Qafqaz Albaniyası Azərbaycanın şimal hissəsində elmə məlum ən ilkin dövlət qurumu olmuşdur. Göstərildiyi kimi, ölkənin bu hissəsində dövlət qurumu müəyyən səbəblərdən cənuba nisbətən daha gec meydana gəlmişdir. Albaniya haqqında qədim yunan, latın, alban, erməni,gürcü, siryani, ərəb və s. dilli mənbələrdə məlumat verilir. Herodotun (e.ə. 480-425)) «Tarix» əsərində Qafqaz Albaniyasının adı birbaşa çəkilməsə də, bu ərazi və orada baş vermiş hadisələr barədə bəzi faktlara təsadüf olunur. Strabonun (e.ə. 64 — b.e. 24) «Coğrafiya» əsərində isə Albaniyada 26 dildə (ləhcədə) danışan tayfaların yaşaması, Kür çayının mövqeyi,amazonkalar və s. barədə qeydlər mövcuddur. Böyük Plini (23-79) Albaniyanın baş şəhərləri,təbiəti, əhalisi, albanların mənşəyi («Təbiət tarixi»), Plutarx (45-127) albanların Pompeyə qarşı mübarizəsi, onların piyada və süvari qoşunları, silahları («Parallel tərcümeyi-hallar»), Pomponi Mela (I əsrin I yarısı) Qafqaz Albaniyasının çayları, dağları, bəzi tayfaları, Kaspi dənizi, onun adaları və s. («Yerin təsviri») barədə məlumat verirlər.
Ermənidilli mənbələrdə də (Aqafanqel, Koryun, Moisey Xorenski, Yeqeşe, Ananiy Şirakatsi, Gevond Vardapet və s.) Albaniya tarixinə dair materiallar az deyildir. Lakin Albaniyaya dair ən mühüm və qiymətli mənbə VII-VIII əsrlərdə ya-şamış alban müəllifi Musa (Moisey) Kalankatlının «Albanların tarixi» əsəri hesab olunur. Uti vilayətinin Kalankat kəndində anadan olmuş müəllifin həmin əsəri ən qədim dövrlərdən başlamış 999-cu ilə kimi olan hadisələrə həsr olunmuşdur. 3 hissədən ibarət bu əsərdə Albaniyanın coğrafiyası, Albaniyada xristianlığın yayılması, Aluen (Aquen) məclisi (488) və onun qəbul etdiyi qanunlar, albanların sasanilərə qarşı mübarizəsi, Arşakilər sülaləsinin süqutu, Mehranilərin hakimiyyətə gəlməsi, Cavanşir və onun fəaliyyəti, ərəblərin Cənubi Qafqaza yürüşləri, alban hökmdarları və katalikosları, Varaz Trdatın hakimiyyətinin son illəri və s. haqqında məlumat öz əksini tapmışdır. Ehtimal olunur ki, 710-cu ildən sonrakı hadisələr əsərə başqa müəllif tərəfindən əlavə edilmişdir.
Albaniya müxtəlif dilli mənbələrdə ayrı-ayrı şəkildə adlandırılır. Antik mənbələr bu ölkəni «Albaniya» kimi xatırladırsa, sonrakı dövr mənbələrində onun adı Ardan (orta fars), Arran (ərəbdilli), Rani (gürcü), Ağvan (erməni), Aran (Suriya) və s. şəkildə əks olunmuşdur.
E.ə. III əsrdə Albaniya vilayətləri arasında iqtisadi və mədəni əlaqələrin inkişafı, ibtidai icma quruluşunun dağılması, sinifli cəmiyyətin meydana gəlməsi alban tayfa ittifaqı zəminində Alban dövlətinin yaranmasına səbəb oldu. Bu dövlət eramızın VIII əsrinin əvvəllərinə kimi fəaliyyət göstərdi. Alban dövləti Arşakilər (eramızın VI əsrinə kimi) və Mehranilər sülalələri tərəfindən idarə olunmuşdur. Qafqaz Albaniyası dövlətinin fəaliyyətinə 705-ci ildə ərəblər tərəfindən son qoyulmuş və onun ərazisi Əməvilər xilafətinin tərkibinə qatılmışdır. Buna baxmayaraq, alban hökmdarları (Səhl ibn Sumbat, Xaçın knyazı Həsən Calal) sonralar kiçik ərazidə olsa da, albanların hakimiyyətini bərpa edə bilmişlər.
