqtisadi coğrafi təsir dairələrini və s. kimi məsələləri müəyyənləşdirməyi və onları sosial – iqtisadi xəritələrin tərtibi ilə başa çatdırmağı zəruri hesab edirdilər.
Baranski-Kolosovski-Vitver məktəbi ərazi sosial-iqtisadi sistemlərini, onları əhatə edən coğrafi mühitlə üzvü surətdə əlaqədə öyrənir. Təbii ehtiyatları və istehsalda istifadə edilən təbii prosesləri həmin sistemlərin maddi-texniki bazasına daxil edirdilər. Baranski-Kolosovski-Vitver məktəbi həm də özünün konstruktivliyi ilə öyrənilən sistemlərə onların inkişafı və perspektivliyi baxımından yanaşılması ilə fərqlənir. Bu məktəbin nümayəndələri tərəfindən aparılan tədqiqatların əksəriyyəti istehsalın və əhalinin ərazi üzrə təşkili haqqında elmi surətdə əsaslandırılmış təkliflər və dövlətin qəbul etdiyi qərarlarla nəticələnmişdir.
Görkəmli coğrafiyaçı N.N.Baranskinin 1924-cü ildə yazdığı «SSRİ-nin iqtisadi coğrafiyası» kitabı iqtisadi coğrafiyanın inkişafında böyük əhəmiyyət kəsb etdi və 1926-cı ildən məktəblərdə dərslik kimi istifadə edildi. Həmin kitab iqtisadi coğrafiyanın elmi əsaslarla yenidən qurulmasına və təkmilləşməsinə səbəb oldu. Baranski iqtisadi coğrafiyanın yeni sahəsini yaratmışdır. Bu da məhsuldar qüvvələrin ərazi uzlaşmalarının (komplekslərinin) qanunlarını öyrənir.
N.N.Baranski coğrafi ərazi əmək bölgüsünə xüsusi fikir vermiş, müqayisə metodunun tətbiqi ilə iqtisadi rayonların səmərəliliyini kəmiyyət və keyfiyyətcə təhlil etmiş, bununla da iqtisadi coğrafiyanı təsviri elmdən dəqiq elmə çevirmiş, onu sistemli təhlillə zənginləşdirmişdir. Baranski sübut etmişdir ki, coğrafi əmək bölgüsü iqtisadi coğrafiyada sistemli təhlilin əsası olmaqla, sosial-iqtisadi ərazi sistemlərinin inkişafında bir növ hərəkətverici mexanizm rolunu oynayır. O qeyd edir ki, bütövün hər cür dəyişməsi istər kəmiyyətcə, istərsə də keyfiyyətcə, bu və ya digər dərəcədə onun tərkib hissəsinə təsir edir. Coğrafi əmək bölgüsü həmin dəyişiklikləri bir yerdən başqa yerə keçirən mexanizmdir.
Baranski müxtəlif ölkələrin iqtisadi rayonlarının öyrənilməsinə böyük diqqət yetirərək müqayisə və kartoqrafik metodlardan geniş istifadə edirdi. O, belə hesab edirdi ki, rayonların xüsusiyyətlərini aydınlaşdırarkən onların «özülünə-əsasına» (nəqliyyat şəbəkəsinə və şəhərlərə) həlledici yer vermək lazımdır. Baranski şəhərlərin iqtisadi-coğrafi cəhətdən öyrənilməsi metodlarını işləyib hazırlamışdır.
Baranskinin iki cildli seçilmiş əsərləri 1983-cü ildə nəşr edildi. Bu külliyyatda «İqtisadi coğrafiya», «İqtisadi kartoqrafiya», «Orta məktəblərdə iqtisadi coğrafiya və iqtisadi kartoqrafiyanın tədrisi metodikası» kimi qiymətli əsərləri toplanmışdır.
Baranskinin rəhbərliyi ilə SSRİ Coğrafiya Cəmiyyətinin Moskva şöbəsi yaradılmışdır. Bu şöbə «Voprosı qeoqrafii» adlı illik toplu buraxırdı. Bu topluda vacib problemlərin həllinə dair Moskva alimlərinin məqalələri çap edilirdi.
Onun təşəbbüsü ilə 1934-cü ildən «Məktəb coğrafiyası» («Qeoqrafiya v şkole») jurnalı nəşr edilir. Bu jurnalın coğrafiyanın tədrisində və coğrafiya elminin inkişafında çox böyük rolu olmuş və olmaqdadır. 1934-1948-ci illərdə həmin jurnalın redaktoru N.N.Baranskinin özü olmuşdur.
N.N.Baranskinin ən yaxın əməkdaşlarından olan N.N.Kolosovski (1891-1954) birinci beşillik planın tərtibçilərindəndir. O, iqtisadi rayonların kompleks quruculuq işlərinin layihələrini hazırlamışdır.
1940-cı illərin sonunda Baranski onu MDU-ya dəvət etmişdir. Alim burada iqtisadi rayonlaşdırma kursunu yaratmış və ilk dəfə onun tədrisinə başlamışdır. Onun iqtisadi rayonlaşdırma nəzəriyyəsi indi də ali məktəblərdə tədris olunur.
