Maddələrin mühüm xassələrindən biri onun kütləyə malik olmasıdır. Kütlə cismin ağırlıq dərəcəsini ifadə edir. Məsələn, içərisi qumla dolu olan arabacığı yerindən tərpətmək boş arabacığı tərpətməkdən daha çətindir. Çünki dolu arabacığın kütləsi boş arabacığın kütləsindən daha böyükdür. Cismin ağırlığı ondakı maddənin miqdarından asılıdır. Belə ki, cisimdəki maddənin miqdarı nə qədər çox olarsa, o daha ağır olar.
Beynəlxalq Vahidlər Sistemində (BS) kütlə vahidi kiloqram (1 kq) qəbul olunmuşdur. Cisimlərin kütləsi müxtəlif vahidlərlə də ifadə oluna bilər:
1t (ton) = 1000 kq (kiloqram), 1t = 10 s (sentner),
1s =100 kq, 1kq =1000 q (qram).
Kütlə m hərfi ilə işarə olunur və tərəzi vasitəsilə ölçülür.
Kütlə vahidi olaraq platin və iridium ərintisindən hazırlanmış etalon qəbul edilmişdir. Bu etalonun kütləsi 1 kq-dır. Həmin etalon Fransanın Sevr şəhərində saxlanılır. Tərəzilərdə cismin kütləsi bu etalonun surətləri ilə müqayisə edilir.
Cismin kütləsinin birbaşa ölçülməsi qollu tərəzi (b), yaylı tərəzi © və elektron tərəzilər (d) vasitəsilə həyata keçirilir.
Qollu tərəzidən istifadə qaydaları:
- Ölçməyə başlamazdan əvvəl tərəzinin gözləri tarazlıqda olmalıdır. Tarazlıq pozulubsa, yüngül gözə kağız qırıntıları əlavə edilərək tarazlıq bərpa olunur.
- Tərəzidə qeyd olunan yükdən ağır cisim çəkməyin.
- Tərəzinin gözlərinə isti, yaş, çirkli cisim qoymaq, maye dağıtmaq, kağız sərmədən toz səpmək olmaz.
- Kiçik çəki daşları pinset vasitəsilə götürülməlidir.
- Kütləsi ölçülən cisim tərəzinin sol, çəki daşı isə sağ gözünə qoyulur. Çəki daşı ağır gələrsə, o, futlyara (qutuya) qaytarılır, yüngül gələrsə, saxlanılır. Sonra tərəzinin gözləri tarazlaşana qədər daha yüngül daşlar əlavə olunur.
- Sonda tərəzidəki çəki daşlarının ümumi kütləsi toplanılır. Alınan qiymət cismin kütləsini ifadə edir.
Dünyada ən ağır heyvan mavi balinadır.
Onun kütləsi 200 tona qədər ola bilir. Müqayisə üçün deyək ki, bu balinanın kütləsi nəhəng fildən 34 dəfə, ağcaqanaddan isə (ən iri ağcaqanadın kütləsi 5 mq-dır) 40 000 000 000 (qırx milyard) dəfə ağırdır.
Müəllif: Mirzəli Murzuqov, Rasim Abdurazaqov, Rövşən Əliyev
Mənbə: Ümumtəhsil məktəblərinin 6-cı sinfi üçün Fizika fənni üzrə Dərslik