Maddələrin istidən genişlənməsi

Maddələrin istidən genişlənməsi

Arif bacısı Aytaca, üzərində yun parçadan ləçəkləri olan çiçək sancaq almışdı. Hədiyyəni bacısına təqdim etmək üçün çantasından çıxardıqda çiçəyin ləçəklərinin əzildiyini görüb məyus oldu. Sancaq Aytacın xoşuna gəldi. O, sancağı Arifdən alıb qaynayan çaydandan çıxan buxarın üzərinə tutdu. Çiçəyin əzilmiş ləçəkləri hamarlanaraq əvvəlki görünüşünü aldı.

 

Maddələrin istidən genişlənməsi
Cismi qızdırdıqda onu təşkil edən əksər molekulların sürəti və ara məsafələri artır – cisim genişlənir. Cisim soyuduqda isə, əksinə, molekulların sürəti zəifləyir. Molekullar arasındakı məsafələr azalır. Nəticədə cisim sıxılır və həcmi kiçilir.
Deməli, cisimlər istidən genişlənmə, soyuqdan sıxılma xassələrinə malikdir.
Müxtəlif maddələrin istidən genişlənməsi və soyuqdan sıxılması fərqlidir. Qazların istidən genişlənməsi bərk cisimlərin genişlənməsindən çox böyükdür (təqribən 1000 dəfə).
Texnikada cisimlərin istidən genişlənmə xassələri ciddi nəzərə alınır. Yay aylarında körpülər, dəmiryol relsləri istidən uzanır, qışda isə soyuqdan qısalır. Bu səbəbdən relslər arasında uzanma – qısalma halları üçün boşluqlar saxlanılır (a).
Maddələrin istidən genişlənməsi
Metal konstruksiyalı körpülərin bir tərəfində həm boşluq saxlanılır, həm də alt hissəsində diyircəklər yerləşdirilir (b). Əgər bu boşluqlar olmasa, metalların istidən genişlənməsi körpüləri dağıdar, dəmiryol relslərini isə əyər.
 

Müəllif: Mirzəli Murzuqov, Rasim Abdurazaqov, Rövşən Əliyev
Mənbə: Ümumtəhsil məktəblərinin 6-cı sinfi üçün Fizika fənni üzrə Dərslik
Top