İlkin coğrafi bilik və təsəvvürlərin yaranması

İlkin coğrafi bilik və təsəvvürlərin yaranması

İlkin coğrafi biliklər hələ ibtidai icma quruluşu dövründə meydana gəlmişdi. Bu biliklər öz əksini əfsanələrdə və sadə rəsmlərdə – «xəritələrdə» tapırdı. İnsanlar yaşadıqları ərazidə və ona yaxın yerlərdə baş verən hadisələr haqqında məlumat toplayır, həmin məlumatların bəzilərini qayalarda həkk edirdilər (bunu Qobustan qayalarında da görmək olar) Belə rəsmlərdən qədim insanların dəniz, yaxud çay sahilində yaşadıqlarını, hansı heyvanlara rast gəldiklərini müəyyənləşdirmək mümkündür. Müasir dövrdən gəlib çıxmış ən qədim rəsmlər Qədim Şərqdə (Babilistan, Misir) və Çində yaşamış xalqlara məxsusdur. Salamat qalmış qayaüstü rəsmlərə Cənub Amerikanın və Şimali Asiyanın dağlıq rayonlarında da rast gəlinir. Beləliklə, insanların ətraf mühit haqqındakı empirik təsəvvürləri əmək fəaliyyəti birlikdə meydana gəlmiş və onların malik olduqları informasiyaların əsasını təşkil etmişdir.
E.ə. IV minilliyin və III minilliyin hüdudlarında Asiyada, Afrikada və Avropada ən qədim quldar dövlətlər yaranmışdır. Bu dövlətlərin apardıqları müharibələr, şəhərsalma işləri, yeni dəniz yollarının kəşfi, uzaq ölkələrlə ticarət əlaqələrinin yaradılması və s. çoxlu biliklər tələb edirdi. Buna görə də Şimali Hindistan, qədim Çin, Misir, Finikiya kimi dövlətlərdə və Finikiyanın müstəmləkəsi olan Karfagen sakinləri arasında dəniz və quru yollarını öyrənən, başqa ölkələrin sərvətləri haqqında coğrafi biliklər toplayan səyyahlar meydana gəlmişlər.

Ətraf ərazilərin təbii şəraiti, vəhşi heyvanların yaşayış tərzi, dəniz və göllərdəki balıqların hərəkəti, mövsümü, otlaqlar və s. haqqında müfəssəl biliklər olmadan təsərrüfatı idarə etmək qeyri-mümkün idi. Uzun illərdən bəri insanların apardığı bu təsərrüfat fəaliyyəti gedişində ətraf mühit, yer, bitki, heyvan adları haqqında hafizələr də qalaq-qalaq kitablardakı qədər biliklər toplanmışdır. Özü də hər bir yerin özünün «yazılmamış» şifahi xalq coğrafiyası yaranmışdır. Geniş bozqır çöllərdə yaşayan türk xalqları müxtəlif otlaq tipləri və heyvan növləri ilə bağlı çoxlu adlar yaratmışlar.
Hələ erkən daş dövründə (neolitdə) ovçular heyvanların arxasınca uzaqlara gedir, yavaş-yavaş Yer səthində yayılır və yeni əraziləri məskunlaşdırırdılar. Müxtəlif yaşayış şəraitinə malik olan bu yeni ərazilər irqi və etnik fərqlərin yaranmasına təkan vermişdir.
Ticarətin inkişafı yeni-yeni qiymətli xammal mənbələri, qızıl, mis, qalay, ağac materialları, fil dişi sümüyü və s. əldə etmək cəhdi coğrafi təsəvvürlərin, müxtəlif səyahətlərin başlıca hərəkətverici qüvvəsi olmuşdur. Qızıl, gümüş, qiymətli daş-qaş, ədviyyat, ipək və s. ilə zəngin olan ölkələr arasında əlaqələr daha əhəmiyyətli idi.
Ərazi əmək bölgüsünün genişləndirilməsi cəhdi uzaq səyahətlərə, müxtəlif ölkələri tanımağa, müstəmləkələr tutmağa yol açırdı və nəhayət coğrafi təsəvvürlər və ümumiləşdirmələr aparmağa imkan verirdi.
Coğrafi kəşflər, xəritələrin tərtibi və coğrafi təsvirlər isə öz növbəsində ərazi əmək bölgüsünün genişlənməsinə kömək edirdi. Demək olar ki, coğrafiya ərazi əmək bölgüsünün inkişafından yaranmışdır; əgər ölkələrarası əmək bölgüsü zəifləyirsə, coğrafiyanın da digər elmlər arasında əhəmiyyəti itir. Ərazi əmək bölgüsünün genişlənməsi və dərinləşməsi ilə coğrafiyanın inkişafı arasındakı bu əlaqələr nəinki təkcə antik, elə hazırkı dövrə də aiddir.

Qədim Şərq xalqlarının ilk yazılı mənbələrində səyyahların təsvir etdiyi ölkələr barədə bir sıra qiymətli məlumatlara rast gəlinir. Lakin coğrafi anlayışlar təkcə səyyahların qeydlərində deyil, nağıllarda, dastanlarda, eposlarda və s. əsərlərdə də öz əksini tapmışdır. Məsələn, hindlilərin Ramayana və «Mahabharata» dastanlarında, çinlilərin «Şisezi», «Şuytzit», azərbaycanlıların «Dədə Qorqud», qırğızların «Manas» eposlarında təsvir olunan hadisələrin baş verdiyi yerlərin coğrafi şəraiti haqqında zəngin məlumatlar vardır.
Yer haqqında yaranan belə ilkin təsəvvürlər bəzən indiki adamlarda təbəssüm doğuracaq qədər əfsanəvi görünürdü. Qədim Babilistanda Yer haqqında yaranan təsəvvürlərə görə dünya ayrı-ayrı qatlardan təşkil olunub. Özləri bu qatın mərəzində, başqaları isə üst və yerin alt qatında yaşadıqları göstərilirdi. Qədim Şumerlərin fikrincə dünyada dörd cəhət var və hər cəhətdə bir dünya olur. Hindlilər isə, məsələn, yerin müstəvi (yastı) olduğunu və özü də fillərin kürəyində yerləşdiyini təsəvvür edirdilər. Yunanlar hesab edirdilər ki, Yer hər tərəfdən okeanlarla əhatə olunmuş qabarıq disk formasındadır. Yazı olmadığı tarixdən əvvəlki dövrə aid yaranan belə əfsanələr, nağıllar qorunub saxlanılmış, əlavələr edilmişdi və nəsildən nəslə verilmişdir.
Belə əfsanələrdə coğrafi xarakterli dəqiq təsvirlər ənənəvi mif süjetləri və obrazları ilə birgə verildi. Yazı icad olunduqdan sonra bu biliklərin dəqiq qeydiyyatının aparılması mümkün olmuşdur. Qorunub saxlanılmış yazılı abidələrin köməyi ilə qədim sivilizasiyanın yaradıcıları olan Misir, Assuriya, Hindistan və Çinin coğrafi təsəvvürləri haqqında biliklər söyləmək olurdu.
Mənbə Coğrafiya tarixi
Müəllif Tapdıq Həsənov,Əbdürrəhim Hacızadə
Top