Yunanıstanı üç dəniz — cənubdan Aralıq dənizi, qərbdən İon dənizi, şərqdən isə Egey dənizi əhatə edir.
Yunanıstan ərazisi üç hissəyə bölünmüşdür: Şimali, Orta və Cənubi Yunanıstan. Cənubi Yunanıstan həm də Peloponnes adlanırdı. Şimali Yunanıstanla Orta Yunanıstanı Fermopil keçidi birləşdirir. Orta Yunanıstanla Cənubi Yunanıstan arasında isə Korinf körfəzi yerləşir. Yunanıstanın cənubunda onun ən böyük adası olan Krit yerləşir.
Avropada ən qədim dövlət. Avropada ən qədim dövlət e.ə. III—II minilliklərdə Kritdə yaranmışdır.
Kritlilər əla gəmilər düzəldirdilər. Onlar möhtəşəm saraylar tikməyi bacarır, sarayların divarlarını freskalarla bəzəyirdilər. Kritdə ticarət və hərbi donanma üçün xüsusi limanlar olmuşdur. Kritlilərin Misir və Finikiya ilə geniş ticarət əlaqələri var idi.
Onlar Finikiya vasitəsilə həm də Babillə ticarət aparırdılar. Kritlilərin öz yazısı olmuşdur. Krit mədəniyyətinə Şərq mədəniyyətinin böyük təsiri olmuşdu. E.ə. II minilliyin ortalarında Kritə yaxın olan adada vulkan püskürməsi nəticəsində Krit mədəniyyəti məhv oldu.
Cənubi Yunanıstanda — Mikena şəhərində axey tayfaları yaşayırdılar. Onlar Krit mədəniyyətindən çox şeylər mənimsəmişdilər. Axeylər Mikenada hündür təpə üzərində akropol ucaltmışdılar. Şah sarayı və adlı-sanlı adamların evləri burada yerləşirdi. Sarayın yaxınlığında qayalarda sərdabələr çapılırdı. Dəfn olunanların üzlərinə qızıl maskalar taxılırdı. Sərdabələrə qızıl əşyalar, silahlar qoyulurdu. Akropolun ətrafında tacir evləri, sənətkar və əkinçilərin yoxsul komaları yerləşirdi.
E.ə. II minilliyin sonlarında Yunanıstanın şimalından gələn dori tayfaları Mikena mədəniyyətini məhv etdilər.
Yunan şəhər-dövlətləri. Orta Yunanıstanda Afina, Cənubi Yunanıstanda Korinf, Sparta, Egey dənizinin sahil və adalarında Milet, Efes, Rodos kimi şəhər-dövlətlər yaranmışdı. Afinada yaşayan varlılar qalan əhalini özlərinə tabe etmişdilər. Onlar özlərini «aristokrat», yəni adlı-sanlı adam, idarə üsullarını isə «aristokratiya», yəni «yaxşıların hakimiyyəti» adlandırırdılar. Azad əhalinin digər hissəsi (günəmuzdçular, sənətkarlar, dənizçilər) demos adlanırdı.
Əhali əkinçilik və maldarlıqla məşğul olurdu. Sənətkarlar gildən müxtəlif məişət əşyaları və amforalar düzəldirdilər. Bu qablarda şərab, zeytun yağı saxlanılırdı. Akropolün yanında aqora* yerləşirdi. E.ə. VII əsrdə Afinada gümüş pul da kəsilirdi.
Sahibkarlar kəndlilərin torpaq sahəsində borc daşı qoyurdu. Bu daşın üzərində kəndlinin nə qədər borc aldığı və nə vaxt qaytarmalı olduğu yazılırdı. Kəndli borcunu vaxtında verə bilmədikdə ailəsi və özü qula çevrilirdi. Afinaya ticarət gəmiləri ilə taxıl, inşaat ağacı və qullar gətirilirdi.
Demos ilə əyanlar arasında mübarizə. E.ə. VII əsrdə Afinada bütün məsələləri aristokratlardan ibarət ağsaqqallar şurası həll edirdi. Bu şura qanunlar qəbul edir, məhkəmə bu qanunlar əsasında qurulurdu. Qanunlar daha çox aristokratların həyatını və əmlakını qoruyurdu. Ən kiçik günaha görə insanlara ağır cəzalar verilir, təqsirkar ölümə məhkum olunurdu. Ona görə deyilirdi ki, bu qanunlar «mürəkkəblə deyil, qanla yazılmışdır». Həmin qanunlar aristokrat Drakon tərəfindən tərtib edilmişdi və tarixdə «Drakon qanunları» adlanır. E.ə. VII əsrdə demosla aristokratlar arasında mübarizə kəskinləşdi. Xalq üsyanından qorxan aristokratlar güzəştə getməyə məcbur oldular.
E.ə. 594-cü ildə aristokrat, siyasətçi Solon islahatlar keçirdi. Bu islahatlara əsasən kəndlilərin borcları ləğv edildi. Borca görə qul edilən afinalılar azad olundu. Afinalıların gələcəkdə də borca görə qul edilməsi qadağan edildi.
Bu islahatlar aristokratlarla demos arasındakı gərginliyi aradan qaldırdı. Orta Yunanıstanın vilayəti olan Attikanın kişi sakinləri Afina vətəndaşı hüququnu aldılar. Bütün vətəndaşlar Afina xalq yığıncağında iştirak edirdilər. E.ə. VI əsrin sonlarından Afina xalq yığıncağı ordu və donanmaya başçılıq edən strateqlər seçməyə başladı.
Sparta dövləti. E.ə. II minilliyin sonunda Cənubi Yunanıstanın Lakonika vilayətini işğal edən dorilər burada Sparta şəhərinin əsasını qoydular və özlərini spartalılar adlandırdılar.
E.ə. VII əsrin ortalarında dorilər Cənubi Yunanıstanın ikinci vilayətini — Messeniyanı da tutdular. İtaət altına alınmış əhalinin bir hissəsini qula çevirdilər. Qulları hilotlar adlandırdılar.
Lakonika və Messeniyada hilotlarla yanaşı, azad adamlar da var idi. Onlar spartalılara vergi verirdilər.
Spartalıların hamısı döyüşçü idi. Onlar, hətta yatanda da silahları yanlarında olurdu. Hərbi qaydanı pozanlar, qorxaqlar sərt cəza alırdı. Sparta ordusu falanqa adlanırdı.
Mənbə: ÜMUMİ TARİX (Ümumtəhsil məktəblərinin 6-cı sinfi üçün dərslik)
Müəlliflər:
Vəli Hüseyn oğlu Əliyev
İlyas Atababa oğlu Babayev
Aidə Əkbər qızı Məmmədova