Ulduzlar sistemində üçüncü yeri tutan Əkizlər bürcü təxminən mayın 22-dən iyunun 21-nə qədər olan dövrü (31 günü) əhatə edir. Ünsürü hava, planeti Merkuri, xoşbəxt rəqəmi 3, 5, 12, 18, düşərli günü çərşənbə, bazar, düşərsiz günü cümə axşamı, astroloji rəngi bənövşəyi, boz, açıq-sarı, narıncı, uğursuz rəngi yaşıl, qiymətli daşı əqiq, dağ kristalı, metalı qızıl, gümüş, enerji verən çiçəyi marqaritka, lalə, jasmin, nərgiz, müxalif bürcü isə Oxatandır.
Əkizlər bürcü Göy qübbəsində 524 kvadrat dərəcəlik sahəni tutur. Ona adi gözlə görünən 70 ulduz daxildir. Kastor və Polluks ulduzları isə daha parlaqdır. Səmanın şimal yarımkürəsində yerləşən Əkizlər bürcü digər zodiak işarələrindən yüksəkdə durur.
Bu bürcün planeti olan Merkuri astronomik hesabla birinci yeri tutur. Onu qədim Roma Allahı Merkurinin şərəfinə belə adlandırıblar. Bu planet ticarət və alış-veriş işlərinə böyük təsir göstərir, eləcə də idmanın inkişafında əhəmiyyətli rol oynayır. Qədimlərdə Merkurini həm də ölmüş insan ruhlarının və yeraltı aləmin hakimi hesab edirdilər. Onun radiusu 2440 km, elementi torpaq, tərkibi quraqlıq, xarakteri isə şöhrətpərəslikdir.
Əkizlərin xarakterik keyfiyyətləri
Hazırda Göy qübbəsinə hakim kəsilən bu bürc altında dünyaya gələn adamlar ilk növbədə müşahidəçilik qabiliyyəti ilə seçilirlər. Onlar başqalarının informasiyalarından daha çox öz intuisiyalarına inanırlar. Bu bürcün sakinləri dünyanı olduğu kimi deyil, öz xəyallarındakı kimi təsəvvür edirlər. Məhz bu səbəbdən də əksər hallarda ömürləri boyu reallıqdan kənarda qalır, mürəkkəb prosseslərdə özlərini itirirlər.
"Əkizlər«in ən böyük qüsuru ikili fikrə malik olmalarıdır. Belə ki, onlar lazımi məqamda qərar çıxarmaqda çətinlik çəkirlər. Bəzən hətta son ana qədər baş verən məsələyə münasibət bildirməkdən də çəkinirlər. Əlbəttə ki, bundan əvvəl haqqında yazdığımız Buğa bürcünün sakinləri də öz fikirlərini son məqamda deyirlər. Lakin birincilərdə bu addım təmkinlə, uzaqgörənlikdən irəli gəlirsə, ikincilərdə səriştəsizlikdən və qətiyyətsizlikdən doğur. Yəqin elə bu səbəbdən də bəzi münəccimlər belələrinin etibarlı dost olmadığını israr edir.
»Əkizlər" nadir hallarda zəmanədən şikayətlənirlər. Onların əsas gileyi yalnız insanlar olur. Əgər belə tanışlarınız varsa, yəqin ki, dediklərimizi təsdiqləyərsiniz. Bu zodiakın nümayəndələri həmişə narahat görünürlər. Bəzən hətta cəmiyyətdən təcrid olunub ağır güzəran da keçirirlər. Lakin gələcəyə romantik inam həmişə onlarda yarana biləcək ruh düşkünlüyünün qarşısını alır. Bu bürcdən olan adamlar özləri haqda az və ya yalnız yanlış informasiya verirlər. «Gözümlə görməsəm, inanmaram» ifadəsi də məhz onlar üçündür. Çünki "Əkizlər«i danışıq və məsləhətlə yola gətirmək nadir hallarda baş tutur. Bu şəxslər təcrübələri olmayan heç bir prosesə inanmırlar. Çevik və aktiv olan „Əkizlər“ başladıqları işi axıra çatdırmağa meylli olsalar da, bu istək çox vaxt reallaşmır. Münəccimlər hesab edir ki, bu zodiak işarəsi altında dünyaya gələnlərin qəlbində böyük mərhəmət və xeyirxahlıq hökm sürür. Sadəcə olaraq, bunu üzə çıxarmaqda çətinlik çəkirlər. Bəzən ömürlərinin sonuna qədər sadaladığımız bu mühüm keyfiyyətləri büruzə verə bilmirlər. „Əkizlər“ tənhalıqdan çox qorxurlar (axı onlar bir nəfər deyil — S.R.). Çox vaxt belə hallardan üzülüb özlərinə qəsd də edirlər.
