Bilirsiniz ki, bütün maddələr molekullardan təşkil olunmuşdur. Bu molekullar arasında müəyyən boşluqlar mövcuddur. Maddələrdə baş verən bəzi fiziki hadisələr molekullararası boşluqların olması və molekulların hərəkəti ilə izah edilir. Həmin hadisələrdən biri diffuziya (latınca “diffusio” — yayılma) hadisəsidir.
Diffuziya — bir maddənin atom və molekullarının öz-özünə digər maddənin atom və molekullarına qarışması hadisəsinə deyilir. Ətir şüşəsinin qapağını açdıqda onun molekullarının öz-özünə hava molekullarına qarışması nəticəsində ətirin iyi bütün otağa yayılır.
Lakin bərk cisimlərin molekulları yerlərini, demək olar ki, sərbəst dəyişə bilmədiklərindən onlar arasında diffuziya çox ləng gedir. Məsələn, məlum olmuşdur ki, qurğuşun və qızıl lövhələrini bir-birinə çox möhkəm sıxıb saxladıqda 5 il ərzində qurğuşun molekulları ilə qızıl molekulları bir-birinə cəmi 1 mm qarışmışdır (a). Deməli, diffuziyanın sürəti maddənin quruluşundan asılıdır.
Diffuziyanın sürəti temperaturdan da asılıdır: yüksək temperaturlarda diffuziya sürətli, aşağı temperaturlarda isə ləng baş verir.
Nümunə
- İçərisinə qənd salınan suyun şirinləşməsi su molekulları ilə qənd molekulları arasında baş vermiş diffuziya hadisəsidir.
Qənd salınmış hansı stəkandakı çay daha tez şirinləşər: isti, yoxsa soyuq? Tərəvəzlərin duza qoyulması (b), mürəbbənin bişməsi ©, limon əlavə edilmiş çayın dadının dəyişməsi (d) diffuziya hadisəsinə misal ola bilər.
Diffuziya canlıların həyatında mühüm rol oynayır. Ağciyərlərdəki oksigenin qana, oradan toxumalara, qida maddələrinin bağırsaqdan qana keçməsi diffuziya nəticəsində baş verir.
Müəllif: Mirzəli Murzuqov, Rasim Abdurazaqov, Rövşən Əliyev
Mənbə: Ümumtəhsil məktəblərinin 6-cı sinfi üçün Fizika fənni üzrə Dərslik