Alternativ enerji ənənəvi enerji növlərini əvəz edə bilən enerji mənbələridir. Müəyyən qurğuların yardımı ilə sudan, küləkdən, günəşdən, bioloji tullantılardan, hətta dənizin dalğalarından alınan, heç bir tullantısı olmayan enerjiyə alternativ, yaxud bərpa oluna bilən enerji deyirlər.
Alternativ və bərpa olunan enerji nə deməkdir?
Ötən əsrdən başlayaraq enerjiyə qənaət, israfçılığın qarşısının alınması dedikdə əsasən alternativ enerji başa düşülür. Buna həm də yeni texnologiyalar imkan verir. Məsələn, əvvəllər evi ancaq 100 vatlıq lampa ilə işıqlandırmaq olurdusa, indi daha az enerji aparan, amma daha çox işıq verən lampalar var. Bu gün bazarda 100-lük lampa qədər işıq verən 20 vatlıq lampalar tapmaq mümkündür. Hazırda Almaniyada cəmi 1 vat elekrtik enerjisi sərf edən, amma 60-lıq lampa qədər işıq verən yeni lampa üzərində işləyirlər.
İri avtomobil istehsalçıları — “Mersedes”, “BMW” şirkətləri də bəyan ediblər ki, onlar yeni benzin sərfini bir az da azaldacaqlar. Şirkətlər bu yeniliyi 2015-ci ilədək həyata keçirmək istəyir. 6 min kubsantimertlik mühərrik 1990-cı illərin ortalarına qədər 100 kilometr məsafəni qət etmək üçün 30 litr benzin “içirdi”. Hazırda eyni gücdə olan mühərrik 100 kilometrə 18 litr benzin aparır. Yenilik ondan ibarət olacaq ki, 2015-ci ilə qədər bu rəqəm 10 litrdən də aşağı həddə salınacaq.
Alternativ enerji axtarışı – Günəş enerjisi
Yer səthinə düşən Günəş enerjisinin miqdarı bütün neft, qaz, kömür və digər yanacaq ehtiyatlarından çoxdur. Onun 0,0125%-nın istifadə olunması ilə bugünkü dünya energetikasının bütün ehtiyaclarını təmin etmək olardı.
Günəş enerjisinin istifadəsinin üstünlüyü ondadır ki, günəş qurğuları işləyən zaman parnik effekti yaranmır, havanın çirklənməsi baş vermir, istilik aşağı atmosfer qatlarına yayılmır.
Günəş enerjisinin yalnız bir çatışmazlığı var – o da atmosferin vəziyyətindən, günün və ilin vaxtından asılılıqdır.
Günəş enerjisini iki üsul ilə işlətmək olar: müxtəlif termik sistemlərin köməyi ilə, istilik enerjisi şəklində, foto-kimyəvi və fotoelektrik proseslərin çevrilməsi üzrə qurğularda.
Günəş enerjisini istiliyə çevirmək üçün müxtəlif növ kollektorlardan istifadə olunur. Yüksək temperatur yaradan kollektorlarda günəş işığını əks etdirən, toplayan və günəşin istiqaməti üzrə hərəkət edən parabolik güzgülərdən istifadə olunur. Bu kollektor sisteminə xüsusi maye üçün nəzərdə tutulan istilik dəyişmə sistemi də daxildir.
Səmərəliliyinə görə günəş kollektorlarından istifadə mərkəzləşdirilmiş enerji sistemlərindən uzaq olan ərazilərdə özünü doğruldur.
Günəş enerjisinin daha səmərəli istifadəsi onun fotoelementlərdə elektrik enerjisinə çevrilməsi ilə həyata keçirilir. Fotoelementlər işığa həssas yarımkeçirici materiallardan – selen, silisium, qallium arsenidi, kadmium sulfidi və s. materiallardan hazırlanır. Bu materiallarda xüsusi p-n keçidi tərəfindən işığın udulması elektrik cərəyanı yaradır. Fotoelementlərdən minlərlə kvadrat metr sahə əhatə edən müxtəlif gücdə elektrik stansiyaları qurmaq mümkündür. Günəş enerjisinin Günəşin sutkalıq və mövsümi dövriyyəsindən asılı olmaması üçün alınan elektrik enerjisini elektrik akkumulyatorları ilə və ya metalhidrid akkumulyatorlarında hidrogen şəklində toplamaq mümkündür.