Karmaya görə, hava işarəsi olan „Əkizlər“ kommunikasion əlaqəni təcəssüm etdirir. O, əlaqə, informasiya və kibernetikanı idarə etdiyindən müasir sivilizasiyada olduqca vacib rol oynayır. Beləsi üçün daha çox hər hansı informasiyanı səthi şəkildə qavramaq və dərhal da başqasına ötürmək xarakterikdir. Onun bu qədər qeyri-dəqiq olmasının müsbət tərəfləri də var. „Əkizlər“ insanı mahiyyətə varmadan aralaşdırıb, səthə çıxararaq bir növ ruhi əzabları yüngülləşdirir. Bununla da yeniləşməyə səbəb olur.
Ali Əkizlər hər hansı bir məsələnin mahiyyətinə varmaqla məşğuldur. Bunu sözün əsl mənasında onların məşğul olduqları sahənin fələsəfəsi də adlandırmaq olar. Hər bir elmdə və ya insan fəaliyyəti sferasında müəyyən qanunlar var ki, bunlar da elmi yox, daha çox mistik xarakter daşıyır. Ali Əkizlər məhz bu qanunları kəşf etmək üçün Yer kürəsinə göndərilir. Beləsi dinin və fəlsəfənin sintezini yaratmağa çalışmalıdır.
»Əkizlər«in diqqətini cəlb etmək üçün həmişə yüksək əhval-ruhiyyədə olmaq lazımdır. Onlar daxili aləmini sonacan dərk etmədikləri, sirli, qeyri-adi insanları sevirlər. Unutmaq olmaz ki, „Əkizlər“ hər şeylə maraqlanır, fantaziyaları sevirlər. Onlar məşhur insanları, parlaq söhbətləri və əyləncələri olan cəmiyyətə çıxmaq istəyirlər.
Bu şəxslərə xas olan uzaqgörənlik və ehtiyatlılıq heç də özünü həmişə doğrultmur. Bunlar bir-birilə mübarizə apara, hər iki tərəfə kömək edə və ya aranı qızışdıra bilərlər. Onlar məhz bu cür xarakterə qadirdirlər. Onlar hətta „yayda qar da tapa bilərlər“. Hər işi bacarmalarına baxmayaraq, „Əkizlər“in intim əlaqədəki cəhdləri uğursuzluqla nəticələnir.
Qadın-Əkizlər çoxlu açarları olan vəzifəli şəxslərə qarşı xüsusi ehtiras bəsləyirlər: bu vəzifəli şəxs bank direktoru, türmə rəisi və s. ola bilər. Bu cür insanlar rəhbər orqanlara keçdikdən sonra çətinlikləri bəhanə gətirərək, öz tərəf-müqabillərini „soymaqla“ məşğul olurlar.
Kişi-Əkizlər isə bu cür haqsızlığa dözə bilmir, bunun qarşısını almaq üçün əllərindən gələni edirlər.
Bu bürcə aid insanlar istənilən mühitdə uğur qazana bilərlər. Lakin əminliklə demək olar ki, onlar heç bir sahəni mənimsəmirlər. Onların karyera qurmaq üçün ən yaxşı şansı musiqidə, ələlxüsus da ədəbiyyat sahəsində olur. „Əkizlər“ maliyyə və kapitalla rəftar etməyi bacarmırlar. Buna görə də pulla bağlı problemlər az qala bütün ömürləri boyu onları təqib edərək çoxlu sıxıntılara, hətta ailə qalmaqallarına da səbəb olur. Onların fəaliyyət göstərməsi üçün nisbətən uğurlu mühit radio, televiziya və dilçilikdir. Həmçinin kapital qoymaq üçün onların ən uğurlu sahəsi kağız istehsalıdır.
Bir şeyi də nəzərinizə çatdıraq ki, barəsində yazdığımız bürcün qadınları əzmkarlıq, zəhmətkeşlik baxımından heç də kişilərdən geri qalmırlar. Müasir astrologiyaya görə, Əkizlər və Oğlaq bürcünün qadınları evlilik həyatında ailə başçısı missiyasını öz üzərlərinə götürürlər. Bəzən də ailəsini təkbaşına dolandırırlar.
