Elektromaqnit təbiətli qüvvələr. Məlumdur ki, elektrik yükü ilə elektriklənən cisimlər bir-birinə ya cazibə, yaxud da itələmə xarakterli elektrik qüvvəsi ilə təsir edir. Cisimdəki elektrik yükləri bir-birinə nəzərən hərəkət etdikdə isə onlar arasında elektrik qüvvəsindən əlavə, maqnit qüvvəsi də yaranır. Bir-biri ilə sıx rabitədə olan bu qüvvələri ayırmaq qeyri-mümkündür, çünki onların təsiri eyni zamanda baş verir. Ona görə də deyilir ki, elektriklənmiş cisimlər arasındakı qarşılıqlı təsir elektromaqnit təbiətli qüvvələrin təsiri nəticəsində baş verir. Cisimlərin mexaniki hərəkət sürətlərinin dəyişdirilməsinə səbəb olan qüvvələrdən ikisi — elastiklik və sürtünmə qüvvələri də elektromaqnit təbiətli qüvvələrdir.
Elastiklik qüvvəsi elektromaqnit təbiətli qüvvədir. Bilirsiniz ki, istənilən bərk cisim xarici qüvvənin təsiri altında deformasiyaya məruz qalır.
● Deformasiya — xarici qüvvənin təsiri altında cismin öz forma və ölçülərini dəyişməsidir. Deformasiya nəticəsində cismin atom və molekullarının bir-birinə nəzərən yerdəyişməsi baş verir: atomlar arasındakı məsafə ya artır, yaxud da azalır. Belə yerdəyişmə cismin atomlarının müsbət yüklü nüvələri və mənfi yüklü elektronları arasındakı elektrostatik qarşılıqlı təsirləri də artıb-azalır. Nəticədə, cismin deformasiya olunan hissəsini əvvəlki vəziyyətinə qaytarmağa “çalışan” elektromaqnit təbiətli qüvvə — elastiklik qüvvəsi yaranır.
● Elastiklik qüvvəsi — bərk cismin deformasiyası zamanı yaranan və cismin əvvəlki vəziyyətini bərpa etmək istiqamətində yönələn qüvvədir.
Cismə xarici qüvvənin təsiri kəsildikdən sonra o, elastiklik qüvvəsinin təsiri altında öz əvvəlki forma və ölçülərini alarsa, belə deformasiya elastik deformasiya, əksinə, almırsa, plastik deformasiya adlanır.
Deformasiya — gərilmə-sıxılma, sürüşmə, burulma və əyilmə növlərinə görə fərqləndirilir. Cismin gərilmə-sıxılma deformasiyasında onun hissələri arasındakı məsafə dəyişir, sürüşmə deformasiyasında isə bu hissələr bir-birinə nəzərən sürüşür. Əyilmə deformasiyası bərk cismin hissələrinin gərilmə və sıxılma deformasiyalarının, burulma isə sürüşmə deformasiyasının kombinasiyasından ibarətdir.
Huk qanunu. Bərk cismin gərilmə-sıxılma deformasiyası mütləq uzanma və nisbi uzanma adlanan kəmiyyətlərlə xarakterizə olunur.
Burada l0 — bərk cismin başlanğıc, l isə son uzunluğudur, Δl — mütləq uzanmadır. Δl<<l0 olduqda deformasiya elastik xarakterə malikdir, ε-nisbi uzanmadır və o, vahidsiz kəmiyyətdir.
Deformasiyaya məruz qalan cismin halı mexaniki gərginlik adlanan fiziki kəmiyyətlə xarakterizə olunur.
● Mexaniki gərginlik — deformasiya zamanı yaranan elastiklik qüvvəsinin modulunun (Fe) cismin en kəsiyinin sahəsinə (S) nisbətinə bərabər olan fiziki kəmiyyətdir.
Burada σ — mexaniki gərginlikdir. Onun BS-də vahidi paskaldır:
Huk qanununa görə, mexaniki gərginlik kiçik deformasiyalarda nisbi uzanma ilə mütənasibdir.
E — mütənasiblik əmsalı olub Yunq modulu adlanır.
● Yunq modulu — nazik çubuğu iki dəfə dartıb uzatmaq üçün lazım olan gərginliyə bərabər fiziki kəmiyyətdir. O, cismin hazırlandığı materialdan asılıdır və onun da BS- də vahidi paskaldır:
olub çubuğun elastiklik əmsalı və ya sərtliyi adlanır.
Sərtlik — elastiklik qüvvəsi ilə mütləq uzanma arasında mütənasiblik əmsalı olub nümunənin hazırlandığı materialdan və onun həndəsi ölçüsündən asılıdır.
(2.28)-i (2.27)-də nəzərə alsaq, Huk qanununu belə də yazmaq olar:
şəklində də ifadə olunur. Burada x = Δl mütləq uzanmanı ifadə edir, mənfi işarəsi isə elastiklik qüvvəsinin zərrəciklərin yerdəyişməsinin əksinə yönəldiyini bildirir.
Onun BS-də vahidi:
Müəllif: Mirzəli Murquzov,Rasim Abdurazaqov,Rövşən Əliyev
Mənbə: Ümumtəhsil məktəblərinin 10-cu sinfi üçün Fizika fənni üzrə DƏRSLİK