Qədim misirlilərin coğrafi təsəvvürləri
Qədim dünya onlarca müxtəlif ölkələrin və mədəniyyətlərin mozaikasından ibarət idi. Yeni torpaqlar axtarışına birinci növbədə iqtisadi ehtiyaclar təhrik edirdi; yeni münbit torpaqlar tapmaq və mənimsəmək; əsirlər və qənimətlər əldə etmək; uzaq ölkələrlə ticarət əlaqələri qurmaq. Alimlər qədim misirlərin coğrafiyası haqqında məlumatları müxtəlif abidələr, fildişi və papirus kağızı üzərindəki yazılardan əldə etmişlər. Bu yazılarda və hərbi yürüşlərdə, Nil vadisində əkinçilik, ətraf ərazilərdə yaşayan xalqlar haqqında məlumatlar verilmişdir. Misirlilər e.ə. XXIX əsrdə Süveyş körfəzinə və bərxəzinə çıxmışlar, orada olan şor sulu gölləri kəşf etmişlər. Həmin göllərdən indi Süveyş kanalı keçir. E.ə. XXVIII əsrdə Sinay yarımadasında vadilərə rast gəlmişlər və qiymətli tikinti materialları, malaxit, firuzə daşı tapmışlar və uzun əsrlər ondan istifadə etmişlər. Misirlilər Suriyaya daxil olmuşlar və Fərat çayının mənbəyinə çıxmışlar. Aralıq dənizində misirlilər ilk dəfə e.ə. XXVII əsrdən üzməyə başlayıblar, daha sonra Nil çayı ilə 2 min km qədər yuxarı qalxmışlar. Qırmızı dənizin sahillərinə çıxdıqdan sonra misirlilər əmin olmuşdular ki, dəniz yolu quru yoluna nisbətən daha rahatdır.
Afrika sahillərilə Punta (Müasir Somali) qədər olan dəniz yolunun mənimsənilməsində birincilik misirlilərə məxsusdur. Somalidə bitən qiymətli ağac növlərindən alınan qətranlar gəmilərlə Misirə gətirilirdi.
E.ə. IV əsrdə Misir Makedoniyalı İskəndər tərəfindən tutulduqdan sonra misirlilərin topladıqları geniş coğrafi biliklər yunanlar tərəfindən əxz olunmağa başlanır. Bu işdə İskəndəriyyə şəhərində yaradılmış zəngin kitabxanalar və rəsədxana müstəsna rol oynayır.
Qərbi, Cənubi və Şərqi Asiyanın qədim xalqlarının coğrafi ideyaları
Misirlə yanaşı sivilizasiyanın qədim ocaqlarından biri də Dəclə və Fərat çayarası olmuşdur. Onun cənub dəniz sahillərində şumerlər bir sıra şəhər-dövlət bina etmişlər. Şumerlərin coğrafi anlayışları haqqında e.ə. XXV əsrdə gil lövhələrin üzərində çəkilmiş xəritədən aydın aydın görmək olar. Ən qədimi olan belə xəritələrin birində Şimali Mesopotamiya kəndləri, çayları və dağları əks olunmuşdur. Digərində isə Mesopotamiyanın ən böyük şəhəri olan Vavilondan(Babil şəhərindən) Yer Fərat çayının kəsdiyi yastı dairə formasında göstərilmişdir. Fərat çayı dağlardan axır və özü də hər tərəfdən Yerlə əhatə olunmuş okeana tökülür. Okeanın kənarlarında üçbucaq şəklində olan yeddi ada yerləşir.
E.ə. XIII-XII əsrlərdə Ön Asiyanın səhnəsində güclü Assuriya imperiyası görünməyə başlayır. Onların hərbi yürüşlərini tərənnüm edən yazılarda Xəzər, Qara və Aralıq dənizlərini əhatə etdiyi ehtimal olunan «Günəş batan dənizlər» təsvir olunurdu. Bu dənizlərin öz arasında birləşmələri haqqında hələ o zamanlar yaranmış təsəvvürlər Yeni dövrə qədər gəlib çıxmışdır.
Assuriyalılar e.ə. 802 və 788-ci illərdə İran yaylasından köçərək Türkmənistan-Xorasan dağlarının cənub yamaclarına Hərirud və Murqab çaylarına qədər gedib çıxmışlar. Məğlubiyyət bilməyən güclü Assuriya çarlarının qoşunları hərbi yürüşlər zamanı Su riyanı, Fələstini, Finikiyanı və Kiçik Asiyanın şərq hissələrini kəşf etmişdirlər.
