XX əsrin 20-ci illəri ərəfəsində Azərbaycanda və ümumiyyətlə, Qafqazda siyasi vəziyyət gərgin olaraq qalmaqda idi. Fevral burjua inqilabı, çar Rusiyasının iflası, bolşeviklərin haki-miyyətə yiyələnmələri, Qafqaz respublikalarının öz müqəddəratını müəyyənləşdirməyə cəhd göstərmələri, onların arasındakı mübarizələr, Azərbaycan Xalq Cümhuriyyətinin təşəkkülü və fəaliyyəti və s. hadisələr dövrü səciyyələndirən əsas cəhətlərdir. Dövrün diqqəti cəlb edən digər cəhəti Azərbaycan ərazisinin yenə də 2 hissəyə parçalanmış halda qalması idi. Vahid Azərbaycan ərazisi İranın və Rusiyanın nüfuz dairələrində qalmaqla öz fəaliyyətlərini həmin dövlətlərin idarəçiliyinə uyğun davam etdirirdi. Məlum olduğu kimi, 1920-ci ilin aprelin 28-də Azərbaycan Xalq Cümhuriyyəti süquta uğradıldı və sonralar onun ərazisində Azərbaycan Sovet Sosialist Respublikası təsis olundu.
Azərbaycan SSR Azərbaycan Xalq Cümhuriyyətinin ərazisində təsis edildiyindən onun sahəsi ilk vaxtlarda 97.298 kv. km olmuşdur. Sonrakı hadisələr nəticəsində Azərbaycan öz ərazisinin bir hissəsini itirmiş və daha kiçik əraziyə malik olmuşdur. Bu dövrdə Azərbaycan SSR-in sahəsi 86,6 min kv. km idi. Azərbaycan SSR şimalda RSFSR (Dağıstan MSSR), şimali-qərbdən Gürcüstan SSR, cənubi-qərbdə Ermənistan SSR və Türkiyə, cənubda İranla, şərqdə Xəzər dənizi ilə həmsərhəd idi. Paytaxtı Bakı şəhəri idi. Onun tərkibinə Naxçıvan MSSR və DQMV daxil idi. 1976-cı ilin məlumatına görə, respublikada 61 inzibati rayon, 60 şəhər, 125 şə-hər tipli qəsəbə və fəhlə qəsəbəsi mövcud olmuşdur.
Bolşevik təcavüzü əslində Azərbaycanın müstəqilliyinə son qoymuşdu. Azərbaycan Xalq Cümhuriyyətinin ərazisində yaradılmış Azərbaycan SSR ilk vaxtlarda müstəqil respublika elan olunsa da, tədricən onun müstəqilliyi formal xarakter almağa başladı. İlk növbədə Azərbaycanın Xalq Cümhuriyyəti dövründəki 20-yə qədər xarici ölkələrlə olan birbaşa əlaqələri ləğv edildi. Sonra Azərbaycan SSR-in Rusiyaya ilhaqı üçün mərhələli tədbirlər görülməyə başlandı. Vahid siyasi partiya, vahid ticarət mərkəzi, vahid pulun qəbulu, gömrüyün ləğvi və s. həmin isti-qamətdə görülən tədbirlərdən idi. Tədricən daha ciddi addımlar atıldı:
1922-ci ilin martın 12-də Zaqafqaziya Sovet Sosialist Respublikaları Federativ İttifaqı (ZSSRFİ) yaradıldı və az sonra (13.XII.22) bu ittifaq ZSFSR adlandırıldı. Azərbaycan SSR ZSFSR tərkibinə daxil olundu və həmin addım əslində Azərbaycanın formal müstəqilliyinin də ləğvi demək idi. 1922-ci ilin dekabrın 30-da isə I Sovetlər qurultayı SSRİ-nin yaranması barədə qərar qəbul etdi. Azərbaycan SSR ZSFSR tərkibində SSRİ-yə daxil oldu və bununla da öz müstəqilliyini tam itirib bolşevik Rusiyasının müstəmləkəsinə çevrildi. 1936-cı ilin dekabrın 5-də Azərbaycan SSR SSRİ tərkibində müstəqil respublika kimi fəaliyyətə başladı, lakin bu da tam müstəqillik deyildi. Belə vəziyyət 1990-cı illərin əvvəllərinə kimi davam etdi.
