XIX əsrin ikinci yarısında coğrafi ideyaların inkişafı

XIX əsrin ikinci yarısında coğrafi ideyaların inkişafı

XIX əsrin ikinci yarısında Rusiyada  coğrafiya elminin ən görkəmli nümayəndəsi P.P.Semyonov-Tyanşanski (1827-1914) idi. O, Almaniyada coğrafi təhsil almış, Humboltun və Ritterin tələbəsi olmuşdur. Parlaq istedadı, geniş dünyagörüşü ona Rusiyada və Avropanın bir sıra ölkələrində böyük şöhrət qazandırmışdır. Əsrin ən mədəni ziyalılarından olan Semyonov-Tyanşanski elmi fəaliyyətə Tyan-Şan dağ sisteminin fiziki-coğrafi cəhətdən əsaslı surətdə öyrənilməsilə başlamışdır. Bu tədqiqata təbiətşünas kimi başlayan P.P.Semyonov-Tyanşanski diqqətini sonralar tarix, tarixi coğrafiya, demoqrafiya, əhali coğrafiyası, iqtisadi coğrafiya məsələləri də cəlb etmişdir. Alimin apardığı tədqiqatın dərinliyi və metodikası Tyan-Şan dağlarının çox yaxşı öyrənilməsinə yönəldilmişdir. O, Tyan-Şan dağ sisteminin rayonlaşmasını aparıb, burada təbii mühitin tiplərini göstərmiş, xüsusilə hündürlük qurşaqlarını təyin etmişdir, P.P.Semyonov-Tyanşanski bu tədqiqatı  yüksək qiymətləndirilmiş və o zamankı Rusiya Coğrafiya Cəmiyyətinin xüsusi qərarı ilə onun familiyasına Tyanşanski sözləri əlavə olunmuşdur. Tyanşanski 40 il rus Coğrafiya Cəmiyyətinə rəhbərlik etmişdir.
Tyanşanskinin rəhbərliyi ilə Mərkəzi və Cənubi-Şərqi Asiyanı, Orta Asiyanı, Uzaq Şərqi öyrənmək üçün onlarla ekspedisiyalar təşkil olunmuşdur. Tyanşanski bu ekspedisiyalara N.M.Prjevalski, Q.N.Potanin, M.V.Pevtsov, A.L.Çekanovski, N.N.Mikloxo-Maklay, A.İ.Voyeykov, İ.V.Muşketov və s. kimi  tədqiqatçıları, görkəmli alim və səyyahları dəvət etmişdir.
Alim eyni zamanda uzun müddət ərzində Mərkəzi Statistika Komitəsinin direktoru olmuşdur. O, burada Rusiyanın çoxcildli coğrafi statistika lüğətini hazırlayır və statistika idarəsinin geniş imkanlarından istifadə edərək Rusiya iqtisadiyyatının statistik və coğrafi tədqiqi işlərinə başlayır. Rusiyada ilk dəfə olaraq elmi əsaslar üzərində qurulmuş dəqiq iqtisadi rayonlaşma aparmışdır. Rusiya əhalisinin coğrafiyası, torpaq mülkiyyəti coğrafiyası və s. aid çoxcildli, geniş məzmunlu əsərlər yazmışdır. Onun iqtisadi və sosioloji xarakterli əsərləri, bilavasitə iqtisadi coğrafi işləri 1861-ci ilə qədər və islahatdan sonrakı dövrdə Rusiyada kapitalizmin inkişafını göstərən qiymətli sənədlər olmuşdur.
Tyanşanski K.İ.Arsenyevin Rusiyanı rayonlaşdırma işini davam etdirmiş, rayonlaşdırma metodunu və prinsiplərini praktik cəhətdən xeyli zənginləşdirmişdir. O, təbii rayonlaşdırmanı təbii mühitin tiplərə ayrılması metodu ilə aparmış, Rusiyada 4 müxtəlif çöl (step – rus.) tipini əsas götürmüş, Zaalay ölkəsində isə hündürlük qurşaqları ayırmışdır. Təbii rayonlaşmanı təbii elementlərin və bütövlükdə təbiətin ərazi üzrə fərqləri əsasında aparmışdır.
Alim müasirləri sayılan Avropa coğrafiyaçılarından fərqli olaraq elmi rayonlaşma işini aparmış və rayonun real varlıq olduğunu göstərmişdir. O, təhlili coğrafiya yaratmaqla təbiət və təsərrüfat arasında mövcud olan qarşılıqlı əlaqələrdən yaranan sahə qanunauyğunluğunu müəyyən etmişdir.
