“Fərdi inkişaf nə deməkdir və ya nələr fərdi inkişafa aid deyil?” sualı üzərində fikirləşməyə dəyər. Fərdi inkişaf eqonun yox, qabiliyyətin və bacarığın inkişaf etdirilməsi deməkdir! Fərdi inkişaf “nə oldum yox, nə olacağam?” sualını şüar edərək, cavabı yaşayaraq tapmaqdır! Fərdi inkişaf özümüzə nəhəng bir güzgüdə baxmaq əvəzinə daxilimizdəki keyfiyyətləri real dünyada əks etdirmək bacarığıdır! Fərdi inkişaf nə hər şey deməkdir, nə də heç nə! Fərdi inkişaf dünyaya meydan oxumaq aləti yox, həyatı yaxşı oxumaq vasitəsidir.
Fərdi inkişafa dair yazılmış bütün kitablarda yazılanlar və ya bu sahədə ixtisaslaşmış mütəxəssislərin dedikləri düzdürmü? “İnsanlara aid edilən sonsuz güc-qüvvət” ifadəsi özü boyda böyük bir yalandırmı? Şəxsiyyət ancaq xarakterdəki mənfi cəhətlər aradan qaldırılmaqla təkmilləşdirilə bilər. Bu mənada, dünyaya göz açarkən Allahın insanlara verdiyi fitri xüsusiyyətlərdən “imtina etməkdənsə”, ailədə, məktəbdə və ya məhəllə həyətindəki mühitimiz vasitəsilə canımıza hopmuş çirkabdan – mənfi xüsusiyyətlərdən təmizlənməliyik. Anadangəlmə inadkar olan birisinin tərsliyindən əl çəkməsi mümkün deyil. Bəs nə etməli? Bu xüsusiyyətimizi müsbət yöndə, məsələn, elm öyrənmək yolunda, Azərbaycan xalqına xidmət yolunda istifadə etməliyik. Amma sonradan vərdiş etdiyimiz yalan danışmaq, qeybət etmək kimi mənfiliklər özünütərbiyə yolu ilə tərk edilməlidir. Qərb ədəbiyyatına nəzər saldıqda bu istiqamətdə oxucuları çaşdıran bəzi məqamların yer aldığını görürük. Fitri xüsusiyyətlərə məhəl qoymadan xarakterin dəyişdirilməsini aşılayan belə kitablarda şəxsi mənfəət naminə istənilən tip insan olmaq “məsləhət görülür”. Əslində isə müasir dünyaya, o cümlədən bütün türk dünyasına iradəli, sağlam şəxsiyyətə malik və cəmiyyət üçün faydalı olan bir insan lazımdır. Mənbə SƏMƏRƏLİ İŞ HƏYATI kitabı Müəllif SƏLİM ÖZDƏMİR
Fərdi inkişafa dair suallar
Fərdi inkişafa dair yazılmış bütün kitablarda və ya bu sahədə ixtisaslaşmış mütəxəssislərdə kifayət qədər məlumat varmı?
Xeyr. Texnoloji yeniliklər insanların informasiyanı əldə etmək imkanlarını asanlaşdırsa da, istənilən mövzu haqqında səthi məlumat toplayıb onu kitab kimi oxuculara təqdim etmək düzgün deyil. Yalnız başa salmaq və yazmaq yetərli deyil... Dediklərini həyatda tətbiq etməyənlərin nəsihətləri su üzərində yazılmış yazılar kimidir.
-Xeyr. Müxtəlif ideologiyalara xidmət edən mənbələrdən yayılmış informasiya mütləq yoxlanılmalıdır. Müəllifin fikirləri səhv olmaqla bərabər, tərcümə edilmiş kitablarda da tərcüməçinin yol verdiyi xətalar oxucunun da yanlış informasiya qəbul etməsinə səbəb ola bilər.
Fərdi inkişaf adı altında bizim oxuculara təqdim edilən müxtəlif mədəniyyət və ideologiyaların mənfi təsiri varmı?
Bəli. Qərbdən olan bəzi cərəyanlar öz mənəvi dəyərlərini (!) bizə şirin, cəlbedici formada təlqin edərək milli dəyərlərimizin unutdurulmasına çalışırlar. Bu lap susamış adama duzlu ayran verilməsinə oxşayır.
-Bəli. İnsanın potensialı böyükdür, amma sonsuz deyildir. Bəzən pərdəarxası hadisələri müşahidə edən birisi elə olur ki, burnunun ucundakı təhlükəni görə bilmir. Yeganə Sonsuz Güc Sahibi insanı və onun yaşadığı kainatı heçdən yaradandır. “Onu tapan nə itirmişdir?! Onu itirən nə tapmışdır?!”
Fərdi inkişafda əsas məqsəd digər fərdlərlə rəqabətə girməkdir?
-Xeyr. Başqasını özünə rəqib seçən adam hərisliyin, bəd niyyətinin əsiri olur. Hərislik adama nəinki yeni uğur gətirmir, hətta onun özündə olan məziyyətlərdən də məhrum olmasına gətirib çıxarır. İnsanın rəqibi yalnız özü, nəfsi olmalıdır.