Buğa bürcünün xarakteri

Buğa bürcünün xarakteri

Qədim Babil münəccimləri Buğa bürcü altında dünyaya gələnləri varlı və öz mənafeyini hər şeydən üstün tutan adamlar adlandırırdılar. Əgər bundan əvvəl yola saldığımız Qoç bürcü cəmiyyətdə və siyasi həyatda gərginlik yaradırdısa, Buğa bürcünün Göy qübbəsinə hakim kəsildiyi dövr nisbətən sabit keçir. Münəccimlərin qənaətlərinə görə, Buğa bürcünün əhatə etdiyi məqamlarda hava mülayim və sakit keçir. Bu isə haqqında yazdığımız Zodiak işarəsinin təmkinliliyi ilə əlaqədardır. Torpağa bağlı olan Buğa bürcündə müəmmalı cəhətlər çox olduğundan hələ də onun xarakteri tamamilə aşkar olunmayıb. Müşahidələr göstərir ki, təbiətin ən gözəl çağına təsadüf edən Buğa bürcü həm də toy-nişanla zəngin keçir.
«Qoç»la müqayisədə Buğa bürcünün əhatə etdiyi dövr kifayət qədər sakit olur. Haqq-ədalətin, tapdanmış hüquqların bərpası, kəskin qarşıdurmaların sonuclanması da məhz bu ərəfəyə təsadüf edir. Hesablamalar göstərir ki, Buğa bürcünün yalnız 1-ci dekadası (21-30 aprel) insanlar üçün təlatümlü keçir, qalan dekadalarda isə həqiqət üzə çıxır, müəmmalı hadisələrə aydınlıq gəlir. Müasir dünya münəccimlərinin qənaətincə, cinayət işlərinin ən çox açılması da məhz bu zodiakın əhatə etdiyi müddətə düşür.
Amma Buğa bürcü məmləkətimiz üçün o qədər də əhəmiyyətli deyil. Çünki sənayedə, elm və təhsildə nə qədər uğurlarımız olsa da, hərbi zəmində zaman-zaman yalnız məğlubiyyətlərlə üzləşmişik. Bu səbəbdən də hər dəfə «Buğa»nın təmkinini pozmamalı, onun nazıyla oynamalıyıq.
Ulduzlar sistemində ikinci yeri tutan Buğa bürcü təxminən aprelin 21-dən mayın 21-nə qədər olan dövrü (32 günü) əhatə edir. Ünsürü torpaq, planeti Venera, xoşbəxt rəqəmi 6 (6-ya bölünən bütün rəqəmlər), uğurlu günü cümə, uğursuz günü çərşənbə axşamı, astrolji rəngi ağ, yaşıl, narıncı və yasəməni, qiymətli daşı isə brilliyant, opal və Ay daşıdır. Bu zodiak Göy qübbəsində təqribən 800 kvadrat dərəcəlik sahəni əhatə edir. Onun tərkibində 230-dan artıq ulduz var və onlardan yalnız 25-ni adi gözlə görmək mümkündür. Buğa bürcündə parlaq ulduzlar, eləcə də iki böyük ulduz toplusu var.
Buğa bürcünün planeti olan Venera astronomik hesabla ikinci yeri tutur. Yəqin çoxlarınız bu planetin Dan ulduzu adlandırıldığını da bilirsiniz. Çünki Venera, Günəş və Aydan sonra yerdən görünən ən parlaq obyektdir. Qədim romalılar onu sevgi, gözəllik və izdivac ilahəsi Veneranın şərəfinə belə adlandırıblar. Bu planetin radiusu 6050 km, elementi hava, tərkibi istilik, xarakteri isə hakimlikdir. Müasir astrologiyada artıq üç ildir ki, Yerin təbii peyki olan Ayı da Buğa bürcünün himayədarı kimi qələmə verirlər.