Günəş enerjisinin birbaşa istilik enerjisinə çevrilməsi dünya praktikasında geniş yayılmışdır və bu, inkişaf etmiş ölkələrdə energetikanın əsas istiqamətlərindən biri hesab olunur. 1997-ci il Kioto razılaşmasının protokoluna əsasən Avropa Birliyi ölkələrində və ABŞ-da alternativ enerji mənbələrindən istifadə etmək üçün iri miqyaslı stansiyaların tikintisinə başlanmışdır. Günəş enerjisindən istifadə etməklə alınan istilik enerjisinin həcmi elektrik enerjisi ekvivalentində kifayət dərəcədə yüksəkdir. Belə ki, bu göstərici ABŞ-da 600 MVt, Fransada 100 MVt, İsraildə 100 MVt, Türkiyədə 50 MVt və b. səviyyəsindədir.
Hesablamalara görə Günəş energetik qurğularının 50-ci enliliklərdən cənuba doğru yerləşən regionlarda istifadəsi olduqca əlverişlidir. Həmçinin Azərbaycanda ildə 300 günəşli və 270 küləkli günün olmasını nəzərə alsaq demək olar bu regionda Günəş energetikasının inkişafı daha perspektivlidir.
Hal hazırda Günəş enerjisinin fotoelektrik çevrilmələri dünyada bərpa olunan enerji mənbələrinin ən tez inkişaf edən istiqamətlərindən biridir. Dünyada qurulmuş Günəş fotoelektrik sistemlərinin ümumi gücü 900 MVt-dan çoxdur. Bunlardan 80 MVt – Yaponiya, 60 MVt – ABŞ, 50 MVt – Almaniya dövlətlərinin payına düşür. Bu dövlətlərdə Günəş enerjisindən istifadə artıq bir neçə ildir ki, “70 min günəşli dam”, “Milyon dam” və “Yüz min dam” adlanan dövlət proqramları çərçivəsində həyata keçirilir.
ABŞ-da, Almaniyada, Yaponiyada və Çində günəş enerjisini birbaşa elektrik enerjisinə çevirən günəş stansiyalarının əsas işçi elementinin (fotoelementin) hazırlanması üçün yüksək səmərəliliyə malik texnologiyalar tətbiq edilir. Onların faydalı iş əmsalı 12-14 faiz təşkil edir. Belə fotoelementlər əsasında yaradılan stansiyaların tutduğu ərazi 1 MVt üçün 2 hektar təşkil edir. Dünyanın inkişaf etmiş ölkələrində fotoelementlərin sahə tutumlarının azaldılması istiqamətində geniş elmi-tədqiqat işləri aparılır.
Dünyada günəş batareyası ilə işləyən ən böyük elektrik stansiyası ABŞ-ın Nevada ştatındadır. Hazırda Çinlə ABŞ Monqolustan çöllərində Nevadakından da böyük stansiya tikməyi müzakirə edir.
Avropa alimləri də beynəlxalq alternativ ekoloji yanacaq şəbəkəsi layihəsi hazırlayıblar.
Məsələn, Böyük səhrada quraşdırılmış günəş enejisi şəbəkəsi bütün Avropanı elektrik enerjisi ilə təmin edə bilər. Böyük Britaniya və Danimarkadan külək enerjisi, İslandiya və İtaliyadan geometrik enerji almaq mümkündür. Bu ideya alimlərin alternativ enerji mənbələrinin axtarılması sahəsində layihələrini maliyyələşdirməyə hazır olan bir çox siyasi lider arasında populyardır.
İngiltərənin baş naziri Qordon Braun, Fransa prezidenti Nikola Sarkozi Böyük səhradan günəş enejisi mənbəyi kimi istifadə olunması planını dəstəkləyiblər. Alimlər əmindirlər ki, Böyük səhraya düşən işığın təkcə 0,3 faizi Avropada enerji qıtlığı və bahalığı problemini həll etməyə imkan verər. Amma tədqiqatçılar onu da etiraf edirlər ki, günəşdən, küləkdən, sudan və vulkandan enerji alınmasına dair beynəlxalq şəbəkənin işə düşməsi üçün uzun illər və xeyli maliyyə vəsaiti lazımdır.
Külək enerjisi
Bərpa olunan enerji mənbələri arasında külək enerjisi mühüm yer tutur. Külək enerjisindən istifadəyə görə Almaniya dünya ölkələri arasında liderdir. Həmin ölkədə «Bərpa olunan enerji mənbələri haqqında» Qanunun qəbul edilməsi bu işə güclü təkan vermişdir. İndi Almaniyada külək enerji qurğularının istehsalı, quraşdırılması və istismarı sahəsində 35 mindən çox işçi çalışır.
