Mexaniki iş görməklə cismin daxili enerjisini dəyişmək (artırmaq və ya azaltmaq) olar; məsələn, ovuclarımızı bir-birinə sürtdükdə əlimizin, taxtanı kəsdikdə mişarın sürətlə istilənməsinə səbəb sürtünmə qüvvəsinin gördüyü mexaniki iş nəticəsində cisimlərin daxili enerjisinin artmasıdır. “Hava alışqanı” ilə apardığınız araşdırmada bunu əyani olaraq yoxladınız. Porşeni zərblə aşağı itələdikdə silindrdəki hava üzərində mexaniki iş görülür — o sıxılır. Nəticədə havanın temperaturu kəskin yüksəlir: havanın daxili enerjisi artır və o, spirt buxarını və pambığı alışdırır.
Cisim üzərində mexaniki iş görüldükdə onun daxili enerjisi artır, cisim özü iş gördükdə isə onun daxili enerjisi azalır.
Cismin daxili enerjisini mexaniki iş görmədən dəyişmək olarmı?
Çaydanı soyuq altlıq üzərinə qoyduqda bır müddətdən sonra ondakı su soyuyur. Çaydanı pilətədə qızdırdıqda isə, əksinə, suyun temperaturu yüksəlir və o qaynayır. Buz parçalarını stəkana atdıqda su soyuyur.
Bütün bu misallarda cisimlər hərəkətsizdir — mexaniki iş görülmür; lakin onlardan bəziləri isinir — daxili enerjiləri artır, bəziləri isə soyuyur — daxili enerjiləri azalır.
Beləliklə, müxtəlif temperaturlu iki cisim bir-birinə toxunduqda onlar arasında istilik mübadiləsi baş verir: istilik temperaturu yüksək olan cisimdən temperaturu aşağı olan cismə verilir. Nəticədə istilik verən cismin daxili enerjisi azalır, istilik alan cismin isə daxili enerjisi artır.
Mexaniki iş görülmədan cismin daxili enerjisinin dəyişmə prosesi istilik-vermə adlanır.
İstilikvermənin üç növü var: istilikkeçirmə, konveksiya və şüalanma.
Müəllif: Mirzəli Murquzov, Rasim Abdurazaqov, Rövşən Əliyev, Dilbər Əliyeva
Mənbə: Fizika 8 Ümumtəhsil məktəblərinin 8-ci sinfi üçün Fizika fənni üzrə Dərslik