Montessori təlimi

Montessori təlimi

Montessori təlimi. Bu adı son zamanlar çox eşidirik və şəhərin bir sıra bağçalarında bu təlim tətbiq edilir. Bəs Montessori təlimi nə deməkdir? Bu təlim Mariya Montessori tərəfindən yaradılıb. 

Montessori kimdir?
26 yaşında İtaliyanın ilk qadın həkimi olan Montessori 1896-cı ildə universitet xəstəxanasında (San Giovanni Hospital) həkim assistenti kimi işləməyə başlayır və ilk dəfə olaraq əqli geriliyi olan uşaqlarla qarşılaşır. Uşaqlar boş otaqlarda saxlanılırdı, onlarla demək olar ki, ünsiyyət qurulmurdu, oyuncaq və kitabları yox idi.

Bir dəfə Mariya qəribə bir hadisənin şahidi olur: nahardan sonra uşaqlar çörək qabığı tapırlar və onu əzirlər. Çörək qabığı onların yeganə oyuncağı idi. Bundan təsirlənən Mariya onlara sadə əşyalar – qutular, parçalar gətirməyə başlayır, tez bir zamanda uşaqların davranışında müsbətə doğru dəyişiklik müşahidə olunur. Beləliklə, Mariya Montessorinin metodikasının əsas ideyası yaranır: istər normal, istərsə də əqli geriliyi olan uşaqların ətraf aləmi anlaması üçün onlara inkişaf etdirici mühit lazımdır. 

Mariya Montessori pedaqogika, psixologiya və antropologiyanı tədqiq etməyə başlayır, fransız psixoloqları Qaspar İtard (fransız həkimi) və Eduard Segenin (fransız psixiatrı) əsərlərini oxuyur, Jan Piaje (isveçrəli psixoloq və filosof), Anna Freyd (Britaniya psixoloqu Ziqmund Freydin kiçik qızı) ilə müzakirələr edir, müşahidələr və təcrübələr aparır, nəticələrin üzərində düşünür. Tədqiqatları və mütaliələri əsasında belə qərara gəlir ki, əqli geriliyi olan uşaqlar tibdən daha çox, pedaqogikanın problemidir, bu səbəbdən də onlarla xəstəxanada deyil, məktəbdə məşğul olmaq lazımdır. Beləliklə, 1907-ci il yanvarın 6-da ilk Montessori məktəbi açılır. Bu, Roma ətrafında San-Lorensoda fəaliyyət göstərən Casa dei Bambini olur. 

Mariya Montessori ömrünün neçə ilini uşaqlarla bağlı təlim-tərbiyə metodlarını araşdırmaq və yaratmaq üçün sərf etmiş, minlərlə pedaqoq yetişdirmişdir. Uşaqlara göstərdiyi inanılmaz təsiri nəticəsində bu təlim geniş tətbiq edilməyə başladı. Getdikcə Amerika və Avropada yayıldı. Bu metod ən çox Hollandiyada tətbiq edilir. İkinci Dünya Müharibəsi ərəfəsində isə Montessori siyasətə boyun əymədiyi üçün qadağan edilir. Bu səbəbdən o, müharibə bitənədək Hindistanda yaşayır və orda oğlu ilə birlikdə minə yaxın montessori-pedaqoq yetişdirir. 

Zamanla Montessorinin davamçıları sistemə uyğun olaraq onu daha da işləyib təkmilləşdirdilər. İndi bu təlim dünyada geniş yayılıb. Autizmli və digər problemi olanlarla yanaşı sağlam uşaqlara da tətbiq edildikdə inanılmaz nəticələr əldə edilib. Montessori təlimi şəxsiyyət yetişdirməkdə hələ ki, ən mükəmməl və yeganə təlimdir. 

Montessori təlimçisindən evdə edə biləcəyiniz 6 tapşırıq  
Montessori haqqında daha geniş bilgi əldə etmək üçün şəhərimizin bağçalarından birində montessori təlimçisi olaraq çalışmış Gülay Cavadova ilə söhbətləşdik. 

