Aralıq dənizi və Qara dəniz sahillərində yunan şəhər-dövlətlərinin yaranması. Yunanlar vətənlərini Ellada, özlərini ellinlər adlandırırdılar. Onlar İon, Egey və Aralıq dənizlərinə, hətta uzaq Qara dəniz sahillərinə belə üzürdülər. Bu dəniz səfərlərinin nəticəsində e.ə. VIII—VI əsrlərdə Qafqazdan tutmuş İspaniyayadək olan dəniz sahillərində yunan koloniyaları meydana gəlmişdi. Torpağı əlindən alınmış kəndlilər, varlanmaq istəyən sənətkar və tacirlər, eləcə də doğma yerlərindən qaçmağa məcbur olan adamlar koloniyalarda məskunlaşırdılar. Milet şəhərinin Qara dəniz sahillərində Pantikapey, Olviya və Xersones kimi koloniyaları yaranmışdı.
Hər bir koloniya ayrıca şəhər-dövləti idi. Hər şəhər-dövlətin öz hökmdarı, qoşunu, xəzinəsi və pulu var idi.
Yunan—İran müharibələri. Marafon döyüşü. E.ə. 500-cü ildə yeni torpaqlar ələ keçirmək istəyən Əhəməni hökmdarı I Dara Aralıq dənizinin şərq sahillərində və Egey dənizi adalarında yunanları məğlubiyyətə uğradıb, Yunanıstana hücum etdi.
I Daranın qoşunları e.ə. 490-cı ildə Orta Yunanıstanda yerləşən Marafon düzənliyinə çıxdılar.
Yunan ordusuna Miltiad başçılıq edirdi. O, mərkəzdə zəif, cinahlarda isə güclü dəstələr yerləşdirdi. İranlılar mərkəz üzərinə hücuma keçərkən falanqalar cinahlardan onları əzdi. Əhəməni qoşunu məğlub oldu.
Yunan döyüşçülərindən biri Marafon düzənliyindən Afinaya qədər olan 42 kilometrlik yolu qaçaraq bu qələbə xəbərini çatdırmış və ölmüşdü. Marafon qaçışı ilk dəfə Yunanıstanda həmin döyüşçünün şərəfinə yaranmış və dünya dövlətlərinə yayılmışdır.
E.ə. 480-ci ildə I Daranın oğlu Kserks atasının Yunanıstanı işğal etmək niyyətini həyata keçirmək istədi. Sparta hökmdarı Leonidin başçılığı ilə yunan orduları Orta Yunanıstana gedən yolu — Fermopil keçidini tutdular.
Kserks Fermopilə yaxınlaşaraq yunanların yanına elçi göndərdi ki, onlar təslim olsunlar. Leonid təslim tələbini rədd etdi. İranlılar iki gün həmlə etdilər. Qeyri-bərabər döyüşdə Leonid və döyüşçüləri həlak oldular. İranlılar Orta Yunanıstanı tutdular.
Salamin vuruşması. Yunan hərb gəmiləri triyera adlanırdı. Hər bir hərbi gəminin sağ və sol hissəsində üç sıra avarçəkən olurdu. Onlar lazımi anda çevikliklə gəminin istiqamətini dəyişə bilirdilər.
E.ə. 480-ci ildə Salamin dəniz vuruşması baş verdi. İranlılar qələbə çalacaqlarına inanaraq dar boğaza girdilər. Triyeralar iranlıların ağır gəmilərinə nisbətən sürətlə hərəkət edirdilər. Yunan dənizçiləri İran gəmilərinin avarlarını qırır, taran edərək yanlarını deşirdilər. İran gəmilərinin nizamı pozulduğundan onlar gah bir-birinə dəyir, gah da sualtı qayalara toxunub parçalanırdılar. Bu döyüşdə İran donanması məğlub oldu.
Plateya döyüşü. E.ə. 479-cu ildə Plateya şəhəri yaxınlığında iranlıların qalan qüvvələri ilə döyüş oldu. Yunanlar qalib gəldilər. Lakin dəniz döyüşləri fasilələrlə daha 30 ilədək davam etdi. Ona görə də yunan şəhər-dövlətləri öz aralarında ittifaq yaratdılar.
Bu ittifaqa Afina başçılıq edirdi. Afina dəniz ittifaqı İran donanmasını məğlubiyyətə uğratdı. Yunan—İran müharibələri yunanların qələbəsi ilə başa çatdı. İran Egey dənizi adalarında və Kiçik Asiyada olan yunan şəhərlərinin müstəqilliyini tanımağa məcbur oldu. İran hərbi donanmasına Egey dənizində üzmək qadağan edildi. Yunanıstan Aralıq dənizi hövzəsində hakim dövlətə çevrildi. Bundan sonra afinalıları «dəniz sahibləri» adlandırmağa başladılar. Afinanın 6 kilometrliyində dərin və sakit körfəzdə Pirey limanı inşa edildi.
Afina quldarlıq demokratiyası. Yunanıstanda yuxarı təbəqə hakimiyyəti öz əlinə almaq, xalq isə onun həyatı ilə bağlı qərarların xalq yığıncaqlarında verilməsini istəyirdi. Xalq yığıncağı dövlətin ali orqanı idi. Xalq yığıncağında 20 yaşlı bütün azad Afina vətəndaşları (kişilər) iştirak edə bilərdilər.
Xalq yığıncağı e.ə. 443-cü ildən başlayaraq Perikli 15 il ərzində hər il birinci strateq seçmişdi. Periklin dövründə yoxsul vətəndaşların hüquqları artmışdı.
Mənbə: ÜMUMİ TARİX (Ümumtəhsil məktəblərinin 6-cı sinfi üçün dərslik)
Müəlliflər:
Vəli Hüseyn oğlu Əliyev
İlyas Atababa oğlu Babayev
Aidə Əkbər qızı Məmmədova