Külək enerjisi — ekoloji təmiz, alternativ enerji mənbələrindən biridir. Hərəkət edən hava kütlələrinin enerjisindən istifadə insanları qədimi vaxtlardan cəlb edib. Bu tükənməz enerji mənbəyinin istifadəsi üçün texnikanın indiki inkişafı yeni imkanlar açır.
Hal-hazırda külək energetik qurğularının köməyi ilə küləyin enerjisini elektrik enerjisinə çevirmək mümkündür. Külək qurğusunun gücü rotorun qanadının sahəsi və küləyin sürəti ilə mütənasibdir. Belə ki, yüksək gücə (MVt – diapazonunda) malik olan qurğuların ölçüləri olduqca nəhəngdir. Misal üçün, Almaniyanın “Messerşmit” firmasının layihələndirilmiş 5 MVt – gücündə külək generatorunun qanadının uzunluğu — 74 metr, hündürlüyü isə — 120 metrdir.
Külək qurğularının səmərəli işləməsi üçün onların küləyin potensialı — 2500 saat/il olan ərazilərdə yerləşdirilməsi məqsədə uyğundur. Ərazinin külək potensialını müəyyən etmək üçün ərazidə il ərzində monitorinqin aparılması tələb olunur. Həmçinin qurğuların səmərəli işləməsi üçün layihələşdirilən külək qurğularının parametrləri ərazidə müşahidə olunan külək potensialına uyğunlaşdırılmalıdır. Danimarkalı mütəxəssislərin təklifinə görə külək elektrik stansiyalarının dənizdə qurulması daha səmərəlidir, çünki dənizdə küləyin gücü quruya nisbətən həmişə çoxdur. Hesablamalara görə dənizdə yerləşən 200 külək generatorunun köməyi ilə alınan enerji, 0,5 mln ton kömürün yandırılması nəticəsində alınan enerjiyə bərabərdir.
Külək elektrik qurğularını kiçik (100 kVt-a qədər), orta (100 – 500 kVt) və böyük gücə (0,5 – 4 MVt) malik olan qurğulara ayırmaq olar. Böyük gücə malik olan külək stansiyalarının qurulması üçün yaşayış yerlərindən uzaq olan böyük ərazilər tələb olunur, onların konstruktiv elementləri metal həcmlidir. Həmçinin onların fəaliyyəti quşların və balıqların miqrasiyasına, radio və televiziya dalğalarının ötürülməsinə, hava nəqliyyatına maneələr törədə bilər.
Ekoloji cəhətdən kiçik gücə malik olan külək stansiyaları daha səmərəlidir. Rotorun diametri 6 metrə çatan belə bir stansiyaların gücü 4 kVt-a yaxındır. Bu külək qurğuları elektrik xətlərindən uzaq olan rayonlarda qurula bilər və kiçik fermer təsərrüfatını elektrik enerjisi ilə təmin edə bilər.
Külək olmayan vaxtlarda enerjinin davamiyyətini ehtiyat enerji bloklarının hesabına təmin etmək mümkündür. Belə bloklar elektrik (qurğuşun) və ya yanacaq elementləri ilə təchiz olunan metalhidrid hidrogen akkumulyatorlarından yığıla bilər.
Dünyada qurulan külək stansiyalarının sayına görə ABŞ (1600 MVt) və Almaniya (1500 MVt) dövlətləri liderdir. Bu dövlətlərlə yanaşı külək energetikası Danimarkada (830 MVt), Hindistanda (820 MVt) və Niderlandda (285 MVt) da sürətlə inkişaf edir.
Alternativ enerji– BİOETANOL
Son zamanlar təbiətdə baş verən İqlim Dəyişmə prosesləri ilə əlaqədar təbii yanacaglara alternativ olan müxtəlif bioloji yanacaq növləri işlənilir. Bu yanacaqlar bərpa olunan yanacaq növünə aiddir və ekoloji cəhətdən nisbətən təmizdir. Birinci növbədə bu yanacaq növlərinə bioloji kütlədən (sellülozdan) alınan bioetanol yanacağını aid etmək olar.
Bu yanacağın alınması üçün tarlalarda buğda, qarğıdalı və s. məhsulların yığımından sonra qalan biokütlə istifadə edilir. Bioetanolun istifadəsi zamanı atmosferə atılan İstilik Effekti Yaradan Qazların (İEYQ) miqdarı xeyli azalır.
İlk olaraq bioetanol Kanadanın özəl Logen Corporation firması tərəfindən alınmışdır və benzin qatışığının tərkibində (85%-ə qədər) avtomobillərdə istifadə olunur. Proqnozlara görə 2050-ci ilə qədər sellülozdan alınan etanol avtomobil nəqliyyatında istifadə edilən neftin yarısını əvəz edə bilər. Hazırda ABŞ-da konversiya texnologiyaların tətbiqi və bioemaledici zavodun qurulması üçün 26 mln. ABŞ dolları məbləgində vəsait ayrılıb.