Qafqaz Albaniyasının ərazisi əsasən Böyük Qafqaz sıra dağlarının şimali-şərq ətəklərindən Kiçik Qafqaz dağları və Araz çayına, Qabırlı çayından Xəzər dənizinə qədər olan sahələri, Mil və Muğan düzlərini əhatə edirdi. Onun şimal sərhədləri Böyük Qafqaza, Samur sıra dağlarının şimal ətəklərinə, şimali-qərbdə Qabırlı (İori) və Qanıx (Alazan) çaylarının yuxarı axarına, şimali-şərqdə isə müasir Dərbəndin şimalına qədər gedib çatırdı. Dövlətin cənub sərhədləri əksər vaxtlarda (I-VIII əsrlərdə) Araz çayı boyunca uzanmış və cənubi-şərqdə Kaspiananın cənub tərəfindən keçmişdir. E.ə. II-I əsrlərdə Albaniyanın bütün sərhədləri sabit qalsa da, cənubi-şərqdə sərhədlər daralır. Kaspiana eramızın I əsrinə kimi Albaniyanın tərkibində olmamış (ermənilər tərəfindən zəbt olunmuşdu) və bu zonada dövlət sərhədləri həmin vilayətin şimal istiqaməti boyu keçmişdir. Sonrakı dövrlərdə isə sərhədlər yenidən əvvəlki kimi bərqərar olur və dövlətin süqutuna kimi əsaslı dəyişikliklərə uğramır.
Albaniyanın paytaxtı uzun müddət Kabalaka (Qəbələ) şəhəri olmuş, V əsrdə isə paytaxt Kürün sağ sahilində Bərdə şəhərinə köçürülmüşdür. Ümumiyyətlə, Qafqaz Albaniyasında 30-dan artıq şəhər mövcud idi. Son dövrlərdə Azərbaycan və Dağıstan ərazilərində aparılan arxeoloji qazıntılar nəticəsində Albaniyada antik dövrdə mövcud olmuş bir sıra şəhər tipli yaşayış məskənləri aşkara çıxarılmışdır. Bunlar Qəbələ (Çuxur-Qəbələ, Çaqqallı, Seyidtala, Uzuntala), İsmayıllı (Mollaishaqlı, Şıxdərə Kəlləsi, Qalagah), Ağsu (Nüydü düzü), Qax (Torpaqqala), Qazax (Sarıtəpə), Şamaxı, Beyləqan (Təzəkənd, Qaratəpə) rayonlarında, Mingəçevir zonasında, Dağıstanda (Torpaqqala, Urseki, Tarki, Dərbənd) və başqa yerlərdəki qazıntılar nəticəsində aş-kar olunmuş məskənlərdir. Ptolemeyin verdiyi məlumatdan da antik dövr Albaniyası ərazisində, göstərildiyi kimi, 30-dan artıq şəhər və digər yaşayış məskəninin olduğu aydınlaşır.
Qeyd etmək lazımdır ki, Qafqaz Albaniyası ərazisinə tarixən ermənilər tərəfindən müxtəlif iddialar irəli sürülmüş və indi də davam etməkdədir. Erməni iddialarını əslində 2 yerə bölmək olar: onların bir iddiasına görə, Albaniya ərazisinin müəyyən hissəsi, yəni Kür çayı ilə Araz çayı arasındakı torpaqlar köklü erməni əraziləri imiş, digər iddiaya görə, Albaniyanın bütün ərazisi ermənilərə məxsus imiş, başqa sözlə, Albaniya ərazisi Şərqi Ermənistan imiş. Ermənilərin ilk iddiası hələ VII əsrdən irəli sürülməyə başlanmışdır. Həmin dövrün müəllifi Ananiy Şiraklı (Şirakatsi) «Coğrafiya» adlı əsərində VI-VII əsrlərdə Yaxın Şərqin siyasi bölgüsünü verərək bildirir ki, Asiya 44 ölkəyə ayrılmışdır. Onun bölgüsündə İberiya 25-ci, Albaniya 26-cı, Ermənistan isə 27-ci pillədə durur. Müəllif həmçinin yazır ki, Kür və Araz çayları arasındakı ərazi, yəni Arsax, Paytakaran və Uti vilayətləri hələ qədim zamanlardan ermənilərin olub və yalnız 387-ci ildə, Ermənistan İran və Bizans arasında bölüşdürülərkən