Ulduzlar sistemində sonuncu — yəni 12-ci yeri tutan Balıqlar bürcü bir qayda olaraq fevralın 20-dən martın 20-nə qədər olan dövrü əhatə edir. Ünsürü su, planeti Neptun və Yupiter, rəngi bənövşəyi, göy, rəqəmi 6 və 7, daşı ametist, zümrüd, sapfir, çiçəyi nərgiz, yasəmən, metalı sink, uğursuz günü çərşənbə, uğurlu günü isə cümə axşamıdır.
Bu bürcü əmələ gətirən ulduzlar Göy qübbəsinin 900 kvadrat dərəcəlik sahəsini tutur. Onun tərkibində adi gözlə görünən 75-ə qədər ulduz var. Lakin «Sutökən»də olduğu kimi bu bürcdə də heç bir parlaq ulduz yoxdur. «Balıqlar»ın tutduğu sahə demək olar ki, səmanın bütünlüklə şimal yarımkürəsini əhatə edir.
Bu zodiakın ulduzlar sistemindəki təsvir pozası olduqca maraqlıdır: balıqların hər ikisi bir-birinə «bağlanıb» və sanki yem axtarmaq üçün həmin nöqtədən çıxıblar. Onlardan biri yuxarı — Göy qübbəsinin cənub yarımkürəsinə üz tutub, digəri isə ağzını «Sutökən»in dolçasından axan suya yönəldib.
Lakin su onun yaxınlığından keçib başqa yerə — Cənub Balığı bürcünün ağzına axır. Qənaətlərimizə görə, bu balıqlar tələyə salınıb və azadlıq naminə o tərəf-bu tərəfə çabalayırlar. Çünki sadaladığımız xüsusiyyətləri bəhs etdiyimiz bürcə şamil olunan adamlarda da görmək olar. Səma xəritəsində «Balıqlar»ın digər qonşusu — «Qoç» isə neytral bir mövqe seçib. Hər iki bürcün bir-birindən fərqi böyük olduğu üçün onların arasında görünməz bir sədd var. Bu isə ona dəlalət edir ki, hər iki zodiak işarəsindən olan şəxslər həyatda bir-birinə qarşı bir qədər ehtiyatlı yanaşmalı, ələlxüsus da işbirliyi yaratdıqda tədbirli olmalıdırlar. Əks təqdirdə onların münasibətləri asanlıqla pozula bilər.
Balıqlar bürcünün gecə evi olan Neptun astronomik hesabla 8-ci sırada yerləşir. Onun radiusu 2510 km, elementi su, xarakteri soyuqluqdur. Bu bürcün ikinci planeti — Yupiter isə astronomik hesabla 5-ci sıradadır. O, Ay və Veneradan sonra Yerə ən parlaq işıq saçan obyektdir. Onun radiusu 71300 km, elementi hava, tərkibi istilik, xarakteri hakimlikdir. Bəziləri Yupiteri «Böyük xoşbəxtlik planeti» də adlandırırlar.
Xarakterik xüsusiyyətləri
Balıqlar bürcü altında dünyaya gələn adamlar ən qəribə zodiak işarəsi hesab olunurlar. Orta əsr münəccimləri bu cür şəxsləri təmkinlərinə və uzun ömürlərinə görə digərlərindən fərqləndirirdi. Qənaətlərə görə, «Balıqlar» qısa zamanda, həmçinin gənc yaşlarında ikən məşhurlaşa bilirlər. Haqqında yazdığımız bürcün sakinləri uzaqgörənlikləri sayəsində öz həyat və peşə perspektivlərini neçə illər öncədən təyin edir və yanılmadan fəaliyyət göstərirlər.
Qərb münəccimləri isə «Balıqlar»ı iki xüsusi keyfiyyətə bölürlər. Bu, artistlik bacarığı və siyasətçilikdir. Qədim Babil münəccimləri belə hesab edirdilər ki, Balıqlar bürcünün himayəsində dünyaya gələnlər özündən əvvəlki işarələrin hərəsindən bir neçə xüsusiyyət «oğurlayıb». Bu səbəbdən də onları həddindən artıq «təzadlı və mürəkkəb xarakterə malik adam» kimi qələmə verirdilər.
Bu bürcün sakinləri uzaqgörən, dəqiq, işini ehtiyatla tutan və bir qədər hiyləgər olurlar. Onlarla hansısa konfliktə girmək təhlükəlidir. Və rəqibləri bunun üçün böyük riskə getdiklərini başa düşməlidir. «Balıqlar» baş verən hər bir hadisəyə sakit və qərəzsiz yanaşmağa çalışırlar. İşdir, əgər çılğınlıq və ya hövsələsizlik nümayiş etdirsələr, mütləq məğlubiyyətlə üzləşirlər. Hətta antik dövrün münəccimləri də belə hesab edirdilər ki, bu zodiak işarəsində dünyaya gələn adamlar yalnız səbrli olmaqla öz niyyətlərinə qovuşa bilirlər.