Digər tərəfdən dünyada bioyanacağın alınmasında xüsusi torpaq ərazilərinin ayrılması ilə gedən tendensiya da müşahidə edilir. Son vaxtlarda bu proses alimlərdə narahatlıq doğurur. Araşdırmalara görə hazırlanma prosesi zamanı karbon atılmalarını nəzərə almaqla bitkilərdən alınan “yaşıl” yanacağın istifadəsi zamanı atmosferə atılan ümumi İEYQ-nin miqdarı ənənəvi yanacaqlardan ayrılan atılmalardan çoxdur. Bu onunla əlaqədardır ki, bioyanacağın alınması üçün təbiətdən ayrılan torpaq sahələrində artıq karbon dioksidinin udulması əvvəlki kimi deyil.
Bir sözlə təbii ekosistemlərin (meşələrin, yaylaqların və s.) məhvi nəticəsində atmosferə İEYQ-nin atılmaları artır və bu onunla əlaqədardır ki, kultivasiyaya uğramış torpaqlarda adsorbsiya qabiliyyəti və karbon qazının udulması qat-qat azalır.Dünya miqyasında bioyanacağın istehsalı yeni-yeni torpaq sahələrini sıradan çıxaracaq, bu isə İEYQ-nin atılmalarının miqdarının artması ilə iqlim dəyişmələrinin sürətlənməsinə səbəb ola bilər.
Qeyd etmək olar ki, bioyanacağın sənaye miqyasında istehsalı neftlə çirklənmiş və rekultivasiya olunmuş torpaqlarda daha məqsədə uyğun olardı.
Belə nəticəyə qəlmək lazımdır ki, alternativ bioyanacaq yalnız təbiətə zədə vurmamaq şərti ilə ekoloji cəhətdən yararlı ola bilər.
2. Azərbaycanda alternativ (bərpa olunan) enerji potensialı
2.1. Külək enerjisi
Külək enerjisi digər alternativ enerji mənbələri olan günəş, hidroenergetika, geotermal və biokütlə enerjisindən özünün maya dəyərinə, ekoloji təmizliyinə və tükənməzliyinə görə ən sərfəlisidir.
Azərbaycanın bir çox rayonlarında külək enerjisi qurğularının tətbiqinin böyük perspektivi vardır. Hesablamalara görə Azərbaycan Respublikası özünün coğrafi vəziyyətinə, təbii şəraitinə və iqtisadi infrastrukturuna görə 800 MVt-a yaxın illik külək enerji ehtiyatına malikdir. Bu ehtiyat ildə təxmini hesablamalara görə 2,4 milyard kVt/saat elektrik enerjisi deməkdir. Bu isə, öz növbəsində, ildə 1 milyon tona yaxın şərti yanacağa qənaət, ən əsası isə ildə küllü miqdarda tullantıların, o cümlədən azondağıdıcı olan karbon dioksidin atmosferə atılmasının qarşısının alınması deməkdir.
Çoxillik müşahidələr nəticəsində müəyyən edilmişdir ki, ən əlverişli külək şəraiti Abşeron yarımadasında, Xəzər dənizi sahili zolağında və akvatoriyanın şimal-qərb hissəsində olan adalardadır. Azərbaycanın qərbində Gəncə-Daşkəsən zonasında və Naxçıvan Muxtar Respublikasının Şərur-Culfa ərazisində küləyin orta illik sürəti 3-5 m/san. olduğu üçün bu regionlarda orta güclü külək elektrik qurğularından istifadə etmək olar.
1999-cu ildə Yaponiyanın «Tomen» şirkəti Azərbaycan Elmi-tədqiqat Energetika və Enerjilayihə İnstitutu ilə birlikdə Abşeronda hündürlüyü 30 və 40 metr olan iki qüllə quraşdırmış, küləyin sürətinin orta illik qiyməti v = 7,9—8,1 m/san olması müəyyən edilmiş və Qobustan rayonu ərazisində ümumi gücü 30 MVt olan külək elektrik stansiyasının quraşdırılmasına dair texniki iqtisadi əsaslandırma hazırlanmışdır.