— Montessori təlimi haqqında nə danışa bilərsiniz?
— Bu təlim sistemini keçən uşaq gələcəkdə bir şəxsiyyət kimi formalaşacaq. Uşağa özünü tanımaq, sərbəst şəkildə özünü idarə etmək, qərar vermək, yaşadığı çevrəyə hörmət etmək, danışaraq problemi həll etmək, özündən böyükləri izləyib kiçiklərə nümunə olmaq və s. kimi müsbət keyfiyyətlər aşılanır. Montessori sistemini bir kəlmə ilə ifadə edim — “Mənə kömək et ki, mən özüm edə bilim”. Uşaqlar bu sistemdə səbrli və diqqətli olmağı öyrənir.

— Bəs bu nailiyyətlər necə əldə olunur? Sistem fərqli nə edir ki, uşaq bunları mənimsəyir?
— Hər uşağın özəlliyini tapır, bunun əsasında uşaqla davranır. Adətən biz uşaqlarla söhbət edəndə, ayaq üstəyiksə, yuxarıdan aşağı baxaraq danışırıq. Bu zaman o, özünü kiçik kimi tanıyır. Amma montessoridə uşaqla söhbət edəndə onun boyu bərabərinə enib, oturub söhbət edirsən. Bu da onun özünü qarşısındakı səviyyəsində hiss etməsinə şərait yaradır. Özünəinamı artır. Uşaqlar “Sən bunu düz etmədin” deyəndə xoşlamırlar. Montessori isə müəllim və ya bu sistemi bilən hər bir anaya bu sözləri işlətməyə icazə vermir. Səhv olduqda sakitcə dayanır ki, uşaq özü öz səhvini tapsın. Bununla da uşaq kəşf edərək öyrənir. Sadəcə ana və ya müəllim istiqamətverici rol oynayır. Bir işi düzgün edəndə də “afərin” demirik, deyirik “yaxşıdı, amma sən bundan da gözəl edə bilərsən”. Bununla daxili intizamı artır.

— Dərslərin keçirilməsi haqda nə deyə bilərsiniz? 
— Dərslər keçirilən otaq, ortam tam sakit olur. Çünki heç olmasa 1 ay bu təlimi keçən uşaq özü sakitliyə riayət edir, dostlarına mane olmur. Bununla da ortam tam sakit olur. Baxanda montessori otağındakı vəsaitlər oyuncağı xatırladır. Amma əslində onların hər biri çalışmadı. 5 bölməli olur montessori: günlük yaşam, duyğu, riyaziyyat, nitqin inkişafı, kosmik təlim. Riyaziyyat bölməsində təlim keçən 5 yaşlı uşaq artıq 4 rəqəmli çalışmanı toplaya, çıxa, vura, bölə bilir. Və yaxud günlük yaşam bölməsində ətrafımızda gördüyümüz hər bir avadanlıqla uşaq sərbəst rəftar edə bilir. Qapını səliqə ilə örtmək, stulu səliqə ilə çəkib oturmaq, stolun tozunu astadan almaq, burnunu sərbəst şəkildə silmək, gülləri sulamaq və s. Bununla bərabər duyğu bölməsində uşaq gözü yumulu nəyinsə materialını hiss edib adını deyir, bu da onun əzələ və duyğusunu güclü inkişaf etməsinə gətirib çıxarır. Bu sistemdə uşağa cəza və mükafat vermək qəti qadağandır. 

— Bəzən uşaqlar kaprizli dönəmlərdən keçirlər, çox ağlağan olurlar, tərslik edirlər. Bu hallarda montessori nə məsləhət görür? Yəni necə davranmaq lazımdır? 