XX əsrin ilk rübündə eyni zamanda Azərbaycan torpaqlarının itirilməsi prosesi getdi. Bu proses müxtəlif mərhələlərdə həyata keçirilmişdir:
- 1918-1920-ci illərdə — Azərbaycan Xalq Cümhuriyyəti vaxtında;
- 1920-ci ilin aprel-noyabr aylarında — Azərbaycan SSR elan olunduğu gündən Ermənistanda sovet hakimiyyəti qurulanadək;
- 1920-ci ilin noyabrından 1921-ci ilin fevralınadək — Gürcüstanda sovet hakimiyyəti qurulanadək;
- ZSFSR təşkili və onun SSRİ tərkibinə daxil olmasına kimi — «müstəqil» Zaqafqaziya sovet respublikalarının fəaliyyət göstərdiyi dövrdə.
Bu mərhələlərin hər birinin özünəməxsus xüsusiyyətləri, incəlikləri olmuş və hadisələrin gedişinə təsir göstərmişdir. Bütün hallarda regionda öz marağını güdən Rusiya problemlərin «həl-linə» ciddi təsir göstərmişdir.
Ermənilər aprel çevrilişindən sonra da Azərbaycana qarşı olan ərazi iddialarından əl çəkmədilər. Onlar hələ Azərbaycan Xalq Cümhuriyyəti vaxtında mübahisəli ərazilər kimi qələmə verdikləri, əslində isə mübahisəli ərazilər olmayan Naxçıvan, Zəngəzur, Dağlıq Qarabağ və Şərur-Dərələyəz ərazilərini ələ keçirmək niyyətində idilər. Sovet Rusiyası bu işdə ilk gün-lərdən erməniləri dəstəkləyir, onların niyyətinin həyata keçirilməsinə yardım edirdi. 1920-ci ilin yayında ermənilər Zəngibasar və Şərurda qırğın törətdilər və sonra Zəngəzuru dağıdıb Naxçıvana hücum etdilər. Veysəl bəyin başçılığı ilə köməyə gələn türk qoşunları Naxçıvan ərazisini nəzarət altına aldı. Həmin ilin avqustun 5-9-da Qırmızı Ordu hissələri Zəngəzura soxularaq buradakı erməni generalları Dro və Njdenin qoşunlarını bölgədən qovub çıxardı. Lakin 1920-ci ilin avqustun 10-da Sovet Rusiyası ilə Ermənistan arasında müvəqqəti saziş bağlandı və onun şərtlərinə görə Şərur-Dərələyəz qeyd-şərtsiz Ermənistana verildi, Qarabağ, Zəngəzur və Naxçıvan isə yenə də «mübahisəli vilayətlər» elan olundu. Bununla Rusiya Azərbaycan torpaqları hesabına Ermənistanı sovetləşdirmək siyasəti yürüdürdü. N.Nərimanov Moskvaya göndərdiyi teleqramlarda Azərbaycanda sovet hakimiyyəti qurulana qədər mübahisəsiz sayılan vilayətlərin indi nədənsə mübahisəli sayılmasına qarşı ciddi etirazını bildirirdi.