2002-ci ildə Azərbaycanın bərpa olunan enerji resurslarının qiymətləndirilməsi həyata keçirilmiş və aşkar olunmuşdur ki, Abşeron yarımadası iri həcmdə külək enerjisi potensialına malikdir. Uzunmüddətli küləyin orta sürəti 6 m/san-dan artıqdır ki, bu da külək enerjisi üçün əlverişli texniki-iqtisadi potensialın olmasını göstərir. Şimal DRES-nin yerləşdiyi ərazidən toplanılmış külək enerjisi üzrə statistik məlumatlar bir daha təqdim olunan göstəriciləri təsdiq etmişdir. Aparılmış bu tədqiqatlar zamanı Qobustan rayonu ərazisi üçün təqdim olunmuş göstəricilər külək enerjisi potensialının 4-cü sinfinə aid edilir ki, bu da yüksək potensial hesab olunur.
2.2. Günəş enerjisi
Azərbaycanın təbii iqlim şəraiti günəş enerjisindən istifadə etməklə elektrik və istilik enerjisinin istehsalını artırmağa geniş imkanlar açır. Belə ki, günəşli saatların miqdarı il ərzində ABŞ-da və Orta Asiya ölkələrində 2500—3000 saat, Rusiyada 500-2000 saat, Azərbaycanda isə 2400—3200 saatdır.
Günəş enerjisindən istifadənin inkişafı Azərbaycanın bir çox rayonlarında enerji problemini qismən həll edə bilər. Son zamanlar dünyanın bir sıra qabaqcıl dövlətlərində Fotovodtaik Proqramının (FVP) geniş şəkildə tətbiq olunmasına başlanmışdır. Azərbaycanın bu Proqrama cəlb olunması regionda belə tip enerji sistemlərinin tətbiqində mühüm rol oynaya bilər.
Qeyd etmək lazımdır ki, günəş stansiyalarının effektivliyi ölkənin təbii iqlim şəraitindən və coğrafi mövqeyindən asılıdır. Belə ki, bir il ərzində 1m2 yer səthinə düşən günəş enerjisinin miqdarı ABŞ-da 1500-2000 kVts, Rusiyada 800-1600 kVts, Fransada 1200-1400 kVts, Çində 1800-2000 kVts və Azərbaycanda 1500-2000 kVts təşkil edir. Göründüyü kimi, Azərbaycan ərazisinə düşən günəş şüalarının miqdarı digər ölkələrlə müqayisədə üstünlük təşkil edir ki, bu da günəş enerjisindən istifadənin tətbiqinə sərmayələrin cəlb edilməsinin səmərəlilik meyarlarından biri kimi qiymətləndirilə bilər.
2.3. Kiçik su elektrik stansiyaları
Azərbaycan Respublikasının ümumi enerji sistemində su elektrik stansiyalarının istehsal gücünün xüsusi çəkisi hazırda 17,8 faiz təşkil edir. 2003-cü ildə istehsal olunan elektrik enerjisinin 2,4 mlrd kVt.s su elektrik stansiyalarının payına düşür ki, bu da istehsal olunmuş ümumi elektrik enerjisinin 11,4 faizini təşkil edir.
Ölkədə indiyə qədər istifadə edilməmiş hidroenergetika ehtiyatlarının mənimsənilməsi üçün geniş imkanlar vardır. Bu istiqamətdə aparılmış tədqiqat işləri nəticəsində Azərbaycan Respublikasındakı çayların tam hidroenerji potensialının 40 mlrd. kVt.s, texniki cəhətdən əlverişli potensialın isə 16 mlrd. kVt.s olduğu müəyyən edilmişdir ki, bunun da 5 mlrd kVt.s kiçik su elektrik stansiyalarının payına düşür.
Su elektrik stansiyalarının tikintisi—sel sularının tənzimlənməsi, ekoloji cəhətdən təmiz elektrik enerjisi istehsalı və yeni suvarma sistemlərinin yaradılması kimi dövlət əhəmiyyətli məsələlərin həllində mühüm rol oynayır. Azərbaycan Respublikasında çaylar üzərində və su təsərrüfatı obyektlərində onlarla kiçik su elektrik stansiyaları yerləşdirmək olar ki, onların da istehsal etdiyi elektrik enerjisi ildə 3,2 mlrd kVts təşkil edə bilər. Yaxın perspektivdə 61 kiçik SES-in tikintisi məqsədəuyğun hesab edilir. Bu SES-lər irriqasiya kanalları üzərində, axını tənzimlənməmiş çaylarda və tikiləcək su anbarlarının yanında yerləşdirilə bilər. Ölkədə həmçinin vahid enerji sisteminin elektrik xətlərindən və yarımstansiyalarından uzaqda yerləşən obyektlərin, yaşayış məntəqələrinin elektrik enerjisi ilə təchizində mikro SES-lərdən də istifadə olunması elektrik enerjisi problemləri ilə yanaşı, digər sosial məsələlərin də həllinə imkan yarada bilər.