— Bir şəkildə onu ətrafda, əlinin altındakı nə iləsə cəlb edib, sakitləşdirib, fikrini tamamən yayındırırsan. Məsələn, elementar pazzlı götürüb deyirsən, “bax, sən bir ev tikə bilərsən, bir quş hazırlaya bilərsən”. Xörəyi yemirsə, demirsən “atan gəlsə, deyəcəyəm”. Deyirik “əziz balam, xörəyi yeməsən, yaşıdların səni ötüb keçəcək, sənsə bapbalaca qalarsan, utanarsan”. Beləliklə, o heç vaxt istəməz şəxsiyyəti alçalsın və razılaşacaq. Danışaraq problemi həll etmək budur. Montessori uşağa səbrli olmağı öyrədir. Bizdə bir çalışma var: maşa ilə noxud götürmə. Siz təsəvvür edin, bir uşağın başı balaca maşa ilə balaca noxud götürməyə qarışırsa, onda nə əsəb qalar, nə də kapriz. Bilirsiz, Montessori fikir vermişdi ki, uşaqların ev, məişət əşyalarına diqqəti, marağı daha çoxdur, nəinki oyuncaqlara. Ona görə elə çalışmalar hazırlamışdı ki, uşaq montessori otağına daxil olanda çevrə onu istər-istəməz cəlb edir.

Montessori təkcə sağlam deyil, əngəlli uşaqları da düşünüb. Əsasən də, hiperaktiv, daun sindromlu uşaqların diqqəti üçündü bu sistem. Montessori karlar üçün 6-cı duyumu da yaratmışdır: bu, əzələ hafizəsidir. Toxunur bir şeyə, əzələ hafizəsi il cavab verir.

Bu sistem gələcəyin yetişdirəcəyi şəxsin modelini sanki qabaqcadan yaradır. Uşağa sadəcə istiqamət verilir. Elə o sərbəstliyi sayəsində özünü tanıyır üzə çıxarır. Məncə, montessori dövrümüzün tələblərinə cavab verən ən doğru təlim metodudur. 

-Valideynlərə bu təlimdən evdə edə biləcəkləri bir-iki tapşırıq deyə bilərsiniz?

— Bayaq dediyim kimi montessori çalışmaları gündəlik məişətdə istifadə edilən vəsaitlərdən hazırlayıb. Buna görə heç çətinlik çəkmədən bir neçə çalışma hazırlaya bilərlər evdə.

 Tapşırıqlar:
1. Qaşıqlama çalışması: orda xüsusi qablardadı, ev şəraitində bildiyimiz maskuranı istifadə edə bilərik. 2 maskura, bir sini və 1 çay qaşığı gotürürük. Maskuraları sininin içinə biri sol tərəfdə, biri isə sağ tərəfdə olmaqla yerləşdiririk. Sol tərəfdəkinə mərci və ya qarabaşaq, yəni xırda dənli bitki toxumu tökürük. Sağ tərəfdəki isə boş qalır. Uşaqla məşğul olan şəxs isə uşağı sol tərəfində oturur. Burda məqsəd, nəyisə anladan zaman uşağa görməkdə mane olmamaqdır. Uşaq stulda düz oturur, qaşıqla sol tərəfdəki dənləri götürüb, səliqə ilə boş qaba qoymalıdır. Fərq etməz nə qədər götürməsi. Əsas odur ki, səliqə ilə dağıtmadan bunu etsin. Əgər uşaq hövsələsizlik edib, əli ilə götürmək istəsə, və ya tamamən bu qabdan o qaba boşaltmaq istəsə, bu zaman ona izah edib yenidən həvəsləndirməyə çalışmaq lazımdır. Bir az istirahət edib yenidən cəhd etmək olar. Bu çalışmanın məqsədi isə, yazı bacarığını inkişaf etdirməkdir. Soldan sağa yazmaq. Bununla yanaşı, burada həm də iki barmaq motorikası, biləklər işləyir. Səbr formalaşır.

2. İrini xırdadan ayırmaq üçün belə bir çalışma etmək olar. 3 maskura götürürük. Birinə (sol tərəfdəkinə) xırda dənli bitki (qarabaşaq) və üzərinə də çox narın bir bitki və ya un tökürük (balaca süzgəcdən keçə biləcək narınlıqda olmalıdır). Sağ tərəfdə isə biri yuxarıda, biri aşağıda olmaqla iki maskura qoyuruq. Yenə siniyə qoyuruq nə dağılırsa, ora dağılsın, həm də uşaq səliqə-sahman öyrənir, anlamalıdır ki, harda gəldi, necə gəldi işləmək olmaz. Süzgəci götürüb sağ tərəfdə yuxarıdakı maskuranın içinə qoyuruq. Sol qabdakı qarabaşaqla mannını qaşıqla qarışıdırıb, 1 qaşıq tökürük süzgəcin içinə. Sonra yenə qaşıqla qarışdırırıq ki, süzgəcdən dənlər tökülsün. Bu zaman uşağa həvəsləndirici sözlər demək lazımdır: “bax gör sən nə elədin? Xırdanı böyükdən ayırdın. Necə oldu bu?” Axı o, hələ balacadı, onun üçün bunu etmək böyük bir şeydi. Belə olduqda uşaqda özgüvən artar. Süzgəcdə qalan qarabaşaqları isə digər boş qaba boşaldırıq.

