Misir astroloqları OXATAN bürcündə ikibaşlı (bir başı insan, o biri başı şir), qanadlı, ox-kamanlı kentavr görürdülər. Şumer-akkad mifologiyasının rəvayətlərində OXATAN səadət və firavanlıq gətirən bürc sayılır. Kentavrların ən məşhuru Xiron idi. Başqalarından fərqli olaraq o, müdrik, adil və xeyirxah idi. Xiron incəsənət, musiqi, ov və təbabət bilicisidir. Digər yunan mifinə əsasən OXATAN işarəsi kentavr Krotosa məxsus idi. O, insana xas olan bütün qüsurları və hədsiz vəhşiliyi ilə fərqlənirdi.
OXATAN bürcü səmada 867 kvadrat dərəcəlik sahəni tutur, adi gözlə görünən 115 ulduzdan ibarətdir. Ən səciyyəvi ulduzlar ƏQRƏB bürcünə tuşlanmış kaman və ox şəklindədir. Kaman aşağıdakı ulduzlardır: Kaus Borelias (kamanın şimal hissəsi), Kaus Medium (kamanın ortası) və Kaus Australis (kamanın cənub hissəsi). Alfa və beta ulduzları (ənənəyə görə astronomlar bu hərflərlə bürcün ən parlaq ulduzlarını işarə edirlər) zəif ulduzlardır. Məsələn, OXATAN bürcünün alfası Əlrami ancaq dördüncü ölçülü ulduzdur. Qalaktikamızın nüvəsi OXATAN bürcündədir. Bu bürcdə təqribən 10 kürəvi və səpilmiş ulduz toplusu, habelə üç parlaq və iri diffuz dumanlığı: Üçqat, Laquna və Omeqa dumanlıqları vardır. OXATANIN bütün ulduz toplularını və dumanlıqlarını hətta kiçik teleskopla və güclü durbinlə də müşahidə etmək mümkündür.
Babil astroloqları belə hesab edirdilər ki,
OXATAN işarəsi altında dünyaya gələn adamlar təmkinli xarakterə və fəlsəfi təbiətə malikdirlər. OXATAN bir tərəfdən cəsur, digər tərəfdən sərbəst və kobuddur. Sərgüzəşt və macəraları sevir, igidliklər göstərməyə can atır. OXATAN bürcü həyati qüvvə verən YUPİTER planetinin himayəsi altındadır. OXATANLARA alim, siyasi xadim, dənizçi, müəllim olmağı məsləhət görürdülər. açıq qırmızı paltar geyməyi tövsiyə edirdilər. Belə hesab olunmuşdu ki, ad günündə OXATANA payızgülü, habelə yaqut ilə işlənmiş bəzək şeyləri bağışlamaq lazımdır. Münəccimlər deyirdilər ki, OXATANIN ŞİRLƏRLƏ nikahı ən uğurlu, BALIQLARLA nikahı ən uğursuzdur.
Həmçinin bax:
Oxatan bürcü haqqında məlumat