VII əsrin əvvəllərində başlamış ərəb yürüşləri Atlantik okeandan Hindistana kimi olan ərazilərdə məskunlaşmış xalqların tarixi talelərində əsaslı dəyişikliyin baş verməsinə səbəb oldu. Ərəblər, başqa ölkələrdə olduğu kimi, Azərbaycan (Atropatena) və Qafqaz Albaniyasına da əldə silahla gəldilər və bu ölkələri zor gücünə zəbt etdilər. Ərəb işğalları nəticəsində İspaniyadan Hindistana kimi geniş bir ərazinin siyasi xəritəsi ciddi təbəddülata uğradı. Baş vermiş dəyişikliklər bir çox ölkələrin tarixi-siyasi coğrafiyasına da əsaslı təsir göstərdi. Bu ərazilər ayrı-ayrı vilayətlər şəklində Xilafətin tərkibinə daxil oldular, lakin onların idarə sistemləri əsasən ərəblərəqədərki şəkildə saxlanıldı.
Bilindiyi kimi, Azərbaycan (Atropatena), Qafqaz Albaniyası, Şərqi Ermənistan və İberiya (Gürcüstan) əraziləri, digər sahələrlə birlikdə, sasanilər İranının ən böyük inzibati ərazi vahid-lərindən idi. Ərəb işğalından sonra Qafqaz bölgəsindəki ölkələrin tarixi-coğrafi ərazi bütövlüyü saxlansa da, onlar inzibati cəhətdən dəyişikliyə uğradılar. İlk vaxtlarda Adurbadaqan, Albaniya, Ermənistan, Şərqi Gürcüstan və əl-Cəzirə vilayətləri gənc ərəb dövlətinin 5 vilayətindən birini təşkil edirdi. VIII əsrin başlanğıcında Albaniya ərəblər tərəfindən Arran (ər-Ran, Aran) adlanmağa başladığı dövrdə «Ərminiyə» adlı yeni ərəb inzibati adı meydana gəldi. Bu adla tanınan əraziyə Ermənistan, Albaniya və İberiya torpaqları daxil idi. Yeni ərəb inzibati termininin adı çəkilən ölkələrə şamil edilməsi Bizans imperatoru I Yustinianın (527-565) islahatları (536) nəticəsində yaranmış Bizans Ermənistanı inzibati vahidinin adı ilə bağlı olmuşdur. Həmin inzibati islahata əsasən Ərminiyə adlanan ərazi bilavasitə Bizans ərazisində (müasir Türkiyə ərazisində) — Qara və Aralıq dənizləri arasında idi və 4 hissəyə bölünürdü.
«Ərəb Ərminiyəsi» inzibati adının yaranmasına başqa obyektiv səbəblər də təsir etmişdir: belə ki, ərəblər Azərbaycana qədəm basmamış (639-640-cı illərdə) Mesopotamiyaya yürüş zamanı Bizansın tabeliyində olan «Ərminiyyə» adlanan əraziləri ələ keçirmiş, digər tərəfdən ərəb işğal zonasını idarə edən canişinliyin qərargahı həmin dövrdə ermənilərin baş şəhəri olmuş Dəbildə — Dvində yerləşirdi. Təbii ki, özlərindən əvvəlki Bizans inzibati-idarə sisteminə varis durmuş ərəblər, başqa yerlərdə olduğu kimi, burada da köhnə dövrə dair «Ərminiyə» adını saxlamışlar. Ərəblər sonralar işğal etdikləri yeni həmhüdud əraziləri də tabeliklərində olan əraziyə birləşdirmişlər. Dvin tərəfdən Albaniya və Gürcüstan ərazilərinə daxil olan ərəblər Qafqazda tutduqları başqa torpaqları — azərbaycanlıların, gürcülərin, ləzgilərin və başqalarının yaşadığı əraziləri də əvvəlki işğal zonasına qatmış və bu yerlərin hamısını, idarəetməni asanlaşdırmaq məqsədilə, əllərində olan Ərminiyə vilayətinin adı ilə adlandırmış və onun idarəsini Dvindəki canişinə həvalə etmişlər. «Ərminiyə» inzibati adının sonralar nisbətən daha Şərq ərazilərə şamil olunmasında isə ərəblərlə əks cəbhədə olan Bizansa qarşı dini-ideoloji mübarizə aparan erməni din xadimlərinin rolu da müəyyən mövqe tutmuşdur. Eyni zamanda Xilafətin qərəzli siyasəti nəticəsində alban kilsəsinin erməni kilsəsinə tabe edilməsi və bununla əlaqədar bütün Arran və Ermənistan xristianlarına real rəhbərliyin erməni katalikosunun əlində cəmlənməsi, Albaniyanın özünün isə bir dövlət kimi süqutu həmin prosesin inkişafına təkan verdi. Erməni din xadimləri, kahinləri yeni-yeni ərazilərə sahib durmaq niyyətilə əvvəllər bilavasitə Bizans ərazisində mövcud olmuş Ərminiyələrin tədricən Cənubi Qafqazdakı ərazilərə şamil edilməsində əllərindən gələni etdilər. Odur ki, Bizans ərazisindəki 4 Ərminiyə ilə ərəblər dövründəki 4 Ərminiyə bir-birindən fərqlənirlər; başqa sözlə ərəb müəlliflərinin şərh etdikləri 4 Ərminiyə I Yustinian dövrünün 4 Ərminiyəsi ilə uyğun gəlmir.
