Bəzi Afrika qəbilələrində bir qadın uşaq dünyaya gətirəcəyini öyrənəndə bir neçə yaxın adamı ilə birlikdə səssiz bir yerə gedirlər və o uşağın mahnısını «eşidənə» qədər orada dua edirlər. Qadın mahnını «eşidəndən» sonra isə hamısı bir yerdə(həm də yuksək səslə) o mahnını oxuyurlar. Bundan sonra isə onlar qəbiləyə qayıdırlar və o mahnını qəbilədə hamıya öyrədirlər. Ancaq bu mahnının ilk «kütləvi» ifası uşaq doğulandan sonra baş verir. Uşaq doğulan kimi bütün qəbilə bir yerə toplaşır və uşağın mahnısını ona oxuyur.
İkinci dəfə uşaq məktəbə başlayanda kəndlilər bir yerə toplaşırlar və uşaga öz mahnısını oxuyurlar. Növbəti dəfə isə bu hadisə uşaq yetkinlik yaşına çatanda baş verir. Bu dəfə də insanlar bir yerə toplaşırlar və ona öz mahnısını oxuyurlar.Təbii ki, eyni hadisə o adam evlənəndə də baş verir. Son dəfə isə o adam öz mahnısını dünyasını dəyişəndə eşidir. Yəni,eyni ilə doğulanda olduğu kimi, insanlar o adamın ətrafında toplaşırlar və o dünyasını dəyişənə qədər ona mahnısını oxuyurlar. Ancaq Afrika qəbilələrində kəndlilərin ona öz mahnısıını oxuduqları başqa bir vaxt da var.
Əgər o adam öz həyatında nə vaxtsa səhv bir addım atırsa, ya da nə vaxtsa səhv bir iş görürsə, yenə o adamı kəndin ortasına çağırırlar və hamısı onun ətrafında toplaşırlar. Təbii ki, sonra da hamısı bir yerdə ona öz mahnısını oxuyurlar.
Bununla da, onlar həm o adama kim olduğunu, həm də nə etdiyini nə etdiyini xatırladırlar. Və beləcə o adamlar bu mahnı ilə ən böyük «cəzalarını» almış olurlar. Çünki o adamlar onları sevənlərin onların mahnılarını bilənlər və onlara o mahnını oxuyanlar olduğunu bilirlər.
Ailəm jurnalı