Qədim Yunanıstan və Romada coğrafi ideyalar

Qədim Yunanıstan və Romada coğrafi ideyalar

Antik dövrün xalqlarının coğrafi ideyaları
Quldarlıq quruluşunun ən yüksək inkişaf səviyyəsinə çatdığı qədim yunan və Roma dövlətlərində incəsənət, elm və ədəbiyyat sahəsində, şəhərsalma, memarlıq işində böyük nailiyyətləri əldə edilmişdi. Bu ölkələrdə bir sıra elmi məktəblər yaranmışdır.
E.ə. VI-V əsrlərdə yunanların İon dənizi sahilində yerləşən Milet şəhərində onun adını daşıyan İon (Miletli) natur fəlsəfə məktəbi fəaliyyət göstərirdi. Onun nümayəndələri arasında Heraklit (e.ə. 540-480-cı illər) xüsusilə fərqlənirdi.
Coğrafi hadisələri (qurunun və dənizin bir-birini əvəz etməsi, zəlzələlər, Nil çayının daşması və s.) elmi cəhətdən ilk dəfə e.ə.VI əsrdə İon məktəbinin nümayəndələri Fales və Anaksimandr izah etməyə (sırf mücərrəd nəzəriyyə şəklində) cəhd göstərmişlər.
Məhz həmin məktəbin nümayəndəsi olan Anaksimandr ilk coğrafi xəritə düzəltmişdir. E.ə. VI əsrdə o həmin dövrdə Yerin məlum olan hissəsinin ilk xəritəsini tərtib edir və onu hər tərəfdən su ilə əhatə olunmuş yastı dairə formasında göstərir. Belə ki, həmin dövrdə qədim Yunanıstanda dənizçiliyin və ticarətin inkişafı qurunun və dəniz sahillərinin təsvir olunmasını tələb edirdi. Hətati Miletli (e.ə.580-480) Yunanıstanı və o zaman məlum olan bütün ölkələrin coğrafi təsvirini vermişdir.
Qədim Yunanıstan filosofu Herodot (e.ə.486-125) o zamankı İtaliyaya, Babilistana, Nil çayı vadisinə, hətta Don çöllərinə səyahət etmiş və nəticədə qiymətli coğrafi fikirlər irəli sürmüşdür. Onun fikrincə, tarix coğrafi fikirlər, coğrafiya isə tarixi biliklər baxımından öyrənilməlidir. O, ilk dəfə Nil çayı vadisinin təşəkkülünü və onun deltasının əmələ gəlməsini öyrənmiş, Xəzərin dəniz deyil, göl olmasını söyləmişdir. Herodot tarixi coğrafiyanın əsasını qoymuşdur.
Beləliklə, artıq e.ə. VI əsrdən başlayaraq elmdə iki müstəqil coğrafi istiqamət yaranmışdı; ümumi yerşunaslıq, yaxud fiziki coğrafiya və ölkəşünaslıq. «Klassik Yunanıstan» dövrünün ən görkəmli nümayəndələrindən sayılan Aristotelin ümumi yerşunaslıq elminin inkişafına böyük təsiri olmuşdur. Elm tarixində əvəzedilməz xidmətləri olan görkəmli alim və böyük filosof Aristotelin (e.ə.384 – 322) bir sıra qiymətli çoğrafi fikirləri bu gün də öz əhəmiyyətini itirməmişdir. O, «Meteorologiya» əsərində təbii coğrafi məsələlərə geniş yer vermişdir. Bunu nəzərə alsaq, Aristoteli hidrologiya, okeanologiya və metereologiya elmlərinin banisi hesab etmək olar.