«Ərminiyə» termini ilk vaxtlarda ərəblər tərəfindən şərtsiz qəbul olunmuşdur. «Ərminiyə» istilahı altında böyük bir ərazi nəzərdə tutulurdu və İbn Xordadbeh, Əl-Bəlazuri, əl-Yəqubi, İbn əl-Fəqih və s. ərəb müəlliflərinin əsərlərində əks olunduğu kimi, 4 yerə bölünürdü:
I Ərminiyə Qafqaz Albaniyasının, ərəb istilahı ilə, Arran ərazisini əhatə edirdi.
II Ərminiyə ərəb tarixçilərinin yazdığına görə, əsasən gürcülərin, ləzgilərin və başqa dağlıların məskunlaşdıqları əraziləri əhatə edirdi.
III Ərminiyə Arazın aşağı axarının sağ sahillərini, Göycə gölünün qərbi ilə Van gölünün şərqini və şimali-şərqindəki əraziləri əhatə edirdi.
IV Ərminiyə III Ərminiyədən daha qərbdə Xilat tərəfdə olan ərazilərdə mövcud olmuşdur.
Göründüyü kimi, Xilafətin Cənubi Qafqazdakı I və II Ərminiyə nizibati bölgüləri şimalda Tiflis və Dərbənddən cənubda Araz çayınadək, qərbdə Kiçik Qafqaz dağlarından şərqdə Xəzərə kimi olan sahəni əhatə edir və əsasən ərəblərin Arran adlandırdıqları qədim Albaniya torpaqlarını birləşdirirdi. Artıq IX əsrin sonlarından başlayaraq ərəb tarixçiləri Xilafətin Cənubi Qafqazdakı vilayətlərini dəqiq sərhədləndirməyə və adlandırmağa başladılar və "Ərminiyə» termini də aradan çıxdı. Bunun əsas səbəbi Bizans ilə müharibələrə başı qarışmış Xilafətin Qafqazdakı hadisələrə lazımi diqqət yetirə bilməməsi idi. Sonralar Azərbaycan, Arran və Ermənistan formal olaraq vahid Qafqaz canişinliyi — vilayəti tərkibində birləşdirildi və xəlifənin valisinin idarəsinə verildi. Xilafətin zəifləməsi nəticəsində isə I və II Ərminiyə bölgələrinin tərkibindəki Şimali Azərbaycan torpaqlarının bir qismi mənşəcə ərəb olan məzyədilərin əlinə keçdi və onlar 861-ci ildə Şirvanşahlar dövlətini təsis etdilər. Lakin, «Ərminiyə» termini sonralar işlədilməsə də, ilk ərəb müəlliflərinin öz əsərlərində bu termini işlətmələri müasir ermənilərin yersiz torpaq iddiaları irəli sürmələrinə vasitə oldu.
S.T.Yeremyanın 1983-cü ildə Yerevanda nəşr etdirdiyi adlı xəritə bu baxımdan maraqlıdır. Xəritədə sanki ermənilərin üç dənizarası Böyük Ermənistan xülyası reallaşdırılmışdır. Burada Ermənistanın şərq sərhədlərinin Xəzər dənizinə, qərb sərhədlərinin Qara dənizə, cənubi-qərb hüdudlarının, dolayısı ilə, Aralıq dənizinə çatdığı nümayiş etdirilir. Azərbaycan torpaqlarına gəldikdə, nəinki onun qərb hissələri, hətta Dərbənddən tutmuş Kür və Araz çaylarına kimi sahələr, Mərəndin şərqindən, Təbrizin yaxınlığından tutmuş Urmiya gölünün cənub hissələri Ermənistana məxsus imiş. Qafqaz Albaniyası süqut etdikdən sonra onun ərazisi tam şəkildə Ermənistana daxil olubmuş. Azərbaycan ərazisi isə, müəllifə görə, Kür-Araz çaylarının cənub istiqamətində, Əhər, Təbriz, Marağa şəhərlərinin qərbindən Xəzərə kimi olan torpaqları əhatə edirdi. Qeyri-obyektiv, qeyri-elmi olduğu qədər, məntiqi əsaslara malik olmayan bu iddianın irəli sürülməsində «Ərminiyə» termininin mövcudluğu da öz rolunu oynamışdır.