həmin vilayətlər Albaniyaya, Quqark isə Gürcüstana birləşdirilmişdir. Ermənilərin ikinci iddialarının meydana çıxması isə «Böyük Ermənistan» yaratmaq xülyası ilə bağlıdır. Üç dəniz arasındakı torpaqlara yiyələnməyə can atan ermənilər Albaniyanın bütün ərazisinin özlərinə məxsus olduğunu iddia etməklə Xəzər dənizinə çatmaq niyyəti güdürlər. Onların niyyətini hələ 2000 il bundan əvvəl Strabon və digər antik müəlliflər də duymuşlar. Strabon yazır: «… əvvəlki zamanlarda kiçik ölkə olmuş Ermənistanı Artaksinin və Zariadrinin müharibələri böyütdü… Onlar birlikdə qonşu xalqların vilayətlərinin bir qismini kəsərək öz mülklərini genişləndirdilər: onlar madalılardan (yəni atropatenalılardan -P. V.) Kaspiananı, Favnitidanı və Basoropedanı; iberlərdən Pariadrın ətəklərini, Xorzenanı və Kür çayının o biri sahilində yerləşən Qoqarenanı; xaliblərdən və mossiniklərdən Karenitidanı və Kiçik Ermənistanla həmsərhəd olan və yaxud onun hissəsi olan Kserksenanı; kataonlardan Akilisenanı və Antitavr ətrafındakı vilayəti; nəhayət, suriyalılardan Taronitidanı zorla aldılar». Lakin nəzərə almaq lazımdır ki, «Böyük Ermənistan» adlandırılan dövlət e.ə. II əsrin əvvəllərindən e.ə. I əsrin 60-cı illərinədək mövcud olmuşdur. E.ə. 60-cı illərdə II Tiqran bütün işğallardan imtina etməli olmuş və Romadan asılı vəziyyətə düşmüşdür. Ermənilərin ikinci iddiası XX əsrin son rübündə çəkilmiş S.Yeremyanın xəritəsində də bariz şəkildə nəzərə çarpır. Müəllifin iddiasına görə, guya ərəblərin Cənubi Qafqaza yiyələnmələri və Qafqaz Albaniyasının süqut etməsi nəticəsində onun əraziləri Ərminiyə ərəb inzibati bölgüsünə qatılaraq erməni torpağına çevrilmişdir. Əslində Ərminiyə ərəb inzibati bölgüsündə olan ərazilər heç də Ermənistan torpaqları demək deyildir.
Ananiy Şiraklının və eləcə də V əsr müəllifi Favst Buzandlının Kür-Araz çayları arasındakı torpaqların ermənilərə məxsus olması barədəki qeydləri (ermənilərin ilk iddiası) əslində dövrün sinxron müəlliflərinin — Movses Xorenskinin, Musa Kalankatlının və s. məlumatı ilə təkzib olunur. Həmin müəlliflərin yazdığına görə eramızın I əsrində Albaniyanın cənub sərhədləri Araz çayı boyunca uzanırdı. Məsələn, «erməni tarixinin atası» hesab olunan Movses Xorenski yazır: Alban hökmdarına «Erasx (Araz — P.V.) çayından başlamış Xnarakert (Ağstafa zonası — P.V.) adlanan qalayadək olan Alban düzü və onun dağlıq hissəsi miras qaldı… Parfiyalı Valarşak adlı-sanlı, cəsur Aranı (albanların əfsanəvi əcdadını — P.V.) hakim təyin edir… Aranın varislərindən utilər, qardmanlar, sodey tayfaları və Qarqar knyazlığı əmələ gəlmişlər...». Musa Kalankatlı da həmin məsələni şərh edərək yazır ki, Sisakan nəslindən olan Yafətin xələflərindən Aran adlı birisi Araz çayından Hunan (Xnarakert) qalasına kimi Albaniyanın dağlarının və düzlərinin varisi idi. Deyirlər ki, onun (Aranın) övladlarından Unik, Girdiman, Arsax və Qarqar knyazlıqları meydana gəlmişdir.
