XIX əsrin yeni coğrafiyasının yaranması

XIX əsrin yeni coğrafiyasının yaranması

XIX əsrin yeni coğrafiyasının yaranması

XIX əsrdə elmin, texnikanın coşğun inkişafı öz təsirini coğrafiyaya da göstərdi. Bu dövrdə yeni coğrafiyanın əsaslarını qoyan – Aleksandr Humbolt, Karl Ritter, İohan Tünen, K.İ.Arsenyev və s. kimi görkəmli alimlərin ideyaları ilə tanışlıq çox vacibdir.
XIX əsrin yeni coğrafiyasının böyük tədqiqatçısı, səyyah, təbiətşünas, geoloq müqayisəli fiziki coğrafiyanın, landşaftşünaslığın banisi Aleksandr Humbolt (1769-1859) olmuşdur. O, coğrafiya elminə Cənubi və Şimali Amerika, Mərkəzi Asiya, Ural, Altay ölkəsi və dünyanın başqa rayonlarına səyahət etməklə dərin elmi müşahidələr aparmaqla gəlmişdir. Həyata keçirdiyi iri elmi ekspedisiyalarda çoxlu məlumatlar toplamış, yol qeydləri aparmış və sonra bu məlumatları sintez edərək qiymətli elmi əsərlər yazmışdır. Onun qələmindən 600-dən artıq coğrafiyanın müxtəlif sahələrini əhatə edən qiymətli əsərlər çıxmışdır. Bu əsərlərin çoxu sanballı monoqrafiyalar və elmi kitablardır. Amerikanın təbiətinə aid 30 cildlik, Mərkəzi Asiyaya aid 3 cildlik, Yerin təbiəti və insan problemlərinə aid 4 cildlik əsərlər nəşr etdirmişdir. Bu əsərlərdən başqa o, elmin tarixinə, təbiətdə insan fəaliyyətinə, coğrafiyanın tədqiqat üsullarına  aid qiymətli kitablar yazmışdır. Onun nəzəri coğrafi görüşləri üçün səciyyəvi olan «Təbiət mənzərələri» kitabında coğrafiya nəzəriyyəsinə aid qiymətli mülahizələr var. O, bu kitabda qeyd edirdi ki, təbiətin mənzərəsini bütöv verməyə çalışmışdır.
Humbolt öz səyahətlərində müşahidə etdiyi müxtəlif yerlərin, o cümlədən Uralın, Altayın, Qazaxıstan çöllərinin və s. təbiətini müqayisəli təsvir etməklə təbii hadisələrin (iqlimin, relyefin, torpağın, bitki örtüyünün) əlaqələrinin qanunauyğunluqlarını tapmışdır. O, təbiətin birliyini yer səthinin müxtəlif formalarının qarşılıqlı əlaqələrində və qarşılıqlı yaranan birlikdə görürdü.Alim landşaftların və zonaların təşəkkülündə üzvü aləmin, xüsusilə bitki örtüyünün, iqlimin roluna çox böyük qiymət verirdi. O yazırdı ki, üzvü aləm yer kürəsinin hər bir sahəsinə xüsusi xarakter və görünüş verir. Yalnız müqayisə  metodu vasitəsilə hər hansı bir landşaftda bu xarakteri və görünüşü müəyyən etmək olar. O, ayrı-ayrı ölkələri bir-birindən fərqləndirən xüsusiyyətlərin müqayisəsini və bu müqayisənin nəticələrinin qısa şəkildə təsvirini verməyi ümumi yerşünaslığın vacib vəzifəsi hesab edirdi.