Naxçıvan Muxtar Respublikası enerji sisteminin ölkənin əsas enerji sistemi ilə əlaqəsinin olmadığını nəzərə alaraq, orta, kiçik, mikro su elektrik stansiyalarının ilk növbədə Naxçıvan MRdə tikilməsi daha məqsədəuyğundur.
2.4. Biokütlə enerjisi
Azərbaycan Respublikasında sənaye, kənd təsərrüfatı və sosial xidmət sahələrinin sürətli inkişafı biokütlədən istifadə etməklə enerji istehsalı üçün yeni imkanlar açır. Ölkədə biomaddələrin aşağıdakı mənbələri mövcuddur:
-yanma qabiliyyəti olan sənaye tullantıları;
-meşə təsərrüfatı və ağac emalı sahələrinin tullantıları;
-kənd təsərrüfatı məhsulları və üzvi birləşmə tullantıları;
-məişət və kommunal sahələrinin tullantıları;
-neft və neft məhsulları ilə çirklənmiş sahələrdən alınan tullantılar.
Iqtisadiyyatın bütün sahələrində istehsal tullantılarının tərkibinin çox hissəsini biokütlə maddələri təşkil edir. Həmin biokütlə maddələrindən elektrik enerjisinin istehsalında istifadə olunan bioqaz, biomaye və bərk biokütlənin alınması mümkündür. Belə ki, Azərbaycan Respublikasında hər il tullantıların zərərsizləşdirilməsi poliqonlarına 2,0 milyon tondan çox bərk məişət və istehsalat tullantıları atılır. Bakı və ölkənin iri sənaye şəhərlərində ictimai binaların qızdırılmasındakı çətinlikləri aradan qaldırmaqda bərk məişət və istehsalat tullantılarının utilizasiya olunması (emal edilməsi) həmin problemlərin qismən aradan qaldırılmasını təmin etmiş olardı.
Artıq bir çox Avropa ölkələrində bu problemin həlli yolları tapılmışdır. Belə ki, əhalisi sıx olan ərazilərdə zibilyandırma zavodları tikilməklə, orada məişət tullantıları yandırılır. Zibillərin yandırılmasından alınan enerji hesabına ətrafdakı yaşayış məntəqələri istilik və elektrik enerjisi ilə təmin edilir. Yandırılmış tullantıların qalıqlarından isə gübrə kimi torpaqların münbitliyini artırmaq məqsədilə geniş istifadə olunur. Göründüyü kimi, kompleks əhəmiyyəti olan belə zavodların tikilməsi Azərbaycan üçün də çox zəruridir.
2.5. Geotermal enerji
Yer təkinin istiliyi bir çox ölkələrdə sənaye, kənd təsərrüfatı, məişət və kommunal sahələrdə və təbabətdə geniş istifadə olunur. Enerji istehsalında və istehlakında geotermal enerji mənbələrindən istifadənin üstünlüyü ondan ibarətdir ki, onların tətbiqi iri həcmli maliyyə vəsaiti tələb etmir.
Azərbaycan Respublikasının ərazisi termal sularla zəngindir. Bunlar Böyük və Kiçik Qafqaz dağları, Abşeron yarımadası, Talış dağ-yamac zonası, Kür çökəkliyi və Xəzəryanı-Quba ərazisi kimi geniş sahələri əhatə edir. Bu ərazilərdə olan termal suları istifadəyə cəlb etməklə məişətdə və digər sahələrdə istilik enerjisinə olan ehtiyacın bir hissəsini ödəmək mümkündür.
Dövlət Proqramında nəzərdə tutulan tədbirlərin həyata keçirilməsi nəticəsində özəl investisiya mənbələrini cəlb etməklə alternativ (bərpa olunan) enerji mənbələrinin imkanlarından maksimum istifadə edərək ölkənin elektrik enerjisi sisteminə əlavə güclər qoşula bilər.
Azərbaycanda energetika sahəsində vəziyyət. Rəsmi nəticələr
Azərbaycan Sənaye və Energetika Nazirliyi 2015-ci ilə qədər elektrik enerjisi istehsalında alternativ enerji mənbələrinin xüsusi çəkisini indiki 1 faizdən 15 faizədək artırmağı planlaşdırır. Bunu “Media forum”a nazirliyin mətbuat katibi Azər Məsimli deyib.
Onun sözlərinə görə, bunun üçün nazirlik Azərbaycanda günəş və külək enerjisindən elektrik enerjisi istehsal etməyə imkan verəcək Avropa şirkətlərinin layihələrini nəzərdən keçirir.