3. Uşaqlar çox zaman bir qabdan digərinə su tökə bilmirlər. Bu çalışma bunun üçündür. İki balaca qrafin götürürük. Biri boş olur, digərinə isə bir miqdar su tökürük. Boş qrafini sol tərəfə, dolu olanı isə sağ tərəfə qoyuruq. Bir də mütləq su ilə olan çalışmalarda uşağın yanına balaca da olsa, dəsmal qoyuruq ki, bir damcı belə su dağılsa, özü silə bilsin. Və uşaq sağdakı qrafindən soldakı qrafinə suyu ehmalca boşaldır. Diqqət edin: dənlilərlə olan çalışmalarda soldan sağa işləyirdiksə, burada sağdan sola işləmək lazım gəlir. Burada məqsəd beynin hər iki yarımkürəsini inkişaf etdirməkdir.

4. Rəqəmləri uşağa rahat şəkildə öyrətmək üçün belə bir üsul çox uğurludur: satışda balacalara rəqəmləri və hərfləri öyrətmək üçün müxtəlif vəsaitlər var. Məsələn, taxta lövhələr, plastik, başı yumru çubuqlar və s. Bunlardan hansınısa əldə edin, üzərindəki rəqəmi və ya hərfi zərli dırnaq boyası ilə səliqəylə rəngləyin. Bu zaman həmin yazı əlinizi sürtdükdə hiss olunacaq və fərqli materiala oxşayacaq. Uşaq əllərini bu yazıya gəzdirərək onu hiss edir və onu beyninə yazır. Gələcəkdə yazmağa başlayanda bu bilgilər köməyə gələcək. Təbii ki, bunların montessori proqramında xüsusi taxtadan vəsaitləri var. Bu üsul tapşırığı ev şəraitində yerinə yetirə bilmək üçündür.

5. Boş qutuları atmayın saxlayın, məsələn plastilin qutularını (ağzı qapaqlı). 3-dən çox qutunu götürürük. Birinin içinə şəkər, birinin içinə düyü, birininkinə 2 lobya, digərinə qabıqlı fındıq qoyuruq. Sayı istəyinizə görə dəyişə bilərsiniz. Qabların ağzını kip bağladıqdan sonra hər qabı 1 dəfə sağa və 1 dəfə də sola tərpədib uşaqdan səsini yadda saxlamasını tələb edirik. Çox silkələmək olmaz. Çünki çaşqınlıq yarada bilər. İkinci qabı tərpətdikdən sonra uşaqdan hansının səsinin daha nazik və ya qalın olduğunu soruşuruq. Bu çalışmanın musiqi duyumu ilə əlaqəsi yoxdur. Bu, tam diqqət çalışmasıdır və diqqəti artırmağa yardımçı olur. Uşaq diqqəti toplayıb fikirləşir və səsləri seçir. Diqqət edin ki, özünüz də qabları səhv salmayasız. Qabların altını dırnaq boyası ilə nömrələyin. Çünki bir dəfə yanlış desəniz, uşaq elə o cür yadda saxlayacaq.

6. Daha bir asan çalışma: Bir qədər dərin siniyə mannı tökürük, qabın dibi görünməmək şərti ilə. Sonra üzərində barmağımızla rəqəmləri bir-bir cızırıq. Bu yolla uşaq həm rəqəmləri yadda saxlayır, həm də necə yazmağı öyrənir.


Aysel Babayeva
ailem.az 
Top