Keçmişdə, ölçü alətləri olmayanda ölçmələr aparmaq üçün insanlar öz bədən üzvlərindən (“arşın” və “fut”) istifadə edirdilər. Həmin üsullar bəzən, indi də tətbiq olunur: bir qarış, bir ovuc, bir qucaq və s. Kiçik məsafələrin ölçülməsində düymdən, böyük məsafələrin ölçülməsində isə addımdan (iki addım təxminən 1,5 m) istifadə olunur.
Arşın – uzunluq ölçüsü; uzadılmış əlin barmaqlarının ucundan çiyinə qədərki məsafə – 71,12 sm.
Fut –uzunluq ölçüsü; ayaq pəncəsinin orta uzunluğu – 30,48 sm.
Düym – uzunluq ölçüsü; baş barmağın ucundan birinci oynağa qədər məsafə — 2,5 sm.
İnsanlar çox qədimdən məsafələri, özlərinin və müxtəlif cisimlərin ölçülərini, zamanı, ərazilərin sahəsini, tikililərin həcmini ölçmək problemləri ilə qarşılaşmışlar. Cəmiyyət və elm inkişaf etdikcə ölçmələrə və onların dəqiqliyinə də tələbat artdı. Uyğun ölçünü (məsələn: uzunluğu, zamanı, kütləni, temperaturu, təzyiqi, həcmi) xarakterizə edən fiziki kəmiyyət və onun vahidini müəyyənləşdirmək lazım gəldi.
Fiziki kəmiyyət - müxtəlif fiziki hadisə, maddə və cisimlərin xassələrinin miqdarı xarakteristikasıdır.
Uzunluq, həcm, sahə, zaman, qüvvə, kütlə, temperatur, sürət və s. fiziki kəmiyyətlərdir. Fiziki kəmiyyətlərin qiyməti ölçmə və hesablamalarla təyin olunur.
Hər bir fiziki kəmiyyət müəyyən ad, simvol (hərf), qiyməti və ölçü vahidi ilə ifadə olunur. Məsələn, “sinif otağının uzunluğu 12 metrdir” dedikdə aşağıdakı ifadələr nəzərdə tutulur:
- fiziki kəmiyyət – uzunluq;
- hərfi işarəsi – l ;
- qiyməti – 12;
- ölçü vahidi – metr.
Sinif otağının uzunluğu: l =12 m.
Uzunluğun vahidi — metr və kütlənin vahidi — kiloqram, birlikdə metrik hesablama sistemini əmələ gətirdi. Metrik sistem əsas vahidlərdən, onların tərtibindən və törəmələrdən təşkil olunmuşdur.
Metrik sistemdə iki mühüm qaydaya əməl olunur:
I. Böyük və kiçik vahidlərin əlverişli olması üçün əsas vahidlərin 10-a, 100-ə, 1000-ə və s.-yə vurulmasından, yaxud bölünməsindən əmələ gəlir.
II. Vahidlərin onluq vuruqları əmsallarla əvəz olunur
1960-cı ildə XI Beynəlxalq Metrologiya Konfransında Beynəlxalq Vahidlər Sistemi (BS) təsis olundu. BS-nin 7 əsas vahidi müəyyən edildi
Müəllif: Mirzəli Murzuqov, Rasim Abdurazaqov, Rövşən Əliyev
Mənbə: Ümumtəhsil məktəblərinin 6-cı sinfi üçün Fizika fənni üzrə Dərslik