Yunan şəhər-dövlətləri arasında çoxlu qənimət ələ keçirmək, dəniz ticarətində üstünlük qazanmaq, qonşu dövlətləri özlərinə tabe etmək üçün rəqabət gedirdi. Bu rəqabət Yunanıstanın iki ən qüdrətli şəhər-dövləti Afina ilə Sparta arasında uzunsürən müharibəyə səbəb oldu. E.ə. 431-ci ildə başlanan müharibə kiçik fasilələrlə 404-cü ilə qədər davam etdi. Sparta qələbə çaldı. Bu müharibələr nəticəsində yunan şəhər-dövlətləri zəiflədi və sonralar qonşu Makedoniyanın hakimiyyəti altına düşdü.
Makedoniya dövləti. II Filipp.Makedoniya Balkan yarımadasının şimalında yerləşirdi. E.ə. IV əsrin ortalarında, II Filippin hakimiyyəti dövründə Makedoniya güclü dövlətə çevrildi. II Filipp güclü nizami ordu yaratmışdı.
II Filipp zəifləmiş yunan şəhər-dövlətlərini tutmaq üçün müxtəlif üsullardan istifadə edirdi. Bir çox hallarda o, şəhər əhalisinin bir hissəsini pulla ələ alır, onlar da şəhər darvazalarını makedoniyalılar üçün açırdılar. E.ə. 338-ci ildə Xeroneya şəhəri yanında II Filiplə yunan orduları arasında həlledici döyüş oldu. Xeroneya döyüşü yunan şəhər-dövlətlərinin azadlığına son qoydu. II Filippin 18 yaşlı oğlu İsgəndər bu döyüşdə ilk dəfə sərkərdəlik məharətini nümayiş etdirdi.
Makedoniyalı İsgəndər və onun Şərqə yürüşü. II Filipp öz dövlətinin ərazilərini genişləndirmək istəyirdi. Lakin yürüş ərəfəsində o, suiqəsd nəticəsində öldürüldü. Atasının ölümündən sonra 20 yaşlı İsgəndər (e.ə. 336—323) hökmdar elan edildi.
Makedoniya ordusu İsgəndərin başçılığı ilə Şərqə hərəkət etdi. E.ə. 334-cü ildə Qranik döyüşündə İsgəndər Əhəməni ordusunu məğlub etdi. E.ə. 333-cü ildə isə İss döyüşündə İsgəndərin ordusu III Daranın muzdlu döyüşçülərini məğlub edərək Aralıq dənizi sahili ilə Misirə doğru hərəkət etdi. Finikiyanın Tir şəhərində ciddi müqavimətlə rastlaşdı, lakin şəhəri tutub dağıtdı.
Finikiyanın digər şəhərləri və Misir isə İsgəndərə döyüşsüz tabe oldu. Misir kahinləri İsgəndəri firon və tanrı adlandırdılar.
Bundan sonra İsgəndər Mesopotamiyaya doğru hərəkət etdi. Əhəməni padşahı III Dara İsgəndərə qarşı böyük ordu toplamışdı.
Həlledici döyüş e.ə. 331-ci ildə Qavqamel adlı yerdə baş verdi. Qavqamel döyüşündə də İsgəndər qalib gəldi. Əhəməni hökmdarı III Dara ölkənin şərqinə qaçdı.
III Dara e.ə. 330-cu ildə özünün Baktriyadakı satrapı Bess tərəfindən öldürüldü. Beləliklə, nəhəng Əhəmənilər imperiyası süqut etdi.
E.ə. 328-ci ildə Makedoniyalı İsgəndər yürüşünü Hindistana doğru davam etdirdi.
Makedoniyalı İsgəndərin imperiyası və onun parçalanması. Makedoniyalı İsgəndər böyük imperiya yaratdı. Bu imperiya Balkan yarımadası və Misirdən başlayaraq Hindistana qədər böyük bir ərazini əhatə edirdi.
E.ə. 323-cü ildə İsgəndər 33 yaşında öldü. Onun ölümündən sonra imperiya bir neçə padşahlığa parçalandı. İsgəndərin işğal etdiyi Şərq ölkələrində İsgəndərin adını daşıyan çoxsaylı şəhərlər salınmışdı. Bu ərazilərdə yunan dili və yunan mədəniyyəti geniş yayılmışdı.
Nilin deltasında onun şərəfinə salınmış İsgəndəriyyə şəhərinin qarşısındakı Faros adasında hündürlüyü 140 metr olan mayak tikilmişdi. Mayak gəmilərə yol göstərirdi. İsgəndəriyyə şəhəri həm də bazarları ilə məşhur idi: burada Avropa, Asiya və Afrika ölkələrindən gətirilən müxtəlif məhsullar satılırdı. İsgəndəriyyədə gözəl saraylar və məşhur musey var idi. İsgəndəriyyə Museyində papirus və perqament* üzərində yazılmış 700 min əlyazması saxlanılırdı. İsgəndəriyyə Museyində Evklid və Arximed kimi böyük alimlər də işləmişdir.
Mənbə: ÜMUMİ TARİX (Ümumtəhsil məktəblərinin 6-cı sinfi üçün dərslik)
Müəlliflər:
Vəli Hüseyn oğlu Əliyev
İlyas Atababa oğlu Babayev
Aidə Əkbər qızı Məmmədova