Ermənistan SSR yaradıldıqdan sonra (29.XI.1920) Azərbaycan ərazisinə iddialar daha da artdı. N.Nərimanovun AK(b)P MK Siyasi və Təşkilat bürolarının 30 noyabr tarixli qərarını elan edərkən verdiyi bəyanat və ertəsi gün qəzetlərdə onun saxtalaşdırılmış şəkildə dərc olunması həmin iddiaların daha da çoxalmasına səbəb oldu. N. Nərimanov Ermənistan SSR yaradılması münasibətilə təbrik göndərilməsini təklif etmiş və demişdi ki, «Sovet Azərbaycanı ilə Sovet Ermənistanı arasında heç bir sərhəd yoxdur». Qəzetlərdə isə onun sözlərinə «Zəngəzur və Naxçıvan qəzalarının ərazisi Sovet Ermənistanının ayrılmaz hissəsidir», «Dağlıq Qarabağın əməkçi kəndlilərinə öz müqəddəratını təyin etmək hüququ verilir» kimi təxribatçı fikirlər əlavə olunmuşdu. Həmin bəyanat ermənilərin yeni addımlar atmasına təkan verdi və dekabrın 25-də onlar Zəngəzurda «Azad Sünik hökuməti» təşkil etdilər. Zəngəzur qəzasının qərb hissəsi Ermənistanın əlinə keçdi. Bu bəyanat Naxçıvanın azərbaycanlı əhalisinin də ciddi narazılığına səbəb oldu. Əhalinin qapalı keçirilən rəy sorğusunun nəticələrinə əsasən (90%) Naxçıvanın Azərbaycanın tərkibində qalması qərara alındı. Bölgədəki vəziyyətlə yaxından maraqlanan Türkiyə bundan əvvəl, yəni 1920-ci ilin dekabrın 2-də Ermənistan ilə Gümrü (Aleksandropol) müqaviləsini bağlamışdı və İrəvan bölgəsi və Göycə gölü istisna olmaqla bütün Ermənistan ərazisi Türkiyənin himayəsinə keçmişdi. Lakin Sovet Rusiyası Gümrü müqaviləsini tanımaqdan imtina etdi.
1921-ci ilin fevral-mart aylarında Naxçıvan ərazisi yenidən müzakirə obyektinə çevrildi. Göstərildiyi kimi, 1921-ci ilin yayında ermənilər Naxçıvana hücum etmişdilər və türk qoşunları tərəfindən bölgədən çıxarılmışdılar. 1921-ci ilin martın 16-da isə RSFSR ilə Türkiyə arasında Moskva müqaviləsi imzalandı və qərara alındı ki, tərəflər müqavilənin 3-cü maddəsində göstərilən sərhədlər çərçivəsində Azərbaycanın himayəsi altında Naxçıvanın muxtar ərazi olmasına razılıq verirlər və Azərbaycan onu üçüncü dövlətə güzəştə getməməlidir. Bununla da, Naxçıvan məsələsi özünün ədalətli həllini tapdı və Azərbaycan ərazisinin bütövlüyü qismən olsa da, qorunmuş oldu.
Moskva müqaviləsinin şərtləri 1921-ci ilin oktyabrın 13-də bağlanmış Qars müqaviləsi ilə daha da möhkəmləndirildi; Naxçıvanın sərhədləri və gələcək statusu qəti olaraq müəyyənləşdirildi. Müqavilə müddətsiz imzalandı və bu Naxçıvanın gələcək taleyi üçün mühüm əhəmiyyət kəsb etdi. Bununla bərabər, Naxçıvan ilə bağlı mübahisələr səngimədi. Diyarın sonrakı statusunun müəyyənləşdirilməsində bir neçə mərhələ baş verdi: Naxçıvan əvvəlcə «Naxçıvan SSR» adı ilə Azərbaycan SSR himayəsində muxtar respublika (22.V.1922), sonra Azərbaycan SSR tərkibində «Muxtar ölkə» (11.XII.1923), daha sonra yenə də Azərbaycan SSR tərkibində «Naxçıvan SSR» (11.XII.1923) statusu ilə fəaliyyət göstərdi. Nəhayət, 1924-cü ilin fevralın 9-da «Naxçıvan MSSR» təsis olundu.
