Çe Qevara azərbaycanlı olsaydı...

Çe Qevara azərbaycanlı olsaydı...

Bir dəfə sosial şəbəkələrin birində, konkret olaraq twitter`də Çe Qevara haqqında bir yazının linkini paylaşıb “Bir Çemiz də olmadı” yazmışdım. Həmin twit`ə müxtəlif cavablar gəldi. Nəsə bu cavablar məni “Çe Qevara azərbaycanlı olsaydı nə olacaqdı?”sualı barədə fikirləşməyə vadar etdi. Nə fikirləşdim, indi onları yazacağam.

Əvvəlcə Çe`nin kimliyi barədə bir neçə kəlmə qeyd edim ki, tanımayanlar da bilsinlər söhbətin kimdən getdiyini. Çe Qevara argentinalı marksist-inqilabçı olmuşdur. Argentinalı olsa da, adı daha çox Kuba ilə əlaqəli çəkilir. Bu da onun Kuba inqilabının rəhbərlərindən biri olması ilə bağlıdır. İnqilabın qələbəsindən sonra isə o, “doğuşdan kubalı” elan edilmişdir.

İndi də Çe`nin inqilab üçün Argentinadan Kubaya yox, Azərbaycana gəldiyini təsəvvür edək. Nə olacaqdı? Elə bir şey olmayacaqdı. Çe Qevara Azərbaycanda inqilab etmək fikrinə düşsəydi, məğlubiyyətə uğrayacaqdı. Niyə? Səbəblər müxtəlifdi. İlk öncə ona görə ki, bizim cəmiyyət qorxaq cəmiyyətdir. Heç kim Çe`yə qoşulmazdı. Bizim insanların inqilab qorxusu bu sözü dilinə belə almamaları həddindədir. İnqilab Azərbaycanda yalnız küçə adı ola bilər. Ondan o yana bir şey yox. Bizim təfəkkürümüz bunu qəbul edəcək qədər deyil. Bizim beynimiz “dövlətlə dövlətlik etmək olmaz” dərəcəsində “inkişaf edib”. İl boyu “sovetin vaxtında gül kimi yaşıyırdıq” deyə təəssüflənib, 20 yanvarda şəhidlər xiyabanına getməyimiz, saç-başımızı yolmağımız bizim mahiyyətimizdəki paradoksdan xəbər verir. Bütün iqtisadi, siyasi, sosial səbəbləri bir qırağa qoyub, “SSRİ-ni yıxan 20 yanvar hadisəsi oldu” deməyimiz bizim düşünmə qabiliyyətimizin hansı səviyyədə olmasını göstərir. Bu paradoksla, bu beyinlə, bu qorxaqlıqla tək Çe Qevara yox, Fidel Kastro da, lap Lenin də azərbaycanlı olsa, biz inqilab edə bilməzdik.

ölməz Çe

Ümumiyyətlə, azadlıq elə bir şeydir ki, o heç zaman tam məhv olmur. Azadlığın özündə bir sərbəstlik var, bir ölməzlik var. Onu nə qədər boğmağa çalışsalar belə o bir yerdən hava tapıb nəfəs alır, yaşayır.  Ən qatı diktator rejimlərində belə müəyyən azadlıqlar olur. Eləcə də bizdə var. Bir müddət əvvəl Fəvvarələr meydanında əsgər ölümlərinə etiraz etmək məqsədiylə bir aksiya təşkil olundu. 2003-cü il hadisələrindən bu yana axır ki, hansısa aksiyada polis sayından çox etirazçı görə bildik. Təsəvvür edin 2500-3000 nümayişçi, cəmi 100-150 (bəlkə daha az) polis və bu qədər nümayişçi polisdən qorxur. Halbuki eyni şeyi fikirləşib, bir nöqtəyə istinad etsələr 10 dəqiqə içərisində o meydanda polis deyə bir şey qalmayacaqdı. Amma nə oldu, 10 dəqiqə sonra etirazçı tapmaq mümkün deyildi artıq. Polis milləti pərən-pərən salmıışdı. Aksiyanın müəyyən hissəsində az sayda qalmış etirazçını dörd-bir yandan çoxlu polis əhatələmişdi. Belə qərara alındı ki, hamı otursun yerə. Elə də etdik. Bu halda heç bir hərəkət olmadığı üçün polis bir şey edə bilməzdi. Bu, bizim həmin o ölməyən azadlığımız idi. Amma birdən bir ərik qurusu dölbeyin ayağa qalxır, onun arxasınca da başqa bir kartof qızartması və daha biri… Beləcə polis yenə işə başlayır. Hərə bir tərəfə qaçır. 1 saat müəyyənləşdirilən mitinq cəmi 15-20 dəqiqə davam edir. Nəticə olaraq biz öz hüququmuzu bilmirik. Vətəndaş polisdən qorxmalı deyil, qorxmamalıdır. Biz bunu dərk etməmişik hələ.