Aristotel təbiətin elementlərini sadəcə sadalamırdı, qurunun və dənizin bir-birinə qarşılıqlı təsirini tarixi metodla öyrənməyi təklif edirdi. Onun əsərlərində digər elmlərin də ilk müddəalarını görürük. O, siyasi hadisələri izləmiş, hətta «Siyasət» adlı kitab da yazmışdır. Real gerçəkliyi, hadisələrin səbəblərini riyazi yollarla həll etmək istəmişdir. Aristotelin dövrü ilə qədim yunan klassisizmi qurtarır və ellinizm başlanır. Bu dövr Aristotelin tələbəsi olan Makedoniyalı İskəndərin (e.ə.356 – 323), Yunan dövlətinin yeni-yeni hərbi qələbələri dövrü, ictimai həyatın bütün sahələrində əldə edilən parlaq müvəffəqiyyətlər dövrü idi. Bu dövrdə yunanlar tərəfindən zəbt edilən Misirin, Yaxın Şərqin, Orta Asiyanın və Hindistanın mədəniyyəti yunan mədəniyyəti ilə qovuşur. Yunan alimləri və səyyahları həmin ərazilərdəki zəngin elmi, tarixi və bədii əsərlərlə tanış olurdular. Beləliklə, dünya görüşləri genişlənir, elmi bilikləri dərinləşirdi. Əgər Qədim yunanlar Yaxın Şərqin qədim xalqlarının coğrafi materiallarını, məlumatlarını toplayıb və ümumiləşdirib gələcək nəsillərə ötürməsəydilər, bu xalqların coğrafi kəşflərinin çoxu unudula bilərdi.
Həmin vaxtlar elmdə ilk diferensassiya, elmi tədqiqatların ixtisaslaşması prosesi başlamışdı. Bəzi ellərdə ellinizm məktəbinin geniş ərazidən topladığı məlumatların sintezi gedirdi. Bu işdə zəngin bilik sahibi Eratosfen (e.ə. 276 – 194) mühüm yer tuturdu. O, coğrafiyanı dəqiq elmlər sırasına daxil etmiş, onu riyaziyyat, fizika, təbiət və tarix elmləri ilə əlaqələndirmişdir.
Eratosfen makedonyalı İskəndərin İskəndəriyyədə yaratdığı böyük kitabxananın materiallarından istifadə edərək, bilik dairəsini genişləndirmişdir. Yerin ən dəqiq ölçülərini Eratosfen vermişdir, ilk dəfə «Coğrafiya» adlı kitab yazmışdır. Bu kitabda coğrafiyanın tarixi, Yerin, okeanları və qurunun forması və ölçüləri göstərilmişdir. O zamandan bəri Yeri və yaxud onun hissələrini təsvir edən elmi coğrafiya adlandırmışlar.
Mükəmməl coğrafi xəritələri Eratosfen tərtib etmişdir. Məhz Eratosfen Yerin kürə formasında təsvirini vermiş, kürənin dərəcə torunu müəyyənləşdirmiş, ekvatorun uzunluğunu cüzi xəta ilə hesablamışdır. Eratosfen təsdiq edirdi ki, Pireney yarımadasından qərbə tərəf üzməklə Hindistana gedib çatmaq olar. Məlum olduğu kimi, 1700 ildən sonra Kolumb bu ideyadan mahiranə istifadə etmişdir. Eratosfen fiziki coğrafiyanın əsasını qoymuşdur. Onu «coğrafiyanın atası» hesab edirlər.