E.ə. I-ci minillikdə Urmiya gölü tökülən Çiqatay çayı ətrafında qədim Azərbaycan dövləti olan Manna yaranmışdır. Onun sərhədləri şərqdə Xəzər dənizinə şimalda Araz çayına qədər uzanırdı. Manna dövləti Azərbaycan xalqının formalaşmasında müstəsna rol oynamışdır. Onun paytaxtı İzirtu (Zirta) şəhəri idi. Manna dövlətinin qala şəhərləri, suvarılan əkinləri, üzümlükləri, bağları, geniş otlaqları, qoyun və at sürüləri olmuşdur.
E.ə. IX əsrdə indiki Van gölü ətrafında paytaxtı Tuşpa şəhəri olan Urartu dövləti yaranmışdır. Urartulular Kiçik Qafqazın şimal yamacları və Kolxida ovalığının cənub kənarı ilə hərəkət edərək, Kür çayının yuxarı axınlarına çıxmışlar. Kars yaylası vasitəsilə Araz çayının orta axınına, oradan Zəngi (Razdan) çayı ilə qalxaraq Göycə gölünə çıxmışlar. Zəifləyən və dövlətini itirən urartu tayfaları xarici təzyiqlər nəticəsində Kiçik Qafqazı aşaraq Orta Kür vadisinə, bəziləri isə hətta Böyük Qafqazın ətəklərinə gedib çıxırlar. Ehtimal olunur ki, məhz urartulular Böyük Qafqazı ilk kəşf edənlərdir.
E.ə. 2-ci minilliyin sonunda və 1-ci minilliyin əvvəllərində İran Azərbaycanı (Cənub Azərbaycan) ərazisində paytaxtı Ekbatan (indiki Həmədan) şəhəri olan möhtəşəm və güclü Midiya dövləti yaranmışdır. Özünün ən yüksək tərəqqisi dövründə Qızıl İrmak (müasir Türkiyə) çayından başlanmış Əfqanıstana, Orta Asiya vadilərinə qədər böyük bir ərazini tutmuş və Astara ilə Qorqan arasında Xəzər dənizi sahillərinə çıxmışlar. Nəticədə Elbrus bütün enlik boyu midiyalılara məlum olmuşdur. Təxminən e.ə. 590-cı illərdə ayrı-ayrı Midiya dəstələri Kür çayını keçmiş Xəzər sahili yoldan istifadə edərək Abşeronun şimalına, Xəzər darvazasına (Dərbənd) qədər gedib çıxmışlar.
Qədim farslarda coğrafiyaya aid qiymətli mənbə Böhüstan yazıları hesab olunur. Bu kitabda çar Daranın zəbt etdiyi geniş ölkələrdən, Qərbi Şərqlə birləşdirən karvan yollarından nağıl olunur. Adı çəkilən karvan yolu qərbdə Vavilondan başlayaraq şərqdə Çinə qədər gedib çıxırdı.
Farsların «Böyük İran» adlandırdıqları imperiya fars dilində danışan bütün əraziləri – Orta Asiyanın cənubunu, Hindistanın şimal-qərbini, Qafqazın cənub ucqarlarını və Mesopotamiyanı əhatə edirdi. Özəyini – mərkəzini müasir İran və Əfqanıstanın bir hissəsi təşkil edirdi. Qüdrətli dövlətin əsasını qoyan II Böyük Kir Orta Asiyaya, Qafqaza soxulur. Qoşunu ilə Amu-Dərya vadilərini tutur, Pamir («Mitranın» Çardağı) dağlıq ərazinin ətəklərinə qalxır.
Təxminən e.ə.517-ci ildə Dara Kabul çayının ağzında kiçik donanma düzəldir. Hind çayı ilə üzü aşağı enərək Ərəbistan dənizinə, oradan isə e.ə.514-cü ildə Süveyş körfəzinin lap qurtaracağına qədər üzüb gəlir və orada üstü yazılar qoyur. Dara Aralıq dənizinin şərq sahillərindən başlamış Hind çayına qədər uzanan ərazidəki dövlətlər və torpaqları özünə qatır.