Naxçıvan Muxtar SSR ərazisi şimalda və şərqdə Ermənistan SSR ilə (224 km sərhəd xətti ilə), qərbdə və cənubda Türkiyə (11 km) və İranla (163 km) həmsərhəd olmuşdur. Sahəsi 5,5 min kv. km idi. Azərbaycan ərazisinin 6,4%-ni təşkil edirdi. Respublika 5 inzibati rayonu -Babək, Noraşen, Ordubad, Culfa və Şahbuz rayonlarını birləşdirirdi. Onun tərkibində 4 şəhər, 2 şəhər tipli qəsəbə, 215 kənd və qəsəbə var idi. Paytaxtı Naxçıvan şəhəri idi. Naxçıvan MSSR-in Türkiyə ilə çox da uzun olmayan sərhəddi bölgənin gələcək təərrüzlərdən qorunması və eləcə də, iqtisadi və mədəni həyatında mühüm rol oynadı.
Azərbaycan Xalq Cümhuriyyətinin XI Qırmızı Ordu tərəfindən işğalından sonra Qarabağ məsələsi nəinki səngidi, əksinə daha qabarıq şəkildə meydana çıxdı. Ermənistan hər bir vasitə ilə Qarabağın dağlıq hissəsini ələ keçirməyə can atırdı. Bu dövrdə «Dağlıq Qarabağ» istilahı da ortaya atıldı. Əslində Qarabağın dağlıq və düzən əraziləri tarixən birgə fəaliyyət göstərmiş və iqtisadi-ictimai, mədəni cəhətdən sıx bağlı idilər. 1920-ci ilin iyunun 19-da Ermənistan hökuməti Dağlıq Qarabağın Ermənistanın ayrılmaz hissəsi olduğu barədə bəyanat verdi. Lakin, həmin cəhdin qarşısı alındı. 1920-ci ilin iyunun 27-də Azərbaycan K(b)P-nın Siyasət və Təşkilat büroları Ermənistanın Qarabağın yuxarı hissəsinə iddialarını rədd etmək barədə obyektiv qərar qəbul etdi. Çox keçmədən, həmin ilin iyulun 4-də RK(b)P-nın Qafqaz bürosu Dağlıq Qarabağın Ermənistan SSR tərkibinə qatılması və buradakı ermənilər arasında rəy sorğusu keçirilməsi barədə qərar çıxardı. N. Nərimanovun ciddi etirazı və əhalinin narazılığını nəzərə alan Qafqaz bürosu iyulun 5-də məsələni təkrar müzakirəyə qoydu və əvvəlki ədalətsiz qərar ləğv olundu. Dağlıq Qarabağın Azərbaycan SSR tərkibində saxlanılması və eyni zamanda Dağlıq Qarabağa muxtariyyət verilməsi barədə qərar qəbul olundu. Həmin qərar 1923-cü ilin iyunun 27-də RK(b)P Cənubi Qafqaz ölkə komitəsinin plenumunda təsdiq olundu və nəhayət, Azərbaycan MİK 1923-cü ilin iyulun 7-də Azərbaycan SSR tərkibində DQMV yaradıldığını elan etdi. Vilayətin tərkibinə Şuşa, Cavanşir və Cəbrayıl qəzaları ərazilərinin dağlıq hissələri daxil oldu. Qarabağın qalan hissəsində Ağdam, Cəbrayıl və Kürdüstan (mərkəzi Pircahan kəndi) qəzaları yaradıldı və əraziləri müəyyənləşdirildi. 1924-cü il noyabrın 26-da qəbul olunmuş «Əsasnamə»yə görə, Şuşa qəzasından Şuşa və Xankəndi (hələ 1923-cü ilin sentyabrında Stepanakert adlandırılmışdı), Cavanşir qəzasından 62 kənd, Qaryagin qəzasından 30 kənd, Qubadlı qəzasından isə Qaladərəsi kəndi DQMV tərkibinə daxil olunmuşdu. Bu addım ermənilərin gələcək planlarının həyata keçirilməsinə zəmin yaratmış oldu. DQMV-nin sahəsi 4.372 kv. km olub, inzibati baxımdan 5 rayonu — Əsgəran, Mardakert, Martuni, Hadrut və Şuşa rayonlarını birləşdirirdi. Mərkəzi Stepanakert (Xankəndi) idi. 1977-ci ilin məlumatına görə, 2 şəhəri, 5 şəhər tipli qəsəbəsi, 1 fəhlə qəsəbəsi və 220 kənd və qəsəbəsi vardı.
