Balıqlar bürcü

Balıqlar bürcü

Baharın gəlişi Günəşin BALIQLAR bürcünə daxil olması ilə əlamətdardır. BALIQLAR bürcü hələ Qədim Şərqdə məlum idi. Əfsanələrdən birində deyilirdi ki, gözəllik ilahəsi Afrodita və onun oğlu Erot öldürülməmək üçün çaya atılmış və dönüb balıq olmuşlar.
Qədim yunan astronomları göydə iki xəyali balıq görürdülər. Bunlar şimalda Erot, cənubda Afrodita idi.
Yaxın Şərq məbədlərində lap qədim vaxtlardan BALIQLAR üçün hovuzlar düzəldirdilər. Babillilər isə balıqda yalnız qüvvət və müdriklik deyil, həm də adamlara şəfa vermək qabiliyyəti görürdülər. Balıq fiqurlarından şəfaverici sehrlərdə istifadə olunurdu.
BALIQLAR bürcü səmada 900 kvadrat dərəcəlik sahəni tutur. Həmin bürcdə adi gözlə görünən 75 ulduz vardır. Lakin parlaq ulduzlar yoxdur. Hətta bürcün əsas ulduzu sayılan alfa dördüncü ölçülü ulduzdur. Alfa ulduzunun dövrəsində Peqas «Kvadratını» cənubdan və şərqdən əhatə edən zəif ulduzlar silsiləsi yerləşir.
Alfa ulduzu ərəbcə «əl-Riştə» («kəndir») adlanır. Əl-Riştə BALIQLAR bürcünün yeganə maraqlı müşahidə obyektidir. Səthinin temperaturu 10 min dərəcə olan bu mavi isti ulduzu durbinlə görmək mümkündür.
İndi yaz gecə-gündüz bərabərliyi nöqtəsi BALIQLAR bürcündədir. Günəş bu bürcdən martın 21-də keçir. 2000 il əvvəl həmin nöqtə Qoç bürcündə idi. BALIQLAR bürcü demək olar bütünlüklə səmanın şimal yarımkürəsindədir.
Astroloqlar belə hesab edirdilər ki, BALIQLAR işarəsi altında dünyaya gələn adamlar Neptun planetinin himayəsi altındandılar. Onların fikrincə, Neptun planeti bu adamlarda incə intuisiya, kövrəklik, vicdanlılıq kimi keyfiyyətlər yaradır. BALIQLAR emosional, alicənab, eyni zamanda qətiyyətsiz və zəif iradəli sayılırdılar.
Qədim Babildə astroloqlar onlara aktyor, şair, dənizçi peşələrini seçməyi məsləhət görürdülər. Qədim insanlar ay daşini, çiçəklərdən isə novruzçiçəyini balıqlar işarəsi ilə eyniləşdirirdilər. əqrəb və xərçəng işarələri altında doğulanlarla nikah bağlamağı tövsiyə edirdilər.

Top