Adamlar tez-tez beyinlərini daha yaxşı işləməyə məcbur etmək, diqqəti və yaddaşı yaxşılaşdırmaq üçün hər cür preparatlardan istifadəyə can atırlar. Lakin alimlər xəbərdarlıq edirlər ki, insan artıq öz inkişafının son həddinə çatıb və o, daha ağıllı ola bilməz, həblər isə düşüncə prosesini yalnız korlaya bilər.
İngiltərənin Uorik Universitetində çalışan psixoloq Tomas Hills xatırladıb ki, təkamüldə hər şey bir-birilə qarşılıqlı əlaqədədir. Orqanizmin hətta hansısa xırda xüsusiyyətinin dəyişməsi dərhal bütün sistemin dəyişməsinə gətirib çıxaran zəncir yarada bilər. Əlbəttə, yaxşı olardı ki, insanın boyu 2,5 metr olsun. Onda bu zaman ürək qanı belə yüksəyə qovmaq üçün gücləndirilmiş rejimdə işləməli olardı. Ona görə də insanın orta boyu 180 santimetrdən çox olmur.
Eynilə beyində də belədir.Onun böyük olması üçün insanın başının ölçüsü dəyişməlidir. Buna görə də doğuş zamanı problemin yaranmaması, daha doğrusu yekəbaş uşağın ilişib qalmaması üçün qadının çanaq sümüyü müvafiq olaraq xeyli genişlənməlidir. Lakin bu halda da bütün skeletin quruluşu dəyişməlidir. Bu isə insanın hərəkət mexanikasına təsir edərdi. Yəni yeriş və korpusun quruluşu tamamilə başqa cür olardı. Belə parametrlərin əsası tədrici inkişafın gedişində qoyulub və onlara hər hansı təsir etmək cəhdləri mütləq əlavə təsirlərə gətirib çıxaracaq.
Hətta əgər orqanizmdə hansısa anomal dəyişiklik təbii olaraq baş verərsə, onlar əlavə təsirlərlə müşayiət olunurlar. Belə ki, orta intellekt əmsalı (İQ) avropalılardakından xeyli yuxarı olan yəhudi aşkenazlar əsəb sisteminin irsi xəstəliklərindən, misal üçün Teya-Saksa xəstəliyindən əziyyət çəkirlər. Onların heyranedici əqli qabiliyyətləri 2 min il ərzində tədrici inkişaf seleksiyası sayəsində inkişaf edib. Lakin ağılın yaxşılaşması ciddi xəstəliklərə gətirib çıxarıb.
Alimlərin fikrincə, tərkibində metilfenidat və ya amfetamin olan preparatlar mərkəzi sinir sistemini stimullaşdırır və şübhəsiz ki, əsəb pozğunluqlarının aradan qaldırılmasında insanlara kömək edir. Lakin əgər sağlam adam onlardan istifadə etsə, bu, yaxşı heç nəyə gətirib çıxarmayacaq. Eksperimentlər göstərir ki, belə preparatlardan istifadə edən adamlar test və tapşırıqları çox pis yerinə yetirirlər.
«Böyük sayda adamlar beynin işinin yaxşılaşdırılması üçün dərmanlar qəbul edirlər. Belə bir məntiqi sual yaranır ki, nəyə görə biz ağıllı olmamışıq», — psixoloq Tomas Hills maraqlanıb. Və alim özünün qoyduğu «Nə üçün insan təbiətin verdiyindən daha çox inkişaf edə bilməz?» sualına özü cavab verir: çünki insanda superbeynin yaranması mümkün deyil. Həm də bəzən pis yaddaş və zəif diqqət bizi xilas edir. «Təsəvvür edin ki, əgər biz hər şeyi xatırlasaydıq, həyatımız nə qədər çətin olardı. Deməli, keçmişdə baş vermiş xoşagəlməz hadisələr daim gözlərimiz önündə canlanar və onlar bizim sakit yaşamağımıza imkan verməzdi», — Hills qeyd edir.