Axmaq puma sindromu

Axmaq puma sindromu

Şimali Amerika çöllərinin ən sürətli heyvanlarından biri olan pumanın ovlarına “münasibəti” müasir insanın həyatı üçün əsl nümunə təşkil edə bilər. Bu ağıllı canlının “estafet”inə nəzər salarkən ilk baxışdan təəccüblü bir şey görünmür: puma ya qurbanını ələ keçirərək onu parçalayır, ya da ov qaçaraq yırtıcıdan canını qurtarır. Amma iş burasındadır ki, puma hansı heyvanın ardınca nə qədər qaçmağı, başqa sözlə onu ələ keçirməyə nə qədər enerji sərf etməyi əvvəlcədən müəyyən edir. Əgər ovu tutmaq üçün xərclənən enerji onu yeməkdən qazanılacaq enerjidən çox olacaqsa, puma “estafet”i yarımçıq tərk edir və özünə başqa yerdə qurban axtarmağa başlayır. Məsələn, o, heç vaxt ceyranı tutmaq üçün qət etdiyi məsafə qədər dovşanın ardınca qaçmır. İqtisadi ədəbiyyatlarda istifadə edilən “axmaq puma sindromu” anlayışı da məhz bununla izah olunur. Yəni heç bir məntiqə sığmayan hərəkətlərlə bir dovşanın ardınca illərlə qaçan insanlar bəşəriyyətin “axmaq puma”larıdırlar.
Uğur qazanmaq üçün “puma fəlsəfəsi”ni – xərclənən əmək ilə əldə ediləcək nəticə arasındakı uzlaşmanı yaxşı mənimsəmək lazımdır. İndi isə öz həyatımıza nəzər salaq. Qarşımıza qoyduğumuz hədəflər, qazandığımız uğurlar, işdən aldığımız ləzzət və karyeramız onlar üçün sərf etdiyimiz vaxta və enerjiyə dəyərmi? Yəni qazandıqlarımızın verdiyi enerji itirdiklərimizin apardığı enerjini layiqincə kompensasiya edə bilibmi?

Sırf inadkarlıq və prinsip naminə enerjimizi israf etmrikmi? “Axmaq puma sindromu” nəticəsində işlədiyimiz müəssisəyə nə qədər itki veririk? Getdiyimiz yol yüz faiz məğlubiyyətlə nəticələnəcəksə, lazımsız yerə inad edib yola davam etmək əvəzinə planlarımıza yenidən nəzər salıb “zərərin yarısında dönmək də kardır” düşüncəsi ilə geri qayıtmışıqmı? Təkrar-təkrar eyni işləri görərək fərqli  nəticə əldə edəcəyimizi zənn edib, amma istədiyimiz sonuca nail olmayaraq təəccüblənmişikmi?
Bütün gücümüzü mənasız “Leyli”lərin yolunda xərcləyərək əldən düşmüş “Məcnun” olmaq istəmiriksə, bizi əhatə edən dünyaya real gözlə baxmağı bacarmalıyıq. Real dünyamızı xülyalarımızla formalaşdırdığımız xəyal dünyasından ayırmağı bacarmalıyıq.  
Əgər hələ də sərf olunmamış enerjimiz qalıbsa, pumaları özümüzə repetitor seçə bilərik! Amma diqqətli olun ki, “müəllim” yanına getmək üçün xərclədiyiniz vaxt və enerji “dərs”dən qazanacağımız enerjidən artıq olmasın! Əks təqdirdə gələcəkdə biz də pumalara yem ola bilərik.

Mənbə SƏMƏRƏLİ İŞ HƏYATI kitabı
Müəllif SƏLİM ÖZDƏMİR

Top