E.ə. II əsrdə Yunan imperiyası süquta uğrayaraq müstəqilliyini itirmiş, əvəzinə Avropada yeni böyük quldarlıq dövləti olan Roma imperiyası yaranmışdır. Roma imperiyası quldarlıq dövrünün elm və mədəniyyətinin, ədəbiyyat və incəsənətinin ən yüksək nailiyyətlərinə yiyələnmiş, özündən əvvəlki yunan elmini və mədəniyyətini qoruyub saxlamış, öz mədəniyyətini onun mirası üzərində qurmuşdur. Roma imperiyası dövründə yunan elminin bir sıra müddəalarına yenidən baxıldı, ona əlavələr olundu, elm xeyli inkişaf etdirildi. Bu zaman yeni bir cəhət də meydana gəldi. Bütövlükdə yunan elmi fəlsəfə, riyaziyyat, fizika və təbiyyat elmlərilə əlaqədar yarandığı halda, Roma elmləri, o cümlədən coğrafiya tarixilik baxımından yaradılırdı. Bunu Romanın məşhur coğrafiyaçı və tarixçi alimi Strabonun (e.ə.64 – b.e.24) fəaliyyətində izləmək olar. İki eranın qovşağında (e.ə.64 – b.e.24) yaşamış, 43 kitabdan ibarət «Coğrafiya» əsəri yazmış və ilk dəfə bu termini işlətmiş Strabon coğrafiyada ərazinin mənimsənilməsi prosesini və tarixilik problemini qoymuşdur. O, «Coğrafiya» əsərində antik dövrün coğrafiyasının predmetini tam dolğunluğu ilə izah etmiş və göstərmişdir ki, bu elm dövlətin tələbatına xidmət etməklə yanaşı, hökmdarların fəaliyyəti ilə bilavasitə bağlı olmalıdır. Müəllifin fikrincə, onun «Coğrafiya» əsərində Roma dövlət başçıları, sərkərdələri, əyalət inzibatı orqanları, tacirlər soraq mənbəyi kimi istifadə edə bilərdilər. Buna görə həmin əsərdə təbiət və təsərrüfatla yanaşı, xeyli tarixi, etnoqrafik, məişət məlumatları da var. «Coğrafiya» faktiki olaraq tarixi coğrafiya sahəsində ilk qiymətli əsərdir. Strabon göstərirdi ki, Yer həmişə indiki kimi qalmayacaq, sonralar onun quru səthi ilə su səthi arasındakı nisbət tədricən dəyişikliyə uğrayacaq. Hazırda məskunlaşan quru vaxtilə suyun altı, sututarlar isə quru olmuşdur. Çaylar, göllər indiki kimi olmamışdır, əvvəlki çayların bəziləri qurumuş, yeniləri əmələ gəlmişdir.
Mütəfəkkir alim coğrafiyada tarixilik metodunu məharətlə məkanın təhlili ilə əlaqələndirmişdir. Strabonun coğrafiya elmi sahəsindəki xidmətlərindən biri də budur ki, o, coğrafi təsvir daha dolğun və bütöv olsun deyə materiki və ya ölkəni hissələrə bölüb, ayrı ayrılıqda öyrənmək metodunu təklif etmişdir. Bu gün güclü təsir bağışlayan həmin təklif coğrafiyada rayonlaşma adını almışdır.
Strabondan sonra Romanın coğrafiya ilə bağlı böyük alimi-astronomu və kartoqrafı Klavdiy Ptolemey (b.e. 90-168) olmuşdur. O da İskəndəriyyə kitabxanasından geniş istifadə etmişdir. Ptolemey astronomiyaya aid 13, coğrafiyaya aid 8 kitab yazmışdır. Bu kitablarda orijinal xəritələr və atlaslar da var.
Ptolemey coğrafiyanı və xoroqrafiyanı bir-birindən fərqləndirirdi və özü coğrafiya ilə məşğul olmağa başladı (müasir terminlə desək, xoroqrafiya kartoqrafiyanı da daxil etməklə ümumi coğrafiyanı və diyarşünaslığı əhatə edirdi).
Ptolemey göstərir ki, xoroqrafiya ayrı-ayrı yerləri müstəqil tədqiqat obyekti kimi götürür və onların hər birini xüsusi olaraq öyrənir, həm də ən xırda obyektləri də, məsələn, kəndləri, dairələri, əsas çayların qollarını və s. təsvir edir. Coğrafiya Yerin bizə məlum olan hissəsini bütövlükdə və fasiləsiz təsvir edir, onun təbiətini və vəziyyətini ən ümumi şəkildə göstərir. Həm də xalqları, iri şəhərləri, körfəzləri, çayları və diqqətəlayiq olan başqa şeyləri qeyd edir. Ptolemeyə görə xoroqrafiya ən kiçik coğrafi obyektlərin keyfiyyət göstəricilərini əks etdirdiyi halda, coğrafiya böyük ərazilərin, yaxud bütövlükdə Yer kürəsinin ümumi kəmiyyət xüsusiyyətlərini göstərir.
