Təbrik məktubları haqda lətifə

Təbrik məktubları haqda lətifə

Məşhur şirkətlərdən birinin baş idarəsində yeni işə girmişdim. Şöbə müdirinin köməkçisi vəzifəsində çalışacaqdım. Qarşıdan gələn bayrama 10 gün qalmış müdirim xəstələndi və işə çıxmadı. Elə həmin gün baş direktor məni yanına çağıraraq: “Təbrik məktubları hazırdırmı?” – deyə soruşdu. “Bağışlayın, hansı təbrik məktubları?” – mən də suala sualla cavab verdim. “Arif müəllim bu haqda sənə heç nə deməyib? Qarşıdan bayram gəlir. Camaatın bayramını təbrik etməliyik. İndiyə qədər hazır olmalı idi, – deyə baş direktor məzəmmət etdi, – onda çalışın, sabaha kimi çatdırın”. Direktora “oldu” deyərək otaqdan çıxdım. Məktubların hamısını mürəkkəblə və gözəl xətlə yazmağı tapşırmışdı.
2000 ədəd “aşağıdakılar”a ünvanlanacaqdı: “Qarşıdan gələn bayramınızı səmimi qəlbdən təbrik edirəm”. Digər 1000 məktub isə vəzifə sahiblərinin adına yazılacaqdı: “Sizin və xanımınızın bayramını təbrik etməklə bərabər, gələcək işlərinizdə uğurlar arzulayıram”. Evə gələn kimi keçdim stolun arxasına. “Qarşıdan gələn bayramınızı səmimi qəlbdən təbrik edirəm”. 1, 5, 20, 200, 500... Yazılmamış məktublar hələ də qalay-qalaydır. Artıq ürəyim sıxılır! 700, 900... İki qutu siqareti qurtarsam da, məktublar bitmək bilmir. Gözümə yalnız çörək pulu dayanıb, yoxsa bunları elə bu dəqiqə cırıb tullayardım.
2000-ci məktubu əlimə götürəndə artıq dan yeri sökülürdü. Elə mənim də bir tərəfim sökülmüşdü, di gəl bu iş... “Yuxarıdakılar”a ünvanlanan məktubları yazmağa başlayanda stolun üstündə üç boş siqaret qutusu var idi. “Sizin və xanımınızın bayramını təbrik etməklə bərabər, gələcək işlərinizdə uğurlar arzulayıram” – daha 1000 dəfə bu cümləni yazmalıyam. 1, 5, 20, 100... Daha göz qapaqlarımı açıq saxlaya bilmirəm. 200, 500, 700... Yaz ki yazasan. Artıq qələmi də əlimdə tuta bilmirəm. Mən qələmi yox, qələm məni idarə edir.
“Gələcək işlərinizdə uğurlar arzulayıram, sizin və xanımınızın bayramını təbrik etməklə bərabər”.
“Sizin və xanımınızın bayramını təbrik edir, sizə xoşbəxt gələcək, bərabər həyat arzulayıram”.
“Sizin bayramınızı təbrik etməklə bərabər, bayramda sizə gələcək Arzunu da səmimi qəlbdən salamlayıram”.
“Arzunu və Bayramı təbrik edir, onlara xoşbəxt gələcək arzulayıram”.
“Çox səmimi duyğularla xanımınızın bayramını edirəm və arzum budur ki, gələcəkdə də bir sıra uğurlu işlərə imza atsın”.
“Sizin, xanımınızın, Arzunun bayramlarını təbrik edir, hamınıza xoşbəxt və uğurlu gələcək arzulayıram”.
“Qarşıdan gələn bütün bayramlarda arzu edirəm ki, bərabər olasınız, gələcəkdə uğurlu işlər görəsiniz”

... Səhər işin başlama vaxtında gözüm qan çanağına dönmüş şəkildə baş direktorun otağına girdim. Məktublara səthi göz gəzdirdikdən sonra: “Afərin! Gözəl yazmısan. Elə bu dəqiqə göndərin”, – dedi. Tapşırdığı kimi məktubları yolladıq. Üç gün keçməmiş bizim baş direktoru, bir neçə gün sonra isə məni də işdən yolladılar.

Mənbə SƏMƏRƏLİ İŞ HƏYATI kitabı
Müəllif SƏLİM ÖZDƏMİR
Top