Zəngəzuru ələ keçirməyə can atan ermənilər hələ 1920-ci ilin dekabrın 25-də burada «Azad Sünik hökuməti» təşkil etmişdilər. İrəvan həmin bölgəni 2 yerə ayırmaq təklifini irəli sürdü: onun qərb hissəsi Zəngəzur qəzası, şərq hissəsinin isə Meqri qəzası adlandırılması təklif olundu. Bununla yanaşı, rəsmi İrəvan XI Qırmızı Ordu ilə sazişə girdi və 1921-ci ilin iyulunda Əlahiddə Qafqaz Ordusunun hərbi hissələri Zəngəzurun yuxarı ərazisinə soxuldular, bölgəni daşnaq dəstələrindən təmizləyərək Ermənistana birləşdirdilər. Daha sonra bu əraziyə İran, Misir, Türkiyə, Rusiyadan ermənilər köçürüldü, azərbaycanlılar isə müxtəlif bəhanələrlə bölgədən çıxarıldı. 1929-cu ildə Zəngilan rayonunun 3 kəndi Ermənistana verildi (bu barədə qərar isə Azərbaycan SSR Ali Soveti tərəfindən 1969-cu ilin mayın 17-də təsdiq edilmişdir). Burada Meqri rayonu təşkil olundu və beləliklə, Naxçıvanla Azərbaycan arasında dəhliz yarandı. Bu illərdə Qazax qəzasının dağlıq hissəsi — Dilican ərazisi də Azərbaycan xalqının iradəsinə əks olaraq Ermənistana verildi.
Göstərildiyi kimi, 20-ci illərin əvvəllərində, Azərbaycan Cümhuriyyəti dövründə Azərbaycanın təxminən 114.000 kv. km ərazisi var idi. Onun 97.298 kv. km-i mübahisəsiz, 16,6 min kv. km-i isə mübahisəli ərazilər hesab olunurdu. Ərazi məsələlərinin birtərəfli, daşnaq-bolşevik sayağı «həlli» nəticəsində mübahisəli ərazilər bədnam qonşularımızın ixtiyarına keçdi və bundan əlavə 11.000 kv. km ərazimiz Ermənistana verildi. Buraya əsasən Zəngəzur qəzası, Şərur-Dərələyəz qəzası və Göycə dairəsinin torpaqları daxil idi. Beləliklə, həmin illərdə Azərbaycanın 27.599 kv. km ərazisi itirildi.
XX əsrin 20-ci illərinin sonunda Azərbaycanda inzibati-ərazi bölgüsü baxımından dəyişikliklər aparıldı və rayonlaşdırma sistemi həyata keçirildi. 1928-ci ilin oktyabrında Azər-baycan SSR XKS bu məsələni müzakirə edərək ona tərəfdar çıxdı. Həmin layihəyə əsasən qəzaların ləğv edilməsi lazım bilindi və rayonlaşdırmanın əsasında üçdərəcəli bölgü -dairə, rayon, kənd soveti — qoyuldu. VI Ümumazərbaycan Sovetlər Qurultayında (1-9.04.1929) qəbul olunmuş müvafiq bölgüyə əsasən yeni inzibati sistem tətbiq olundu.