Artıq Azərbaycanda günəş enerjisinin elektrik enerjisinə çevrilməsi tətbiq olunur. “bp” şirkətinin maliyyə dəstəyi ilə Kürdəmir rayonunda günəş batareyaları quraşdırılıb. Bu batareyalar kəndlərdən birinin sutəmizləmə sistemini enerji ilə təmin edir. Sənaye və Energetika Nazirliyi mütəxəssislərinin hesablamalarına görə, Azərbaycan ərazisində 1 kv.metr sahəyə düşən günəş enerjisinin həcmi 1500-2000 kilovat/saat təşkil edir ki, bu da Avropadakı eyni göstəricidən çoxdur, ABŞ və Çinin göstəricilərinə isə bərabərdir.
Azərbaycan kimi neftlə zəngin olan bir ölkənin alternativ enerji mənbələrinə marağının və həm də ehtiyacının bu dərəcədə artması diqqəti cəlb edir. Mütəxəssislər bu əl-ayağa düşməni təsadüfi saymırlar. Hesablamalara görə, Azərbaycan 2024-cü ildən sonra istehsal etdiyi neftlə, bir qədər sonra isə qazla özünü tam təmin edə bilməyəcək. Yəni Azərbaycan həmin tarixdən neft ixrac edən ölkədən neft idxal edən ölkəyə çevriləcək. “bp”nin dəfələrlə yaydığı açıqlamalara görə, 2024-cü ildə Azəri-Çıraq-Günəşli yataqlarından çıxarılacaq neftin ümumi həcmi 4 milyon tonu keçməyəcək. Proqnozlara görə, həmin il Azərbaycanın ümumi neft hasilatı 9 milyon ton səviyyəsinə düşəcək.
O illərdə neftə olan tələbat isə indiki inkişaf səviyyəsi nəzərə alınarsa, 10 milyon tondan az olmayacaq. Lakin 15 ildən sonra Azərbaycanın iqtisadiyyatın bir neçə dəfə böyüyəcəyini, vətəndaşların gəlirlərinin artacağını nəzərə aldıqda neftə tələbatın da artacağı aydınlaşır. 10 milyon ton neft illik tələbatı ödəyə bilməyəcək. Azərbaycan ya milyardlarla pul xərcləyib xaricdən yanacaq almalıdır, ya da alternativ enerji resurslarıdan yararlanmalıdır.
Mütəxəssislər təkcə birinci varianta arxalanmağı riskli sayırlar. Bunu BMT-nin İqtisadi və Sosial İşlər Departamentinin davamlı inkişaf şöbəsinin müdiri Coanna Di Sanonun açıqlamaları da təsdiqləyir. Onun dediyinə görə, son illər ümumiyyətlə dünyada enerji mənbələri 28 faiz azalıb.
Dünya əhalisinin enerjiyə təlabatı isə əksinə — ilbəil artır və 15 ildən sonra daha da yüksələcək. Xüsusilə Azərbaycan kimi inkişaf etməkdə olan ölkələrdə enerjiyə tələbat çox artacaq. Bu səbəbdən iqtisadçılar vəziyyətdən çıxış yolunu indidən alternativ enerji mənbələrinin inkişaf etdirilməsində, iri neft gəlirlərinin bir hissəsini alternativ enerji mənbələrinin yaradılmasına yönəldilməsində görür.
Azərbaycanda alternativ enerji mənbələri arasında ən səmərəlisi kiçik su elektrik stansiyaları hesab olunur. Ölkənin ümumi hidroenerji potensialı 40 milyard kilovat/saat təşkil edir ki, bunun da 12%i kiçik su elektrik stansiyalarının payına düşür. Kiçik su elektrik stansiylarının tətbiqi layihəsinə Avropa İnkişaf Bankı 40 milyon dollara yaxın vəsait ayırmaq niyyətində olduğunu açıqlayıb. Azərbaycanda 50 kiçik çay var və onların 30u bоlsuludur.
Hesablamalara əsasən, bu çaylardan 4,8 milyard kilovat/saat enerji istehsal etmək olar. Azərbaycandakı 9 kiçik su elektrik stansiyasından indi yalnız ikisi — Şəki və Muğan stansiyaları işləyir. Halbuki vaxtilə Azərbaycanda toplam gücü 25 meqavat olan 16 kiçik su elektrik stansiyası fəaliyyət göstərib. Bu, Azərbaycanda indi istehsal olunan enerjinin 25 faizi qədərdir.