Erməni iddialarının səbatsızlığı və qeyri-elmiliyi F.C.Məmmədova tərəfindən sübuta yetirilmişdir. Müəllifin «AZƏRBAYCANIN SIYASI TARIXI VƏ TARIXI COĞRAFIYASI» monoqrafiyası bu baxımdan diqqəti cəlb edir. Alim Albaniyanın cənub sərhədlərinin əksər vaxtlarda Araz çayı boyunca keçdiyini elmi dəlillərlə əsaslandırmışdır. Lakin, onun son kitabında yol verilmiş ciddi səhvə heç cür haqq qazandırmaq olmaz. Belə ki, müəllif kitaba daxil etdiyi xəritəsində «Böyük Ermənistan » sözünü Təbrizdən də şimali-şərqə, təxminən Ərdəbilə kimi uzatmaqla əslində ermənilərin həmin ərazilərə olan iddialarına şərik çıxmışdır. Həqiqətdə isə bu ərazilər, xüsusilə də, Qafqaz Albaniyasının Kaspiana vilayəti həmin dövrdə ermənilər tərəfindən sadəcə zəbt olunmuşdu; bu isə göstərilən ərazilərin «Böyük Ermənistan»a daxil olduğunu bildirmir. Orta əsr müəlliflərinin yazdığına görə, Böyük Ermənistan (Ərminiyyə) Kiçik Ermənistanın şərqində, əsasən Van gölünün şimali-qərbində olub şərqdə Arran, Azərbaycan (tarixi Atropatena) və Kürdüstanla həmsərhəd idi
Qafqaz Albaniyasının ərazisi inzibati baxımdan əyalətlərə (nahanqlara) və vilayətlərə (havarlara) bölünmüşdü. Nahanqlar (əyalətlər) bir neçə havarlara (vilayətlərə) ayrılırdı. Albaniyanın ərazisində əsas 12 əyalət mövcud olmuşdur: Kabalaka, Şəki, Kambisena, Əcəri (Heceri), Çola, Lpina, Kaspiana, Uti, Sakasena (Şakasena), Girdiman, Arsax və Sünik. Həmin əyalətlər şərti olaraq 2 hissəyə bölünür: belə ki, onlardan ilk 6 əyalət Kürün sol sahili, digər 6 əyalət isə (o cümlədən, 2 vilayət) Kürün sağ sahili əyalətləri hesab edilir:
Çola əyaləti Çola (Dərbənd) keçidindən cənuba doğru təxminən Beşbarmaq dağınadək Xəzərsahili zolağı əhatə edirdi. İri şəhərləri Çola və Dərbənd idi. Çola (Çor, Çol) adının iran-mənşəli sözdən yarandığı söylənilir. Çola 698-ci ildə ərəblərin hücumuna məruz qalır və VIII əsrin 30-cu illərində onların ixtiyarına keçir. Çolanın əhalisinin tabasaranlar (tavasparlar), albanlar, çilblər (silvlər), leqlər, xeçmataklar, maskutlar, xəzərlər, hunlar təşkil edirdilər. Sasanilərin köçürmə siyasəti ilə əlaqədar burada irandilli tayfalar məskunlaşmağa başlayır.
Lpina Çolanın şimali-qərbində Çola ilə Şəki arasında yerləşmişdi. Həmin ərazidə albanlar, lpinlər, leqlər və başqa etnik qruplar yaşayırdı. Yerin adı yunanca «lupen», ermənicə «lpin» adlandırılmış etnosun adından götürülmüşdür. Lpina VI-VII əsrlərdə türkdilli köçərilərin yürüşləri ilə əlaqədar basqınlara məruz qalmışdır.
Kambisena (Kambeçen) adlanan ərazi Albaniyanın şimal-qərbində, İberiya sərhəddində yerləşirdi. Həmin əyalət şimal-qərbdə Qanıx və Qabırlı çaylarının orta axarlarından cənubda Kür çayınadək, şərqdə isə Qanıx, Qabırlı, Kür çaylarının qovşağına kimi olan ərazini əhatə edirdi. Şirak yaylasının yarısı da bu əraziyə daxil idi. Kambisenada albanlar, lpinlər, skif və sak qəbilələrinin varisləri — savirlər (türkdilli xalqlar) və silvlər məskunlaşmışdı. Kambisena siyasi və ideoloji baxımdan siyasi-inzibati və kilsə-inzibati vahid (yepiskopluq) idi. Kambisena Sasanilər dövlətinin süqutundan sonra Mehranilərin (Cavanşirin) idarəsində olmuşdur.