Yeni rayonlaşdırmaya qədər respublikada 15 qəza — Ağdam, Ağdaş, Gəncə, Göyçay, Cəbrayıl, Zaqatala, Qazax, Quba, Kürdüstan, Lənkəran, Nuxa, Salyan, Şamxor, Şamaxı və Bakı qəzaları, eyni zamanda Naxçıvan MSSR və DQMV mövcud idi. Yeni inzibati bölgüyə əsasən 15 qəza əvəzinə 8 mahal (Naxçıvan MSSR və DQMV-dən başqa) — Qarabağ, Gəncə, Şirvan, Zaqatala-Nuxa, Quba, Lənkəran, Salyan və Bakı təşkil olundu. 62 dairə, 1090 kənd soveti yaradıldı. 1930-cu ilin avqustunda Azərbaycan SSR XKS və MİK qərarı ilə dairələr (Zaqatala dairəsindən başqa) ləğv olundu. İnzibati ərazi bölgüsünün əsas həlqələri olan rayonların sayı 63-ə çatdırıldı. 1932-ci ildə isə rayonların sayı 47-yə endirildi (Naxçıvan MSSR və DQMV-dən başqa). 50-ci illərə kimi respublikada Qubadlı (1933), Mirbəşir (1934), Yevlax, Zərdab (1935), Ucar, Jdanov (1939), Saatlı (1943) və s. rayonlar da təsis olundu.
Azərbaycan ərazisində XX əsrin 60-cı illərində də müəyyən inzibati dəyişikliklər aparıldı.
Azərbaycan SSR Ali Soveti Rəyasət Heyətinin 4 yanvar 1963-cü il tarixli fərmanına əsasən rayonların istehsalat prinsipləri üzrə təşkili həyata keçirildi. Nəticədə, 10 respublika tabeliyində şəhər (Bakı, Kirovabad, Sumqayıt, Mingəçevir, Əli-Bayramlı, Daşkəsən, Dəvəçi, Yevlax, Naftalan, Nuxa), 1 muxtar respublika tabeliyində (Naxçıvan), 2 muxtar vilayət tabeliyində (Şuşa, Stepanakert) şəhərlər və 38 kənd rayonları təşkil olundu. Kənd rayonlarının 3-ü Naxçıvan MSSR-na (Naxçıvan, Culfa, Noraşen), 4-ü DQMV-nə (Hadrut, Mardakert, Martuni, Stepanakert) daxil idi. Sonrakı illərdə də inzibati-ərazi bölgüsündə müəyyən dəyişikliklər edilmişdir: Abşeron, Şuşa (1963), Naftalan (1967), Nəsimi (1969) rayonları təsis olunmuş və başqa inzibati yeniliklər həyata keçirilmişdir. 1970-ci illərin sonunda isə Azərbaycan SSR-in yeni inzibati ərazi bölgüsü müəyyənləşdirildi. 1978-ci ilin göstəricisinə görə Azərbaycanda 10 respublika tabeliyində şəhər, 61 rayon fəaliyyət göstərirdi. Onlardan 1 şəhər və 5 rayon Naxçıvan MSSR-na, 5 rayon DQMV-nə daxil idi. İnzibati dəyişikliklər 80-90-cı illərdə də davam etdirildi: Nizami (1980), Ağstafa, Hacıqabul, Xızı, Qobustan, Sədərək (1990), Xocalı, Xocavənd (1991), Samux, Siyəzən (1992) rayonları yaradıldı, DQMV ləğv olundu (26.XI.1991), bir neçə rayonun adı dəyişdirildi.
Keçən əsrin 80-cı illərində meydana atılan «yenidənqurma» və «aşkarlıq» Azərbaycanın DQMV-də milli münaqişə ocağının yenidən alovlanmasına gətirib çıxardı. 1987-ci ilin no-yabrında Parisdə Qorbaçovun əlaltılarından olan Aqanbekyanın Dağlıq Qarabağın Ermənistana verilməsinin məqsədəuyğunluğu barədəki bəyanatı ilə başlanmış bu proses Azərbaycan üçün mənfi nəticələr verdi.