Müasir dövrümüzdə belə, öz əhəmiyyətini itirməmiş və kəmiyyət göstəricilərindən, rəqəmlərdən istifadə etməklə aparılan müqayisə metodu alimin «Təbiət mənzərələri» əsərində çox geniş izah olunmuşdur. O göstərərdi ki, hadisələrin dövrü təkrarlanmasını əsaslandırmaq və yaxud təbiətin ardıcıl dəyişmələri qanunu başa düşmək üçün dəqiq qeydə alınmış nöqtələrdə diqqətlə aparılan, müəyyən dövrlərlə bağlı olan, müqayisələr üçün rəqəm materialı verə bilən müşahidələr tələb edilir. Onun fikrincə, Yerin müxtəlif hissələrinin təbiətinin xarakterinin dərk edilməsi bəşər tarixi və onun mədəniyyəti ilə sıx surətdə əlaqədardır.
Humbolt səyahətlər zamanı yalnız təbiətlə yox,  insanların fəaliyyəti ilə də maraqlanmış və müəyyənləşdirilmişdir ki, «saf» təbiət yoxdur. Təbiət insan fəaliyyəti ilə xeyli dəyişmiş və dəyişməkdədir. O, Aralıq dənizi sahillərində meşənin az olmasının səbəbini vaxtilə burada məskən salmış qədim xalqların əkinçilik sahəsindəki fəaliyyətlərilə əlaqələndirirdi. Burada əkin torpaqları çox yerdə meşələrin qırılması hesabına əldə edilmiş və bu sahələr çılpaq qayalığa çevrilmişdir.A.Humbolt materialist olsa da, müasirləri, onu həm də ateist kimi də tanıyırdılar. O, coğrafiyaya mütərəqqi sintez və tarixilik prinsiplərini gətirmişdir.
Klassik coğrafiyanın ikinci böyük nümayəndəsi A.Humboltun müasiri Karl Ritter (1779-1859) olmuşdur. Müqayisəli coğrafiyanın tərəfdarı olan Karl Ritter dərin bilikli, geniş dünyagörüşlü alim idi. Almaniyada Berlin universitetinin ilk coğrafiya kafedrasını təşkil etmiş və onun professoru olmuşdur. Onun dərin mənalı, maraqlı mühazirələrini bir çox görkəmli alimlər – isveçrəli A.Qyuye, fransız Elize Reklü, rus Pyotr Semyenov-Tyanşanski və b. dinləmişlər. A.Humboltdan fərqli olaraq, Ritter səyahət etməmişdi. O, kabinet alimi idi. Buna baxmayaraq o, zəngin coğrafi və fəlsəfi ədəbiyyatdan istifadə edərək,  çoxlu əsərlər yazmışdır. Bu əsərlər sırasında 19 cildlik «Təbiətə və insan tarixinə aid yerşünaslıq və ya ümumi  müqayisəli coğrafiya» adlı əsəri də var. Əsər böyük həcmli  olsa da, oradakı mülahizələr Afrikaya və Avropanın bir hissəsinə aid materiallar üzərində qurulmuşdur. Ritterin nəzəri coğrafi görüşləri müqayisəli yerşünaslıq ideyası bu kitabda öz əksini tapmışdır.
Ritter, müəyyən mənada Kantın davamçısı olmuşdur. O, Kantın coğrafi xorologiya və Allahın həlledici rolu haqqındakı teoloji konsepsiyalarını iqtibas etmişdir. Ritterin fikrincə, dünya Allah tərəfindən elə yaradılmışdır ki, bəşəriyyətin gələcək inkişafının əsası təbiətin özündə qoyulmuşdur; Allah insanların həyatını materiklərin və okeanların ümumi forması ilə qabaqcadan  müəyyənləşdirmişdir, sonralar isə təbiət özü insanları idarə etməyə başlamışdır. Buradan da istər-istəməz təbiət bəşəriyyətin «rəhbəri» və «mürəbbisi» kimi çıxış etmişdir.
