Təbiət

Təbiət

Təbiət hər zaman insanın qarşısında bir tam kimi dayanmışdır. Lakin bu bütövün nədən ibarət olması, strukturu və onun səviyyələri haqqında təsəvvürlər eksperimental təbiətşünaslığa məxsusdur. Təbiətin struktur səviyyələri sadədən mürəkkəbə doğru istiqamətdə təsnif edilir. Təbiətin özünün struktur səviyyələrinin təsnifatı təbiətşünaslığın, yəni təbiət elmlərinin təsnifatının əsasını təşkil edir. Təbiət elmlərinin təsnifatı məsələsi hər zaman elmin diqqət mərkəzində duran məsələlərdən olmuşdur. Hələ 19-cu əsrin I yarısında Fransız alimi və fiziki A.Amper ilk təsnifatlardan birini təklif etmiş və bu təsnifatda 200-dən artıq təbiət elmi göstərilmişdir. Müasir dövrdə təbii-elmi biliklərin təsnifatı konkret kriteriyaya əsaslanır.
Təbiətin fundamental qanun və qanunauyğunluqlarını öyrənən elm – Fizika adlanır. “Fizika” sözü əski yunan sözü olub, “təbiət” anlamını verir. Lakin müasir təsnifatda “fizika” anlayışı konkret məzmun daşıyır. Fizika elminin özü də tarixi inkişafında bir sıra mərhələlər keçmişdir. Müasir fizika klassik fizikanın əsasında inkişaf edərək, öz daxilində bir sıra sahələri əhatə etməkdədir. Müasir fizikanın aşağıdakı bölmələrinin qeydi zəruridir:
1). Atom fizikası
2). Elementar hissəciklər fizikası (Kvant fizikası)
3). Lazer fizikası və s.

Bu fundamental sahələr təbiətin strukturunun mikro səviyyəsini təşkil edir. Bu səviyyələrdən daha mürəkkəb səviyyə “molekullar və onların qarşılıqlı təsir qanunları” səviyyəsidir. Kimya elmi səviyyəyə uyğun fəaliyyət göstərənidir. Kimyəvi quruluş səviyyəsindən daha mürəkkəb səviyyə – Biosfer adlanır. Yəni, canlılar və onların yaşadıqları məkan. Bu səviyyəni biologiya elmi öyrənir. Bu elm də 2 böyük sahəni özündə birləşdirir:
1). Botanika – bitkiləri öyrənən elm
2). Zoologiya – heyvanları və onların həyat fəaliyyətini öyrənən elm
Dördüncü səviyyə bəşər cəmiyyətidir. Bəşər cəmiyyəti özünün yaşam qanunları ilə təbiətin nisbətən aşağı struktur səviyyələrinin qanunlarından fərqlənsə də, yenə də, təbiətin qanunları ilə yaşamağa məhkumdur. Ona görə də insan və insan cəmiyyətinə “yalnız bioloji varlıqdır”, yaxud “yalnız sosial varlıqdır” təriflərini vermək birtərəfli olardı. Çağdaş anlamda insan biopsixososial varlıqdır. Və bu varlığın həyatında bioloji və sosial qanunlar özünəməxsus şəkildə qarşılıqlı əlaqə və təsirdədirlər. Ümumiyyətlə, təbiətin struktur səciyyələrini 3 qrupa bölmək mümkündür:
1). Cansız təbiət
2). Canlı təbiət
3). İctimai-sosial-tarixi təbiət

Cansız təbiət də öz növbəsində 3 növə ayrılır:
1). Mikro aləm
2). Makro aləm
3). Meqa aləm
Bu elmlərin qarşılıqlı əlaqəsi təbiətin struktur səviyyələrinin dialektik əlaqəsindən doğur. Artıq Ontologiya və idrak nəzəriyyəsi kursundan bəllidir ki, materiyanın quruluş səviyyələrinə uyğun hərəkət formaları bir-biri ilə bağlıdır. Eyni zamanda bu quruluş səviyyələrinin qanunlarını qətiyyən eyniləşdirmək olmaz. Materiyanın quruluş səviyyələri arasındakı əlaqə mexanizmi mürəkkəbdir. Lakin hazırki elmi biliklər bu əlaqə mexanizmini açmağa imkan verir. Məlumdur ki, hüceyrə mürəkkəb quruluşlu molekulların hərəkəti ilə bağıdır (amin turşuları, nuklein turşuları və s.). Molekullar isə atomlardan təşkil olunmuşdur. Molekullarda atomların yerləşməsi kəmiyyəti fərqli olduğu üçün molekulların kimyəvi xassələri də fərqlidir. Atomlar özləri də mürəkkəb təbiətlidir. Onlar mənfi yüklü elektronlardan, onların qanunauyğun şəkildə elektron təbəqələrindən və nüvədən ibarətdir. Nüvə isə müsbət yüklü protonlardan və 500-dən çox hissəcik və anti-hissəciklərdən ibarətdir.
Deməli, atomların daxilində gedən proseslər onun komponentlərinin arasında gedən qarşılıqlı əlaqədən asılıdırsa, molekulların hərəkət və fəaliyyəti, eyni zamanda xassələri onları təşkil edən atomlardan asılıdır. Hüceyrədə gedən proseslər molekullar arasındakı fiziki-kimyəvi qarşılıqlı təsirlərdən asılıdır. Hüceyrədə gedən maddələr mübadiləsi
özündə 2 prosesi birləşdirir: oksidləşmə və reduksiya. Yəni, hüceyrəyə daxil olan maddələr üzvi maddələrdir və onlar qeyri-üzvi maddələrdən sintez olunur. Sintez məhsulları həm də parçalanır. Parçalanma nəticəsində ayrılan enerji orqanizmin həyat fəaliyyətinə sərf olunur.
Beləliklə, təbii-elmi bilik bir-biri ilə qarşılıqlı, dialektik əlaqədə olan struktur səviyyələrinin sistemli anlayışından ibarətdir.

Müəllif: Arif Tağıyev
Mənbə: Müasir təbiətşünaslığın konsepsiyaları

Top