Dünya müəllimlərinin maaşları

Dünya müəllimlərinin maaşları

 Millət vəkili Hadı Rəcəblinin məlum açıqlaması bizi dünya ölkələrində müəllimə olan münasibətlə maraqlanmağa vadar etdi.

ANS PRESS-in məlumatına görə, ABŞ, Böyük Britaniya, Almaniya, Fransa, Avstraliya, Çin və Yaponiyada yaşayan müəllimlər Azərbaycanla müqayisədə təxminən 10 dəfə artıq maaş alırlar.

Beləliklə, adıçəkilən ölkələrdə müəllim maaşları və bu müqəddəs peşənin sahiblərinə olan münasibətlə tanış edirik:

Amerika Birləşmiş Ştatlarında müəllimlik qadın peşəsi olaraq görülür. Burada müəllimlər ortalama 3 min dollar maaş alırlar. Müəllimlər üçün paltar zəruriliyi yoxdur. Bu ölkədə müəllimlərin ən böyük problemi şagirdlərin intizamsız olmasıdır. 20 il müddətində müəllimlik etmiş şəxs 55 yaşında təqaüdə çıxmaq haqqına sahib olur.  

Almaniyada isə müəllimlərin tək məcburiyyəti öz iş yerlərini özlərinin tapmaq məcburiyyətində olmalarıdır. Müəllimlik bu cəmiyyətdə ən çox tətil haqqına sahib olan peşə kimi qiymətləndirilir. Maaşları 2-3 min dollar arasında dəyişir. 35 illik müəllimlik stajı olan şəxslər 63 yaşında təqaüdə ayrılırlar. 

Avstraliyada isə birinci dərəcəli müəllimlər ayda ortalama olaraq 2500 dollar maaş alırlar. Müəllimlər üçün pensiya yaşı isə 55 olaraq qəbul olunur. 

Çində müəllimə hörmət etmək qanunla tənzimlənir. Ümumi olaraq bank işçiləri ilə eyni maaşı alırlar. 10 sentyabr Çində müəllimlər günü olaraq qeyd olunur. 

Fransada praktikant müəllim 1100 dollar, 30 illik stajı olan müəllim isə 2 min 500 dollar maaş alır. Müəllimlər üçün müxtəlif karyera qrupları var. Həmçinin onlara öyrədici fəaliyyətlər üçün əlavə vəsait verilir. Pensiya yaşı minimum 60 yaş olaraq qəbul olunub. 

Böyük Britaniyada müəllimlər ortalama 5 min dollar ətrafında maaş alırlar. Bu ölkədə müəllim üçün qoyulan şərt tam gün ərzində tədris prosesində iştirak etmələridir. 

Yaponiyada müəllim dövlət qulluqçusu statusu daşıyır. Yeni başlayan ibtidai sinif müəllimi aylıq 2 min dollar maaş alır. 25 illik iş stajı olan müəllim isə 65 yaşında təqaüdə çıxır.

Xatırladaq ki, Hadı Rəcəbli müsahibəsində 150-200 manat maaşla dolana bilməyən müəllimlərin işdən sonra fəhləlik edə biləcəyi, hörgü işində işləyə biləcəyi haqda fikirlər səsləndirmişdi.

Hadı Rəcəblinin dediklərindən sitat: “Əgər vətəndaş yaxşı yaşamaq istəyirsə, çox işləməlidir. Əgər bu gün müəllim 150-200 manat maaş alır və dolana bilmirsə, o, işdən sonra da başqa nə iləsə məşğul olmalıdır. Lənkəranın Veravul kəndində Balabəy müəllim adlı bir şəxs var. O, günün birinci yarısı müəllimlik edir, nahardan sonra isə gedib daş hörür, ustalıq edir. Qazandığı pulla da ailəsini saxlayır. O, bunu heç də ayıb hesab etmir. Bunun nəyi pisdir ki?”

Mənbə:AnsPress.com
               22.03.2015
Top