Antik xalqların təsəvvüründə ƏQRƏB mifik və müəmmalı bir böcək idi. Adamların fikrincə, ƏQRƏBDƏ təcavüzkarlıq, məkrlilik, qəfilcillik kimi keyfiyyətlər vardır. Qızıldan, gümüşdən, misdən düzəldilmiş əqrəb fiqurları Finikiya kahinlərinin vacib rəmzi idi. Oktyabrın axırlarında kahinlər onun şərəfinə qurban verirdilər.
Rəvayətə görə Makedoniyalı İsgəndər Orta Şərq yürüşlərindən birində səhrada quru saksaul ağacları arasında sürünən bir əqrəb görübmüş. Böyük sərkərdənin qoşunu yolu azmış, suyu qurtarmışdı. İsgəndər demişdi: «Əqrəbin nişan verdiyi istiqamətdə gedək». Bir neçə saatdan sonra ordu yaşıl vahəyə çıxmış, «Şərqin fatehi» öz xilaskarının şərəfinə orada məbəd tikməyi əmr etmişdi.
ƏQRƏB bürcü göy qübbəsində təqribən 500 kvadrat dərəcəlik sahəni tutur. Bu bürcdə adi gözlə görünən 100 ulduz vardır. Onların arasında parlaq ulduzlar çoxdur. ƏQRƏB bürcünün qırmızı alfa ulduzu Antares səmada nəhəng, parlaq ulduzlardan biridir. Diametri Günəşin diametrindən 750 dəfə böyük, işıqlığı 19 min dəfə çoxdur. O, səmada qırmızı işıq saçaraq Mars planetini xatırladır. Antaresin işığı Yerə 170 ilə gəlib çatır. ƏQRƏB bürcünün beta ulduzu dörd səma cismindən ibarət sistemdir. Onun cənub hissəsində 80 ulduzdan ibarət iki səpilmiş ulduz toplusu yerləşir. Üçüncü ölçülü dzeta ulduzu da maraqlıdır.
Qədim Babil astroloqları belə hesab edirdilər ki, ƏQRƏB bürcü altında dünyaya gəlmiş adamlar çox emosional olurlar. Münəccimlər ƏQRƏBİN müsbət keyfiyyətlərindən zəngin təxəyyülü, qətiyyəti, əzmkarlığı, mənfi keyfiyyətlərindən paxıllığı, qəfilcilliyi, xofluluğu qeyd edirdilər. Qədim insanlar deyirdilər ki, ƏQRƏBDƏ nə isə həyəcanlandırıcı, müəmmalı, diqqəti cəlb edən bir keyfiyyət vardır. ƏQRƏBLƏR gözəl sələmçi, həkim, xəfiyyədirlər. Onlar həm də yaxşı dənizçi və əsgər olurlar, münəccimlər ad günündə onlara rododendron çiçəyi, habelə opal ilə işlənmiş zinət şeyləri bağışlamağı məsləhət görürdülər. Paltar üçün münasib rənglər tünd qırmızı və zoğalı rənglərdir. Astroloqlar ƏQRƏBİN XƏRÇƏNG ilə nikahını ən uğurlu və BUĞA ilə nikahını ən uğursuz nikah sayırdılar.