Ümumiyyətlə, „Əkizlər“in müəmmalı cizgiləri çoxdur. Bəzən onların halı xarab olanda ətrafdakıların ovqatını səbəbsiz yerə korlayır, müəyyən vaxtdan sonra buna görə təəssüflənib üzr istəyirlər. Fikirlərini konkret bir məsələ üzərində cəmləşdirə bilməyən „Əkizlər“ bəzən nəyisə təhlil edir, hərtərəfli aydınlaşdırır, sonra isə bunu yarımçıq qoyub başqa bir işə girişirlər. Bu xüsusiyyət isə onları başqalarından üstün göstərə bilmir. Bu adamlarda nəzakət və mülayimlik az olur. „Əkizlər“ hətta sevəndə də qısqanclıq və çığır-bağır səhnələrinə davam gətirməkdənsə, qaçmağı vacib sayırlar. Onlar öz hisslərini çox ustalıqla gizlədə bilirlər. Bu işarə altında doğulanların sevgisini qazanmaq üçün əvvəlcə özünüz onlara məhəbbətinizi bildirməlisiniz. Çünki „Əkizlər“ öz sevgisini heç vaxt etiraf etməyəcək, səylə öz hisslərini gizlətməyə çalışacaqlar. Onlar evlilik həyatında, ailədə uşaqları çox sevir, amma onlara qarşı o qədər də diqqətli olmurlar.
Bu bürc altında dünyaya gələn adamlar ən müxtəlif peşə qabiliyyətlərinə malik olurlar. Müasir dünya astrologiyası „Əkizlər“dən bacarıqlı vəkil, ticarətçi, katib, hüquqşünas, müəllim, səyahətçi, natiq, filosof, siyasi vasitəçi, bəzənsə fırıldaqçı və oğrular yetişdiyini bildirir. Amma bütün dövrlərin nücum elmi birmənalı qaydada bəyan edir ki, Əkizlər bürcünə şamil edilənlər daha çox mətbuat işçisi kimi yararlı olurlar. Çünki bu adamlar qədər informasiyanı tez qəbul edənlər yoxdur. Çox güman ki, məmləkətimizdə çıxan qəzetlərdə fəaliyyət göstərən „Əkizlər“ digər həmkarlarına nisbətən daha fəaldır.
İdarəedici „Əkizlər“ isə yaradıcı, oyun qaydalarını yaxşı bilən, bəzi hallarda isə hiyləgər olurlar. Ona tabe olanlara mütləq sərbəstlik lazımdır. Bu rəhbərlə şəxsi münasibətləri dərinləşdirmək məsləhət deyil. Yoxsa öz problemlərinizlə onda sizə qarşı ikrah yarada bilərsiniz. Rəhbər „Əkizlər“lə ehtiyatlı olmağınız da vacibdir. Çünki o, kənar təsirlərə tez uyur, işçiləri haqqında deyilən hər yalana inanırlar. Bu səbəbdən də karyeraya yetişmək istəyirsinizsə, öz giley-güzarınızı bir tərəfə atıb yalnız fəaliyyətlə məşğul olmalısınız. Yaxşı olar ki, müdirinizə yeni ideyalar verəsiniz. Amma yumor hissinizi də dondurmamalısınız.
Məşhur „Əkizlər“: Qasım Bəy Zakir, Mirzə Şəfi Vazeh, M.Ə.Sabir, Qaçaq Ќəbi, Məmməd Arif, Möhsün Sənani, Hökumə Qurbanova, Mikayıl Müşfiq, Vaqif Səmədoğlu, Hamlet Xanızadə, Xuraman və Fidan Qasımovalar, Hacı Xanməmmədov, Ќiyaməddin Musayev, Ömür Ќağıyev, Afaq Məsud, Amaliya Pənahova, İsa Hüseynov, Bəsti Cəfərova, Hacağa Abbasov, Eldar Rzaquliyev, Ќazim İmanov, Söhrab Tahir, Mehdi Məmmədov, Habil Əliyev, İlyas Əfəndiyev, Asim Mollazadə, Ramiz Fətəliyev, Gülyanaq Məmmədova, Oqtay Mirqasımov və b.
Müəllif: Səbuhi Rəhimli