Azərbaycanda su enerjisindən əsasən iri su elektrik stansiyalarında istifadə edilir. Ölkənin illik elektrik enerjisi istehsalının 10 faizi su elektrik stansiyalarının payına düşür. Kiçik çayların da potensialından yararlanmağa başlanması su elektrik stansiyalarının ümumi balansdakı payını artıra, enerji itkisini və qəza riskini azalda bilər.
Məsələ burasındadır ki, Şirvan şəhərindəki Dövlət Rayon Elektrik Stansiyası kimi nəhəng elektrik stansiyalarında qəza halları baş verəndə bunun əziyyətini on minlərlə abonent çəkirsə, kiçik stansiyalarda baş verə biləcək oxşar qəzalar böyük fəsad yarada bilməz.
Azərbaycanda potensialı olan başqa bir alternativ enerji mənbəyi külək enerjisidir.
Ölkədə külək elektrik stansiyaları vasitəsilə elektrik enerjisi istehsalı potensialı 800 meqavata yaxındır. Bu, ildə 4 milyard kilovat/saat, yəni indiki istehsalın 25 faizi qədər enerji deməkdir. Həmin enerji istehsal edilsə, ildə 1 milyon ton şərti yanacağa qənaət edilmiş olar. Lakin avropalı mütəxəssislər külək enerjisinin gücünün daha böyük olduğu qənaətindədir. Abşeron yarımadasında Avropa Yenidənqurma və İnkişaf Bankının (AYİB) 2002-ci ildə apardığı monitorinq nəticəsində külək enerjisinin texniki potensialının 3000 meqavat olduğu aşkar edilib. Bir neçə il bundan qabaq İqtisadi İnkişaf Nazirliyi Abşeronda pilot layihəsi kimi gücü 4 meqavat olacaq külək elektrik stansiyasının tikiləcəyi barədə məlumat yaymışdı. Lakin sonradan bu istiqamətdə işlər səngidi.
Göründüyü kimi, Azərbaycanda geniş alternativ mənbələr var. Sənaye və energetika naziri Natiq Əliyevin qənaətincə, alternativ enerji mənbələrindən istifadə hesabına Azərbaycanda istehsal olunan elektrik enerjisini 5-7, istilik enerjisini isə 10 faizə qədər artırmaq mümkündür.
Avropada ümumi enerji istehsalında alternativ mənbələrin rolu Azərbaycanda olduğu kimi 1 faizlik göstərici ilə ölçülmür. Məsələn, Portuqaliyada alternativ mənbələrin çəkisi 13 faiz, Belçikada 23 faiz, Finlandiyada 24 faiz, İsveçdə 32 faiz, Norveçdə 52 faiz, İslandiyada 73 faizdir.
Neft və qaz hasil edən Azərbaycanın alternativ enerji istehsalına sərmayə qoyması bu ölkənin ətraf mühitin qorunmasına ciddi yanaşmasını sübut edən faktorlardan biridir.
Azərbaycan Diplomatik Akademiyası ilk dəfə olaraq bu regiona “yaşıl” kampus layihəsini gətirmişdir və hazırda həmin layihəni həyata keçirməkdədir. Dədə Qorqud parkının bir hissəsi olan bu layihədə geotermal enerji, külək enerjisi, yağış suları və günəş enerjisindən istifadə olunacaqdır.
Bakı küləklər şəhəridir. Bu səbəbdən, külək turbinlərindən əldə edilmiş enerjidən istifadə etmək təklif olunur. Estetik dizayna malik olan külək turbinlərinin dirəklər üzərində qurulması nəzərdə tutulmuşdur. 10 külək turbininin Qayıqçı gölü ətrafında, 6 turbinin isə ADA kampusunun girişinin yaxınlığındakı Vaqif prospektində yerləşdirilməsi layihələndirilmişdir.
Geotermal enerji istehsal edən sahə Cıdır Düzünün altında yerləşəcəkdir. Bakıda su qıtlığını nəzərə alaraq, parkın suvarılması məqsədləri üçün yağış suyundan təkrar istifadə nəzərdə tutulmuşdur.
Elektrik enerjisinin istehsalında suyun potensial-enerjisi ekoloji baxımdan təmizdir. Bu mənbədən alınan elektrik enerjisinin istehsalı 1990-cı ildən başlayaraq yüksələn templə artır. Böyük su ehtiyatlarına malik olan Latın Amerikası, Asiya və Afrikanın bəzi ölkələri, həmçinin Avropanın şimal ölkələri digər alternativ enerji mənbələrindən istifadə etməklə yanaşı, bu mənbədən də istifadə etməyi prioritet istiqamət kimi qəbul etmişlər.
Mənbə: Mehdiyeva Gülnarə
Alternativ enerji мənbələri mövzusunda fərdi işi