1880-ci ildə alim ölkənin iqtisadi rayonlaşdırılmasının yeni variantını hazırlamışdır. Elmi ədəbiyyatda bu rayonlaşma P.P.Semyonov-Tyanşanski adı ilə uzun müddət yaşamışdır. O, Rusiyanı 19 rayona bölmüşdü: 1.   Ucqar Şimal; 2.Göllərətrafı (Şimal-Qərb); 3. Pribaltika; 4. Moskva (Mərkəz) sənaye; 5. Mərkəzi Qaratorpaq; 6. Priuralye; 7. Volqaboyu; 8. Malorusiya; 9. Novorusiya; 10. Cənub-Qərb; 11. Belorusiya; 12. Litva; 13.Qərbi Sibir; 14. Orta Sibir; 15. Şərqi Sibir; 16. Uzaq Şərq; 17. Qırğızıstan -(müasir Orta və Şimali Qazaxıstan); 18. Türkmənistan; 19. Qafqaz. Bu böyük rayonların daxilində müxtəlif səviyyəli yarımrayonlar (zolaqlar və digər hissələr)  ayırmışdır. Göstərilən rayonlaşdırma iqtisadi əlamətlərin məcmusunu və qismən milli cəhətləri nəzərə almaqla aparılmış iqtisadi rayonlaşdırma idi. Təbii şəraitin xüsusiyyətləri və təbii ehtiyatlar iqtisadi göstəricilər vasitəsilə nəzərə alınmışdır.
Tyan-Şanski coğrafiyanın nəzəri məsələləri ilə də məşğul olmuşdur. O, coğrafiyanın predmetini geniş və dar mənada izah etmişdir. Tyan-Şanskiyə görə, «geniş mənada coğrafiya» yer kürəsini hərtərəfli tədqiq edən bütöv təbiət elmləri qrupudur. «Dar mənada coğrafiya» isə həm yer səthinin təbii xüsusiyyətlərini, həm də onu dəyişdirən insan fəaliyyətini öyrənir.
«Rusiya Coğrafiya Cəmiyyətinin 1845-1895-ci illərdə yarıməsrlik fəaliyyəti tarixi» adlı üç cildlik əsərin birinci cildinə girişdə o, «coğrafiya» terminini «yerşünaslıq» termini ilə əvəz etməyi üstün tutmuş və onun tərkibinə kartoqrafiya, oroqrafiya, geologiya, hidrologiya, meteorologiya, klimatologiya, fito və zoocoğrafiyanı daxil etmişdir. Tyan-Şanskiyə görə, yerşünaslığın diqqət mərkəzində insan durur. Buna görə o, antropologiya, tarixi arxeologiya, etnoqrafiya, demoqrafiya, siyasi və tarixi coğrafiya və statistikanı (hazırki iqtisadi coğrafiyanı) yerşünaslığa aid etmişdir.
Rusiyada klimatologiyanın əsasını qoyan  rus coğrafiyaşünası A.İ.Voyeykov (1842-1916) Rusiyanın Avropa hissəsini, Qafqazı, Krımı və Orta Asiyanı dəfələrlə gəzmiş, Qərbi Avropaya, Asiyanın bir çox rayonlarına, Şimali, Mərkəzi və Cənubi Amerikaya səyahət etmişdir. Çində, Hindistanda, Seylonda, Şri-Lankada, Yava adasında, Yaponiyada və s. yerlərdə olmuş, bu yerlərin təbiətini, iqtisadiyyatını, əhalisinin yaşayış tərzini öyrənmiş, və zəngin məlumatlar toplamışdır. Onun yazdığı  bir çox əsərlər arasında 1884-cü ildə nəşr edilmiş «Yer kürəsinin iqlimi» kitabı daha böyük əhəmiyyətə malikdir.
Bu kitabda ilk dəfə mürəkkəb iqlim proseslərinin mahiyyəti göstərilmiş, həmin proseslərin strukturu  təhlil edilmiş, ayrı-ayrı iqlim əmələgətirən amillərin rolu aydınlaşdırılmış, iqlimə təbiətin digər komponentlərinin qarşılıqlı əlaqələri öyrənilmişdir. İqlim və təbiət hadisələrini öyrənərkən alim ilk dəfə balans metodundan istifadə etmiş, qar örtüyünün havaya təsirini öyrənmiş və paleoklimatologiyanın  əsasını qoymuşdur. O, torpaqların meliorasiyasının və kənd təsərrüfatı bitkilərinin məhsuldarlığının artırılmasının elmi əsaslarını işləyib hazırlamış, çay bitkisi və sitrus bitkiləri əkinləri üçün Cənubi Qafqazda, qiymətli pambıq bitkisi becərilməsi üçün isə Orta Asiyada əlverişli imkan və şərait olduğunu qabaqcadan söyləmişdir.
