Molekulların istilik hərəkəti. Temperatur

Molekulların istilik hərəkəti. Temperatur

Bütün cisimlər atom və molekullardan və təşkil olunmuşdur. Bu zərrəciklər daim xaotik (nizamsız) hərəkətdədir. Hər bir molekulun (və ya atomun) hərəkəti mexaniki hərəkət olsa da, cismi təşkil edən bu zərrəciklərin hərəkəti, əslində, çox mürəkkəbdir. Buna səbəb maddənin
1 sm3 həcmindəki zərrəciklərin sayının çox olmasıdır, məsələn, hesablamalar göstərir ki, suyun 1 sm3 həcmində ≈3,34 · 1022 molekul vardır.
Molekulların bir-biri ilə toqquşması nəticəsində onların hərəkət istiqaməti daim dəyişir. Cisimdəki molekulların sayı çox olduğundan bütün istiqamətlərə hərəkət edən molekulların sayı, demək olar ki, eyni olur. Maddənin (cismin) isti və ya soyuq olması onu təşkil edən molekulların xaotik hərəkət sürətindən asılıdır:
Cismi təşkil edən molekulların xaotik hərəkəti — istilik hərəkətidir.
Cismi təşkil edən molekulların istilik hərəkətinin intensivliyi temperatur adlanan fiziki kəmiyyətlə xarakterizə olunur. Cisimlərin istilik dərəcəsi onların temperaturları ilə fərqləndirilir; məsələn, suyun temperaturu dondurmanın temperaturundan yüksəkdir, dəmirin bərk haldakı temperaturu onun maye halındakı temperaturundan kiçikdir.
Şəkildə təbiət, texnika və məişət hadisələrindəki bəzi temperaturlar verilmişdir.
Molekulların istilik hərəkəti
Eyni cismin, məsələn, soyuq və isti suyun molekulları eynidir, lakin temperaturun dəyişməsi ilə onların xaotik hərəkət sürətləri də dəyişir: isti suyun molekulları soyuq suyun molekullarına nəzərən daha sürətlidir. Bu səbəbdən də isti su molekulları bu suya atılan fərqli maddənin, məsələn, boyaq maddəsinin molekulları ilə daha sürətlə toqquşur. Ona görə də isti suda diffuziya hadisəsi soyuq suya nəzərən daha sürətli baş verir.
Molekulların sürəti yalnız temperaturdan asılıdır?
Müəyyən olunmuşdur ki, normal şəraitdə (p=760 mm civ.süt, və T=273,15K) hidrogen molekullarının orta sürəti 1693 m.san, oksigen molekullarının orta sürəti 425 m/san, karbon qazı molekullarının orta sürəti isə 362 m/san-dir. Göründüyü kimi, eyni temperaturda müxtəlif qazların molekullarının sürətləri müxtəlifdir. Deməli, molekulların orta sürəti yalnız temperaturdan deyil, həm də molekulun kütləsindən asılıdır.
Molekulun sürət və kütləsindən asılı olan fiziki kəmiyyət isə kinetik enerjidir. Müəyyən edilmişdir ki, cismin temperaturu onu təşkil edən molekulların orta kinetik enerjisindən asılıdır.
Temperatur—cismi təşkil edən molekulların orta kinetik enerjisinin ölçüsüdür.
Cismi təşkil edən molekulların orta kinetik enerjisi böyük olduqda onun temperaturu da yüksək olur. 
 
 
 
Müəllif: Mirzəli Murquzov, Rasim Abdurazaqov, Rövşən Əliyev, Dilbər Əliyeva
Mənbə: Ümumtəhsil məktəblərinin 8-ci sinfi üçün Fizika fənni üzrə Dərslik
Top