Afinanın sərvəti qala divarlarının tikilməsinə, möhtəşəm məbədlərin, ictimai binaların, heykəllərin yaradılmasına sərf olunurdu. Bu isə bənnaların, sənətkarların və başqalarının işlə təmin olunmasına şərait yaradırdı. Hərbi donanma gəmiqayıranların, dənizçilərin, avar çəkənlərin yaşamasına imkan verirdi. Yunanıstanda böyük qul bazarları var idi. Ən böyük qul bazarlarından biri Xios adasında idi. Bu bazarda gündə 10 min qul satılırdı. Qul əməyindən ən çox filiz mədənlərində, daş karxanalarında, sənətkarlıq emalatxanalarında, kənd təsərrüfatında. ev qulluqçuluğunda istifadə olunurdu. Quldarlar qulları «İnsan ayaqlı» adlandırırdılar.
Afinada quldarlıq demokratiyası. Perikl. E.ə. V əsrdə Yunanıstanda hakimiyyətin iki forması uğrunda mübarizə gedirdi. Yuxarı təbəqə oliqarxiya (azların hakimiyyəti) tərəfdarı idi. Azad əhalinin aşağı təbəqəsi demokratik hakimiyyəti (xalq hakimiyyətini) müdafiə edirdi.
E.ə. V əsrdə Afinada ali hakimiyyət ayda 3-4 dəfə çağrılan xalq yığıncağına məxsus idi. Yığıncaq qanunlar qəbul edir, xəzinəni ixtiyarında saxlayır, müharibə və sülh məsələsini həll edir, strateq və başqa vəzifəli şəxsləri seçirdi. Qərarlar səs çoxluğu ilə qəbul olunurdu. 500 nəfərdən ibarət şura xalq yığıncağına kömək edirdi. Xalq yığıncağı demosun mənafeyini müdafiə edənləri vəzifəyə seçirdi. E.ə. 443-cü ildə strateq vəzifəsinə görkəmli dövlət xadimi Perikl seçildi. O, ömrünün sonuna kimi 15 il dalbadal strateq oldu. Perikl varlı ailədən olmasına baxmayaraq demokratiyanı müdafiə edirdi. Perikl dövrünün ən görkəmli elm və mədəniyyət xadimlərini müdafiə edirdi. Parfenon məbədi və digər möhtəşəm abidələr onun dövründə tikilmişdi. O, yoxsulların pullu vəzifələrə seçilməsinə nail oldu. Afinada dövlətin bu cür idarə olunması demokratiya adlanırdı, bu da «demosun hakimiyyəti» demək idi. Afina demokratiyası qullar üzərində quldarların hakimiyyətini təmin edirdi. Bu demokratiya quldarlıq demokratiyası idi. Perikl dövründə demokratiya özünün ən yüksək mərhələsinə çatdı. Afinada ata-anası afinalı olanlar vətəndaş sayılırdı. Qullar, Afinaya gəlmələr və onların övladları Afina vətəndaşı ola bilməzdilər, demokratiyanın bəhrəsindən istifadə etmək hüquqları yox idi.