2500 il əvvəl qədim yunan filosofu Demokrit hesab edirdi ki, bütün maddələr çox kiçik, bölünməz zərrəciklərdən – atomlardan təşkil olunmuşdur. Yalnız XX əsrdə müəyyən edildi ki, atomlar bölünəndir və daha kiçik zərrəciklərdən təşkil olunmuşdur.
Atomun ən sadə modeli onun kürəcik formasında təsəvvür olunmasıdır. Atomlar maddələrin adı ilə adlandırılır və müxtəlif hərflərlə işarə olunur. Məsələn: hidrogen atomu H, karbon atomu C, oksigen atomu O, dəmir atomu Fe, qızıl atomu Au və s. Atomlar təsvirlərdə müxtəlif rənglərlə göstərilir (a). Bu zaman onları asanlıqla fərqləndirmək mümkündür. Həqiqətdə isə atomların rəngi olmur.
Müxtəlif maddələrin atomlarının ölçüləri də müxtəlifdir. Bu müxtəliflik atomun tərkibindəki daha kiçik zərrəciklərin sayından asılıdır.
İngilis alimi E.Rezerford apardığı araşdırmalardan atomun quruluşunun təyini sahəsində mühüm nəticəyə gəlir:
• Atom nüvə və onun ətrafında hərəkət edən elektrondan (e) ibarət əlaqəli sistemdir.
Atomun bu quruluşu Günəş və onun ətrafında dövr edən planetlər sisteminə bənzədiyindən atomun planetar modeli adlanır .
Atom nüvəsi proton və neytron adlanan zərrəciklərdən ibarət əlaqəli sistemdir. Proton və neytron kütlələri təqribən birbirinə bərabər zərrəciklərdir.
Elektronun kütləsi daha kiçikdir, onun kütləsi neytronun kütləsindən 1838 dəfə azdır. Proton və elektronların mühüm xassəsi onların elektrik yüklərinə malik olmalarıdır. Proton və elektronun elektrik yükləri qiymətcə bərabər, işarəcə əksdir. Belə ki, proton müsbət, elektron mənfi elektrik yükünə malikdir.
Neytron elektrik yükü olmayan zərrəcikdir. Atom bütövlükdə elektrik yükünə malik deyildir, çünki onu təşkil edən müsbət yüklü protonların sayı mənfi yüklü elektronların sayına bərabərdir.
Ən sadə atom bir proton və bir elektrondan ibarət olan
hidrogen atomudur. İki proton, iki neytron və iki elektrondan ibarət əlaqəli sistem helium atomudur.
İon. Atomlar elektron itirmək və ya özünə əlavə elektron birləşdirmək xassəsinə malikdir. Atomdan elektron ayrılması və ya özünə əlavə elektron birləşdirməsi nəticəsində yaranan zərrəcik ion adlanır. İonlar müsbət və mənfi olur. Atom əlavə elektron birləşdirdikdə ondakı elektronların sayı protonların sayından artıq olur.
Nəticədə mənfi yük müsbət yükdən çox olduğundan atom mənfi iona çevrilir. Əksinə, atomdan elektron ayrıldıqda ondakı mənfi yüklərin miqdarı azalır, müsbət yüklərin miqdarı isə dəyişməz qalır və atom müsbət iona çevrilir.
Müəllif: Mirzəli Murzuqov, Rasim Abdurazaqov, Rövşən Əliyev
Mənbə: Ümumtəhsil məktəblərinin 6-cı sinfi üçün Fizika fənni üzrə Dərslik