Ümumiyyətlə götürüldükdə, cəmiyyətdə baş vermiş proseslər SSRİ-nin varlığına son qoyulması ilə nəticələndi. 1991-ci ilin dekabrın 29-da Azərbaycanda ümumxalq referendumu ke-çirildi, dövlət müstəqilliyinin qəbul olunması yekdilliklə rəsmiləşdirildi və müstəqil Azərbaycan
Respublikası təsis olundu. Həmin hadisələrin Azərbaycanın tarixi-siyasi coğrafiyasına da ciddi təsiri oldu. Bir tərəfdən Azərbaycan ərazisi müstəqil Azərbaycan Respublikasının tərkibində birləşdirildisə, digər tərəfdən ərazilərimizə qarşı erməni iddiaları çoxaldı. Rus hərbi hissələri ilə birləşmiş erməni dəstələri ilk vaxtlardan Azərbaycan torpaqlarını işğal etməyə başladılar. Dağlıq Qarabağ və ətraf ərazilər işğala məruz qaldı. Problemin «həlli» üçün görülmüş «tədbirlər» heç bir səmərə vermədi. Rus əsgərlərinin yaxından iştirakı ilə ermənilər yeni-yeni ərazilər zəbt etdilər. Kərkicahan, Malıbəyli, Quşçular, Xocalı kəndlərini zəbt edən ermənilər 1992-ci ilin mayın 8-də Şuşanı ələ keçirdilər. Daha sonra Laçın, Kəlbəcər, Ağdam, Cəbrayıl, Füzuli, Qubadlı və Zəngilan rayonları işğal olundu. Həmin ərazilərin sahəsi və zəbt olunma tarixini əks etdirən aşağıdakı cədvəl mövcud mənzərəni aydın təsəvvür etməyə imkan verir:
İtirilmiş torpaqlarımız 13082 kv. km olmuş, bunun 4372 kv. km-i Dağlıq Qarabağa, qalanı isə ətraf rayonlara aiddir. Ümumiyətlə götürüldükdə, XX əsrin 20-90-cı illərində 40.681 kv. km-lik ərazilərimiz Ermənistan SSR və ya ermənilər tərəfindən işğal olunmuşdur. Azərbaycan hökuməti zəbt olunmuş ərazilərin azad olunması üçün məqsədyönlü tədbirlər görür. İlk növbədə ərazilərimizin sülh yolu ilə qaytarılmasına cəhd göstərilir. 1994-cü ilin mayın 12-də atəşkəsə nail olunması da bu məqsədə xidmət edir. Lakin, sülh yolu ilə məsələnin həlli baş tutmazsa, digər vasitələrdən və lazım gələrsə, müharibə yolundan da istifadə etməklə torpaqlarımızın azad olunmasına nail olmaq vacibdir.
«Böyük Ermənistan» yaratmaq niyyətində olan ermənilər buna nail olmaq üçün hər vasitədən istifadə edirlər. Bunun bir yolu da azərbaycanlıların nəinki Ermənistandan, eləcə də bütün Qafqazdan qovulub çıxarılmasını həyata keçirmək idi. XX əsrdə bu istiqamətdə bir neçə dəfə cəhdlər olmuşdur. Hələ müharibə illərində azərbaycanlıların Orta Asiyaya və Qazaxıstana köçürülməsi planı hazırlanmışdı və həyata keçirilməsinə başlanılmışdı. Lakin M.C.Bağırov tutarlı arqumentlərlə İ. Stalini bu fikirdən döndərə bildi. 1945-ci ilin payızında Ermənistanın Dağlıq Qarabağın onlara verilməsi barədə Sovet hökuməti qarşısında qaldırdığı növbəti məsələ də M.C.Bağırovun tədbirləri nəticəsində həyata keçirilmədi (Şuşa və Zəngəzurun Azərbaycana verilməsi şərti ilə bu məsələnin müsbət həlli təklif edildi). Çox keçmədən, 1947-ci ilin dekabrın 23-də SSRİ NS «Ermənistan SSR-dən kolxozçuların və başqa azərbaycanlı əhalisinin Azərbaycan SSR-in Kür-Araz ovalığına köçürülməsi haqqında» qərarı qəbul olundu. Bununla da, azərbaycanlıların öz ata-baba torpaqlarından köklü deportasiyasının birinci mərhələsi başlandı. 1948-1950-ci illərdə Ermənistan SSR-dən 150.000 azərbaycanlı doğma yurdlarından zorla çıxarıldı. Onların evlərinə, yurdlarına xarici ölkələrdən gətirilmiş ermənilər yiyələndilər. Dağ və dağətəyi ərazilərdə yaşamış azərbaycanlılar isə əsasən Kür-Araz ovalığının isti ərazilərində məskunlaşdırıldı. Həmin hadisənin düzgün siyasi qiyməti isə çox sonralar — 1997-ci il dekabrın 18-də verildi. «1948-1953-cü illərdə azərbaycanlıların Ermənistan SSR ərazilərindəki tarixi-etnik torpaqlarından kütləvi surətdə deportasiyası haqqında» Azərbaycan Respublikası Prezidenti H.Ə.Əliyevin fərmanında son iki əsrdə xalqımıza qarşı tətbiq edilən etnik təmizləmə və soyqırımı siyasətinin əsl mahiyyəti açıqlandı.