Farsların məlumatından istifadə edən Herodot Xəzər dənizinin ölçüləri haqqında düzgün məlumat verir. Onun heç bir dənizlə əlaqəsi olmayan qapalı su hövzəsi olmasını söyləyir. Dənizin uzunluğu avarlı qayıqlarla 15 günlük, eni isə ən geniş yerdə 8 günlük məsafədir. Avarlı qayıqların o zamanlar gündəlik getdikləri məsafə 80 km və yaxud 15 gündə 1200 km olar ki, bu da Xəzərin indiki uzunluğuna bərabərdir.
Aralıq dənizinin şərq sahillərindəki Sidon, Tir və b. şəhər-dövlətlərdə yaşayan finikiyalılar özlərinin səyahətləri haqqında az yazılı mənbələr qoysalar da, Avropa və Şimali, Qərbi Afrika sahillərini və çoxlu adları ilk dəfə kəşf edənlər məhz onlar olmuşlar. Bacarıqlı dənizçilər olan Finikiyalılar e.ə. XII-X əsrlərdə sahil boyu ilə Aralıq dənizini başdan-başa üzüb keçmişlər.
E.ə. VIII əsrdən başlayaraq finikiyalılar müntəzəm olaraq Kanar adalarına üzürlər. Burada onlar şibyənin xüsusi növündən boyaq, əjdaha ağacından isə qətran əldə edirlər, bunlardan isə müxtəlif rənglərin istehsalında istifadə olunurdu.
Finikiyalıların dəniz əməliyyatlarının miqyası daha böyük olmuşdur. Demək olar ki, məhz finikiyalılar Afrikanı ilk dəfə kəşf edənlərdir. Oların Afrika ətrafında dolanaraq Qırmızı dənizdən Aralıq dənizinə misilsiz keçidi yalnız iki min il sonra təkrarlanmışdır. Naməlum finikiya dənizçiləri birinci olaraq ekvatoru kəsib keçmişlər və ilk dəfə günorta vaxtı günəşi şimalda görmüşlər. Onların bu məlumatlarına hətta tarixin atası hesab olunan Herodot belə inanmışdır.
Karfagenin (e.ə. VII-VI əsr) Şimali Afrikada finikiyalılar tərəfindən əsası qoyulsa da, sonralar müstəqil qüdrətli dövlətə çevrilir. Məhz Atlantik okeanındakı Azor adaları, Şimali Afrikadakı Atlas dağları haqqında ilk məlumat verən karfagenlilərə coğrafiya minnətdar olmalıdır. Karfaqenlərin ticarət karvanları müntəzəm olaraq Saxara səhrasını kəsib keçərək Niger çayına çıxmışdır. E.ə. VII-V əsrlər Karfaqen Afrikanın Atlantik okeanı sahillərini və Piriney yarımadasının Aralıq dənizi sahillərini ilk mənimsəyənlərdən olmuşlar.
Cənubi Asiyanın Hind çayı hövzəsindəki qədim mədəniyyət e.ə. III-II əsrlərdə mövcud olmuşdur. Xarappa şəhərində (müasir Pakistan) tapıldığından xarappan mədəniyyəti adlanırdı. Tapılmış abidələr və yazılar əsasında müəyyən edilmişdir ki, onlar Hind-Qanq ovalığını, Tar səhrasını, möhtəşəm dağ sistemi olan Himalayı kəşf etmişlər və geniş Hindistan yarımadasına çıxmışlar. Ərəbistan dənizi və Oman körfəzində üzərkən xarappanlar sahilə perpendikulyar əsən mövsümü küləklər haqqında topladıqları biliklərdən istifadə edirdilər.
İşgüzar hind tacirləri Mərkəzi Asiya səhraları və dağlarından yollar salaraq e.ə.II əsrdən mövcud olan və Çini Aralıq dənizi ilə birləşdirən Böyük İpək yolunu açmışlar.
Yeni ərazilərin öyrənilməsi və mənimsənilməsində tacirlərlə yanaşı buddizm rahibləri də böyük rol oynamışlar. Qayaüstü yazılarda deyilirdi ki, onlar Suriya, Misir, Şimali Afrika, Liviya və Yunanıstanda olmuşlar. E.ə. I əsrdə rahiblər Göylər dağının (Tyan-Şan) cənub yamaclarındakı vadilərdə öz monastırlarını tikmişlər. Onlar VII əsrdə Hindistandan Tibetə çətin, lakin qısa yol açmışlar.