K.Ritter coğrafiya elminin predmetini də müəyyənləşdirmişdi. O, bu zaman Dekartın fəzanın bu və ya digər ölçülü müxtəlif cisimlərlə dolu olması müddəasına əsaslanmışdır. Alimin fikrincə, bir halda ki, fəza yer cisimləri ilə (bu cisimlərin hansının təbiət aləminə  məxsus olmasından və hansı şəkildə təzahür etməsindən asılı olmayaraq) doludur,  bu elmlər ayrı-ayrı yerlərin qarşılıqlı əlaqələrinə, həmçinin ən ümumi dünyəvi formalarda təzahür edən əlaqələrini öyrənir. Həm də coğrafiya elmlərində hadisələr onların ardıcıl dəyişməsi və inkişafı tarixi tədqiq edilmədən öyrənilir. Bununla da coğrafiya elmləri tarix elminə qarşı qoyulmuşdu. Lakin Ritter elə buradaca söylədiyi əvvəlki fikrə zidd olaraq qeyd etmişdi ki, coğrafiya, əgər o, yer üzərindəki sahələrin qarşılıqlı əlaqələrindən danışan həqiqi elm olmaq istəyirsə, tarixi ünsürsüz keçinə bilməz. Coğrafiya sadəcə olaraq yerin mücərrəd şəklini çəkməklə kifayətlənə bilməz. Yer haqqındakı elm onun daxili və xarici qanunlarını öyrənmədən elm ola bilməz. Alim coğrafiyanı yalnız fiziki coğrafiya sahəsindəki tədqiqlərlə məhdudlaşdıran və onun tarixiliyini inkar edən tədqiqatçıları tənqid etmişdi.
Ritterin elmi yaradıcılığı mürəkkəb və bəzən  də ziddiyyətli idi. Bir tərəfdən o,  adi təsvir etmədən qanun kəşf edilməsinə, sadə sadalamadan müxtəlif təbii sahələr arasındakı və onların daxilindəki münasibətlərin, əlaqələrin, qarşılıqlı təsirlərin dərk edilməsinə səy göstərir, digər tərəfdən isə inkişaf qanunları ilə məhdudlaşdırılması lehinə çıxış edirdi.Ritter coğrafiyasının daha bir mühüm cəhəti ondan ibarətdir ki, o, hadisələrin məkan nisbətlərinə, uyğunluğuna, əlaqələrinə kəmiyyət cəhətdən qiymət verməyə çalışmışdır. O, nəinki ölkələrin, həm də təbii sahələrin coğrafi mövqeyini, ölçülərini və konfiqurasiyasını kəmiyyətcə qiymətləndirmək sahəsində cürətli təcrübələr aparmışdır. Müxtəlif sahələrin  nisbətlərini, onların qonşuluğunu və sərhədlərini, zaman keçdikcə, tarixi inkişaf gedişində həmin nisbətlərdə baş verən dəyişmələrin miqdar cəhətdən müəyyən edilməsinə Ritterin çalışması çox qiymətli haldır. Təbii konfiqurasiyaların həndəsi fiqurlar ilə müqayisə edilməsi də coğrafiyada yenilik idi.
O, sahə nisbətlərini, ölçülərini müəyyənləşdirmək üçün riyazi təhlildən geniş istifadə edirdi. Nəhayət o, sahə nisbətləri, «böyük bütövlük və başlıca hissələr», anlayışlarına yaxınlaşdırmışdır ki bu da gələcəkdə coğrafiyanın sistem üsuluna keçməsinin başlanğıcı idi.Təbiət ilə xalqların tarixi arasındakı əlaqələri izah edərkən, Ritter idealizmə qapılmışdır. Onun fikrincə, təbiətin xassələri nəinki xalqların tarixinə və müasir dövrə təsir edir, həm də qanunauyğunluq kimi gələcəyi də müəyyənləşdirir. Ritterə görə, təbiətin bəzi xassələri xalqların inkişafını sürətləndirir, digər xassələri isə onları durğunluğa gətirib çıxarır. Bu xassələr hansılardır, harada və nə vaxt özlərini büruzə verirlər suallarına Ritter cavab vermir. O, hesab edir ki, bu, Allahın işidir, onu bilmək olmaz.
Humbolt və Ritterin coğrafiya tarixindəki rolu böyükdür. Onların yaradıcılığı ilə coğrafiyanın «klassik» inkişaf dövrü başa çatır, yeni dövr coğrafiyasının əsası qoyulur.