Ptolemey coğrafiya elminə bir sıra anlayışlar – coğrafi və kartoqrafik generalizasiya, tədqiqatın miqyası, onun obyekt və məzmunla əlaqəsi və s. kimi məsələlər gətirmişdir. Klavdiy Ptolemey b.e. II əsrində Yerin ona qədər heç kim tərəfindən belə dəqiqliklə düzəldilməyən xəritəsini tərtib etmişdir və onun dərəcə torunu göstərmişdir. Onun xəritəsində üç qitə – Avropa, Asiya və Liviya o zamanlar Afrika belə adlanırdı, və Atlantik (Qərb) okeanı, Aralıq dənizi və Hind okeanı təsvir olunmuşdur.
Şərh etdiyimiz dövrdə tibbi coğrafiyanın da bünövrəsi qoyulmuşdur ki, bu da məşhur yunan həkimi, «təbabətin atası» Hippokratın (e.ə. 460-377) adı ilə bağlıdır. O, «Havalar, sular, məhəllələr haqqında» adlı əsərində xalqların məişəti, sağlamlığı və xarakterinin ətraf mühitlə əlaqələrini açıb göstərmişdir. Əlbəttə, ətraf mühitin insanın sağlamlığına, onun psixikasına təsir göstərməsi ideyası özlüyündə müsbət haldır. Lakin Hippokrat bu məsələni bir qədər bəsitləşdirmiş, insanların həyatında təbii mühitin təsirini tarixi inkişaf baxımından xeyli şişirtmişdir. Onu da qeyd edək ki, müxtəlif şəraitdə həyatın, məişətin, xarakterin ətraf mühitdən asılılığını Herodot da göstərmiş, lakin tarixin inkişafında onu həlledici hesab etməmişdir.
Gördüyümüz kimi, qədim dünya coğrafiyasında iki müxtəlif istiqamət yaranmışdı. Ən çox Strabon tərəfindən qəbul edilən təsviri diyarşünaslıq xarakterli xoroqrafiya istiqaməti. Bu istiqamət daha çox humanitar məzmunda qurulmuşdu, yəni bu istiqamətə uyğun gələn coğrafiyada ən çox xalqların həyatından, ölkələrin siyasi quruluşundan, şəhərlərdən və s. danışılırdı.Coğrafiyanın xoroqrafiya istiqaməti fiziki coğrafiya məsələlərini arxa plana çəkir. Fiziki coğrafiya burada yardımçı rol oynayır.
Riyazi coğrafi istiqamət. Bu istiqamət daha çox Ptolemeyin adı ilə bağlıdır: məzmunu yerin forması, böyüklüyü, onun xəritədə əks etdirilməsi yolları, kartoqrafik proyeksiyaların tərtibi, yerin dərəcə toru və s. ibarətdir. Uzun müddət ümumi coğrafiya adı ilə tanınmış həmin istiqamət müasir dövrdə Yerşünaslıq kimi məşhurdur.
Yuxarıda haqqında danışdığımız alimlərin heç biri öz ixtisaslarına görə coğrafiyaçı olmamışlar. Onların əksəriyyəti filosof və tarixçi idi. Coğrafi fikirlər isə onların fəlsəfi fikirlərində və digər elmi əsərlərində öz əksini tapmışdır.
Qədim dünyanın sonunadək sırf coğrafiyaçı meydana gəlməmiş və coğrafiya elmi yaranmamışdı. Praktikaya istinad edən, elmi tədqiqatlar nəticəsində yaranan coğrafiya elmi sonrakı dövrlərdə Avropada və Yaxın Şərqdə elmin inkişafına çox böyük təsir göstərmişdir. Bu təsirin bəzi əlamətləri coğrafiya elmində son illərədək özünü büruzə verməkdədir.
Mənbə Coğrafiya tarixi

Müəllif Tapdıq Həsənov,Əbdürrəhim Hacızadə

Top