Konveksiya

Konveksiya

Qızdırıcı cihaza yaxın durduqda ondan isti havanın yayıldığını, yəqin ki, hiss etmisiniz. Belə istilikvermə prosesini əlinizi yanan lampaya yaxınlaşdıranda da duyursunuz. Bütün bu hadisələrdə qızdırıcının, yaxud lampanın yaxınlığındakı havanın qızma prosesi baş verir.
Nəticədə qızmış hava genişlənir ve onun sıxlığı azalır. Soyuq hava kütləsi qızmış hava kütləsinə Arximed qüvvəsi ilə təsir edərək onu yuxarı itələyir. İsti hava kütləsinin yerinə isə soyuq hava axır — qaz axını baş verir. Beləliklə, qızdırıcının yaxınlığında yaranan hava seli araşdırma zamanı müşahidə etdiyiniz fırlanğıcı hərəkətə gətirir və s.
Enerjinin maye və ya qaz axını (maddə daşınması) ilə köçürülmə prosesi konveksiya adlanır.
Bəzən konveksiya prosesində yaranan maye və qaz axını konvektiv axın da adlandırılır.
Bərk cisimlərdə onları təşkil edən molekullar yerlərini sərbəst dəyişə bilmədiklərindən konveksiya hadisəsi baş vermir.
Mayelərdə konveksiya
Mayedə də istilikvermə maddə daşınması vasitəsilə həyata keçirilir. Bu belə baş verir: mayenin qızdırılan təbəqəsinin molekulları istilik hərəkətləri nəticəsində müxtəlif istiqamətlərə yayılaraq həmin hissəni genişləndirir. Nəticədə həmin hissənin sıxlığı azalır və mayenin bu hissəsinə təsir edən ağırlıq qüvvəsi onu əhatə edən mayenin digər hissələri tərəfindən təsir eden qaldırıcı Arximed qüvvəsindən kiçik olur: mayenin qızmış hissəsi yuxarı qalxır, onun yerinə isə mayenin soyuq hissəsi enir — maye axını yaranır. Proses qabdakı bütün mayenin eyni dərəcədə qızmasına qədər — istilik tarazlığı yarananadək davam edir.
Təbiətdə konveksiya
Qalın qar örtüyü torpağı donmadan qoruyur. Səbəb qar dənəcikləri arasında qalan havanın istiliyi pis keçirməsidir. Lakin qarla örtülməyən torpaq da hava qatı altındadır, bəs nə üçün çılpaq (qarsız) torpaq soyuqdan donur? Buna səbəb havanın istilik izolyasiyasını daim neytrallaşdıran konveksiyadır. Belə ki, torpaqla istilik təmasında olan hava həmişə konvektiv hərəkətdə olur:
torpaqdan qalxan nisbətən isti hava atmosferin yuxarı qatlarında soyuyur və yenidən torpağa qayıdır.


Müəllif: Mirzəli Murquzov, Rasim Abdurazaqov, Rövşən Əliyev, Dilbər Əliyeva
Mənbə: Fizika 8 Ümumtəhsil məktəblərinin 8-ci sinfi üçün Fizika fənni üzrə Dərslik
Top