Materiya - maddə və fiziki sahə

Materiya - maddə və fiziki sahə

Ətrafınıza baxdıqda çoxlu canlı və cansız varlıqlar görürsünüz. Bəzilərinin səsini eşidir, bəzilərinə toxunur və qoxularını hiss edirsiniz. Lakin bir çox cisimlər arasında elə hadisələr baş verir ki, onları duyğu üzvləriniz vasitəsilə hiss etmirsiniz. Məsələn, mobil telefonları bir-biri ilə əlaqələndirən elektromaqnit sahəsini hiss etmək olmur. Kainatda, o cümlədən Yer kürəsində mövcud olan bütün cisimlər materiyanı təşkil edir (a). Materiyanın mühüm xassələrindən biri hərəkətdir.maddə və fiziki sahə
Hərəkət kainatda baş verən ixtiyari dəyişiklikdir. Materiyanın hərəkətinin forma və növləri sonsuzdur. O, ən sadə yerdəyişmədən başlayaraq kainatda baş verən bütün hadisələri əhatə edir.
Materiyanın iki əsas növü vardır: maddə və fiziki sahə.
Maddə hiss üzvlərimiz vasitəsilə duyulan və kütləsi olan materiyadır. Təbiətdəki bütün canlı-cansız cisimlər maddədən ibarətdir. Maddənin ən mühüm xassəsi kütləyə malik olmasıdır.
Fiziki sahə maddələrin bir-birinə təsirini (qarşılıqlı təsirlərini) ötürən materiyadır. Fiziki sahənin bir neçə növü mövcuddur. Bunlar qravitasiya sahəsi, elektrik sahəsi, maqnit sahəsi və s.-dir.
Alimlər maddə və fiziki sahənin müxtəlif xassələrini araşdırmaqla müxtəlif hadisələrin başvermə səbəblərini izah etmiş, hadisələri sürətləndirmək və ya ləngitmək yollarını öyrənmişlər.
 
 
 
Müəllif: Mirzəli Murzuqov, Rasim Abdurazaqov, Rövşən Əliyev
Mənbə: Ümumtəhsil məktəblərinin 6-cı sinfi üçün Fizika fənni üzrə Dərslik
Top