Bu Zodiak işarəsi altında dünyaya gələn adamlar ilk növbədə yüksək qabiliyyətləri və əməksevərlikləri ilə diqqəti cəlb edirlər. Onlar hətta mənasız görünən məsələlərdə də ciddi nüanslar tapırlar. Güclü yaddaş, özünə inam, dəqiqlik, hədsiz təmkin bu adamların ən mühüm keyfiyyətlərindən hesab olunur. Belələri ətrafda cərəyan edən hadisələrə tələsik reaksiya vermir, hətta hər şey aşkarlansa belə, fikir bildirməyə tələsmirlər. Hər bir məsələdə vaxtı uzatmağı sevən «buğa»lar nadir hallarda yanılırlar. Onların qapalılığı ünsiyyətdə olduğu adamlarda ikrah hissi doğursa da, ciddi görkəmləri və yüngüllükdən uzaq olmaları münasibətlərin korlanmasına mane olur.
«Buğa»ların nə düşündüyünü və hansı addımlar atacağını öyrənmək çox çətindir. Çünki bu bürcün sakinləri ən yaxın simsarlarına belə sirr vermir, gələcək perspektivlərini hamıdan gizlədirlər. Riskdən uzaq olan bu adamlar adətən tələsmir, hər şeyi öz axarında həll etməyə çalışırlar. «Buğa»lar o qədər dözümlü olurlar ki, bəzən onların hər şeydən məhrum olduğunu zənn edirlər. Lakin gərgin situasiyalardan elə ustalıqla çıxırlar ki, hamı inanılmaz dərəcədə təəccüblənir.
buğa bürcü (Taurus)Bəri başdan nəzərinizə çatdıraq ki, bu bürcə aid olanlar ən darıxdırıcı insanlardır. Onların öz həmsöhbətləri ilə ünsiyyəti yalnız Miriş demişkən, «Salam. Sağ ol» çərçivəsindən çıxmır. Əgər siz bir kişi ilə tanış olarkən cəmi beş dəqiqə sonra onunla söhbətdən bezirsinizsə, çox ehtimal ki, yeni tanışınız Buğa bürcündəndir.
Orta əsr münəccimlərinin qənaətincə, Qadın-buğalar çox tamahkar olur, ən gözəl, ən yaraşıqlı oğlanları ovsunlamağa çalışırlar. Ümumiyyətlə, bu adamlar həddindən artıq xidmət göstərən olur, işlədikləri müəssisənin şərəfini qaldırmaqdan və müəssisə rəhbərəni razı salmaqdan böyük zövq alırlar.
«Buğa»larla yaxşı ünsiyyət yaratmaq üçün onların xarakterinə uyğun davranış nümayiş etdirmək lazım gəlir. Hər hansı yumor, yüngül hərəkət, çılğınlıq və ya yalançı meyllər ağır nəticələr verə bilər. Bizim leksikonda işlədilən «yerəbaxan» sözünü haqqında yazdığımız zodiaka şamil etsək, heç də yanılmarıq. Lakin onların sakitliyini fağırlıq və ya qorxaqlıq kimi qəbul etmək də səhv olardı. Çünki onlara «sataşmaq» çox təhlükəlidir. Ən azı ona görə ki, belələri hiddətlənəndə mütləq qisas alırlar, hətta 20 il keçsə də.
«Buğa»ların nəyə maraq bəslədiyini bilmək kiməsə nadir hallarda müyəssər olur. Məktəb illərində heç vaxt qabaqcıl şagird olmasalar belə, bu, heç də onların passiv oxumasına dəlalət eləmir. Hər şeyə qiymət verən «buğa»lar qənaəti sevir, yığımcıl olurlar. Hətta həddi-buluğa çatmamış övladlarında bu qabiliyyəti görən valideynlər öz «qaraqabaq» uşaqlarının gələcəyinə ümidlə yanaşırlar. Yeri gəlmişkən, nəzərinizə çatdırırıq ki, Buğa bürcü altında doğulan hər kəs — istər qadın olsun, istərsə də kişi — gözəl aşbazlıq qabiliyyətinə malik olurlar.

Yəqin çoxlarınız bilmirsiniz ki, bürclər arasında ən varlısı da məhz «buğa»larla «oxatan»lardır. İkincilər var-dövlətə əziyyətləri və dostlarının köməyi ilə çatırlarsa, birincilər buna bəxtləri və ağılları hesabına yetişirlər. Onlar özlərindən və ailələrindən daha çox başqalarının mənafeyini təmin etməyə üstünlük verirlər. Bu bürcdən olanlarda bir qədər hiyləgərlik də var. Lakin onlar bunu yalnız lazımi məqamda icra edirlər. Məsələn, öz ideyalarının obyektiv olduğuna valideynlərini inandırmaq, münasibətləri soyuqlaşan iki şəxs arasında sülh yaratmaq üçün biclik işlədirlər. O ki qaldı «buğa»ların sevgisinə, bu barədə bəzi incə nüansları nəzərinizə çatdırmaq istərdik. Öncə qeyd edək ki, «buğa»lar sevgidə çox tələbkardır. Hər nə istəsən, etməyə qadirdilər. Amma bunun əvəzini də görməyə çalışırlar. Cüssəli, qamətli, qəşəng görkəmli «buğa»ların məhəbbətini qazanmaq istəyirsinizsə, əvvəlcə özünüzə fikir verin. Çünki onlar sevdiyi adamı gözəl və yaraşıqlı görmək istəyirlər. Siz dəbə uyğun, zövqlə geyinməyi bacarmalısınız. Ehtiraslı «buğa»nı intim əlaqələrdə də razı salmaq çox çətindir. Siz məhəbbətin bütün sirlərinə yiyələnməlisiniz. Əks halda, onlar sizə qarşı bütün maraqlarını itirəcəklər.
Hələ qədimlərdə bu bürc altında dünyaya gələnləri hakimiyyətə iddialı hesab edirdilər (2-ci Yekaterina, 2-ci Nikolay, Karl Marks, Mustafa Kamal Atatürk, Vladimir Lenin, Heydər Əliyev, Ayaz Mütəllibov, Səddam Hüseyn və başqaları). Onların ticarət sahəsində məşhurlaşacağını da bildirirdilər. Lakin «buğa»lar səyyah, incəsənət xadimi və icmalçı kimi də məşhurlaşırlar. Bu adamlar daha çox rəhbər vəzifələrdə çalışırlar. Çünki Buğa bürcünün sakinləri digərlərinə nisbətən idarəetmə funksiyasını mükəmməl bilirlər.

Məşhur «buğa»lar: 2-ci Nikolay, Lenin, 2-ci İohann Pavel, Karl Marks, Sirus Təbrizli, Sabir Rüstəmxanlı, Uilyam Şekspir, Rabindranat Taqor, Al Paçino, Anatoli Karpov, Adil İskəndərov, İsmayıl Osmanlı, Əjdər İbrahimov, Həsənağa Turabov, Həsən Əbluc, Məhluqə Sadıqova, Səid Rüstəmov, Rəsul Rza, Ətayə Əliyeva, Kamal Xudaverdiyev və başqalarıdır.
Müəllif: Səbuhi Rəhimli
Həmçinin bax: Buğa bürcünün xarakteri; Buğa bürcünün xüsusiyyətləri
Top