Qeyd olunduğu kimi, ərəb işğalları Azərbaycanın tarixi-siyasi coğrafiyasına ciddi təsir göstərmişdir. İlk növbədə Qafqaz Albaniyasının ərazisi ərəb müəllifləri tərəfindən Arran adlanmağa başlandı. Daha əvvəllər siryanilər bu əraziyə Aran, gürcülər Rani deyirdilər.
Ümumiyyətlə qeyd etmək lazımdır ki, Arran istilahı orta əsrlərdə ikili məna kəsb etmişdir. Akad. V.V.Bartold yazır ki, ərəblər dövrünün Arranı qədim Albaniyanın (Qafqaz Albaniyasının) adını əks etdirir. İlk vaxtlarda Albaniya termini ilə yanaşı Arran termini ilə də şimali-şərqdə Dərbənddən tutmuş qərbdə Tiflisə və cənubda və cənubi-qərbdə Araz çayına qədər olan ərazi nəzərdə tutulmuşdu. Mütəxəssislərin rəyinə görə (N.Vəlixanlı) Tiflisin Arran inzibati bölgüsünə daxil edilməsi, şübhəsiz onun 644-cü ildə ərəblər tərəfindən zəbti və 1122-ci ilədək müsəlmanların idarəsində olması və Arranın hüdudlarında yerləşməsi ilə bağlıdır. Erkən ərəb müəllifləri (əl-Bəlazuri, əl-Yəqubi və b.) Arran ərazisinə tabe etdikləri vilayətlər sırasında alban vilayət və nahiyələri Sakasenanın (Şakaşenanın), Kambisenanın (Kəmbiranın), Utinin, Sisakan-Sünikin (Sisəcanın), Xaçının, Mete İrankın (əl-Məsiranın), Mete Kuenkin (əl-Miskuanın), Şəkinin, eləcə də, Şirvanın, Layzanın, Məsqətin, Xursanın, Şabranın, Tabasaranın, Muğaniyənin və başqalarının adlarını çəkirlər. Son orta əsrlər Arranı isə nisbətən kiçik ərazini, Kür və Araz çayları arasındakı torpaqları əhatə etmişdir.
Ərəb istilalarının mənfi təsirinə baxmayaraq, onun nəticələri müəyyən mənada Azərbaycan xalqının taleyində müsbət rol oynamışdır. Belə ki, ərəblərin gəlməsi ilə tarixi Atropatena və Albaniya əraziləri birləşərək vahid Azərbaycan ərazisinə çevrilmiş və «Azərbaycan» məvhumu meydana gəlmişdir. Ərəb yürüşlərindən əvvəl başlanmış bu proses uzun müddət davam etmişdir. Bununla belə, hələ VIII əsrin ortalarından başlayaraq ərəb müəl-lifləri Arran-Albaniya ərazisindən danışarkən onu Azərbaycanla əlaqələndirirdilər. Faktlara müraciət edək:
- «əl-Ədiyyə… Azərbaycan ölkəsinə yola düşdü və Beyləqanda məskən saldı» (əl-Kufi);
- «əl-Həris ibn Əmr Azərbaycan ölkəsinə gedir və Bərdədə dayanır» (əl-Kufi);
- Məsləmə ibn Əbdülməlik türklərə (xəzərlərə) qarşı yürüş təşkil etdi və «Azərbaycan vilayətində əl-Baba (Dərbəndə) çatdı» (ət-Təbəri, İbn əl-Əsir).
Göründüyü kimi, dövrün müəllifləri tarixi Albaniyanın Beyləqan, Bərdə, Dərbənd şəhərlərini Azərbaycan şəhərləri kimi qələmə verirlər.