Azərbaycanlıların deportasiyasının ikinci güclü mərhələsi 80-ci illərin sonlarında başlandı. İlk növbədə azərbaycanlıların Ermənistan SSR-dən bütünlüklə çıxarılması həyata keçirildi. 1988¬ci ilin yanvarında Qafan və Meqri rayonlarında başlanan həmin «etnik təmizləmə» tədricən Dağlıq Qarabağ ərazisində də tətbiq olundu. Dağlıq Qarabağın azərbaycanlı əhalisi zorla qovuldu, öldürüldü, didərgin salındı. 1991-ci ilin avqustun 8-də Ermənistan SSR-də sonuncu azərbaycanlı kəndi — Nüvədi boşaldıldı. Beləliklə, Ermənistan SSR-dəki 185 azərbaycanlı kəndi təmizləndi, 230.000 azərbaycanlı qovuldu, 31.000 ev, 165 kolxoz və sovxoz talandı, 225 nəfər öldürüldü, 1200-dən artıq adam yaralandı. Azərbaycanlıların bu dövrdəki deportasiyasında da Rusiya yaxından iştirak etdi. Baş vermiş tarixi proseslər zəminində Azərbaycanda yaşayan ermənilər də ölkədən çıxarıldılar. Nəticədə, Azərbaycan əhalisinin etnik tərkibində müəyyən də-yişiklik baş verdi. Ölkədə türkdilli əhalinin sayı nisbətən artdı.
Bununla yanaşı Azərbaycan çoxsaylı xalqların, millətlərin, etnik qrupların, etnoqrafik qrupların, etnik azlıqların, milli azlıqların və s. birgə yaşadığı ölkə olaraq qalır. Azərbaycanda əhalinin 1989-cu il siyahıyaalma materiallarının nəticələrinə görə 141 millətin və xalqın nümayəndəsinin yaşadığı bəlli olmuşdur.
XXI əsrin başlanğıcında Azərbaycan Respublikası yenə də rəsmən 86,6 min kv. km əraziyə malikdir. Lakin, bunun 20%-i erməni işğalına məruz qalmışdır. Ölkə əhalisinin sayı 8 mln. 81 min nəfərdir. İnzibati baxımdan respublikada 1 muxtar respublika, 11 respublika tabeli şəhər, 79 rayon (o cümlədən, 11 rayon Bakı, 2 rayon Gəncə şəhəri tərkibində), 130 şəhər tipli qəsəbə, 4354 kənd yaşayış məntəqəsi vardır. Azərbaycan Respublikası cənubda İran (756 km) və Türkiyə ilə (13 km), şimalda Rusiya ilə (390 km), şimali-qərbdə Gürcüstanla (480 km), qərbdə Ermənistanla (1007 km), şərqdə isə Xəzər dənizi ilə (800 km) həmsərhəddir. Xəzərin Azərbaycan sektorunun ən enli sahəsinin uzunluğu 456 km-dir.
tarix elmləri doktoru,professor Vaqif Ziyəddin oğlu Piriyev
AZƏRBAYCANIN TARİXİ-SİYASİ COĞRAFİYASI