Klassik coğrafiyanın görkəmli nümayəndələrindən biri də alman mülkədarı, ilk sahə modelinin yaradıcısı İohann Tünen (1783-1850) olmuşdur. O, kənd təsərrüfatı istehsalının yerləşdirilməsinin optimal modelinə yaxın ilk sxem tərtib etmiş, «Təcrid olunmuş dövlət» (1826) kitabında bu modelləşdirmə ideyasının izahını vermişdir. O, kənd təsərrüfatının yerləşdirilməsinə təsir edən 3 amili – 1) istehsalın xarakterini, 2) torpaqların münbitliyini və bitkilərin xüsusiyyətlərini, 3) bazar qiymətləri ilə müqayisədə nəqliyyat xərclərini əsas götürmüşdür.
Sonra Tünen kənd təsərrüfatının yerləşdirilməsinə bazar mərkəzinin təsirini öyrənməklə bu sxemi mücərrədləşdirərək belə nəticəyə gəlmişdir ki, müxtəlif kənd təsərrüfat sahələrini həmin mərkəz ətrafında torpaqdan səmərəli istifadə etmək prinsipi əsasında yerləşdirmək lazımdır. Onun fikrincə, bazar mərkəzini əhatə edən ən yaxın dairədə bazar üçün ucuz və daşınması çətin olan məhsul istehsal edən sahələr, xüsusən tövlə şəraitində saxlanan təzə süd verən maldarlıq və istixana tərəvəzçiliyi yaradılmalıdır.
İkinci dairəni meşə təsərrüfatı tutmalıdır. Bu təsərrüfatı bazar mərkəzinə yaxın yerləşdirərək meşə məmulatının yanacaq kimi böyük əhəmiyyəti, meşəçilik məhsullarının (odun, taxta və s.) daşınmasının çətinliyi nəzərə alınmalıdır.
Üçüncü dairədə toxumçuluq, taxılçılıq sahələrinin yerləşdirilməsi nəzərdə tutulmalıdır. Burada mərkəzə göndərmək üçün mal-qaranın kökəltmə məntəqələri saxlanmalıdır. 
Dördüncü dairədə südlük və ətlik heyvanlar saxlanması, yeddi tarlalı əkinçilik və örüş yerləri olmalıdır.
Beşinci dairədə üçtarlalı örüş yerləri və taxılçılıq təsərrüfatı yerləşməli.
Altıncı dairəni isə yardımçı əkinçilik təsərrüfatı, otlaq heyvandarlığı, ot, yun, yağ istehsalı təşkil etməlidir.
Nəhayət, dairədən kənarda qalan sahələrdə  ibtidai ovçuluq və balıqçılıq təsərrüfatı yerləşdirilməlidir.
Tünen kənd təsərrüfatı sisteminin ərazidə yerləşməsini yalnız bazar mərkəzi münasibəti ilə, yəni nəqliyyat şəraitinin dəyişməsi ilə izah edir.
Onun fikrincə, təsərrüfat mərkəzdən nə qədər uzaqda yerləşirsə, bir o qədər sadələşir və onun səviyyəsi aşağı enir. Əlbəttə, nəqliyyatın kənd təsərrüfatının ixtisaslaşdırılmasına və onun gəlirliyinə təsiri var, lakin bu təsir yeganə amil deyil. Beləliklə, Tünen cəmiyyətin tələbatı və istehsal imkanları ilə əlaqədar,  təbii şəraitlə sıx bağlı olan mürəkkəb və tarixən dəyişən kənd təsərrüfatı sisteminin yaradılmasını mücərrəd və tarixi reallıqdan kənar bir sxemlə izah edir. Bununla belə, onun ərazi qanunauyğunluqlarının təhlilində riyazi prinsipləri işlətməsi, ərazidə zonaların optimal əlaqələrini tapmaq prinsipi təqdirəlayiqdir.