Xilafətin yürüşləri və hakimiyyəti dövründə sasanilərin tərkibindəki Atropatena və Qafqaz Albaniyasının əraziləri onun tərkibinə daxil oldu və onlar qədim dövrlərdəki qonşu dövlətlərdən qonşu vilayətlərə, əyalətlərə çevrildilər. Bununla da, hər iki ərazinin idarəsi eyni siyasi qurumda birləşdi, başqa sözlə «siyasi birlik» yarandı. Onların aralarındakı sərhədlər isə dövlətlərarası sərhəddən eyni bir dövlətin vilayətlərarası sərhəddinə çevrildi. Zaman keçdikcə Atropatena ilə Albaniya arasında siyasi, iqtisadi, mədəni, dini, etnik əlaqələr gücləndi. Bir tərəfdən islam dininin yayılması və möhkəmlənməsi ilə atəşpərəstlik, zərdüştlük və qismən də, xristianlıq aradan getdi və yerini islam dini tutmaqla vahid din birliyi yarandı. Digər tərəfdən atəşpərəstliyə və xristianlığa əsaslanan ikili mədəniyyətin əvəzinə islama əsaslanan vahid mədəniyyət meydana gəldi. Üçüncü tərəfdən Atropatena və Qafqaz Albaniyası əhalisinin bir-birinə qovuşması, onların tərkibində türkdilli əhalinin çoxluq təşkil etməsi, türk (azərbaycan) dilinin hər iki ərazidə üstün mövqe kəsb etməsi ölkədə vahid dilin meydana gəlməsi ilə nəticələndi. Ərəb xilafəti sərhədləri daxilində vahid Azərbaycan ərazisi təşəkkül tapmağa başladı və tədricən möhkəmləndi. «Atropatena» istilahından təşəkkül tapmış «Azərbaycan» məvhumu Zəncandan Dərbəndə qədər olan geniş əraziyə şamil olundu. Albaniya istilahı isə tədricən unuduldu. Onun ərazisi vahid Azərbaycanın tərkibində Arran, Şirvan və Muğan vilayətləri kimi tanınmağa başlandı.
Türk-islam birliyi əsasında Ərəb xilafəti daxilində vahid Azərbaycanın təşəkkülü Azərbaycan xalqının sonrakı taleyində çox müsbət rol oynadı. Bu birliyin möhkəmlənməsində Xilafətin parçalanmasından sonra meydana gəlmiş feodal dövlətlərinin, xüsusilə Sacilərin, Salarilərin təsiri az olmamışdır. Atabəylər dövründə daha da genişlənən vahid Azərbaycan torpaqları min ildən artıq bir dövrdə öz birliyini, vahidliyini qoruyub saxlaya bilmiş və yalnız XIX əsrin əvvəllərində yenidən parçalanmaya düçar olmuşdur.
Ərəb xilafəti tərkibində vahid Azərbaycan ərazisi şimalda Dərbənd torpaqlarını, cənubda Zəncan ərazisini əhatə edərək Həmədana kimi uzanırdı. Onun şərq sərhədləri Xəzər dənizi və Deyləm ərazisi, qərb sərhədləri əl-Cəzirə, Ermənistan və Gürcüstan əraziləri ilə hüdudlanırdı. Göycə mahalı və Tiflisə qədər ərazilər Azərbaycana daxil idi. Qeyd olunduğu kimi, Xilafət əsarətə aldığı geniş əraziləri idarə etmək üçün həmin yerlərdə mövcud olmuş əvvəlki ənənələrdən istifadə etməyə üstünlük vermişdir. Ərəblər sasanilərin mərzbanlıqlarına bənzər əmirliklər (canişinliklər) sistemi yaratdılar. Əvvəlcə 5 əmirlik təşkil olundu və Azərbaycan (Arran ilə birlikdə) 4-cü əmirliyə daxil oldu. Əməvilər sülaləsi dövründə inzibati quruluşda bəzi dəyişikliklər edildi: Azərbaycan əl-Cəzirə adlanan 3-cü əmirliyin tərkibinə qatıldı. Abbasilər dövründə də bu sahədə yeniliklər edildi: 83 əyalətdən ibarət 14 əmirlik yaradıldı. Əmirliklər özləri də daha kiçik inzibati vahidlərə — nahiyələrə və rayonlara bölünmüşdü.
