Dolça bürcü

Dolça bürcü

Bu bürc saysız-hesabsız əfsanələrlə, ulduzlara aid əsatirlərlə bağlıdır. Qədim xəritələrdə və atlaslarda DOLÇA bürcü əlində içərisindən şırıltı ilə su axan kuzə tutmuş adam şəklində təsvir edilirdi. Görünür, bu rəmz ilin fəslinin konkret əlamətlərini əks etdirirdi: Günəş bu bürcə bahar yağışları başlandığı, dağlarda qar əridiyi vaxt, daşqın mövsümündə daxil olurdu. DOLÇANIN rəmzi sayılan su qədim xalqların təsəvvüründə hər şeyin həm əvvəli, həm də axırı idi. Təsadüfi deyildir ki, bir sıra miflərdə DOLÇA bürcünü ümumdünya tufanı haqqında rəvayətlə bağlayırdılar.
DOLÇA böyük və mürəkkəb bürcdür. III, IV, V ölçülü ulduzlardan ibarətdir. Demək olar bütünlüklə Cənub yarımkürəsindədir, səmada 980 kvadrat dərəcəlik sahəni tutur. DOLÇA bürcündə gözəl planetlər dumanlıq yerləşir. DOLÇA bürcünə daxil olan 90 ulduzu adi gözlə müşahidə etmək mümkündür. Lakin onların arasında çox parlaq ulduz yoxdur. Ən parlaq ulduz «Səadəlməlik» («hökmdarın səadəti») adlanır.
DOLÇA bürcündə astronomik müşahidələr üçün iki nadir obyekt vardır. «İlbiz» planetar dumanlığı səmada ən parlaq, ən böyük dumanlıqdır. Onu temperaturu 130 min dərəcə olan ifrat isti ulduz işıqlandırır. DOLÇA bürcünün ikinci müşahidə obyekti 2 nömrəli kürəvi ulduz toplusudur.
Qədim astroloqlar deyirdilər ki, DOLÇA işarəsi altında dünyaya gələn adamlarda qədim həm müsbət, həm də mənfi keyfiyyətlər olur. DOLÇA müstəqildir, xeyirxahdır, dəyişikliklərə can atır, lakin dəlisov və nəzakətsizdir. Astroloqlar DOLÇA işarəsi altında dünyaya gələn adamlara alim, astronom, döyüşçü olmağı məsləhət görürdülər. Bundan əlavə, onlar ametistdən bəzək şeyləri taxmalı idilər. dolça bürcünün rəmzi səhləb çiçəyidir.
Top