Əcəri (Eceri, Heceri) Qəbələ vilayətinin cənubunda Qarasu və Girdiman çayları arasında yerləşmişdi və cənubda Kür çayına söykənirdi. VII əsr «Ermənistan coğrafiyası»nda həmin ərazi həmçinin «Dəşt-i Bazkan» adlandırılmışdır. Əcəri barədə ətraflı məlumat mövcud deyildir. Vilayətin adı müasir Ucar şəhərinin adında qorunub saxlanılmışdır.
Kabalaka (indiki Qəbələ) əyaləti Lpinadan cənubda, Əcəri vilayətindən şimalda Şəki və Çola vilayətləri arasındakı ərazidə yerləşmişdi. Qəbələ şəhəri uzun müddət Alban dövlətinin paytaxtı olmuşdur. 510-cu ildə alban arşakiləri öz hakimiyətini başa vurduqdan sonra Qəbələ sasani mərzbanlarının qərargahına çevrilir və bununla əlaqədar Qəbələ vilayəti eyni zamanda «Vostan-i mərzban» adlandırılır. Qəbələ də siyasi-inzibati və kilsə-inzibati vahid idi. Qəbələdə xeçmataklar, qluarlar, qatlar və Şimali Qafqazın türkdilli tayfaları — savirlər, xəzərlər, bulqarlar, barsillər yaşayırdılar. K.V.Treverə görə, adları çəkilən ilk 3 tayfa Qafqaz etnoslarıdır.
Tarixi Şəki (Şako — erməni mənbələrində) vilayəti Şake (gürcü mənbələrində — Nuxpato) adlı şəhəri ilə birgə Albaniyanın şimal-qərbində, Qafqazın dağətəyi rayonlarında, Qəbələnin şimal-qərbindəki ərazini tuturdu. Qərbdə və cənub-qərbdə Kambisena vilayəti ilə, şimali-qərbdə Lpina ilə, cənubi-şərqdə Qəbələ ilə həmsərhəd idi. Burada albanlarla, utilərlə yanaşı skif və sak qəbilələri, həmçinin zakenlər (tsekanlar), xenuklar (genioxlar) yaşayırdı. VI-VIII əsrlərdə Şəki siyasi-inzibati mərkəz olmaqla bərabər, kilsə-inzibati vahid (yepiskopluq) idi.
Albaniyanın Kür çayının sağ sahilindəki əraziləri siyasi-inzibati baxımdan 4 böyük nahanqa (əyalətə), 6 vilayətə bölünmüşdü. Bunlar Arsax, Uti, Paytakaran və Sünik nahanqları idi. Uti əyalətinin (nahanqının) tərkibində daha 2 vilayət — Sakasena (Şakaşena) və Girdiman vilayətləri var idi. Onların hər biri də özlüyündə havarlara (mahallara) bölünmüşdü. Bu əyalətlər eyni zamanda kilsə-inzibati vahidlər idilər.
Paytakaran mənbələrdə müxtəlif adlarla — Kaspk, Kazbk (erməni mənbələrində), Kaspiana (yunan-Roma mənbələrində), Paytakaran-Balasikan (Musa Kalankatlı və bəzi erməni mənbə-lərində), Balasakan (fars və ərəbdilli mənbələrdə) və s. adlandırılmışdır. Bu əyalət müasir Şimali Azərbaycanın cənubi-şərq hissəsində yerləşmiş və şərqdə Xəzər dənizinin sahillərinə kimi uza-nırdı. Mil və Muğan düzlərinin bir hissəsi də onun tərkibinə daxil idi. Bəzi vaxtlarda Paytakaran Atropatenanın şimali-şərq torpaqlarını da öz tərkibində birləşdirmişdir. Ehtimal olunur ki, Şirvanın Xəzər dənizinə kimi cənubi-şərq hissəsi Abşeron yarımadası ilə birlikdə Paytakaranın tərkibində olmuşdur. Mərkəzi eyni adlı şəhər — Paytakaran (Beyləqan) idi. Paytakaran siyasi cə¬hətdən bəzən Atropatenanın tərkibində, bəzən isə müstəqil olmuşdur. Lakin IV əsrin II yarısından bu əyalət Albaniyanın ərazisinə daxil idi. V-VII əsrlərdə Balasakanda albanlar, kaspilər, balaslar, hunlar, xəzərlər, akasirlər və s. tayfalar yaşamışdır.
