E.ə. VIII-V əsrlərdə yunan-şəhər dövlətlərinin yaranması. E.ə. XI-IX əsrlər Yunanıstan tarixinin «Homer dövrü» adlanır. Yunanıstanda təsərrüfat, sənət, ticarət inkişaf etmişdi. İbtidai icma quruluşu quldarlıqla əvəz olunmuşdu. Orta Yunanıstanda Afina, Cənubi Yunanıstanda Korinf, Sparta, Egey dənizi sahillərində Milet, Samos, Efes, Rodos kimi şəhər dövlətlər yaranmışdı.
Afina şəhər dövləti. Orta Yunanıstanın cənub-şərqindəki Attika adlı böyük yarımadada geniş düzənliyin ortasında yerləşən sıldırım təpədə e.ə. II minillikdə Afina şəhəri salınmışdı. Təpənin zirvəsində ətrafına hasar çəkilmiş Akropol adlanan qala yerləşirdi. E.ə. VIII əsrdə Akropolda yaşayan adlı-sanlı adamlar Attikanın bütün əhalisini özlərinə tabe etdilər. E.ə.VIII əsrdə Afina şəhər dövlətini ağsaqqallar şurası və onun seçdiyi 9 hökmdar idarə edirdi.
Adlı-sanlı yunanlar öz idarə üsullarını «aristokratiya», yəni «yaxşıların hakimiyyəti» adlandırırdılar. Attikanın qalan azad əhalisinə, yəni sənətkarlara, kəndlilərə, günəmuzdçulara, dənizçilərə isə «demos» deyirdilər
Afinada təsərrüfatın inkişafı. Afina əhalisi əkinçilik və maldarlıqla məşğul olur, əsasən, zeytun və üzüm becərir, şərab və zeytun yağı istehsal edirdi. Şərab və zeytun yağını saxlamaq və daşımaq üçün amfora adlanan gil küplər düzəldirdilər. Amfora qablar iki qulplu dar boğazlı idi. E.ə. VI əsrdə qara və qırmızı rəngli amfora istehsal edilirdi. Akropolun yaxınlığında aqora adlanan bazar meydanı yerləşirdi. Burada dulusçuluq, dəmirçilik, toxuculuq, kənd təsərrüfatı məhsulları satılırdı. E.ə. VII əsrdə Afinada gümüş pul kəsilirdi.
Borc daşı. Köləlik. Afinada varlılar əvvəllər özləri torpaqlarını becərirdilər. Sonra onlar günəmüzdçülardan, (torpağı və daimi işi olmayan, yalnız gördükləri işə görə haqq alan), daha sonra isə qullardan istifadə etməyə başladılar. Afinada köləliyin əsas mənbələri dəniz quldurluğu, müharibədə əsir götürmək, borca görə kişiləri, qul qadınların uşaqlarını qul etmək idi. Qulları bazarda satır, onları, əsasən, mədənlərdə, sənətkar emalatxanalarında, kənd təsərrüfatı və ev işlərində işlədirdilər.
Afinada kəndlilər aristokratlardan borca və ya sələminə pul alırdılar. Aristokratlar verdiyi borcu kəndlinin tarlasının kənarında borc daşına yazırdılar. Buraya borcun miqdarı, sələm faizi, verildiyi vaxt, qaytarılacağı müddət qeyd edilirdi. E.ə.VII əsrdə, demək olar, bütün kəndlilər borca düşdülər. E.ə. VII əsrdə demosun bir hissəsi varlanmışdı, amma yenə də aristokratların hakimiyyəti altında idi.
Demos və aristokratlar arasında mübarizə. E.ə.VII əsrdə Afinada bütün məsələləri adlı-sanlı adamlardan ibarət Ağsaqqallar Şurası həll edirdi. Aristokratlar hakimiyyətlərini möhkəmləndirmək üçün sərt qanunlar qəbul edirdilər. E.ə. VII əsrdə belə sərt qanunu Drakon tərtib etmiş və «Drakon qanunu» adlanan bu qanun haqqında deyirdilər ki, o, «mürəkkəblə deyil, qanla yazılmışdır». Adlı-sanlı olmayan hər kəs cüzi xəta üstündə, hətta bir salxım üzüm oğurladıqda ölümə məhkum edilirdi. E.ə.VII əsrdə idarəetmədə iştirak etmək üçün demosla aristokratlar arasında mübarizə başlandı.
Demos yoxsulların borclarını ləğv etməyi, torpağı kəndlilər arasında bölüşdürməyi tələb edirdi. E.ə. VI əsrin əvvəllərində demosla aristokratlar arasında mübarizə kəskinləşdi. Aristokratlar xalqın üsyan edəcəyindən qorxdular və demosa güzəştə getməyə məcbur oldular. E.ə. 594-cü ildə demos və aristokratları barışdırmaq hökmdar Solona tapşırıldı. Solon xalq yığıncağına arxalanıb islahat keçirdi və islahata əsasən borc daşlarını və borca görə qul olmağı ləğv etdi. Afinalıların gələcəkdə borca görə qul edilməsi qadağan olundıı. Attikanın bütün yerli kişi sakinləri Afina vətəndaşları hesab edildi. Kənar yerlərdən gəlmələr Afina vətəndaşı sayılmırdılar. Əmlaka görə əhali 4 dərəcəyə bölünürdü. Onlar iki il hərbi təlim keçir, müharibə başlanan kimi bütün vətəndaşlar silahı ilə orduya gəlməli idi. Piyada döyüşçülərin əksəriyyəti kəndlilər idi.