Bu şəxslər kiçikboylu görünürlər, hətta boyları kifayət qədər hündür olduqda da onları heç kim seçə bilmir. Balıqlar bürcündən olan sürücünü heç təbii fəlakət də yol hərəkət qaydalarını pozmağa məcbur edə bilməz. Hətta yolda piyada və ya başqa maneə olmayanda da, onlar yenə də dördyol kəsişməsində avtomobili dayandırırlar. Bir sözlə, bu adamlar çox ehtiyatlı olurlar. Əgər «Balıqlar» kiməsə qurğu və ya tələ qurmaq istəsələr, bu, böyük hay-küy yaradır, onlar ifşa olunurlar. Belələrinin rəhbərliyi altında çalışanlar öz müdirlərinə asanlıqla hiylə gələ bilir, hətta bəzi hallarda onu müflisləşdirirlər də.
«Balıqlar» bir qayda olaraq tam əmin olmadıqları işlərə baş qoşmurlar. Belə məqamlarda uzaqgörənlik onların köməyinə, yaxın ətrafınınsa rəğbətinə səbəb olur. Müasir münəccimlərin ən etibar etdiyi və inandığı Alan Leo bildirir ki, əgər lazımınca qiymətləndirilmirsə, «Balıqlar» öz istedad və qabiliyyətlərini qəlblərində saxlayır, heç vaxt büruzə vermirlər.
Bu bürcün sakinləri yaxşı sirr saxlamağa, anlaşılmaz situasiyalardan asanlıqla qurtulmağa qabildirlər. Onlar sevimli və zərif olduqları kimi, narahat və hövsələsiz də olurlar. Orta əsrlərdə bu adamları bəxti gətirməyənlər, yaxud da ikili həyat yaşayan adlandırırdılar. Belələri öz talelərilə tez barışır və «yəqin belə də olmalıymış» düşünürlər. «Balıqlar» üçün ən təhlükəli məqam öz səlahiyyətlərini başqalarına həvalə edərkən yaranır. Bəzən bu, onların həyatı bahasına başa gəlir, talelərinə qüssə və bədbəxtlik gətirir. Odur ki, «Balıqlar»a özlərinə böyük inam bəsləmələri məsləhət görülür.
Həssas və zəif «Balıqlar» magik təsirə məruz qalan bürcdür. Buna baxmayaraq, onlar fövqəltəbii varlıqlara meylli olurlar. Amma bu işlərlə məşğul olmaq onlara məsləhət görülmür. Əks halda fəlakətlə, xəstəliklərlə üzləşə bilərlər. Onlar müdafiəsiz və dözümsüz olur, bəzən problemlərini özləri həll etmək istəyirlər. Öz düşmənlərindən intiqam almaq üçün magiyadan istifadə edir və nəticədə bundan yalnız özləri əziyyət çəkirlər. «Balıqlar» həm də tez-tez maraqlı yuxular görür, lakin bu yuxuları şərh edə bilmirlər. Əgər onlar inadkar şəkildə fövqəltəbii varlıqlarla, mərasimlərlə məşğul olmaq istəyirlərsə, onlara "Əqrəb" və ya «Buğa» müttəfiq ola bilər. Onların birlikdə böyük uğurlar qazanması mümkündür.
Yer kürəsində bu bürclər qədər haqqı tapdanan, get-gələ salınan yoxdur. Hətta bəzən buna görə onlarda hamıya qarşı inamsızlıq hissi baş qaldırır. Apardığımız müşahidələrə görə, Balıqlar bürcündən olan adamların ürəyində daimi bir «dağ» olur və bu «dağ» zaman-zaman onları üzüntülərə məruz qoyur. Hətta bir çox hallarda bu bürcün sakinləri həmin «dağ»ın ucbatından ya olduqca gec evlənir, ya da ömürlərinin sonuna qədər subay qalırlar.
Qədim zərdüştilik astrologiyasında «Balıqlar»ın taleyini iki dövrə bölürdülər. Kahinlərin qənaətincə, bu adamlar ən əziz simsarlarından birini itirir və bununla da onların taleyində ikinci dövr başlayır, böyük dəyişikliklər baş verir.
Elə güman etməyin ki, haqqında yazdığımız bürcün xarakteristikası yalnız bədbin notlar üzərində köklənib. Əslində, əyləncəyə həvəsinə, yumor hissinə, mehriban ünsiyyətinə və sadiqliyinə görə onlar həmişə seçilirlər.
Peşə yönümləri
Bu bürc altında doğulanlara hələ qədimlərdən ağır işlərdə işləməyi məsləhət görmürdülər. Peşəkar münəccimlər Balıqlar bürcündən olan adamlara daha çox yaradıcı fəaliyyətlə, incəsənət və ədəbiyyatla məşğul olmağı məsləhət görürdülər. Müasir dövrümüzdə isə onlar həm də siyasətlə, elmi fəaliyyətlə, texnologiya ilə məşğul olur, yüksək artistlik bacarığı ilə minlərlə, milyonlarla insanın diqqət mərkəzində olurlar.
Məşhur «Balıqlar»: Corc Vaşinqton,
Çarlz Darvin, Əbdürrəhim Bəy Haqverdiyev, Musa Nağıyev, Əlibəy Hüseynzadə, Süleyman Rüstəm, Fərman Kərimzadə, Bəşir Səfəroğlu, Mustafa Mərdanov, Əlağa Kürçaylı, Mövlud Süleymanlı, Şəmsi Bədəlbəyli, Vaqif Mustafazadə, Çak Norris, Süleyman Ələsgərov (bəstəkar), İmam Mustafayev, Elmira Qafarova, Viktor Yuşşenko, İsa Qəmbər...
Müəllif: Səbuhi Rəhimli