Cərəyan – müəyyən istiqamətə nizamlanmış hərəkətdir. Cərəyan o zaman yaranır ki, orada nizamlı hərəkət edə bilən zərrəciklər olsun. Məsələn, çayın axması su molekullarının, küləyin əsməsi hava molekullarının, neftin boruda cərəyanı neft molekullarının nizamlı hərəkətidir.
Elektrik cərəyanı elektrik yükünə malik zərrəciklərin nizamlı hərəkətidir.
Maddələr elektrik cərəyanını keçirmə xassəsinə görə fərqlənir: elektrik cərəyanını keçirən və keçirməyən maddələr
Metallar elektriki yaxşı keçirən maddələrdir. Onlarda elektrik cərəyanı atomu tərk edərək sərbəstləşmiş elektronların nizamlı hərəkətidir. Belə ki, metalı batareyanın “+” və “–” qütblərinə birləşdirdikdə sərbəst elektronlar “+” qütbə doğru nizamlı hərəkət etməyə başlayır (a). Bu halda deyilir ki, maddədə elektrik cərəyanı yaranmışdır.
Elə maddələr də vardır ki, onlarda elektrik cərəyanı yaranmır. Bunu araşdırmada müşahidə etdiniz.
Mayelərdə (məhlullarda) elektrik cərəyanı onlarda yaranan müsbət və mənfi ionların istiqamətlənmiş hərəkətləridir (b).
Bilirsinizmi?
- Batareya elektrik cərəyanının mənbəyidir. Onun iki qütbü var: “–” və “+”. “—” qütbdə böyük miqdarda sərbəst elektronlar toplanır, “+” qütbdə isə sərbəst elektronların sayı çox-çox azdır. Ona görə də batareyanın qütblərinə naqillər vasitəsilə lampa birləşdirdikdə elektronlar “+” qütbə doğru nizamlı hərəkətə gələrək elektrik cərəyanı yaradır və lampa işıqlanır.
Müəllif: Mirzəli Murzuqov, Rasim Abdurazaqov, Rövşən Əliyev
Mənbə: Ümumtəhsil məktəblərinin 6-cı sinfi üçün Fizika fənni üzrə Dərslik