Uti (Utik — ermənicə, Otena — yunanca) əyaləti də Kürün sağ sahilində yerləşirdi. Əyalət Paytakaranla (şərqdə), Arsaxla (cənubda), Kür çayı ilə (şimalda) həmsərhəd idi, qərbdə isə Albaniyanın İberiya sərhədlərinə kimi uzanırdı. Əyalətin tərkibində antik şəhərlərdən Ayniana, Xani, Anarika, eləcə də Xalxal, Soqari və Bərdə şəhərləri var idi. Bərdə 551-ci ildən alban katalikosunun daimi yaşayış yerinə, 630-cu ildən isə Mehranilər sülaləsindən olan böyük alban knyazları Varaz-Qriqorun, Cavanşirin və başqalarının iqamətgahına çevrilir. Uti vilayətində albanların mifik əcdadlarının nəsilləri sayılan utilər, qarqarlar, savdeylər yaşayırdılar. Eyni zamanda burada saklar, daha sonralar hunlar, kəngərlər, xəzərlər yaşayırdı. Utilər son zamanlaradək mənşəcə alban olduqlarını xatırlayırdılar. Onların I Pyotra ünvanlanmış məktubunda yazılır: «Biz ağvanıq (yəni albanıq — P.V.) və milliyyətcə utilərik». Axır vaxtlarda Mingəçevirdən tapılmış yazıların uti dilində olduğu fikri elmdə üstünlük təşkil edir və onların bu dil vasitəsilə açılmasına cəhdlər göstərilir (Z.Aleksidze). Uti 705-ci ildə ərəblər tərəfindən işğal olunmuş və Aran inzibati vahidinə qatılmışdır.
Uti əyaləti (nahanqı) daha xırda ərazilərə — havarlara (vilayətlərə) bölünmüşdü. Onlardan əsaslıları Sakasena (yunan müəlliflərində) — Şakasena (erməni mənbələrində) və Girdiman idi. Şakaşena (Sakasena) Arsax vilayəti ilə Kür çayının arasında idi. Burada sakasenlər yaşayırdı. Strabona görə Baktriya (Bəlx) və s. əraziləri tutan saklar Qafqazda ən məhsuldar torpaqlara sahib olub burada məskunlaşmışlar və bu ərazi Sakasena adlanmışdır.
Girdiman Kürün sağ sahilində yerləşən siyasi-inzibati vahid kimi Uti əyalətinə daxil idi. Mənbələrdə bu vilayət Qardman (qədim erməni dilində), Girdiman (qədim İran dillərində) və Qardabani (qədim gürcü dilində) kimi verilir. Həmin vilayətin lokalizasiyası barədə 3 mülahizə mövcuddur: bir çoxları onun Ağsu və Girdiman çayları arasında, bəziləri müasir Qazax rayonu ərazisində, bəziləri isə Şəmkirçay hövzəsi ətrafında və Gədəbəy rayonunda yerləşdiyini bildirirlər. F.C.Məmmədovanın fikrincə həmin vilayət Albaniyanın şimali-qərbində, Kürün sağ sahilində, erməni və gürcü torpaqları ilə sərhəddə yerləşmişdi. Sonralar mehranilər öz torpaqlarının hüdudlarını genişləndirmiş, Kürün sol sahilinə doğru (müasir İsmayıllı rayonu ərazisinə tərəf) irəliləmiş və Göyçay çayı — Girdiman çayı hövzəsini əhatə etmişlər. Mehranilər burada Girdiman qalasını, Mehrəvan şəhərini və məbəd inşa etmişlər. Girdiman Qafqaz Albaniyası 3 vilayətə bölündüyü vaxt Uti əyalətinin digər vilayətləri ilə birlikdə Arrana daxil oldu. Girdiman əhalisinin əsasını Musa Kalankatlının «Albanların tarixi»ndəki əfsanəvi Aran nəslindən olanlar təşkil edirdi. V əsrdən isə buraya irandilli qəbilələr gəlməyə başlamışlar.