Kolosovski ölkədə ilk dəfə ərazi-istehsal kompleksləri (ƏİK) nəzəriyyəsini irəli sürmüşdür. Onun hazırladığı planlar əsasında Ural-Kuznetsk kombinatı (kompleksi) yaradılmışdır. O, ərazi-istehsal kompleksləri (ƏİK) dedikdə, cəmiyyətdə müəyyən ictimai əməyin təşkilinin coğrafi və texniki formasını başa düşürdü. Bu forma enerji və maşınla təmin edilmiş, müəyyən təbii sərvətlərin uyğunluğu olan, bir-birini tamamlayan istehsal obyektlərinin ərazi bütövlüyüdür. ƏİK-lər vahid ərazi-istehsal sistemi olub bu sistemə daxil olan elementlərin (müəssisələrin) bir-birilə əlaqəsindən yaranan ərazi birliyidir. Belə ƏİK təşkili və inkişafı oradakı mövcud enerji – istehsal silsilələrinin inkişaf səviyyəsindən asılıdır. Beləliklə o, iqtisadi coğrafiyaya ərazi istehsalat kompleksləri, enerji istehsal silsilələri (EİS) iqtisadi rayonların təşkili kimi mühüm coğrafi anlayışlarını gətirmişdir.
N.N.Baranskinin tələbəsi və iqtisadi coğrafiyanın nəzəri problemlərinin tədqiqatçısı, iqtisadi coğrafi mərkəzlərin təşkilatçılarından biri də Y.Q.Sauşkin (1911-1982) olmuşdur. O, Baranskidən sonra 25 ildən artıq MDU-da SSRİ-nin iqtisadi coğrafiyası kafedrasına rəhbərlik etmişdir.
Y.Q.Sauşkin «Coğrafi oçerklər», «Moskva», «İqtisadi coğrafiyaya giriş», «Coğrafiyanın tarixi metodologiyası», «Coğrafiya elminin keçmişi, bu günü və gələcəyi», «İqtisadi coğrafiyanın tarixi, metodları və praktikası» adlı qiymətli əsərlər yazmış, keçmiş Sovet İttifaqının müxtəlif rayonları üçün yüksək ixtisaslı kadrlar hazırlamışdır.
Y.Q.Sauşkində mahir təşkilatçılıq qabiliyyəti vardı. O, coğrafiyanın müxtəlif problemlərinin həlli üçün keçmiş Sovet İttifaqında keçirilmiş simpoziumların, elmi sessiyaların təşəbbüskarı və rəhbəri olmuşdur. İqtisadi coğrafi tədqiqatlarda riyazi metodlardan geniş istifadə edilməsi novator alimin adı ilə bağlıdır.
N.N.Baranskinin MDU-da ən yaxın əməkdaşlarından olan və onunla birlikdə pedaqoji fəaliyyətə başlamış İ.A.Vitverin də (1891-1956) MDB məkanında iqtisadi coğrafiyanın yaranmasında xidmətləri böyükdür. O, ali və orta məktəblərdə xarici ölkələrin iqtisadi coğrafiya kursunun tədrisinin əsasını qoymuş, «Xarici ölkələrin iqtisadi coğrafiyası» dərsliyini yazmışdır. Tədris ədəbiyyatı kimi qiymətli olan bu əsər 16 dəfə yenidən nəşr edilmişdir. Vitver bir sıra ölkələrin coğrafiyası haqqında maraqlı əsərlər nəşr etdirmiş, Moskva Universitetində xarici ölkələrin coğrafiyası kafedrasını təşkil etmişdir. Geniş dünya görüşünə malik, mədəni, bilikli və təşkilatçı bir alim olmuşdur.
Keçmiş sovetlərin iqtisadi coğrafiyasının qocaman alimlərindən biri R.M.Kabo (1887-1957) uzun müddət Moskva Pedaqoji İnstitutunun professoru olmuşdur. Əhali coğrafiyasının tədqiqatçısı kimi tanınan R.M.Kabo Moskva ali məktəblərində bu elm sahəsi üzrə mühazirələr oxumuşdur. Onun «Təbiət və insan, onların qarşılıqlı münasibəti», «Sosial və mədəni coğrafiya», «Qərbi Sibirin şəhərləri», «Tarixi-iqtisadi-coğrafi oçerklər» və s. kimi əhəmiyyətli əsərləri vardır.
Müasir iqtisadi və sosial coğrafiya çoxsahəli, geniş diapazonlu elmə çevrilmişdir. A.N.Rakitnikov və K.İ.İvanov tərəfindən əsası qoyulmuş kənd təsərrüfatı coğrafiyasında, İ.V.Stepanov və A.T.Xruşşov tərəfindən yaradılmış sənaye coğrafiyasında, S.A.Kavalyov, V.V. Pokşişevskinin yaratdıqları əhalinin məskunlaşması coğrafiyasında və s. sahələrdə, A.Mints tərəfindən ilk dəfə formalaşdırılmış təbii şərait və ehtiyatların qiymətləndirilməsi, onlardan səmərəli istifadə edilməsi məsrəflərinin işlənib hazırlanmasında böyük nailiyyətlər qazanılmışdır. Son zamanlar iqtisadi coğrafiyada sosial istiqamət genişlənib, xidmət coğrafiyası və s. kimi yeni sahələr yaranmışdır.
Hazırda xarici ölkələrin öyrənilməsinə də çox diqqət yetirilir. Rusiya Elmlər Akademiyasının Amerika və Kanada, Latın Amerikası ölkələri, Şərq ölkələri institutlarında və coğrafiya institutlarında xarici ölkələri öyrənən ayrıca şöbələr yaradılmışdır. Bir sıra ali məktəblərdə xarici ölkələrin iqtisadi coğrafiyası kafedraları fəaliyyət göstərir.