Afina vətəndaşları xalq yığıncağında iştirak etmək hüququna malik idilər. Afinada dövlətin idarə olunmasında daha çox adam iştirak edirdi. E.ə.VI əsrin sonundan başlayaraq xalq yığıncağı Afina ordusuna və donanmasına başçılıq edən strateqləri də seçirdi. Beləliklə, e.ə. VIII-VI əsrlərdə Afinada quldarlıq quruluşu bərqərar oldu və quldarlıq dövləti yarandı.
Sparta dövləti. Peloponnes yarımadasının cənub-şərqində Lakonika, cənub-qərbində isə Messeniya vilayəti yerləşirdi. Bu ərazinin torpağı çox münbit idi. E.ə. II minillikdə dorilər hücum edib Lakonikanı tutduqdan sonra Sparta şəhərinin əsasını qoydular və özlərini spartalılar adlandırdılar. Spartalılar messeniyalılara qarşı uzun müddət mübarizə apardılar, e.ə.VII əsrdə onlara qalib gəldilər. Tabe olmayanlara ölkədən çıxıb getməyə icazə verdilər. Spartalılar yerli əhalinin çoxunu qula çevirdilər.
Qulları ilotlar adlandırırdılar. Azad adamlar spartalılara vergi verirdilər. E.ə.VIII-VI əsrlərdə Spartada quldarlıq dövləti yarandı. Burada xalq yığıncağı ahıl adamlardan ağsaqqallar şurası seçirdi. Onun üzvləri mühüm işlərə başçılıq edirdilər. Spartalılar ancaq hərbi işlə məşğul idilər. Qanun onların başqa işlə məşğul olmasına icazə vermirdi. Döyüş vaxtı onlar bir cərgəyə düzülüb nizələrini qabağa uzadır, irəli yeriyir, sanki divar hərəkət edirdi. Belə düzülüş falanqa adlanırdı. Spartalılar uşaq vaxtlarından sərt tərbiyə alır, bütün günü hərbi işlə məşğul olurdular. Spartalılar qısa və aydın danışırdılar. Belə danışıq Lakonik danışıq adlanırdı. Sparta 30 ilə qədər davam edən Peloponnes müharibəsində (e.ə. 431-404) Afinaya qalib gəlmiş, bütün Yunanıstana hakim olmuşdu. E.ə.l46-cı ildə Romadan asılı vəziyyətə düşmüşdü.
Yunan koloniyaları Yunan şəhərlərində sənətkarlıq və ticarət inkişaf edirdi. Tacirlər sənətkarlıq məmulatlarını Aralıq dənizi və ona bitişik olan dənizlərin sahillərində satırdılar. Kiçik Asiyadakı Milet şəhərində yun parça, Korinf şəhərində ən yaxşı silah, Afinada əla dulusçuluq məmulatı istehsal olunurdu. Yunanlar hazırladıqları keyfiyyətli şərab və zeytun məhsullarını xarici ölkə bazarlarına da çıxarırdılar.
Yunanıstanın ticarət şəhərləri Aralıq dənizi və Qara dəniz sahillərində daimi koloniyalar, yəni daimi məskənlər yaratdılar. Köçüb gələnlər Yunanıstanın müxtəlif vilayətlərindən idilər, onlar kolonistlər adlanırdılar. Koloniyalara tacirlər, sənətkarlar, demoslarla aristokratlar arasında mübarizədə məğlub olanlar, aztorpaqlı kəndlilər, üsyan zamanı məğlub edilənlər gəlirdilər. Qara dəniz sahillərində Pantikapey, Olviya, Xersones, Fasis, Sinop və başqa yunan şəhər dövlətləri yarandı. Beləliklə, e.ə. VIII-VI əsrlərdə Qafqazdan tutmuş İspaniyaya qədər dəniz sahillərində çoxlu yunan koloniyaları əmələ gəldi. Bu koloniyalar yunan şəhərləri ilə əlaqə yaradır və əlaqə saxladıqları həmin şəhərləri ana şəhər adlandırırdılar.
Koloniyalarla ticarət Yunanıstanda sənətkarlıq və ticarətin inkişafına təkan verdi. E.ə. VIII-VI əsrlərdə Yunanıstanın bütün şəhərlərində və koloniyalarında şəhər quldarlıq dövlətləri yarandı, hər bir şəhər dövlətinin qoşunu, hökuməti, xəzinəsi, pulu var idi. Onların bəzisini demos, bəzisini isə aristokratlar idarə edirdilər.
Qədim yunanlar yad ölkələrdə məskunlaşsalar da, özlərini vahid xalq hesab edirdilər. Yad ölkələrdə məskunlaşan yunanlar özlərini ellinlər, vətənlərini Ellada adlandırırdılar. Harada yaşadıqlarından asılı olmayaraq, ellinləri ümumi dil, adət-ənənələr, qədim əfsanələr, din və vahid yazı birləşdirirdi.