XIX əsrin başlanğıcında Rusiyada dünya klassik coğrafiyasının banilərindən biri K.İ.Arsenyev (1789-1805) olmuşdur. O, dünya coğrafiyasında rayonlaşdırmanın əsasını qoymuşdur. K.İ.Arsenyev öz müasirlərini və onlardan əvvəlki coğrafiyaçıları geridə qoyaraq, gələcəkdə meydana çıxacaq coğrafi problemlər haqqında bir sıra qabaqcıl fikirlər irəli sürmüşdür. O, Rusiyanı spesifik təbii şəraitinə və əhalinin xüsusi təsərrüfat fəaliyyətinə görə 10 sahəyə ayırmışdır ki, bu da, Rusiyanın ilk elmi rayonlaşması və dünya coğrafiyasında rayonlaşma üzrə ilk tədqiqat idi. O, hər bir rayonu hərtərəfli xarakterizə etmiş, rayonların təbiəti, əhalisi və təsərrüfatı haqda dolğun məlumatlar vermişdir. Alim öz elmi fəaliyyətini təsviri statistika məktəbində başlamış, lakin sonrakı tədqiqatlarında məlumatlar toplayan və təsərrüfatları təsvir edən bu məktəbdən xeyli irəli getmişdir.
Arsenyev Rusiyada və dünyanın bir sıra ölkələrində coğrafiyanın inkişafına çox böyük təsir göstərmişdir. O, Rusiya Coğrafiya cəmiyyətinin təşkilatçılarından biri olmuşdur. İqtisadi coğrafiyaya həsr edilən ilk əsəri – «Rusiyanın statistik oçerkləri» (1848) XIX əsrin birinci yarısında aparılmış böyük tədqiqat işinin nəticəsi idi. Müəllif, Rusiyanı rayonlara (sahələrə), yarımrayonlara (qurşaqlara) ayırmış, hər rayonun geniş fiziki və iqtisadi-coğrafi səciyyəsini vermişdir. Arsenyevin coğrafi elmi fəaliyyətinin çoxtərəfliliyini onun «Rusiya şəhərlərinin hidroqrafik-statistik təsviri», «Rusiyanın statistik oçerkləri», «Çayların Rusiya şəhərlərinin inkişafında rolu» və s. əsərlərindən daha yaxşı görmək olar.
İnqilabçı demokrat N.P.Oqaryov (1813-1877) iqtisadi rayonlaşma məsələsinə dair xeyli qiymətli fikirlər söyləmişdi. Moskva Universitetinin yetirməsi olan Oqaryov həm yazıçı, həm jurnalist, həm də siyasi xadim idi. Rusiyanın geriliyini aradan qaldırmaq üçün sadəcə göstəricilərlə kifayətlənməyib hər bir rayonun iqtisadiyyatına dair ətraflı məlumat toplamaq, onun inkişaf yollarını tapmaq tələb olunurdu. Bunun üçün ölkənin düzgün rayonlaşdırması lazım idi. Bu məsələ ilə əlaqədar yazırdı ki, rayonların gələcək inkişafını nəzərə alaraq, məhsuldar qüvvələrin ərazi üzrə qruplaşdırmasını aparmaq, hər rayonda aparıcı məhsuldar qüvvələr sahəsini ayırmaq, rayonlaşdırma zamanı yerli şəraitdə müvafiq olaraq eyni sahə üzrə ixtisaslaşdırılmış, iqtisadi fəaliyyətin bu və ya digər növü ilə məşğul olan vilayətləri bir qrupda birləşdirmək lazımdır. Beləliklə, Oqaryov hər bir rayonu dinamik inkişafda götürür rayonlaşdırma üçün maddi bazanı, təbiətin və məhsuldar qüvvələrin aparıcı komponentlərini əsas hesab edirdi. Rayonlaşdırmada o, nəinki hazırda burada yerləşən obyektləri və baş verən hadisələri əsas götürməyi, həm də onların gələcək inkişafını, əlaqələrini nəzərə almağı lazım bilirdi.

Mənbə Coğrafiya tarixi
Müəllif Tapdıq Həsənov,Əbdürrəhim Hacızadə

Top