1891-ci ildə Rusiyada baş verən quraqlığa həsr edilmiş «İqlim və xalq təsərrüfatı» əsərində çöllərin quraqlıqdan qorunması üçün meşələr salmağı, şumlamada yeni qaydadan istifadə etməyi, suvarma şəbəkələrini genişləndirməyi, su və ərzaq ehtiyatları yaratmağı təklif etmişdi. Alimin əsərlərinin böyük bir silsiləsi əhali coğrafiyasına və iqtisadiyyata, insanın təbiətə fəal təsirinə həsr edilmişdir. A.İ.Voyeykov Marşdan fərqli olaraq insanın təbiətə daha geniş miqyasda təsirini göstərə bilmişdir. O, insanın bütün təbii ünsürlərə təsirini ayrı-ayrılıqda göstərməklə dəqiq təhlil aparmış, təbiətə sənayenin daha çox təsir etdiyini göstərmişdir.  Aral gölü, Orta Asiya, Qafqaz və s. rayonlar haqqında A.İ. Voyeykovun bir sıra əməli təklifləri var idi ki, bunların bəziləri qlobal xarakterlidir. O, bəşəriyyətin kortəbii qüvvələrin qarşısını ala bilmək imkanlarını göstərmişdir.
Böyük rus kimyaçısı, elementlərin dövrü sistemini kəşf edən D.İ.Mendeleyev (1834-1907) Rusiyada coğrafiyanın inkişafına xeyli kömək etmişdir. O, Rusiya iqtisadiyyatının, sənaye və kənd təsərrüfatının yüksəlişi üçün zəngin təbii ehtiyatları istehsal dövriyyəsinə cəlb etməyin yollarını axtarmışdır. Rusiyanın təbii cəhətdən zəngin olan müxtəlif rayonlarını gəzmiş, onlarda kənd təsərrüfatı və sənayenin inkişaf etdirilməsi imkanlarını öyrənmişdir. Qafqazda neft istehsalı və neft emalını inkişaf etdirmək, Uralda, Sibirdə, Ukraynada dağ-mədən sənayesi, kömür istehsalı, kimya sənayesi sahələrinin yaradılması və s. məsələlərlə məşğul olmuşdur. O, Rusiyada iqtisadi əlaqələrin genişləndirilməsi, kömürün yeraltı qazlaşdırılması, quraq çöllərin suvarılması haqqında qiymətli təkliflər vermişdir.
Alim Rusiyada coğrafi rayonlaşma və məhsuldar qüvvələrin yerləşdirilməsi problemləri ilə məşğul olmuş, Rusiya iqtisadi rayonlarını yenidən səmərəli bölüşdürməyi irəli sürmüşdür. O, hər rayonun mütləq sənaye imkanlarını öyrənmiş, hər bir rayonun təbii şəraiti və ehtiyatlarının istehsalın inkişafına necə təsir göstərməsini aydın şəkildə təsvir etmişdir. Mendeleyev hər bir rayonun inkişaf yollarını əks etdirən xəritələr, sxemlər və cədvəllər hazırlamışdı. O, ölkədə rayonları yaxşı öyrənmək üçün aşağıdakı göstəriciləri əsas götürmüş, onları bir-birilə tutuşdurmuş və müqayisə etdirmişdir:
1) əhalinin sayı;
2) taxıl istehsalının artıqlığı və yaxud çatışmazlığı;
3) hər nəfərə düşən sənaye məhsulunun dəyəri;
4) hər nəfərə görə istehsal edilən taxılın miqdarı;
5) əsas sənaye məhsulları, rayonun sənaye məhsuluna görə ixtisaslaşdırılması;
6) ticarətin səviyyəsi, daxili və xarici siyasət.
Bu göstəricilər hər bir rayonun simasını düzgün əks etdirməyə, onun xüsusiyyətini açıb göstərməyə imkan verirdi. Coğrafi problemlərin həllində Mendeleyev riyazi üsullardan geniş istifadə edirdi. Bu münasibətlə o, «sentroqrafiya» anlayışını tətbiq edərək, ölkə ərazisi, əhalisi, təsərrüfat sahələrinin  mərkəzlərini hesablamış, vaxtdan asılı olaraq bu mərkəzlərin yerdəyişmələrini qeydə almış və sonra təhlil etmişdir.

Coğrafiya tarixi,
Tapdıq Həsənov,Əbdürrəhim Hacızadə

Top