Vahid Azərbaycan ərazisi 5 hissəyə — Azərbaycan, Arran, Muğan, Şirvan və Şəki mahallarına bölünmüşdü. Ölkə ərazisində Girdiman, Kambisena, Şakaşena, Tabasaran, Məsqət, Leyzan, Xursan, Muğaniyyə, Sisakan, Bəzzeyn və s. mahallar mövcud idi. İri şəhərlər sırasına Marağa, Ərdəbil, Bərdə, Təbriz, Bakı, Şamaxı, Şirvan, Şabran, Dərbənd, Qəbələ, Şəki, Gəncə, Şəmkir, Beyləqan, Naxçıvan, Xoy, Salmas, Urmiya, Uşniya, Zəncan, Mərənd, Sarab və s. daxil idi. Cənubda Ərdəbil və sonra Marağa, şimalda isə Bərdə ərəb canişinliyinin iqamətgahları idi. Ərəb müəlliflərinin «Nəşəva» adlandırdıqları Naxçıvan şəhəri bilavasitə Azərbaycana daxil idi. Bilindiyi kimi, Naxçıvan adı ilə daha 2 şəhər (Qarsda və Don sahilində) mövcuddur və ermənilər bundan «məharətlə» istifadə edirlər
Ərəblərin Azərbaycanı zəbt etmələri və Azərbaycanın Xilafətin tərkibində olması ölkənin tarixi-siyasi coğrafiyası ilə yanaşı, mənəvi həyatına, əhalisinin etnik tərkibinə də güclü təsir göstərdi. Məlum olduğu kimi, Azərbaycanda islam dini qələbə çaldı və cəmiyyətin gələcək inkişafında həlledici amilə çevrildi. Digər tərəfdən, ərəblər ilk vaxtlardan başlayaraq Azərbaycana (eləcə də, işğal etdikləri başqa vilayətlərə) axışdılar. Onların IX əsrin I rübünə kimi davam etmiş köçürmə siyasəti nəticəsində Arranda və Azərbaycanda ərəb qəbilələri məskunlaşmağa başladı. Bərdə, Beyləqan, Qəbələ, Dərbənd, Varsan, Təbriz, Məyanic, Bərzənd, Neriz, Sarab və s. ərazilər müxtəlif ərəb qəbilələrinin əlinə keçdi. Arranda əksər vaxtlarda rəbiilər üstünlük təşkil etdilər və Bərdə, Şamaxı və Şirvanda məskunlaşdılar. Müdarilər ilk vaxtlarda Azərbaycana gələn ərəb qəbilələrindən idilər. Təbrizdə rəvvadilər, Məyanic və Cilbayədə həmədanilər, Bərzənd mahalında avdilər, Nərizdə tailər, Sarabda kindilər və s. qəbilələr yerləşmişdi. Onların bəziləri Azərbaycanın siyasi həyatında fəal iştirak etmiş və yaranmış vəziyyətdən istifadə edərək nüfuz dairələrində olan ərazilərdə sonralar müstəqil dövlətlər təsis etmişlər. Şirvanşahlar (IX əsrdən), Rəvvadilər, Ağsunqurilər dövlətləri, Dərbənd əmirliyi ərəb mənşəli qəbilələrin Azərbaycanda qurduqları dövlətlərdir.
İlk vaxtlarda nisbətən müstəqil fəaliyyət göstərən ərəb qəbilələri zaman keçdikcə yerli əhali arasında assimilyasiya olunmuşlar və son nəticədə öz etnik mənsubiyyətlərini də unutmuşlar. Hal-hazırda Azərbaycan əhalisinin tərkibində özünü ərəb adlandıranlar olmasa da, ölkədə ərəblərin adı ilə bağlı çoxlu toponimlər, etnonimlər, oykonimlər mövcuddur. XIX əsrdə Azərbay-canda Ərəb-Sarvan, Ərəb-Şamlu, Ərəb-Cabirlu, Ərəb-Baloğlan, Ərəb-Qədim, Ərəb-Şahverdi, Ərəb-Qardaşbəyli, Ərəb-Babalı, Ərəb-Bəsrə, Ərəb-Qubalı, Ərəbuşağı, eləcə də, Ərəbkeymuraz, Ərəbhacı, Ərəblər, Ərəbocaq, Ərəbşah, Ərəbxana, Ərəb Mehdibəy, Çölərəb və s. məskənlər olmuş və onların bir çoxu indi də mövcuddur. Ərəb qəbilələrinin Azərbaycana gətirdikləri Heybər, Hillə, Xələb, həmçinin Şeyban qəbiləsinə mənsub Şubani (Qaradağ rayonu)toponimləri də ərəblərin burada məskunlaşdıqlarına dəlalət edir.
tarix elmləri doktoru,professor Vaqif Ziyəddin oğlu Piriyev
AZƏRBAYCANIN TARİXİ-SİYASİ COĞRAFİYASI