Hindi-Çin yarımadasını kəşf etmək şərəfi qədim hindlilərə məxsusdur. Onlar Asiyanın bu iri cənub-şərq çıxıntısını Qızıl Torpaq adlandırmışlar, sahildə olan adaları və dənizləri öyrənmişlər. Qədim hindlilərin ümumiləşdirilmiş ilkin coğrafi bilikləri onların müqəddəs kitablarında toplanmışdır.
Qədim Çin mədəniyyəti e.ə.II-I minillikdə Xuanxe və Yantsız çaylarının aşağı axınlarındakı düzənlikdə yaranmışdır. Qədim çinlilər Xuanxe və Yantsızı çayları boyunca yuxarı qalxaraq dağlıq əraziləri və aşağı enərək Sarı və Cənubi-Şərqi Çin dənizləri sahillərini, Koreya Yarımadasını və həmçinin Tayvan adasını kəşf etmişlər.
E.ə. IV əsrdə və III əsrin başlanğıcında Çində coğrafiyaya həsr olunmuş əsərlər yaranmağa başlayırlar. Belə ki, e.ə.III əsrdə Çin çarlığının anonim coğrafiyaçısı o dövrdə məlum olan ərazinin ilkin təsvirini vermişdir.
E.ə. II əsrdə coğrafiyaya dair əsərlərin xüsusi forması-səyahətlərin yol təsviri yaranır. Belə təsvirin müəlliflərindən biri olan Çjan-Syan e.ə.138-ci ildə Çin imperatoru tərəfindən Mərkəzi Asiyanın Yeddiçaylıq (Semireçye-rus.) rayonunda köçəri həyat sürən sakların düşərgəsinə göndərilir, lakin onu yolda Mərkəzi Monqolustan və Trans-Baykal yüksək düzənliklərində hökmranlıq edən hunlar əsir götürür. On il əsirlikdə qaldıqdan sonra Qaçmağa müyəssər olur. Mərkəzi Tyan-Şanın hündür aşırımlarından keçib donmayan İssık-Kul gölünün cənub sahilinə köçəri sakların düşərgəsi olan – Çiqu şəhərinə gəlib çıxır, oradan yenidən dağ aşırımlarını keçərək Narın çayı dərəsi boyunca Fərqanə vadisinə – Quşyan (Kassan) şəhərinə gəlir. Bir il sonra vətənə qayıdan Çjan-Syan Pamir dağlarını şimaldan (Alay vadisindən) keçərək Təklə-Məkan səhrasına gəlib çatır. Onun səthi ilə bir vadidən digərinə keçərək axarsız duzlu göl (Lobnor) yerləşən geniş yastı çökəkliyə çatır. Özünün hesablamalarına görə 14.2 min km. yol qət etmiş Çjan-Syan ilk dəfə çinliləri Mərkəzi Asiyanın çölləri, səhraları, iri dağ sistemləri-Tyan-Şan və Pamir, bu dağlardan başlayan və «Qərb dənizinə» (Aral) tökülən Amu-Dərya və Sır-Dərya çayları haqqında dürüst məlumatlarla tanış etmişdir. Onun keçdiyi marşrutla e.ə. II-I əsrlərin sərhədlərində Böyük İpək yolunun cənub qolu salınmışdır.
Tarixi məlumatlara görə e.ə. XI-VIII əsrlərdə Çində ipək parça üzərində yüksək səviyyədə tərtib olunmuş torpaq və poçt yolları və digər xəritələr düzəldilirdi. Onlardan biri olan «hərbi» xəritədə yollar, çaylar, dağlar, hərbi postlar, siqnal qüllələri, yaşayış yerləri və orada olan evlərin sayı və s. əks olunmuşdur. Xəritələrdə yerlər dəqiqliklə göstərilirdi. Bunun üçün ən mükəmməl alət olan kompasdan istifadə olunması haqqında çin səyyahları hələ e.ə. III əsrdə məlumat verməyə başlamışdılar.
Bizim eranın III əsrində məsafə ölçən alət icad olunur; yüngül arabacığın təkəri və barabanı dişli ötürücü ilə birləşdirilirdi. Hər «li» (576 m) barabana vurmaqla qeyd olunurdu. Bu icadın köməyi ilə Çində ipək parça üzərində 18 səhifədən ibarət böyük regional atlas düzəldilmişdir ki, bir adam onun səhifəsini güclə çevirə bilirdi.
Mənbə Coğrafiya tarixi
Müəllif Tapdıq Həsənov,Əbdürrəhim Hacızadə