İstilik miqdarı

İstilik miqdarı

Fincandakı ilıq çayı qızdırmaq üçün, adətən, onun üzərinə bir qədər qaynar su əlavə edirik. Bu zaman ilıq çay ilə qaynar suyun temperaturları tarazlaşana qədər onlar arasında istilik mübadiləsi baş verir — mayelərin daxili enerjiləri dəyişir.
  • İstilik mübadiləsi zamanı fincandaki ilıq çay və qaynar suyun daxili enerjisi necə dəyişir: hansı mayenin daxili enerjisi azalır, hansının daxili enerjisi artır? Niyə?
  • Mayenin daxili enerjisinin nə qədər artdığını və ya nə qədər azaldığını təyin etmək olarmı?
Cisimlər arasında istilikvermə ilə baş verən daxili enerjinin dəyişmə prosesi istilik miqdarı adlanan fiziki kəmiyyətlə xarakterizə edilir.
İstilik miqdarı — istilikvermə mübadiləsi zamanı cismin aldığı və ya verdiyi enerjidir.
İstilik miqdarı Q hərfi ilə işarə olunur və BS-də vahidi couldur: [Q] = 1C.
BİLİRSİNİZMİ?
İstilik miqdarının kalori adlanan digər vahidi də vardır. Kalori – 1 q kütləli suyu 1°C qızdırmaq üçün tələb olunan istilik miqdarıdır. Coul ilə kalori arasında münasibət belədir:
                                                          1 kal ≈ 4,19 C.
Kaloridən (və ya kilokaloridən), adətən, ərzağın energetik əhəmiyyətini qiymətləndirmək üçün istifadə olunur. Belə ki, ərzaqda kalorinin miqdarı orqanizmin ondan aldığı enerjinin miqdarı ilə təyin edilir. Orqanizm kalorini ərzaqdakı zülal, piy, karbohidrat kimi tərkib hissələrdən alır.
ARAŞDIRMA
İstilik miqdarı kütlədən necə asılıdır?
Təchizat: laboratoriya stəkanı (300 ml, 2 əd.). kolba (150 ml, 2 əd.), dəliyi olan kolba tıxacı (2 əd.), isti su (500 ml), su (300 q, otaq temperaturunda), laboratoriya termometri (3 əd.).
İşin gedişi:
  1. Kolbalardan birinə 100 q, digərinə 50 q su töküb tıxacla qapayın və laboratoriya stəkanında yerləşdirin,
  2. Termometləri kolbalara daxil edin, 1-2 dəq gözləyin və mayelərin başlanğıc temperaturunu qeyd edin (a).
  3. Laboratoriya stəkanlarına temperaturu 85 — 90°C olan eyni miqdarda isti su töküb termometriərin göstəricilərini müşahidə edin.
Nəticəni müzakirə edin:
  • Kolbalardakı sulara eyni miqdarda istilik verdikdə nə müşahidə etdiniz: hansı kolbadakı su daha sürətlə qızmağa başladı?
  • Eksperimentdən hansı nəticəyə gəlmək olar: verilən mayeni müəyyən temperatura qədər qızdırmaq üçün ona verilən istilik miqdarı nədən asılıdır?
Araşdırmadan məlum oldu ki, eyni vaxtda stəkanlardakı sular eyni miqdarda istilik almalarına baxmayaraq, böyük kütləli su kiçik kütləli suya nəzərən daha az qızır.
  • Verilən cismi müəyyən temperatura qədər qızdırmaq üçün tələb olunan istilik miqdarı bu cismin kütləsindən asılıdır.
Bu o deməkdir ki, müxtəlif kütləli iki cismi eyni temperatura qədər qızdırmaq üçün böyük kütləli cismə daha çox istilik miqdarı vermək lazımdır.
Əks prosesdə də qanunauyğunluq ödənir:
  • Müxtəlif kütləli cisimlər eyni temperatura qədər soyuduqda böyük kütləli cisim ətrafdakı cisimlərə daha çox istilik miqdarı verir.
Hansı halda daha çox istilik miqdarı tələb olunur: eyni kütləli və başlanğıc temperaturları eyni olan (məsələn, t1=18°C) iki sudun birincisini 50°C-yə, digərini 100°C-yə qədər qızdırdıqda?
Əlbəttə, otaq temperaturunda olan suyu qaynama temperaturuna qədər qızdırdıqda daha çox istilik miqdarı tələb olunar. Bu zaman ikinci suyun suyun temperatur dəyişməsi daha böyük olur:
                                           ∇t = t2 — t1 = 50°C — 18°C = 32°C
                                           ∇t = t2 — t1 = 100°C — 18°C = 82°C
  • Cismi qızdırmaq üçün tələb olunan istilik miqdarı həmin cismin temperatur dəyişməsindən asılıdır.
Başlanğıc temperaturları eyni olan hansı cismi eyni temperatura qədər qızdırmaq üçün daha çox istilik miqdarı tələb olunar: 200 q suyu, yaxud 200 q günəbaxan yağını?
Təcrübələr göstərir ki, bərabər kütləli müxtəlif cisimləri eyni temperatura qədər qızdırmaq üçün onlara müxtəlif istilik miqdarı vermək lazımdır. Bu o deməkdir ki:
  • Cismin temperaturunu müəyyən qədər dəyişdirmək üçün tələb olunan istilik miqdarı həmin cismin hazırlandığı maddənin növündən asılıdır.
Beləliklə:
  • Cismi qızdırmaq üçün tələb olunan istilik miqdarı (vəya soyuyarkən ayrılan istilik miqdarı) bu cismin kütləsindən, onun temperaturunun dəyişməsindən və cismin hazırlandığı maddənin növündən asılıdır.
 
 
Müəllif: Mirzəli Murquzov, Rasim Abdurazaqov, Rövşən Əliyev, Dilbər Əliyeva
Mənbə: Fizika 8 Ümumtəhsil məktəblərinin 8-ci sinfi üçün Fizika fənni üzrə Dərslik
Top