Arsax (erməni müəlliflərində) və ya Orxistena (antik mənbələrdə) əyaləti sağsahil Albaniyasının ən mühüm əyalətlərindən (nahanqlarından) biri olmuşdur. Əyalət hal-hazırki Qarabağın dağlıq hissəsini və Mil düzünün bir hissəsini əhatə edirdi. Onun ərazisi 12 xırda inzibati vahidə bölünmüşdü. Əyalətin əhalisini qarqarlar, utilər, hunlar, xəzərlər və barsillər təşkil edirdi. Xristianlığın qəbuluna kimi (IV əsr) əhalisi bütpərəst olmuşdur. Xristianlıqdan sonra burada bir neçə yepiskopluq yaranmışdı. VIII əsrdə Arsax Albaniyanın tərkibində Əməvilər xilafətinə qatıldı. Sonralar Arsaxda Qriqori Hamama (IX əsr), Qriqori Hamama-Sahək (IX-X əsrlər), Həsən Calal (XIII əsr) və s. başçılığı ilə Alban dövləti bərpa olunmuş və qısa müddətlərdə fəaliyyət göstərmişdir. Arsax əhalisi ərəblərdən sonra xristianlığı qoruyub saxlaya bilmiş və ermənilərin təsirinə düşərək tədricən qriqorianlaşmış, daha sonra erməni dilini və mədəniyyətini qəbul etmiş, başqa sözlə erməniləşmişlər. Əslində bu, X əsrdən sonra başlamış mədəni-ideoloji assimilyasiya idi.
Sünik (Sisakan) Albaniyanın cənub ucqarlarında — Göycə gölündən və Arsaxdan cənubda, Ermənistanın şərqində mövcud olmuşdur. Sisakan onun adının İran variantı olub ilk dəfə VI əsrdə meydana gəlmişdir. Sünik əyaləti 12 vilayətdən ibarət idi. Sünik ilk alban qəbilə ittifaqlarına daxil olmamış, ayrı-ayrı dövrlərdə Albaniyanın, Atropatenanın tərkibində olmuş və ya müstəqil fəaliyyət göstərmişdir. Ümumiyyətlə götürüldükdə isə Sünik alban vilayəti hesab olunur. Bunu sasanilər və ərəblər dövründə Süniklə əlaqədar baş vermiş hadisələr, tarixi faktlar təsdiq edir. Sünik əyalətinin mərkəzi Naxçıvan şəhəri olmuşdur. Sünikin vilayətlərindən biri olan Qoxtan müasir Ordubad rayonu ərazisini əhatə edirdi. Onların Ermənistana daxil olmadığı F.C.Məmmədovanın ciddi araşdırmaları nəticəsində bir daha sübut olunur.
Qafqaz Albaniyasının ərazisi VIII əsrdən başlayaraq ciddi təbəddülata uğradı. Buna səbəb ərəb yürüşləri, ölkənin xilafətin tərkibinə qatılması, Albaniya dövlətinin süqutu, islam dininin təd-ricən yayılması və xristianlığın qismən olsa da ortadan çıxması idi. «Albaniya» adı tarix səhnəsindən silindi. Ərəblər ilk vaxtlarda bu ərazini tam şəkildə «Arran» adlandırdılar. Ərəb Ar-ranının hüdudları Dərbənddən Tiflisə, oradan Naxçıvanın qərbinə, oradan isə Astaraya kimi uzanırdı. Lakin, tədricən tarixi Albaniya ərazisi nisbətən xırda hissələrə — vilayətlərə parçalandı. Onun ərazisində 3 vilayət — Arran, Muğan və Şirvan vilayətləri yarandı. Bu bölgüdən sonra «Arran» adı ilə yalnız Kür-Araz çayları arasındakı ərazilər nəzərdə tutulurdu. Muğan Kürün Arazla qovuşduğu yerdən cənubi-şərqdəki əraziləri əhatə edirdi. Kürün sol sahil əraziləri (Dərbəndin şimalına kimi) isə Şirvan adlanmağa başlandı.