Bu yerdə “bir Çe`miz olsaydı, çox əla olardı” deməyi gəlir adamın. Ən azından təşkilatlanardıq, aramızda nizam-intizam olardı. Daha hansısa dölbeyinə görə dəyənək yeməli olmazdıq.

Bir də Çe`nin Azərbaycana gəlməsində milli mənsubiyyət məsələsi var. Çe bir argentinalıdır, eyni zamanda Kuba inqilabçılarının tərkibində yeganə argentinalıdır, həm də rəhbərdir. Və təsəvvür edək ki, həmin argentinalı azərbaycanda inqilaba rəhbərlik etmək fikrinə düşür. Heç kim ona qoşulmazdı. Hazırda bir aksiya keçirməyə cəhd edənləri, sağ müxalifətimizi “xaricdən maliyyələşir” deyə itiham etməklə  onlara qoşulmayanlar, bir millətcə xariciyəmi qoşulacaqdılar? Yoxsa, “Türkün türkdən başqa dostu yoxdur” deyən cəbhəçilərmi qoşulacaqdı Çe`yə? Yaxud, dildə müxalifətəm deyib, əməlində bunu əks etdirməyənlər, facebook`da aksiya event`lərinə iştirak edəcəyini qeyd edib, amma mitinqə getməyənlərmi qoşulacaqdı Çe`yə? Təbii ki, heç biri. Biz inqilab etmək istəyiriksə, ilk öncə mövcud stereotipləri qırmağı bacarmalıyıq. Elə milli mənsubiyyətdən başlasaq yaxşı olar. Biz inqilab etmək istəyiriksə, “Ümummilli Lider”, “Ulu Öndər” kimi anlayışları silməliyik beynimizdən. Söhbət müxalifətin liderindən, ulu`sundan gedir – Rəsulzadədən. Artıq məndə elə belə fikir formalaşıb ki, bizim millət ümummillisiz, öndərsiz yaşaya bilmir. Lakin onlar dərk etmirlər ki, Heydər Əliyevə “Ulu Öndər” deyənlə, Məmməd Əmin Rəsulzadəyə “Ümummilli Lider” deyən arasında mahiyyətcə heç bir fərq yoxdur. Bu amil isə ölkənin müxaliffikirli insanlarına birləşmək imkanı vermir. Məsələn, biri elə mən. Düşünəndə ki, bir müqəddəsin tərəfdarları getsə və yerlərinə başqa bir bütün tərəfdarları gəlsə heç bir dəyişiklik olmayacaq, onda bu müxalifətə qoşulmağı lazım bilmirəm.

Bəs biz niyə inqilab etməliyik? Azad olmaq üçün. İnqilab üçün ilk öncə düşüncələrimizdə dəyişiklik etməiyik. Beləliklə, əziz doslar,

Sağ sol nə fərqi var ki, deməyin.
Vətən SAĞ olduqca insanlar SOL'ur,
Vətən SOL olsun ki, insanlar SAĞ qala bilsin...

 

 Həmçinin bax: Çe Gevara və Azərbaycan ziyalıları

Top