İrəlidə şərh olunmuş faktlardan da göründüyü kimi, Qafqaz Albaniyası etnik baxımdan çoxsaylı qəbilələri, tayfaları birləşdirən ölkə olmuşdur. Strabon yazır: «Onların dilləri 26-dır, belə ki, onlar bir-biri ilə asanlıqla ünsiyyətə girə bilmirlər». Albaniya əhalisinin tərkibində utilər (udilər), qardmanlar, qarqarlar, sodeylər, aynianlar, anariaklar, gellər, leqlər, kaspilər, silv-lər, sanarlar, parrisilər, herlər, didoylar (didurlar), lpinlər (lupenlər) və s. tayfalar mövcud olmuşdur. Eyni zamanda ölkə əhalisi içərisində irandilli və türkdilli tayfalar vardı. Erkən türkdilli tayfalar Albaniyaya III-IV əsrlərdə daxil olmağa başlamışlar. Daha sonrakı əsrlərdə (V-VI) Albaniyaya hunlar, savirlər, bulqarlar, barsillər, xəzərlər və s. türk tayfalarının axını başlanır və bu proses əhalinin tərkibində türkdilli xalqların artmasına səbəb oldu. Heç şübhəsiz ki, özündə 20-dən artıq tayfanı ehtiva etmiş alban (alban-uti) aborigen etnik massivi Qafqaz Albaniyası ərazisində əsas, üstün massiv olmuşdur. Albanlar Kür çayının hər iki tərəfində məskunlaşmışlar. Buna əks olan erməni mövqeyi, yəni albanların yalnız Kürün sol sahilində məskunlaşdığı fikri dövrün mənbələrinin (Strabon və s.) məlumatı ilə təkzib olunur və elmi səslənmir. Strabon birmənalı qeyd edir ki, Kür çayı Albaniya ərazisindən keçir, yəni çayın sol və eləcə də, sağ sahili Albaniyaya məxsusdur və deməli, alban tayfaları hər iki sahildə yaşayırdılar.
Albanların sonrakı taleyi diqqət mərkəzində duran məsələlərdəndir. Tarix elmində mövcud olan fərziyyəyə görə (Z.M.Bünyadov, K.K.Kutsiya, F.C.Məmmədova), ərəblərin gəlməsi və islam dininin qələbəsi ilə alban tayfaları tədricən iki qismə bölünmüşdür: onların bir hissəsi islamı qəbul etməyə məcbur olmuş və müsəlman əhalisi arasında assimilyasiya olunmuşlar. İslamı qəbul etməyən albanlar da öz növbəsində 2 yerə ayrılmışlar; xristian qalmış albanların bir hissəsi ermənilərə, digər hissəsi isə gürcülərə meyl etmiş və zaman keçdikcə erməniləşmiş və ya gürcüləşmişlər. Hal-hazırda Qarabağda yaşayan köklü albanların özlərini «erməni» kimi tanımaları məhz bu prosesin nəticəsidir. Alban tayfalarının bir qismi indi də Azərbaycanın və Dağıstanın müxtəlif ərazilərində yaşayırlar: utilər, ləzgilər, xınalıq, buduq, qrız və s. etnik qruplar albanların xələfləri hesab olunurlar.
Əsasən bütpərəst olan albanlar Geliy (Günəş allahı), Zevs (Səma allahı), Selen (Ay allahı) kimi allahlara sitayiş edirdilər. Lakin eramızın əvvəllərində burada xristianlıq yayılmağa başlandı. Həmin dövrdə (I-II əsrlərdə) Fələstində meydana çıxmış xristianlıq Yerusəlimdən gəlmiş apostol (elçi, həvari) Faddey tərəfindən təbliğ olunur və Albaniyada (Ermənistandan əvvəl) yayılmağa başlayır. Lakin, möhkəmlənə bilmir. Eramızın IV əsrindən ölkədə xristianlığın yayılmasının ikinci mərhələsi başlandı. Bu dövrdə Anadolunun Qeysəri şəhərində xristian ailəsində anadan olmuş Qriqori Erməniyədə III Trdatı (287-332) xristianlığa sövq edir. Alban hökmdarı Urnayr III Trdatın yanına gedib orada bütlərə inamdan əl çəkmiş, xristianlığı qəbul etmiş və onu 313-cü ildə dövlət dini elan etmişdir. V-VI əsrlərdə Albaniyanın əhalisi də zorla xristianlaşdırılmışdır. Xristianlıq Arsax və nisbətən Kambisena vilayətində daha çox kök salmışdır. 552-ci ildə xristianlığın mərkəzi Çoladan Bərdəyə, VIII əsrdə isə Bərdədən Arsaxa keçir.
tarix elmləri doktoru,professor Vaqif Ziyəddin oğlu Piriyev
AZƏRBAYCANIN TARİXİ-SİYASİ COĞRAFİYASI